Məhkəmə qərarları › İş №e-2(041)-146/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-146/2025

21.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-146/2025 21.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “əmlakın boşaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin Kürdəmir rayonu Xırdapay kəndində 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və həmin əmlakın boşadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Kürdəmir rayonu, Xırdapay kəndində 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini açıq hərracdan almışdır. Mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsus olan Kürdəmir rayonu, Xırdapay kəndində 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh ilə bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin şərtlərinə görə ilkin olaraq 10500 manat ödənilməklə, qalan 21000 manat məbləği isə 48 ay müddətinə, 12 ay ayda 300 manat olmaqla, 35 ay ayda 483 manat ödəməklə, 48-ci ay isə 495 manat isə xx.xx.2026-cı il tarixinə kimi ödənildikdən sonra, müddətin sonunda cəmi 31500 manata Cavabdeh satılmalı idi. Həmçinin şifahi razılaşmaya görə Cavabdeh və onun ailə üzvləri bu müddətdə həmin evdə yaşayacaqdılar. Lakin Cavabdeh daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin 5-ci bəndinə əsasən öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, 12 ay müddətində hər ay 300 manat ödəməli olduğu halda cəmi 4 ay, 12 ay müddət bitdiyindən sonra 35 ay müddətinə hər ay 483 manat ödəməli olduğu halda cəmi bir ay ödəniş etmişdir. Bu səbəbdən tərəflərindən dəfələrlə Cavabdeh müraciət edilmiş və daşınmaz əmlakın alqısatqısı müqaviləsinin şərtlərinin onun tərəfindən pozulmasını nəzərə alaraq ilkin ödənişin qaytarılmayacağı və evdən çıxarılacağı bildirilmişdir. Mülkiyyətçi–İddiaçı ASC tərəfindən dəfələrlə Cavabdeh öhdəliklərini icra etməsi barədə edilmiş müraciətlərə baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. Belə bir vəziyyətdə banka məxsus olan əmlakı zəbt etmiş Cavabdeh və onun ailə üzvlərini banka məxsus əmlakdan qanunsuz olaraq istifadə etməsi bankın hüquqlarının, müqavilə şərtlərinin və qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı ASC Kürdəmir rayonu, Xırdapay kəndində 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tam mülkiyyət hüququnu əldə etmişdir. Həmin əmlak hal-hazırda da, iddiaçının mülkiyyətindədir. Lakin əmlak cavabdeh və onun ailə üzvləri tərəfindən zəbt edilmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnaməyə, keçirilmiş hərracın yekunlarına dair protokola, iddiaçının mülkiyyət hüququnu əldə etməsinə, daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin şərtlərinin pozulmasına, eyni zamanda cavabdehin sözügedən əmlakdan istifadə hüquqlarının olmamasına baxmayaraq, həmin şəxs bankın əmlakından qanunsuz istifadə etməkdə davam edir. Bu da İddiaçı ASC-yə mülkiyyətçi kimi öz qanuni hüquqlarını həyata keçirməyə imkan vermir. İddiaçı ASC xx.xx.2025-ci il tarixdə ərizə göndərək xx.xx.2025-ci il tarixli məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə müqavilədən görünür ki, bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri qaydasında Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-205/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin, Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin 66066-20-55-6/1 saylı, xx.xx.2020-ci il tarixli sifarış məktubunun və İddiaçı ASC-nin müvafiq məktubunun icrasına əsasən bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu Xırdapay kəndində 0,05 ha torpaq sahəsində yerləşən 158.80 m2 sahəsi olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdən İddiaçı ASC-nin mülkiyyətindədir və ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ASC-yə məxsus olan Kürdəmir rayonu, Xırdapay kəndində 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh ilə bank arasında bağlanmış müqavilənin şərtlərinə görə ilkin olaraq 10500 manat ödənilməklə, qalan 21000 manat məbləği isə 48 ay müddətinə, 12 ay ayda 300 manat olmaqla, 35 ay ayda 483 manat ödəməklə, 48-ci ay isə 495 manat xx.xx.2026-cı il tarixinə kimi ödənildikdən sonra, müddətin sonunda cəmi 31500 manata Cavabdeh satılmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli 4423 nömrəli və xx.xx.2024-cü il tarixli 4667 nömrəli bildirişlərdən görünür ki, razılaşmanın şərtlərinin onlar tərəfindən pozulmaqda davam etməsi və öhdəliklərin icrasının təmin edilməməsi, buna görə də əmlak ilə bağlı razılaşmaya əsasən gecikmə borcunun tam şəkildə ödənilməsinin təmin edilməsi barədə cavabdehə xəbərdarlıqlar edilmişdir. İşin mübahisəsiz halı odur ki, mübahisə predmeti olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Hazırda iddiaçı mülkiyyətində olan əmlakdan cavabdehin çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, mübahisə predmeti olan əmlak iddiaçının mülkiyyətindədir, cavabdeh isə iddiaçı ilə bağlanmış müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqicəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir,artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ—əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ—əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqicəhətdən təmin edilmiş imkanıdır. Həmin məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəlisürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 154-cü maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri onların təsisçilərinin (iştirakçılarının, üzvlərinin) maya və ya haqq kimi onlara verdikləri əmlakın, habelə həmin hüquqi şəxslərin başqa əsaslar üzrə əldə etdikləri əmlakın mülkiyyətçiləridir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin məcəllənin 165-ci maddəsinə əsasən Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasda tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh və ailə üzvləri Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və ailə üzvləri Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar