Məhkəmə qərarları › İş №e-2(036)-444/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-444/2023

20.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-444/2023 20.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin Cavabdehnа qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 635 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınıb “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia rələbi onunla əsaslandırılmışdır ki, “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə sürücü vəzifəsində işləyən Cavabdeh yol vərəqəsi verilmədən 2016-2019cu illər ərzində ezamiyyə xərci ödənilmişdir. Həmin xərclərin geri qaytarılması tələb olunsa da, cavabdeh bu tələbi icra etmir. Ona görə də məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında iddiaçı “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, uzun müddətdir “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin TTY şöbəsində sürücü vəzifəsində işləyir. Son zamanlar “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin rəhbərliyi ilə aralarında münaqişə yaranmış və bunun nəticəsində o, qanunsuz olaraq aşağı vəzifəyə keçirilmiş və o, əvvəlki işinə bərpa olunması ilə bağlı məhkəməyə müraciət etmişdir. Hazırda isə “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin rəhbərliyi onunla prinsipial mövqe tutaraq ona qarşı məhkəmədə əsassız iddia qaldırmaqla illər öndə ona ödənilmiş ezamiyyə xərclərini tələb edir. Halbuki, o həmin vaxtlar ezamiyyətdə olmuşdur, yol vərəqəsinin verilməməsi “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin rəhbərliyinin məsuliyyətinə aiddir, o sürücü olmuş və özü özünə yol vərəqəsi vermək səlahiyyəti olmamışdır. Digər tərəfdən isə yol vərəqəsinin olubolmamasından asılı olmayaraq o, ezamiyyətdə olmuş və işəgötürən olaraq “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin ona ezamiyyə xərci ödəmək öhdəliyi vardır. Ümumiyyətlə iddiaçının tələbi tam əsassızdır və əsassız da olsa ona qarşı iddia qaldırma müddətini ötürmüşdür. Ona görə iş üzrə iddia müddətinin tətbiq olunmaqla iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə iddia müddəti tətbiq olunmalı və iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdən görünür ki, Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə iddia müddətinin tətbiq olunması və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin ötürülməsi ilə bağlı məhkəmə qeyd edir ki, əvvəla iddiaçının tələbi təsdiq olunmur, iddianın təmin olunması üçün mötəbər sübutlar təqdim edilməmişdir. Eyni zamanda iddia tələbində göstərilən dəlillər subuta yetirilsə idi belə, iddiaçı qanunla müəyyən edilmiş tələb etmə müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə görə ziyanın həqiqətən vurulduğu aşkar olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Həmin maddənin 296-cı maddəsinin 5-ci bəndinə görə işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İşdən görünür ki, iddiaçı “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs iddia ərizəsində və digər sənədlərdə maddi ziyan vurulmasının 2016-2019-cu illəri əhatə etdiyini və hər il cavabdehə yol vərəqəsi olmadan ezamiyyə xərcləri ödənildiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, 2016-cı ildə iddiaçı tərəfindən cavabdehə yanlışlıq və ya xidməti nöqsan nəticəsində yol vərəqəsi olmadan ezamiyyə xərcləri ödənilmiş olması başa düşüləndir. Lakin, 4 il müddətində hər il ard-arda cavabdehin hesabına ezamiyyə xərclərinin ödənilməsi onu deməyə əsas verir ki, iddiaçı həmin ezamiyyə xərclərini mühasibatlığın düzgün aparılmadığını bildiyi halda ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, işəgötürən ona ziyan vurulmasını 2016-cı ildən başlayaraq bilmişdir ki, həmin müddətdən də indiyədək qanunla müəyyən edilmiş 1 illik iddia müddəti dəfələrlə ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə iddia müddəti tətbiq olunmalı və iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin Cavabdehnа qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə iddia müddəti tətbiq olunsun. İddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar