Məhkəmə qərarları › İş №e-2(040)-694/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-694/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-694/2025 03.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “şifahi müqavilə üzrə yaranmış pul borcunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı (VÖEN **********) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh bugünədək onun xeyrinə ödənilməli olan, lakin ödənilməmiş 11076 (on bir min yetmiş altı) manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə uzun müdddətdir ki tanışdır. Belə ki, o, Cavabdeh yük avtomobillərindən istifadə edərək hər hansısa bir layihəni həyata keçirən şəxs kimi tanımışdır. O, Cavabdeh ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, cavabdeh ona özünün işi ilə bağlı olaraq onun mülkiyyətində olan yük avadanlıqlarının daşınması üçün olan yük avtomobillərindən istifadə edəcəyi barədə məlumat vermişdir. Aralarında yaranmış razılığa əsasən Cavabdeh bir yük avtomobilinin bir günü üçün 230,76 AZN (iki yüz otuz manat- 76 qəpik) ödəməyə razı olmuşdur; cavabdeh özünün işi ilə bağlı olaraq üç yük avtomobilinin lazım olduğunu ona bildirmişdir. Aralarında yaranmış razılığı rəsmiləşdirmək barədə cavabdehə bildirsə də, cavabdeh bunun yaxın günlər ərzində baş tutacağını ona bildirmişdir. Cavabdeh 2024-cü ilin aprel ayının 15-dən ona məxsus yük avtomobilləri ilə işə başlamış və aprel ayının 15-i də daxil olmaqla 2025-ci ilin 30 aprel tarixinə kimi onun yük avtomobillərindən istifadə etmişdir. O, 16 gün çalışdıqdan sonra 16 gün üçün 3 yük avtomobilinin işləməsini nəzərə alaraq, ümumilikdə 11076,48 AZN (on bir min yetmiş altı manat- 48 qəpik) ödəniş etməsini cavabdehdən tələb etmişdir. Lakin Cavabdeh avtomobillərin yenidən işləyəcəyini və ayın sonuna kimi ödəniş edəcəyini bildirdikdə, o, artıq avtomobillərin dövriyyəsini dayandırmaq məcburiyyətində qalmışdır. Daha sonra Cavabdeh bügunədək onun xeyrinə ödənilməli olan, lakin ödənilməmiş pulu tələb etdikdə cavabdeh müxtəlif bəhanələrlə süni maneələr yaradaraq üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Belə olduğu təqdirdə cavabdehin özünə dəfələrlə şifahi şəkildə müraciət edib öz iradını bildirmiş, cavabdeh borcunu yaxın günlər ərzində qaytaracağını ona bildirmişdir. Lakin bir müddət gözlədikdən sonra Cavabdeh yenidən heç bir ödəniş etmədiyi təqdirdə polisə müraciət etmək qərarına gəlmişdir. Bununla bağlı Ağdam Rayon Polis Şöbəsində Cavabdeh ilə bağlı şikayəti mövcud olmuşdur. Lakin Ağdam Rayon Polis Şöbəsindən verilən məktuba əsasən həmin məsələnin mülki xarakter daşıdığından məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bütün bunları nəzərə alaraq sonda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndə vasitəsi ilə təmsil olunmuşdur. Məhkəmə iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, 2024-cü ilin aprel ayının 15-də Cavabdeh ilə telefon vasitəsilə əlaqə saxlayaraq özünə məxsus 2 (iki) ədəd “Shacman” markalı və 1 ədəd “HOVO” markalı yük avtomobilinin İqbala icarəyə verilməsi və bunun müqabilində İqbalın ona aylıq 6000 (altı min) manat ödəniş edəcəyi barədə şifahi razılığa gəlmişlər. Lakin aralarındakı razılığı rəsmiləşdirməmişlər, belə ki bu barədə yazılı müqavilə bağlamamışlar. İqbal ona məxsus olan yük avtomobillərini işğaldan azad olunmuş Ağdam rayonunda fəaliyyət göstərən “Körpü-bina-tikinti” şirkətinə icarəyə vermişdir. Avtomobillər 15 gün işlədikdən sonra, o, İqbaldan pulu tələb etdikdə İqbal müxtəlif bəhanələrlə pulu verməkdən yayınmışdır. Bu barədə Kəlbəcər və Ağdam Rayon Polis Şöbələrinə də müraciət etmiş, lakin müraciətinin mülki xarakterli olması ona bildirilmişdir. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, tərəflər arasında avtomobillərin icarəyə verilməsi ilə bağlı heç bir rəsmiləşdirilmə aparılmamışdır. Şirkət nümayəndəsi tərəfindən Cavabdeh ödəniş edilməsi ilə bağlı hər hansı qəbz verilməmişdir. Hazırki iddiada cavabdeh qismində Cavabdeh deyil, yük avtomobillərinin icarəyə verildiyi şirkət olmalıdır. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. İddiaçı cavabdehin ona 11076 (bir on bir min yetmiş altı) manat pul borclu olduğunu bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, həmçinin tərəflər arasında öhdəlik barədə hər hansı razılaşmanın olmasını və ya öhdəliyin pozulmasını təsdiq edəcək sübut iş materiallarında aşkar olunmamışdır; cavabdehin iddiaçıya borclu olduğu məhkəmə icraatında öz təsdiqini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar