Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-758/2024 27.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı ərizə ilə müraciət edərək cavabdehdən 4258,43 manat ziyan məbləği və mediasiya xərci üçün ödənilmiş 60 manat, 13 manat dövlət rüsumunun iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 18 may 2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh 29 iyul 2022-ci il tarixli X2 əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “Tam maddi məsuliyyət haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin 22 noyabr 2022-ci il tarixli 628 saylı əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehlə bağlanmış “Tam maddi məsuliyyət haqqında” Müqavilənin 1-ci bəndinin tələblərinə görə, cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin Müqavilənin 3.3-cü bəndinə görə, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” 15 noyabr 2022-ci il tarixli, 2411 saylı əmrindən göründüyü kimi, “Oba – İsmayıllı 7” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvilalan administratorların) bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada 28 iyul 2022-ci il – 15 noyabr 2022-ci il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 4310,64 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin özəlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sayımda tam olaraq iştirak etmiş, sonda qarşılaşdırma olunmuş, əskik mallarla tanış olmuş, sayım qrupundan heç bir şikayəti olmamışdır. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub, inventarizasiya sənədlərini imzalamaq üçün cavabdehə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh İnventarizasiya Siyahısını və yekun Aktı imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəfindən müvafiq İmtina Aktları tərtib edilmişdir. Cəmiyyətin 22 may 2023-cü il tarixli Maliyyə Arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra cavabdehin yekun olaraq qalıq borcu 4258,43 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı 4258,43 manat vurulmuş ziyan və mediasiya xərci üçün ödənilmiş 60 manat, 13 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 16 may 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 18 may 2022-ci il tarixli 220 saylı əmrdən çıxarışdan görünür ki, cavabdeh həmin tarixdən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş və həmin tarixdə onunla əmək müqaviləsi bağlanılmışdır. - 29 iyul 2022-ci il tarixli 367 saylı əmrdən çıxarışdan görünür ki, cavabdeh həmin tarixdən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində administrator vəzifəsinə keçirilmiş və onunla həmin tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır -22 noyabr 2022-ci il tarixli 628 saylı “işdən azad olma haqqında” əmrdən çıxarışın surətindən görünür ki, "xxxx" MMC-nin Satış Departamentinin Satış X1 Şərifovanın əmək müqaviləsinə 22 noyabr 2022-ci il tarixindən Əmək Məcəlləsinin 68.2 “b” maddəsinə əsasən xitam verilmişdir. - 09 dekabr 2022-ci il tarixdə tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 4310,64 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub, inventarizasiya sənədlərini imzalamaq üçün cavabdehə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh İnventarizasiya Siyahısını və yekun Aktı imzalamaqdan imtina etmişdir. Bununla bağlı komissiya üzvləri tərəfindən müvafiq İmtina Aktları tərtib edilmişdir. - 18 aprel 2023-cü il tarixli DN-2074 nömrəli xəbərdarlığın surətindən görünür ki, 4258,43 manat qalıq borcun ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə barəsində hüquqi tədbirlər həyata keçiriləcəyi bildirilmişdir. -Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə 22 may 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 15 noyabr 2022-ci il tarixində 4310,60 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gələnələrə görə ümumi olaraq 4258,43 manat borc qalımışdır. Beləliklə, Cavabdeh 22 may 2023-ci il tarixinə "xxxx" MMC-ə olan ümumi borcu 4258,43 manat təşkil edir. - 31 avqust 2023-cü il tarixli MŞB/4-2023-00114 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, iddiaçı cavabdehə qarşı vurulmuş 4258,435 manat maddi zərərin ödənilməsi ilə bağlı mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya prosesində iştirak etməmiş, nəticədə mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. İddiaçı tərəfindən Bakı 4 saylı Mediasiya Təşkilatının hesabına 60 (50+10) manat mediasiya xərci ödənilmişdir. - Hökumət ödəniş portalında ödənilmiş ********** nömrəli qəbzlə iddiaçı tərəfindən 13 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh arasında 18 may 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, 29 iyul 2022-ci il tarixli X2 əsasən “administrator” vəzifəsinə keçirilmişdir. Onunla həmin tarixdə “Tam maddi məsuliyyət haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin 22 noyabr 2022-ci il tarixli 628 saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada 28 iyul 2022-ci il – 15 noyabr 2022-ci il tarixləri üzrə inventarizasiya aparılmış, nəticədə cavabdehin Cəmiyyətə 4310,64 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Müvafiq güzəştlər tətbiq edildikdən sonra cavabdehin yekun olaraq qalıq borcu 4258,43 manat təşkil etmişdir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh tərtib olunmuş sənədləri imzalamaqdan imtina etmişdir. İddiaçı 4258,43 manat vurulmuş ziyan və mediasiya xərci üçün ödənilmiş 60 manat, 13 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işə götürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquq müəyyənedici sənədlər əsasında işə götürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçi tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4258,43 manat ziyan məbləği və mediasiya xərci üçün ödənilmiş 60 manat, 13 manat dövlət rüsumu olmaqla cəmi 4331,43 manat məbləği alınaraq İddiaçı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4258,43 manat vurulmuş ziyan, 60 manat ödənilmiş mediasiya xərci və 13 manat dövlət rüsumu olmaqla – cəmi 4331 (dörd min üç yüz otuz bir) manat 43 (qırx üç) qəpik məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-758/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-758/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver