Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-823/2025 17.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icra olunadək Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014cü il tarixli qərarına əsasən, hesablanan 643,10 manat məbəğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,80 manat məbəğində pul və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30,40 manat məbəğində dövlət rüsumu olmaqla cəmi 675.30 (altı yüz yetmiş beş manat 30 qəpik) manat məbəğində pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh1 İddiaçı (“Sunny Electronics” ) ilə 28 iyul 2013-cü il tarixli, 10291 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə 1584 manat dəyərində olan aldığı malın dəyərinin ödənilməsi məqsədi ilə 16 ay müddətinə hissə-hissə ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə ilə üzərinə gotürdüyü öhdəliklərini tam icra etsə də, cavabdeh və zamin müqavilənin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir.Daha sonra iddiaçı məhkəməyə müraciət edərək,cavabdeh və zamin ilə aralarında bağlanmış müqavilə əsasında yaranmış 1287 manat məbləğində əsas və 21 manat məbləğdə dövlət rüsumunun borclu və zamindən kreditorun xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 439/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə ilə, ərizə təmin edilmiş, borclular Cavabdeh1 və Cavabdeh2 1287 manat əsas borc və 21 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1308 manat məbləğində pul İddiaçı xeyrinə tutulması əmr edilmişdir. Qəbul olunmuş məhkəmə qərarı qanun qüvvəsini almış və 09 il, 10 ay yəni, (118 ay) müddətində xx.xx.2024-cü il tarixdə icra olunmuşdur (ödənilmişdir). Cavabdehlər qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsəydilər iddiaçı, başqa sahədə istifad etməklə gəlir edə bilərdi. Lakin, cavabdehlərin məhkəmə qərarı üzrə öhdəliklərini icra etməməsi səbəbindən və həmin və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı,həmi pulu dəyərləndirə bilməmişdir. Buna görə də, iddiaçı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Buna görə də, məhkəmə qərarı üzrə kreditora ödənilən 1308 manat borca görə məhkəm qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik 5 % faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da, (1308 AZN x 0,05 %= 65.40 / 12 ay = 5.45 AZN x 118 ay = 643.10 AZN) təşkil edir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-439/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinə əsasən borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1287 manat əsas borc və 21 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1308 manat məbləğində pul İddiaçı xeyrinə tutulması əmr edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən İsmayıllı rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 14 avqust 2024-cü il tarixli ərizədən müəyyən edilir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-439/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri üzrə borc tam şəkildə ödənilmiş və həmin icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-439/2014 saylı, xx.xx.2014cü il tarixli məhkəmə əmri ilə, ərizə təmin edilmiş, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1287 manat əsas borc və 21 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1308 manat məbləğində pul İddiaçı xeyrinə tutulması əmr edilmişdir. Qəbul olunmuş məhkəmə qərarı qanun qüvvəsini almış və 09 il, 10 ay yəni, (118 ay) müddətində xx.xx.2024-cü il tarixdə icra olunmuşdur (ödənilmişdir). Cavabdehlər qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsəydilər iddiaçı, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, cavabdehlərin məhkəmə qərarı üzrə öhdəliklərini icra etməməsi səbəbindən və həmin və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı,həmi pulu dəyərləndirə bilməmişdir. Buna görə də, iddiaçı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Buna görə də, məhkəmə qərarı üzrə kreditora ödənilən 1308 manat borca görə məhkəm qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik 5% faiz hesablanmaqla məhkəməm qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da, (1308 AZN x 0,05 %= 65.40 / 12 ay = 5.45 AZN x 118 ay = 643.10 AZN) təşkil edir. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, Cavabdeh2 İddiaçı arasında 28 iyul 2013-cü il tarixli alqı-satqı müqaviləsi üzrə zamin olduqlarından, müqavilə üzrə yaranmış borcun ödənilməsi üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İsmayıllı Rayon Məhkəməsinin 2(037)-439/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri qanuni qüvvəsini aldıqdan sonra icra olunadək Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, hesablanan 643,10 manat məbəğində (5%) faiz borc tutularaq İddiaçı (Sunny Electronics) mağazasına ödənilməlidir. Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,80 manat məbəğində və ödənilmiş 30.40 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 38 (otuz səkkiz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İsmayıllı Rayon Məhkəməsinin 2(037)-439/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri qanuni qüvvəsini aldıqdan sonra icra olunadək Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, hesablanan 643,10 (altı yüz qırx üç manat on qəpik) manat məbəğində (5%) faiz borc və iddiaçı tərəfindən bildiriş (pretenziya) göndərilməsi üçün ödənilmiş 1,80 (bir manat səksən qəpik) manat məbəğində pul və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı (Sunny Electronics) mağazasına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-823/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-823/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver