Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-793/2023 06.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdeh X1 4282 manat məbləğində əsas borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 63 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Oba Market” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 4282 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2020-ci il tarixindən hər ay tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X2 xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə yekun olaraq 4282 manat borcu qalmaqdadır. Cavabdeh tərəfindən həmin borcdan hazırkı tarixədək heç bir məbləğ ödənilməmişir və borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır.
3. İşdə olan “Tam maddi məsuliyyət haqqında müqavilə” ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-də satıcı-kassir vəzifəsində işləmişdir
4. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”yə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 356.84 manat olmaqla 12 ay müddətində tam olaraq “borcverənə” ödəməyi öhdəsinə götürür.
5. Müqavilənin 3.2-ci maddəsinə əsasən borclu ödəniş etmədiyi təqdirdə İddiaçı MMCnin məhkəməyə müraciət etmək hüququ yaranır.
6. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh qeydiyyatda olduğu ünvanına borc məbləğinin ödənilməsi barədə pretenziya məktubu göndərilmişdir. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. İddiaçı MMC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
10. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
15. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir
Mülki Prosessual Məcəllə
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
23. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.
24. Belə ki, iş materialları ilə müəyyən olur ki, «Oba Market” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 4282 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2020-ci il tarixindən hər ay tam olaraq ödəməyi öhdəsinə götürmüşdür Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. İddiaçı MMC tərəfindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur.
25. Nəticədə, cavabdehin İddiaçı MMC qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Hazırda cavabdehin İddiaçı MMC-yə ümumilikdə 4282 manat məbləğində borcu qalmışdır.
26. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə borcun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur.
27. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
30. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
31. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
32. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandiraraq hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 4282 manat məbləğində əsas borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 63 manat dövlət rüsumunun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin olunsun. Cavabdeh xx.xx.2020-ci il tarixli, “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən 4282 manat məbləğində əsas borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 63 manat dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev.