Məhkəmə qərarları › İş №e-2(037)-78/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-78/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-78/2024 14.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə 14 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2800 manat pul məbləğinin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Qalacıq İƏD üzrə nümayəndə vəzifəsində işləyir. Cavabdeh2 işlədiyi idarəyə gəlmiş, kürəkəni Cavabdeh1 təmir-tikinti işləri, əsasən yol tikintisi ilə məşğul olduğunu, Qalacıq kəndinin əsas yolunu daha ucuz qiymətə asfaltlamaq mümkün olduğunu və kəndin daha abad yolunun daha rahat olmasını arzulamışdır.Göstərilən işlərin görülməsi üçün Cavabdeh1 17000 manat pul verilməli olduğunu bildirmişdir. Bundan sonra aralarında şifahi tapşırıq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən onun tərəfindən kənd əhalisindən yığılaraq İsmayıllı rayonu, Qalacıq kəndinin əsas yolunun asfaltlanması üçün Cavabdeh2 və Cavabdeh1 müxtəlif vaxtlarda hissə-hissə 5070 manat pul verilmişdir. Cavabdeh1 İsmayıllı rayonu,Qalacıq kəndinin əsas yoluna 20 “kamaz” markalı maşınla çınqıl tökdürmüş, lakin qalan işlər bu günə kimi görülməmiş,yarımçıq qalmışdır. Bu barədə tərəfindən İsmayıllı rayon Polis Şöbəsinə müraciət edilmiş, Cavabdeh2 və Cavabdeh1 onunla və şikayətçi olan kənd sakinləri ilə görüşüblər, qısa vaxtda verilən pulu geri qaytaracaqlarına dair söz verdiklərinə görə İsmayıllı rayon Polis Şöbəsinə verilmiş şikayətlərini geri götürmüşlər. Onun tərəfindən dəfələrlə Cavabdeh2 İsmayıllı rayonu,Qalacıq kəndinin əsas yolunun asfaltlanması işlərinin görülməsi, əks təqdirdə pulun qaytarılması tələb edilmişdir. Bu səbəbdən cavabdehlər yenə işə başlamış,2020-ci ilin sonu 2021-ci ilin əvvəlində İsmayıllı rayonu, Qalacıq kəndinin əsas yoluna 5 “kamaz” çınqıl tökdürmüşlər, bulduzerlə yayaraq yolu düzləmişlər. Lakin cavabdehlər həmin işləri gördükdən sonra işi yenə yarımçıq qoyub, qalan işləri görməmişlər. Sonuncu dəfə 2021-ci ilin fevral ayının əvvəllərində görülən işin haqqını 2270 manat məbləğində dəyərləndirmişlər və 2800 manatlıqda iş görməklə qalan borclarını ödəyəcəklərini bildirmişlər. Daha sonra dəfələrlə cavabdehlərə telefonla zəng etsədə, onlar 19 fevral 2021-ci il tarixdə “whatsappla” ona “narahat olma pulu göndərəcəm” yazaraq, bir müddət zənglərinə cavab verməmişlər. Hesab edir ki, İsmayıllı rayonu, Qalacıq kəndinin əsas yolunun asfaltlanması üçün cavabdehlərə verilmiş 5070 manat pulun 2800 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməlidir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 iştirak etdiyi əvvəlki məhkəmə iclasında izahat verərək göstərdi ki, Cavabdeh1 qızının əridir.O, Cavabdeh1 İddiaçıla tanış etmişdir. Cavabdeh1la İddiaçı arasında İsmayıllı rayonu, Qalacıq kəndinə gedən əsas yolun asfaltlanması məqsədi ilə razılaşma olmuş,razılaşmaya əsasən İddiaçı Cavabdeh1 Qalacıq kəndinin əsas yoluna asfalt çəkilməsi üçün pul vermişdir. Onun iddiaçı ilə Cavabdeh1 arasında olan razılaşmaya heç bir aidiyyatı yoxdur və iddiaçı ona Qalacıq kəndinin əsas yoluna asfalt çəkilməsi məqsədi ilə pul verməmişdir.İddiaçı pulu Cavabdeh1 vermişdir və həmin pulu da ondan deyil, Cavabdeh1 tələb edə bilər.O,iddiaya cavab verən şəxs deyildir və bu məsələlərdə onun heç bir günahı yoxdur. O, ancaq Cavabdeh1 iddiaçı ilə tanış etmişdir və iddiaçı da aralarında olan razılaşmaya əsasən pulu Cavabdeh1 veribdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, 22 sentyabr 2020-ci il tarixli, HK-1/1000 saylı, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, İsmayıllı rayon Qalacıq kənd İƏD üzrə nümayəndəsi İddiaçı müraciəti əsasında İsmayıllı RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən HK-1/1000 saylı material üzrə araşdırma aparılmış, araşdırma nəticəsində Cavabdeh1 əməlində cinayət tərkibi müəyyən edilmədiyinə görə toplanmış HK-1/1000 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş və mübahisəli vəziyyət mülki xarakterli olduğundan ərizəçiyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə Cavabdeh1 arasında şərtləşdirilmiş muzd müqabilində şifahi podrat müqaviləsi bağlanmış, sonuncu iddiaçının sifarişi əsasında 17000 manat müqabilində İsmayıllı rayonu, Qalacıq kəndinə gedən əsas yolu asfaltlayaraq təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı kənd sakinlərindən yığaraq Cavabdeh1 ilkin olaraq 2500, 2000 və 570 manat olmaqla, ümumilikdə 5070 manat pul vermiş, qalan məbləği isə yol hazır olduqdan sonra veriləcəyi barədə razılığa gəlinmişdir. Cavabdeh1 iddiaçı ilə aralarında olan razılaşmaya əsasən sifarişin bir hissəsini 2270 manatlıq hissəsini icra etmiş, qalan hissəsini isə sifarişçi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra etməmiş, sifarişçi artıq sifarişdən imtina etmək barədə podratçıya bildirmiş, bundan sonra podratçının aldığı 5070 manat puldan ödənilməmiş qalan 2800 manat məbləği hazırkı vaxtadək qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması,əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir.Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər,lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən edilmiş halların əsasən hesab edir ki, Cavabdeh1 görməli olduğu işlərin müqabilində iddiaçıdan muzd almış, lakin öhdəliyin bir hissəsini icra etsə də, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirəməmiş və iddiaçını əlverişsiz vəziyyətə salmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki,podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırkı mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır.Belə ki,tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır.Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir.Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür.Hüquqi fakt rolunda isə qanun,müqavilə,əqd vərəsəlik çıxış edə bilər.Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə,əsassız varlanma hesab edilir. Həmçinin,qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi).Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır,lakin məqsəd (əsas) həyata keçmir.İkinci hal isə varlanmanın,yəni əmlakın əldə edilmə əsasının sonradan ardan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt-varlanan şəxslə,məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Yuxarıda qeyd olunan normalardan da göründüyü kimi, iddiaçı Cavabdeh1 İsmayıllı rayonu, Qalacıq kəndinə gedən əsas yolun asfaltlanması məqsədi ilə kənd sakinlərindən yığaraq müxtəlif vaxtlarda hissə-hissə olmaqla, 5070 manat məbləğində pul vermiş, Cavabdeh1 sifarişçinin sifarişinin bir hissəsini 2270 manatlıq hissəsini icra etmiş, qalan hissəsini isə yerinə yetirməmiş, aldığı 5070 manat puldan qalan 2800 manatı isə əsassız olaraq geri qaytarmayaraq əsassız olaraq varlanmışdır. Göründüyü kimi ilk başda tərəflər arasında podrat müqaviləsi (hüquqi əsas) mövcud olmuş, sonradan isə həmin müqavilə ləğv edilərək,başqa sözlə,hüquqi əsas sonradan aradan qalxmış, nəticədə Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq Cavabdeh1 əsassız olaraq varlandığı - 2800 manat məbləğində vəsaiti iddiaçıya qaytarmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Cavabdeh1 2800 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Bununla yanaşı, məhkəmə, iddianın Cavabdeh2 2800 manat məbləğində pul tələb edilməsi hissəsini əsaslı hesab etmir. Belə ki, Cavabdeh2 İsmayıllı rayonu,Qalacıq kəndinə gedən əsas yolun asfaltlanması məqsədi ilə kürəkəni Cavabdeh1 iddiaçı ilə tanış etmiş, Cavabdeh1la iddiaçı arasında 17000 manat pul müqabilində Qalacıq kəndinə gedən əsas yolun asfaltlanması məqsədi ilə razılaşma olmuş, razılaşmaya əsasən iddiaçı ilkin olaraq Cavabdeh1 2500, 2000 və 570 manat olmaqla, ümumilikdə 5070 manat pul vermiş, Cavabdeh1 razılaşmaya əsasən 2270 manatlıq hissəsini icra etmiş, qalan hissəsini isə icra etməmişdir. Göründüyü kimi iddiaçı ilə Cavabdeh2 arasında Qalacıq kəndinə gedən əsas yolun asfaltlanması məqsədi ilə razılaşma olmamış, iddiaçı tərəfindən Cavabdeh2 yolun asfaltlanması məqsədi ilə pul verilməmiş və sonuncu bu barədə üzərinə öhdəlik götürməmiş, dolayısı ilə Cavabdeh2 iddiaya cavab verməli olan şəxs deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 2800 (iki min səkkiz yüz) manat pul məbləği tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar