Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-817/2025 27.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 27 avqust 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" MMC (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 5150,56 manat vurulmuş maddi ziyan, 60 manat ödənilmiş mediasiya xərci və 12 manat ödənilmiş dövlət rüsumu vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əlavəyə əsasən “baş satıcı” vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əlavəyə əsasən “administrator” vəzifəsinə keçirilmiş, cavabdehlə həmin tarixdə “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2024-cü il tarixli 60-x saylı əmri ilə cavabdeh işdən azad edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında” müqavilənin 1-ci bəndinə əsasən, maddi məsul şəxs ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. 3.3-cü bəndinə əsasən, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Cəmiyyətin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2024-cü il tarixli, 1041 saylı əmrindən göründüyü kimi, “Oba – 4 MKR 12” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədi ilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvil alan administratorların) bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2023-cü il xx.xx.2024-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 7407,28 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin öz əlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sayımda tam olaraq iştirak edib, artıq və əskik sayılan miqdarlar yoxlanılıb, sayımla bağlı narazılığı yoxdur. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələri ilə bağlı izahat verməsi və müvafiq sənədləri imzalaması üçün cavabdehə şifahi məlumat və xəbərdarlıq məktubları göndərilsə də cavabdeh ziyanla bağlı izahat verməkdən və müvafiq sənədləri imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəflər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında” müqavilənin 3.3-cü bəndinə müvafiq olaraq imtina aktlarını tərtib etmişlər. Cəmiyyətin xx.xx.2025-ci il tarixli Maliyyə Arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra cavabdehin yekun olaraq qalıq borcu 5150,56 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdehdən 5150,56 manat vurulmuş maddi ziyan, 60 manat ödənilmiş mediasiya xərci və 12 manat ödənilmiş dövlət rüsumu vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndə X1 ərizə göndərərək iddianı tam şəkildə müdafiə etdiyini, baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianı tam şəkildə təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. 07 aprel 2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, cavabdeh İddiaçı MMC-də satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. 19 iyun 2023-cü il tarixli əmək müqaviləsinə əlavənin surətindən görünür ki, tərəflər arasında bağlanmış 07 aprel 2023-cü il tarixli əmək müqaviləsinə dəyişiklik olunaraq 19 iyun 2023-cü il tarixdən cavabdehin İddiaçı MMC-də baş satıcı vəzifəsində işləməsinə dair əmək müqaviləsi bağlanılmışdır. 09 oktyabr 2023-cü il tarixli əmək müqaviləsinə əlavənin surətindən görünür ki, tərəflər arasında bağlanmış 07 aprel 2023-cü il tarixli əmək müqaviləsinə dəyişiklik olunaraq 09 oktyabr 2023-cü il tarixdən cavabdehin İddiaçı MMC-də baş administrator vəzifəsində işləməsinə dair əmək müqaviləsi bağlanılmışdır. Həmin tarixdə tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və tərəflər müqavilənin şərtləri ilə tanış olaraq öz imzaları ilə təsdiq etmişlər. 10 iyun 2024-cü il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktının inventarizasiya siyahısından görünür ki, cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2023-cü il - xx.xx.2024-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində Cəmiyyətə 7407,28 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. 27 iyun 2024-cü il tarixli imtina aktından görünür ki, maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etsə də araşdırılmanın nəticələri ilə tanış olmamış və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-7407,28 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. 08 iyul 2024-ci il tarixli DN-4094 nömrəli xəbərdarlığın surətindən görünür ki, 5150,56 manat borcun üç gün müddətində ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə barəsində hüquqi tədbirlər həyata keçiriləcəyi bildirilmişdir. 13 mart 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 7407,28 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 5150,56 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh 13 mart 2025-ci il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 5150,56 manat təşkil edir. 30 aprel 2025-ci il tarixli, MŞB/20/2025-00294 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. İddia ərizəsi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən daxil olmaqla, ********** nömrəli qəbzə əsasən 04 aprel 2025-ci il tarixdə iddiaçı tərəfindən 12 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 07 aprel 2023-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-də satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. 19 iyun 2023-cü il tarixli əmək müqaviləsinə əlavəyə əsasən tərəflər arasında bağlanmış 07 aprel 2023-cü il tarixli əmək müqaviləsinə dəyişiklik olunaraq 19 iyun 2023cü il tarixdən cavabdehin İddiaçı MMC-də baş satıcı vəzifəsində işləməsinə dair əmək müqaviləsi bağlanılmışdır. 09 oktyabr 2023-cü il tarixli əmək müqaviləsinə əlavəyə əsasən isə 09 oktyabr 2023-cü il tarixdən cavabdehin İddiaçı MMC-də baş administrator vəzifəsində işləməsinə dair əmək müqaviləsi bağlanılmışdır. Həmin tarixdə tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və tərəflər müqavilənin şərtləri ilə tanış olaraq öz imzaları ilə təsdiq etmişlər. 10 iyun 2024-cü il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktının inventarizasiya siyahısı əsasında cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2023-cü il xx.xx.2024-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində Cəmiyyətə 7407,28 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. 27 iyun 2024-cü il tarixli imtina aktı üzrə maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etsə də araşdırılmanın nəticələri ilə tanış olmamış və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-7407,28 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. 08 iyul 2024-ci il tarixli DN- 4094 nömrəli xəbərdarlıq məktubu ilə 5150,56 manat borcun üç gün müddətində ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə barəsində hüquqi tədbirlər həyata keçiriləcəyi bildirilmişdir. 13 mart 2025-ci il tarixli arayışa əsasən cavabdehlə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 7407,28 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 5150,56 manat borcu qalmışdır. Beləliklə, cavabdehin 13 mart 2025-ci il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 5150,56 manat təşkil edir. İddiaçı cavabdehdən 5150,56 manat vurulmuş maddi ziyan, 60 manat ödənilmiş mediasiya xərci və 12 manat ödənilmiş dövlət rüsumu vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işə götürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə,yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçi tam həcmdə maddi məsuliyyət daşıyır. 200.1-ci maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli qərarına göstərilənlərə əsasən xüsusilə də Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.8-ci hissəsinə görə, müqavilədə bu Məcəllənin 10, 77, 112, 179 və 186-cı maddələrində göstərilən məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda, belə müqavilə (münasibətlər) mülki hüquqi müqavilə qaydasında rəsmiləşdirilə bilməz. Əmək Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin (ç) bəndinə əsasən isə işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Əmək Məcəlləsinin “İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti” adlanan Vİİİ bölməsinin normaları işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətini, habelə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyətini tənzimləyir. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda tam maddi məsuliyyətə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər və s. Ümumiyyətlə, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir). Məhdud məsuliyyət yalnız işçilərə münasibətdə nəzərdə tutulub, işəgötürənin məsuliyyəti isə bundan fərqli olaraq Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən tam xarakter daşıyır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətinin yaranması üçün yuxarıda qeyd olunan şərtlərin eyni zamanda mövcud olması zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qərara gəlir ki, cavabdehin iddiaçı təşkilata 5150,56 manat məbləğinə ziyan vurduğu sübuta yetirildiyindən, tərəflər arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərinə əsasən həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 60 manat ödənilmiş mediasiya xərci və 12 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5150,56 manat vurulmuş maddi ziyan, 60 manat ödənilmiş mediasiya xərci və 12 manat ödənilmiş dövlət rüsumu – cəmi 5222 (beş min iki yüz iyirmi iki) manat 56 (əlli altı) qəpik tutularaq İddiaçınə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-817/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-817/2025
27.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver