Məhkəmə qərarları › İş №e-2(037)-1558/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1558/2025

09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1558/2025 09.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 09 fevral 2026-cı il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası gecikdirilərək icra olunduğunu nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Hüseynova (Həmidova) Sevda İsmixan qızından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanan 697,81 manat məbəğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 2,70 manat məbəğində pul və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbəğində dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı olmaqla, cəmi 730,91 manat məbəğində pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi “Sunny Electronics” mağazası ilə Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2013-cü il tаriхində 11576 sаylı saylı alqı-satqı müqaviləsinə əsasən borclu 6562 manat dəyərində olan aldığı malın dəyərinin ödənilməsi məqsədi ilə 12 ay müddətinə hissə-hissə ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin təminatı olaraq Cavabdeh2 və X2 ilə zaminlik müqaviləsi bağlanmışdır. O, müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etsə də cavabdehlər müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə ayrılmış aylıq qrafik üzrə ödənişlərdən yayınmışdırlar. Daha sonra gecikdirilmiş borcun ödənilməsi üçün məhkəməyə müraciət olunmuş və İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 1157/2015 saylı xx.xx.2015-ci il tarixli məhkəmə qərarına əsasən, borclular Cavabdeh1, Cavabdeh2 və X1 cəmi 4785 manat məbləğində borc müştərək qaydada tutularaq tələbkar İddiaçı ödənilməsi qərara alınmışdır. Qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almış və 02 il, 11 ay, yəni 35 ay müddətində xx.xx.2018-ci il tarixdə icra olunmuşdur (ödənilmişdir). Cavabdehlər qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsəydilər o, öz sahəsində istifadə etməklə daha çox gəlir əldə edə bilərdi. Lakin cavabdehlərin məhkəmə qərarı üzrə öhdəliyini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə o həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə kreditora ödənilən 4785 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik (5%) faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da, 697,81 manat (4785 azn x 0,05 % = 239,25 azn / 12 ay = 19,93 azn x 35 ay = 697,81 azn) təşkil edir. Bununla bağlı qanunvericilikdə nəzərə tutulmuş qaydada, işin məhkəmədən kənar həll olunması üçün cavabdehlərə rəsmi qaydada bildiriş (pretenziya) göndərilmiş və 5 (beş) gün müddətində icra olunması (ödənilməsi) xahiş olunmasına baxmayaraq, cavabdehlər icra etməmişlər (ödəməmişlər). İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında Cavabdeh1 işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçının sahib olduğu “Sunny Electronics” mağazasından aralarında xx.xx.2013-cü il tarixdə bağlanmış 11576 nömrəli alqı-satqı müqaviləsinə əsasən 6562 manat dəyərində olan, dəyəri 12 ay ərzində hissə-hissə ödənilmək şərti ilə nisyə mal almışdır. O, nəzərdə tutulan qrafiklə aylar üzrə ödənişləri bir müddət etmiş, lakin yaranan problemlərə görə gecikmələr yaranmışdır. Bu səbəbdən iddiaı ona və digərlərinə qarşı 4785 manat ödənilməmiş qalan pul, faiz və digər tələblərlə iddia qaldırmış. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(037)-1157/2015 nömrəli qətnaməsi ilə ondan və digər cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməsi qət edilmişdir. Həmin məbləğ onun tərəfindən 2018-ci ilin noyabr ayının 19-da tam ödənilmişdir. Bu haqda iddiaçı Bakı şəhər Binəqədi rayon İcra və probasiya şöbəsinə ərizə verərərək iddiaçıya heç bir borclarının qalmadığı, onun tərəfindən qətnamə üzrə tələb olunan məbləğin tam ödənildiyi və icra ilə əlaqədar heç bir tələbinin qalmadığını bildirmişdir. Həmin tarixdən tam 07 il keçdikdən sonra iddiaçı ona və digərlərinə qarşı qeyd edilən iddianı qaldırmışdır. İddiaçı ilə arasında bağlanan alqı-satqı müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixdə bitmiş, onun tərəfindən isə müqavilə öhdəliklərinin pozulması iddiaçıya artıq 2015-ci ilin mart-aprel aylarında məlum olmuşdur. Buna baxmayaraq iddiaçı ona qarşı 2015-ci ilin iyul ayında iddia qaldırmış, iddianın təmini barədə xx.xx.2015-ci il tarixdə məhkəmə qətnaməsi çıxmışdır. Belə ki, o, vəziyyəti ilə əlaqədar ödəniş edə bilməmişdir. Yəni iddiaçı artıq 2014cü ilin mart-aprel aylarında hüquqlarının pozulduğunu bilmişdir. İddiaçı hazırda qeyd edilən iddianı 2014-cü ilin mart-iyun aylarında qaldıra bilərdi., lakin bunu etməmiş və iddianı qaldırmaq üçün üç illik iddia müddəti hüququndan istifadə edərək 2015-ci ilin ortalarında iddia qaldrımışdır. Həmin iddia ilə birlikdə iddiaçı illik 5 faiz tələbini də qaldıra bilərdi. Lakin bunu etməmiş və həmin vaxtdan artıq 10 ildə çox müddət ötmüşdür. Odur ki, qeyd edilənlərə əsaslanaraq iddia tələbinə iddia müddəti tətbiq olunaraq təmin edilməməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Qeyd olunan cavabdehlər Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizəsinin məzmununa uyğun ərizə göndərərək iddia tələbinə iddia müddəti tətbiq olunaraq təmin edilməməsini xahiş etmişlər. Məhkəmə işə qeyd olunan cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İsmayıllı Rayon Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli 2(037)-1157/2015 nömrəli məhkəmə əmrinin surətindən görünür ki, borclular, xx.xx.1967-ci ildə İsmayıllı rayonun Quşencə kəndində anadan olmuş, həmin ünvanda yaşayan Cavabdeh1, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, ev 26-da yaşayan X1 və xx.xx.1984-cü ildə İsmayıllı rayonun Göytəpə kəndində anadan olmuş, Cavabdeh2 müştərək qaydada 4764 (dörd min yeddi yüz altmış dörd) manat əsas borc və 21 (iyirmi bir) manat dövlət rüsumu, cəmi 4785 (dörd min yeddi yüz səksən beş) manat pul tutularaq Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi 1-də yaşayan İddiaçı ödənilməsi əmr verilmişdir. “Sunny Electronics” mağazası tələbkar İddiaçı İsmayıllı rayon İcra və probasiya şöbəsi və Binəqədi rayon İcra şöbəsinə ünvanladığı 13 noyabr 2018-ci il tarixli 11576 nömrəli icraata xitam verilməsi barədə ərizənin surətindən görünür ki, icra vərəqəsi üzrə borc tam şəkildə ödənilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1157/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. 25 iyun 2025-ci il tarixli 11576 nömrəli bildirişin (pretenziyanın) surətindən görünür ki, cavabdehlərdən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 697,81 manat məbləğində hesablanmış faiz borcunun 05 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda hesablanmış faiz borcu və eyni zamanda məhkəmə xərclərinin ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. 08 noyabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidməti haqqı məbləği ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanun: Maddə 2. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2025-ci il tarixli Qərarı: - Konstitusiyanın 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Mülki Prosessual Məcəllənin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər; - məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir; Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli 2(037)-1157/2015 nömrəli məhkəmə əmrinə əsasən borclular, xx.xx.1967-ci ildə İsmayıllı rayonun Quşencə kəndində anadan olmuş, həmin ünvanda yaşayan Cavabdeh1, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, ev 26-da yaşayan X1 və xx.xx.1984-cü ildə İsmayıllı rayonun Göytəpə kəndində anadan olmuş, Cavabdeh2 müştərək qaydada 4764 (dörd min yeddi yüz altmış dörd) manat əsas borc və 21 (iyirmi bir) manat dövlət rüsumu, cəmi 4785 (dörd min yeddi yüz səksən beş) manat pul tutularaq Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi 1-də yaşayan İddiaçı ödənilməsi əmr verilmişdir. “Sunny Electronics” mağazası tələbkar İddiaçı İsmayıllı rayon İcra və probasiya şöbəsi və Binəqədi rayon İcra şöbəsinə ünvanladığı 13 noyabr 2018-ci il tarixli 11576 nömrəli icraata xitam verilməsi barədə ərizədən görünür ki, icra vərəqəsi üzrə borc tam şəkildə ödənilmişdir. İddiaçı İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1157/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı İsmayıllı Rayon Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli 2(037)-1157/2015 nömrəli məhkəmə əmri ilə onun xeyrinə tutulan borc məbləği borclular tərəfindən tam şəkildə ödənildikdən, yəni icra sənədi icra edildikdən sonra, 13 noyabr 2025-ci il tarixdə hazırkı tələbə dair ərizəsi məhkəmənin icraatına qəbul olmuşdur. Göründüyü kimi, tələbkar icra sənədi üzrə tutulmalı pul məbləği borcludan tam şəkildə alındıqdan sonra ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, alınmalı pul məbləğinin indeksasiyası ilə bağlı ərizələr müvafiq məhkəmə qərarının qüvvəyə mindikdən sonra həmin pul məbləğinin tam ödənilməsinədək olan müddət ərzində məhkəməyə təqdim edilməlidir. Həmçinin, pul məbləğinin indeksasiya edilməsinin məqsədi pul məbləğinin ödənilməsinə dair qətnamənin səmərəli icrasını təmin etməkdən ibarətdir. Bu isə onu göstərir ki, əgər pul məbləğinin tutulmasına dair məhkəmə qətnaməsi icra edilibsə o zaman icra edilmiş qətnamə üzrə ödənilmiş pul məbləğinin indeksasiyası aparıla bilməz. Əks halda bu indeksasiya instutunun mahiyyətinə zidd olmaqla yanaşı onun əhəmiyyətini də sıfıra endirmiş olardı. Belə ki, indeksasiya institutunun mahiyyəti məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi nəticəsində baş verən itkilərin kompensasiyası edilməsinə xidmət etməkdir. Məhkəmə həmçinin qeyd edir ki, qanunverici indeksasiyanın həyata keçirilməsini qətnamənin icrası mərhələsi ilə əlaqələndirmişdir. Bu da onu deməyə əsas verir ki, tutulmalı pul məbləğinin indeksasiya edilməsi qətnamə icra edilənədək irəli sürülə bilər. Məhkəmə hesab edir ki, “ödənilməli pul məbləğinin indeksasiya olunması barədə” hazırki ərizə məhkəməyə təqdim edilmədən əvvəl İsmayıllı Rayon Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli 2(037)-1157/2015 nömrəli məhkəmə əmrinə əsasən verilmiş icra sənədi borclular tərəfindən icra edildiyindən, hazırda icra sənədi üzrə borc olmadığından və indeksasiya edilməli olan pul məbləği mövcud olmadığından icra icraatı çərçivəsində tələbkar tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Qanunvericiliyin və Konstitusiya Məhkəməsinin Plenumunun 17 iyun 2025-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqenin tələblərinə əsasən isə indeksasiya yalnız qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə məyyən edilmiş və icra edilməmiş pul vəsaitinin indeksləşdirilməsini nəzərdə tutur. Bundan əlavə məhkəmə həmçinin qeyd edir ki, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 2-ci maddəsinə əsasən indeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırda icra sənədi üzrə borc olmadığından və indeksasiya edilməli olan pul məbləği mövcud olmadığından, istehlak qiymətlərinin həcmi qanunla müəyyən edilmiş yuxarı həddi keçmədiyindən icra icraatı çərçivəsində verilmiş ərizə təmin edilə bilməz. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehlərdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, hazırki iş üzrə iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar