Məhkəmə qərarları › İş №e-2(036)-378/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-378/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-378/2024 08.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı «X1 Kompleksi» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı «X1 Kompleksi» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, « X1 Kompleksi »MMC-nin “X2 və Tədarükü” filialı və Cavabdeh arasında bağlanmış alqı-stqı müqaviləsinə əsasən və cavabdehdən əsas borca görə 4275.11 manat, cərimə borcuna görə 855.02 manat və ödənilmiş dövlət rüsumuna görə isə 71.31 manat olmaqla, cəmi 5201.44 manat pulun cavabdehdən alınaraq «X1 Kompleksi» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X1 Kompleksi» MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 249 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 17316.60 manat məbləğində avans vəsaitlər almış və müxtəlif xidmətlər qəbul etmişdir. Müqavilənin şərtinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verilməli olan xam pambığın qalan dəyərini müqavilədə göstərilmiş müddətə almalı olduğu halda, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etməmişdir. Nəticədə cavabdehin iddiaçıya 4275.11 manat borcu qalmışdır.

3. «X1 Kompleksi» MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 249 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdehə istifadəsində olan 11 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edib Alıcının mülkiyyətinə verməyi öz öhdəsinə götürür.

4. İş materiallarına əlavə edilmiş göstərilən xidmətlər, anbardan buraxılan mal-material və bank hesabına köçürülən avans vəsaitlərin açıqlama cədvəli haqqında arayışla 7458 manat cəm nağd avans, 4683 manat xidməti avans, 5175 manat verilmiş avans olmaqla, 17.316 manat məbləğində ümumi avans verildiyi, təhvil verilmiş xam pambıq 16289,33 kq, ödənilmiş avans borc 12979,10 manat, qalıq avans borc 4337,50 manat olduğu müəyyən edilir.

5. 19 aprel 2023-cü il tarixli üzləşmə aktı ilə müyyən olur ki, cavabdehin 4337.50 manat borcu qaldığı müəyyən olunur.

6. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 249 saylı müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulmuş miqdarda xam pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə 20 faiz cərimə ödəməyi öz öhdəsinə götürmüşdür.

7. Tərəflər arasındakı münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cəmiyyət tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, pretenziya qaydasında müraciət edilmiş lakin qeyd olunan müqavilənin şərtləri sonuncu tərəfindən yerinə yetirilməmiş və öhdəliklər icra edilməmişdir.

8. Bank tərəfindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur.

9. İddia ərizəsinin verilməsi üçün 71.31 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri

10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı «X1 Kompleksi» MMC-nin nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

12. Cavabdeh məhkəmənin əvvəlki iclasında ərizə təqdim edərək hal-hazırda mövcud olan 4370 manat borcu qəbul etdiyini, o məbləği növbəti mövsüm pambıq əkinində tam qaytaracaqdır. İddianı qismən qəbul etdiyini, əsas borcu qəbul edərək, cərimə məbləğinin azaldılmasını xahiş etmişdir.

13. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla,öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

20. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

21. Maddə 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

22. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

29. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.

30. Belə ki, iş materialları ilə müəyyən olur ki, «X1 Kompleksi» MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 249 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 17316.60 manat məbləğində avans vəsaitlər almış və müxtəlif xidmətlər qəbul etmişdir. Müqavilənin şərtinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrəborcunu bağladıqdan sonra , təhvil verilməli olan xam pambığın qalan dəyərini müqavilədə göstərilmiş müddətə almalı olduğu halda, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etməmişdir.

31. Nəticədə xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdehin cəmiyyət qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Hazırda cavabdehin Cəmiyyətə əsas borca görə 4275.11 manat və cərimə borcuna görə 855.02 manat məbləğində borcu qalmışdır.

32. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə borcun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur.

33. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

35. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

36. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

37. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

38. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

39. Ona görə də, alqı-satqı müqaviləsi üzrə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq dəbbə pulunu azaldaraq 85 manat məbləğində müəyyən edilməsini ədalətli, qanuni və daha məqsədə müvafiq hesab edir.

40. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

43. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

44. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

45. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandıraraq hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğu üçün qismən təmin edilməli, iddiaçı X1 Kompleksi və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 249 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdehdən 4275.11 manat məbləğində əsas borc, 85 manat məbləğində cərimə və dövlət rüsumu olaraq ödənilmiş 71.31 manat məbləğində pul vəsaiti tutulub iddiaçı «X1 Kompleksi» MMC-nin xeyrinə ödənilməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı «X1 Kompleksi» MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin olunsun. İddiaçı «X1 Kompleksi» MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 249 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixli, 249 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdehdən 4275.11 manat məbləğində əsas borc, 85 manat məbləğində cərimə və dövlət rüsumu olaraq ödənilmiş 71.31 manat məbləğində pul vəsaiti tutulub iddiaçı «X1 Kompleksi» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar