Məhkəmə qərarları › İş №e-2(039)-2603/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2603/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2603/2025 08.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Ülkər Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və tələbin əsaslandırıldığı hallar: İddiaçı ASC Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2025-ci il 30 aprel tarixli 02/03925 nömrəli, 2025-ci il 04 may tarixli 02/03975 nömrəli və 2025-ci il 13 may tarixli 02/03967 nömrəli operativ lizinq müqaviləsinə əsasən 525,0 manat borcun, 260,0 manat əldən çıxmış faydanın, 114,80 cərimənin və 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 929,80 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, sonradan məhkəmə iclası zamanı iddia tələbinin əsasının dəyişdirilməsinə dair ərizə təqdim edərək, 260.0 manat əldən çıxmış faydanın, 114.80 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 404.80 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında bağlanmış 2025-ci il 30 aprel tarixli 02/03925 nömrəli, 2025-ci il 04 may tarixli 02/03975 nömrəli və 2025-ci il 13 may tarixli 02/03967 nömrəli operativ lizinq müqavilələrinə əsasən 1 ədəd ADŞM markalı mala-torpaq darayıcı, 1 ədəd Belarus-80x markalı Traktor və 1 ədəd PATS-5 markalı 5 cərgəli pnevmatik qarğıdalı səpən (gübrəsəpənlə) birlikdə onun müvəqqəti istifadəsinə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən 1050,0 manat məbləği ödəməli olduğu halda, həmin texnikaların istifadəsinə görə 525,0 manat ödəniş edilmişdir. Cavabdehin cəmiyyətə hazırda 525,0 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək bildirdi ki, cavabdeh tərəfindən operativ lizinq obyektləri gecikdirilməklə təqdim edilmiş və müqavilələr üzrə öhdəliklər vaxtlı-vaxtında yerinə yetirilməmişdir. Belə ki, cavabdehlə bağlanmış operativ lizinq müqavilələrinin 2.2.15-ci bəndinə əsasən müqavilə bitdikdən sonra, texnika parka təhvil verilmədiyi halda gecikdirilmiş günlər aktlaşdırılır və gecikdirilmiş hər gün üçün aylıq dəyərinin 1 günlük normasının həcmində əlavə ödəniş edilməlidir. Müqavilələrin həmin bəndinə əsasən, hazırki dövrdə cavabdehin texnikanı gec təhvil verməsi səbəbindən ödəməli olduğu əldən çıxmış faydanın məbləği 260.0 manat təşkil edir. Həmçinin, həmin müqavilələrin 2.2.17-ci bəndinə əsasən, texnikanın parka təhvil verilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliyi yerinə yetirmədikdə müqavilə məbləğinin 0.1 faizi həcmində cərimə tətbiq olunur. Həmin bəndə əsasən, cavabdehin halhazırda cərimə borcu 114.8 manat təşkil edir. Məhkəmənin suallarına cavab olaraq bütün sübutların iş materiallarına əlavə edildiyini, əldə çıxmış faydanın müqavilə şərtinə əsasən hesablandığını və əldən çıxmış faydanın 260.0 manat olması ilə bağlı hər hansı başqa sübutun olmadığını bildirmişdir. Sonda məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahat verərək,iddia tələbini qəbul etmədiyini, əsas borc üzrə 525 manatı ödədiyini, traktorun işləməməsi səbəbindən ziyan və əlavə xərclər çəkdiyini bildirmiş, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2025-ci il tarixli, 02/03925 №-li İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, İddiaçı ASC tərəfindən 1 ədəd 2021-ci il buraxılışlı, Mala-torpaqdarayıcı (ADŞM) Cavabdeh istifadəsinə verilmişdir. xx.xx.2025-ci il tarixli, 02/03975 №-li İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, İddiaçı ASC tərəfindən 1 ədəd 2018-ci il buraxılışlı, ** AB *** dövlət qeydiyyat nömrəli 9389 Belarus-80x Traktor Cavabdeh istifadəsinə verilmişdir. xx.xx.2025-ci il tarixli, 02/03967 №-li İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, İddiaçı ASC tərəfindən 1 ədəd 2017-ci il buraxılışlı, PATS-5 markalı 5 cərgəli pnevmatik qarğıdalı səpən (gübrəsəpənlə) birlikdə Cavabdeh istifadəsinə verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh xx.xx.2025-ci il tarixli, 02/03925 nömrəli müqavilə üzrə qalıq borcu 100 manat, cərimə məbləği 23.20 manat və əldən çıxmış fayda 40 manat təşkil edir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh xx.xx.2025-ci il tarixli, 02/03975 nömrəli müqavilə üzrə qalıq borcu 225 manat, cərimə məbləği 50.40 manat və əldən çıxmış fayda 180 manat təşkil edir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh xx.xx.2025-ci il tarixli, 02/03967 nömrəli müqavilə üzrə qalıq borcu 200 manat, cərimə məbləği 41.20 manat və əldən çıxmış fayda 40 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinin tələbinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsində göstərilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748.1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Məhkəmənin mövqeyi: İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə iddiaçı şirkətdən 1 ədəd ADŞM markalı mala-torpaq darayıcını, 1 ədəd Belarus-80x markalı Traktoru və 1 ədəd PATS-5 markalı 5 cərgəli pnevmatik qarğıdalı səpəni (gübrəsəpənlə) birlikdə lizinqə götürmüş, lizinq obyektinin lizinqə alınması ilə bağlı ödəməli məbləğləri ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini gecikdirməklə icra etmişdir. İddiaçı tələb etdiyi məbləğləri (260.0 manat və 114.8 manat) operativ lizinq müqavilələrinin 2.2.15 və 2.2.17-ci bəndlərinə istinad etməklə əldən çıxmış fayda və cərimə adlandırsa da, müqavilələrin məzmunundan görünür ki, hər iki məbləğ, yəni 260.0 manat və 114.8 manat müqavilə üzrə iki ayrı öhdəliyin yerinə yetirilməməsindən irəli gələn dəbbə puludur. MM-nin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun normasından da məlum olduğu kimi, dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarinda qeyd olunur ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan müqavilə üzrə 260.0 manat cərimə pulu və 114.80 manat cərimə pulu əsas borca münasibətdə tənasübsüz surətdə yüksək məbləğdir. Odur ki, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə cərimə 35 manat hesablanmaqla ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə cəmi 35 manat pul Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 2.59 manat hissəsinin əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 35.0 manat pul və ödənilmiş dövlət rüsumunun 2.59 manat hissəsinin əvəzi alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar