Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1004/2025 15.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi, İddiaçı, Cavabdeh "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə qarşı müddətli əmək müqaviləsinin müddətinin uzadılması tələbinə dair mülki işə 15 dekabr 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, İsmayılı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli əmək münasibətlərinin davam etdirilməməsi barədə məktubunun etibarsız hesab edilməsi, əmək müqaviləsinin müddətinin uzadılması, əmək münasibətlərinin davam etdirilməsi ilə bağlı hüquqlarının bərpa olunması və ona dəyən mənəvi zərərin kompensasiyası məsələsinə də baxılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxslə xx.xx.2022-ci il tarixdə müddətli əmək müqaviləsi bağlamışdır. Bu müqavilə xx.xx.2023-cü il tarixdə yenidən xx.xx.2024-cü il tarixədək bir il müddətinə uzadılmışdır. Lakin cavabdeh müəssisə xx.xx.2025-ci il tarixli məktubla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə istinad edərək onunla əmək müqaviləsinin yenidən bağlanılmayacağını bildirmişdir. Bu qərar əsassız və qanunsuzdur. Müraciəti əsasında X2 tərəfindən araşdırma aparılmış və xx.xx.2025-ci il tarixdə cavabdeh müəssisənin direktoru barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan əlavə, aidiyyəti dövlət orqanlarına müraciət etmiş və həmin qurumların cavabları bu məsələdə onun mövqeyini dəstəkləyir. İcbari Tibbi Sığorta Agentliyi xətti ilə “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin terapiya şöbəsinə həkim teravevt vəzifəsinə direktor Vidadi Rəhimov tərəfində işə qəbul olunmuşdur. Səhiyyə sertifikatının 2027-ci ilə qədər qüvvədə olduğunu direktor Vidadi Rəhimov diqqətinə çatdıraraq növbəti sertifikasiya imtahanına qədər xəstəxanada işləmək hüququnu ona izah etmişdir. Vidadi Rəhimov onun ixtisasına uyğun gəlməyən və həkim onkoloq sertifikatının da olmadığı halda bununla eyni vaxtda iki ixtisasla birgə iş aparmağını qanuna zidd olaraq ona təklif etməklə təkid etmiş və ona cərrahi ixtisas olan həkim onkoloq vəzifəsini məcburi olaraq qəbul etdirdikdən sonra bütün ziddiyyətlər başlanmışdır. O, 14 gün sonra həvalə olunmuş həkim onkoloq vəzifəsindən rəsmi imtina etdikdən sonra həmin onkoloq vəzifəsinə xitam verilmişdir. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun xx.xx.2025-ci il tarixdə qəbulunda olmuş, direktor Vidadi Rəhimovun qanuna zidd hərəkətləri barədə yazılı və şifahi olaraq rəhbərliyi məlumatlandırmış və nəticə olaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İsmayılı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli əmək münasibətlərinin davam etdirilməməsi barədə məktubunun etibarsız hesab edilməsi, əmək müqaviləsinin müddətinin uzadılması, əmək münasibətlərinin davam etdirilməsi ilə bağlı hüquqlarının bərpa olunması və ona dəyən mənəvi zərərin kompensasiyası məsələsinə də baxılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh təşkilatla iddiaçı arasında bir il olmaqla əmək müqavilələri müddətli bağlanmışdır. Tək iddiaçı ilə deyil, cavabdeh təşkilatın bütün işçiləri ilə müddətli əmək müqavilələri bağlanmışdır. Müqavilələrin bir il müddətinə bağlanmasına səbəb TƏBİB-in göstərişi əsasında olmuşdur. Əmək müqaviləsi bağlanmasında qanunsuz bir əməl olmamışdır. Əmək müqaviləsinin daha uzadılmaması barədə on gün qabaqcadan iddiaçıya məlumat verilmişdir. Əmək müqaviləsinin uzadılmamasına əsas iddiaçı barəsində şikayətlər olmuşdur. İddia tələbini əsassız hesab edir və təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 16 mart 2022ci il tarixli PHŞ/1-2-2022-6334 nömrəli “kadr məsələləri barədə” məktubunun surətindən görünür ki, məktubun 2-ci bəndində qeyd olunur ki, cari ilin mart ayından etibarən işə qəbul ediləcək işçilərlə (əvəzçilik istisna olmaqla) əmək müqavilələri 1 il müddətinə bağlanmalıdır. Eyni zamanda Agentliklə razılaşdırılaraq əvvəlki tarixlərdə işə qəbul edilən işçilərlə 3 ay müddətinə bağlanmış əmək müqavilələrin müddəti tərəflərin qarşılıqlı razılığı ilə növbəti dəfə 1 il müddətinə uzadıla bilər. "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən 01 il müddətinə terapiya şöbəsinə həkim terapevt vəzifəsinə işə qəbul edilmişdir. "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək TTTY şöbəsinin TTTYS bölməsinin X4 üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. MN ******* nömrəli, 25 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X1 barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi tərəfindən iddiaçıya aralarında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” bəndinə əsasən xx.xx.2025-ci il tarixdə xitam veriləcəyi barədə məlumat verilmişdir. xx.xx.2025-ci il tarixli 18-1-47/3-1-602/2025 nömrəli əmrin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” bəndinə əsasən xitam verilmişdir. İsmayıllı 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞİ/MT0xx/xx-00125 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbi ilə bağlı xx.xx.2025-ci il tarixində, saat 14:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin nümayəndəsi iştirak etməmişdir. İlkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” 35.2-ci madəsinə əsasən “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” 11.1-ci maddəsinin “b” bəndinə əsasən “Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.” 45.1-ci maddəsinə əsasən “Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.” Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin (bundan sonra Müqavilənin) 1.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti «Əmək məcəlləsi» ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. Müqavilənin 2.1-ci bəndində müqavilənin müddətli bağlanması qeyd edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1 il müddətinə bağlanmışdır. Müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə Əmək Məcəlləsinin 68. 69. 70. 73. 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. İş materiallarından göründüyü kimi "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bir il müddətinə əmək müqaviləsi bağlanılmışdır. Həmin əmək münasibətləri hər il bir il müddətinə uzadılmaq şərti ilə xx.xx.2025-ci il tarixədək davam etdirilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, əmək qanunvericiliyinin tələbindən göründüyü kimi müddətli əmək müqaviləsinin müddəti qurtardıqda həmin əmək müqaviləsinə xitam verilir. Əgər əmək münasibətləri davam etdirilirsə və bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə müqavilə həmin müddətə uzadılmış hesab olunur. Göründüyü kimi xx.xx.2025-ci il tarixdə iddiaçının əmək müqaviləsinə müddət bitdiyindən xitam verilmişdir. Əmək qanunvericiliyi müddətli əmək müqaviləsinin bağlandığı hallar müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən: Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən “Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasdır.” Göründüyü kimi əmək qanunvericiliyi müddətli əmək müqaviləsinin bağlandığı hallar arasında tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasını da müəyyən etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi ilə İddiaçı arasında bağlanmış əmək müqavilələrindən görünür ki, tərəflər əmək müqaviləsini qarşılıqlı razılıq əsasında müddətli bağlamışlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il Qərarına əsasən:
1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilsin.
2. Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. Sözügedən Qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, Əmək qanunvericiliyində müddətli əmək müqaviləsinin bağlanılması imkanının müəyyən edilməsi məşğulluğa kömək, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət etməklə yanaşı, işəgötürənlərin müvəqqəti xarakterli ehtiyaclarının qarşılanmasına da imkan verir. Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası ilə bağlı göstərilməlidir ki, Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və şərh edilməsi xahiş olunan “f” bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. Sorğu və müraciətdən də göründüyü kimi, son zamanlar müddətli əmək müqaviləsi ilə bağlı məhkəmə mübahisələrinin sayı artmışdır. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Göründüyü kimi "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi ilə İddiaçı arasında 2022-2023, 2023-2024 və 2024-2025-ci il tarixlərində bağlanmış əmək müqavilələri tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmış, eyni zamanda iddiaçı tərəfindən bu dövr ərzində müddətli əmək müqaviləsinin bağlanmasına hər hansı etiraz edilməmiş, eyni zamanda həmin dövrlərdə və hazırki vaxtadək iddiaçı X4 üzrə həkim kimi fəaliyyət göstərmişdir. Göründüyü kimi hazırki mübahisə üzrə bağlanmış müddətli əmək müqaviləsi müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədi daşımamış, iddiaçı digər əmək fəaliyyət ilə birlikdə hazırki bərpasını tələb etdiyi əmək fəaliyyətini müddətli əmək müqaviləsi ilə davam etdirmişdir. Bundan başqa iddiaçı üç dəfə müddətli əmək müqaviləsi bağlanmasına baxmayaraq bu hala yazılı və ya şifahi etiraz etməmiş və bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla yenidən müddətsiz əmək müqaviləsinin bağlanmasını deyil, əmək müqaviləsinin müddətinin uzadılmasını tələb etməklə bir daha özünün müqavilə bağlanarkən iradəsini ortaya qoymuş olur. Bütün bunlar isə hazırki mübahisə üzrə tərəflərin hüquq bərabərliyinin pozulmaması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən “Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.” Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi, bu barədə xx.xx.2025-ci il tarixdə əmrin verilməsi əmək qanunvericiliyinin göstərilən tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə qarşı müddətli əmək müqaviləsinin müddətinin uzadılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdeh "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə qarşı müddətli əmək müqaviləsinin müddətinin uzadılması tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən İlqar Hüseynov