Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1475/2025 24.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh “X8” MMC-yə qarşı ixtisarın əsassız hesab edilməsi və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tətbiq edilən ixtisar qərarı qanunsuz hesab edilərək bunun nəticəsində cavabdehin ona vurduğu maddi ziyana görə 03 mart 2025-ci il tarixdən hesablanmaqla qətnamə qəbul olunan günədək aylıq 3206.7 manat hesablanmaqla, vurulan zərər həcmində, az ödənilmiş ixtisar məbləği ilə bağlı 874 manat həcmində, qeyd olunan məbləğlərin cəminə 03 mart 2025-ci il tarixdən hesablanmaqla qətnamə qəbul olan günədək hər gecikdirilmiş gün üçün 7% həcmində gecikdirmə faizi, mənəvi ziyana görə isə 3000 manat həcmində pul vəsaiti və mediasiya xərcləri ilə bağlı ödədiyi 60 manat məbləğ cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü ildə X4 (bundan sonra - Azersun Holding) daxil olan "xxxx" MMC-də Brend menecer vəzifəsində işə qəbul olunmuş, təqribən 10 ay işlədikdən holdingdə baş verən struktur dəyişikliklərlə bağlı vəzifə və maaşı saxlanılmaqla xx.xx.2024-cü il tarixdə Holdingə daxil olan digər şirkətə - “X8” MMC-yə keçirilmişdir. Müvafiq şirkətdə 3 ay işlədikdən sonra müvafiq şirkətin İnsan Resursları departamenti tərəfindən dəvət edilərək ona ixtisar ediləcəyi bildirilmiş və bununla bağlı, xəbərdarlq məktubu təqdim edilmişdir. Nəyə görə ixtisar edildiyini və bunun səbəbini bilmək istəsə də, ona əsaslı səbəb bildirilməmişdir və bunun rəhbərliyin göstərişi olduğu bildirilmişdir. Beləliklə, son iş günü olan 03 mart 2025-ci il tarixində ona sonuncu haqq-hesab ödənilməklə, ixtisar əsası ilə əmək müqaviləmə xitam verilmişdir. Cavabdeh “X8” MMC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil1 iddiaya dair etiraz ərizəsində göstərmişdir ki, iddiaçı cavabdeh hüquqi şəxslə əmək müqaviləsi bağlamışdan əvvəl Sun Food MMC-de işləmiş, xx.xx.2024-cü il tarixində öz xahişinə əsasən Sun Food MMC ilə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2024-cü il tarixində cavabdeh hüquqi şəxslə əmək müqaviləsi bağlamış, müəssisənin X6 Direktorluğunun tabeliyindəki Marketinq Şöbəsinə brend menecer vəzifəsinə təyin edilmişdir. Cavabdeh hüquqi şəxsin X6 Direktorluğunun tabeliyindəki Marketinq Şöbəsində "brend menecer" vəzifəsində 2 (iki) ştat mövcud olmuşdur. Ştatın birində İddiaçı Məhəmmədhüseyn oğlu, digərində isə X1 Torkani işləmişdir. İddiaçı şəhid ailəsi üzvü, müharibə iştirakçısı, əsgər və zabit əri, qaçqın və məcburi köçkün deyildir, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əlillik almamışdır. Digər işçi X1 Torkani ailəli olub öhdəsində iki və daha çox 16 yaşınadək uşağı (qızı X2 (13 yaş), oğlu X3 (10 yaş), qızı X5 (5 yaş)) var. Cavabdeh hüquqi şəxs xx.xx.2025-ci il tarixində iddiaçıya yazılı xəbərdarlıq göndərmiş və müəssisədə idarəetməni təkmilləşdirmək və işlərin optimallaşdırılması üçün işçinin ştatının ixtisar olunacağı və əmək müqaviləsine xx.xx.2025-ci il tarixində xitam veriləcəyi bildirilmiş, buna görə də iddiaçı 2 (iki) təqvim həftəsi əvvəlcədən xəbərdar edilmiş, həftədə 1 (bir) gün əmək funksiyalarının icrasından azad edilmişdir. İddiaçı yazılı xəbərdarlığı xx.xx.2025-ci il tarixində şəxsən qəbul etmişdir. Cavabdeh hüquqi şəxsin K-021 saylı, xx.xx.2025-ci il tarixli əmrinə əsasən, iddiaçı ilə cavabdeh hüquqi şəxs arasında imzalanmış xx.xx.2024cü il tarixli Əmək Müqaviləsinə xx.xx.2025-ci il tarixində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Cavabdeh hüquqi şəxs tərəfindən iddiaçıya ümumilikde net 3587.31 AZN (üç min beş yüz səksən yeddi manat otuz bir qəpik) olmaqla son haqq-hesab ödənişi həyata keçirilmişdir. İddiaçı iddia ərizəsinə dəyişiklik edərək, barəsində tətbiq edilən ixtisar qərarı qanunsuz hesab edilərək K-021 saylı xitam əmri ləğv edilməsi və bunun nəticəsində cavabdehin ona vurduğu maddi ziyana görə 03 mart 2025-ci il tarixdən hesablanmaqla qətnamə qəbul olunan günədək aylıq 3206.7 manat hesablanmaqla, vurulan zərər həcmində, az ödənilmiş işdən çıxma müavinəti ilə bağlı 1265.86 manat, az ödənilmiş ixtisar məbləği ilə bağlı 1381.09 manat həcmində, daha öncə qeyd olunan məbləğlərin cəminə 03 mart 2025-ci il tarixdən hesablanmaqla qətnamə qəbul olan günədək hər gecikdirilmiş gün üçün illik 7% həcmində gecikdirmə faizi, mənəvi ziyana görə isə 3000 manat həcmində pul vəsaiti və mediasiya xərcləri ilə bağlı ödədiyi 60 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərdiyi xüsusatları təsdiq etdi və iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil2 iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq göstərdi ki, ixtisar qərarı iddiaçının işdən azad edilməsi üçün pərdələnmiş bir vasitə olmuş və formal xarakter daşımış, heç bir halda real deyildir. İddiaçıya təqdim edilən xəbərdarlıq məktubunda sadəcə Şirkətdə idarəetməni təkmilləşdirmək və işlərin optimallaşdırılması səbəbilə ixtisar edildiyi qeyd edilsə də, ixtisarında qeyd olunan səbəb arasında səbəbli əlaqə, ixtisarına səbəb olmuş hallar, işçi sayının yoxsa vəzifənin ixtisar edildiyi barədə hər hansı bir məlumat təqdim edilməmişdir. İxtisar edilərkən iş stajı 3 ay 17 gün qeyd edilmiş və ixtisarla bağlı ödəniş edilərkən də buna uyğun kompensasiya (əmək haqqının 100%+ həcmində) hesablanaraq ödənilmişdir. Halbuki, “X8” MMC-yə keçidi adi bazar şəraitindəki iş dəyişimə kimi nəzərə alına bilməz. Bu keçidə səbəb holding daxilində baş verən struktur dəyişiklikləri olmuş və işçilər olaraq başqa seçimləri mövcud olmamışdır. Cari stajı 3 ay deyil, 1 il 4 ay nəzərə alınmalı və buna uyğun iddiaçının əmək haqqının 1.4 mislində kompensasiya ödənilməli idi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddiaya dair etiraz ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq göstərdi ki, hazırki işdə iddiaçı bəzi dəlillərə əsasən hesab edir ki, cavabdeh hüquqi şəxs tərəfindən həyata keçirilmiş ixtisar qanunsuzdur, buna görə də ixtisar qanunsuz hesab edilməli və bu qanunsuz ixtisar nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi ziyan cavabdeh hüquqi şəxs tərəfindən ödənilməlidir. Əvvəla, iddia tələbləri düzgün irəli sürülməmişdir. Belə ki, iddiaçı məhkəmədən sadəcə ixtisarın qanunsuz hesab edilməsini xahiş edir, lakin müvafiq xitam əmrinin ləğv edilməsini tələb etməmişdir. Əgər əmr ləğv edilmirsə və dolayısıyla hüquqi qüvvəsi tanınırsa, o zaman əmr qüvvədə ola-ola ixtisar necə qanunsuz hesab edilə bilər? Bu ziddiyətli olmaqla iddia tələblərinin öz-özlüyündə əsassız olduğunu sübut edir. İddiaçının ixtisarın formal və qeyri-real olması ilə bağlı dəlili faktiki və hüquqi cəhətdən əsassızdır. Əvvəla, iddiaçı bununla bağlı iddia ərizəsində məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Daha sonra ixtisarın formal və qeyri-real olması üçün cavabdeh hüquqi şəxsin iddiaçı ilə hər hansı qərəzi və ya hüquqdan sui-istifadə mövcud olmalıdır ki, bu da işin faktiki halları ilə təsdiq edilmir. Odur ki, işəgötürənin öz hüququndan istifadə edərək strukturunu təkmilləşdirməsi formallıq, qeyri-reallıq və ya hüquqdan suiistifadə adlandırıla bilməz. İddiaçı hesab edir ki, onun əmək müqaviləsinə xitam verilməsi barədə əmr İşəgötürən tərəfindən əsaslandırılmamış, o cümlədən, əmr AR Əmək Məcəlləsinin 84-cü maddəsi ilə müəyyənləşdirilmiş tələblərə uyğun tərtib edilməmişdir. Hesab edirik ki, bu tamamilə yanlışdır. Cavabdeh hüquqi şəxsin K-021 saylı, xx.xx.2025-ci il tarixli əmrinə əsasən, iddiaçı ilə cavabdeh hüquqi şəxs arasında imzalanmış xx.xx.2024cü il tarixli Əmək Müqaviləsinə xx.xx.2025-cı il tarixində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Əmr əsaslandırılmış və AR Əmək Məcəlləsinin 84-cü maddəsi ilə nəzərdə tutulmuş tələblərə uyğun bir şəkildə tərtib edilmişdir. İddiaçı sonradan iddia ərizəsinə dəyişiklik edərək, barəsində tətbiq edilən ixtisar qərarı qanunsuz hesab edilərək K-021 saylı xitam əmrinin ləğv edilməsi və bunun nəticəsində cavabdehin ona vurduğu maddi ziyana görə 03 mart 2025-ci il tarixdən hesablanmaqla qətnamə qəbul olunan günədək aylıq 3206.7 manat hesablanmaqla, vurulan zərər həcmində, az ödənilmiş işdən çıxma müavinəti ilə bağlı 1265.86 manat, az ödənilmiş ixtisar məbləği ilə bağlı 1381.09 manat həcmində, daha öncə qeyd olunan məbləğlərin cəminə 03 mart 2025-ci il tarixdən hesablanmaqla qətnamə qəbul olan günədək hər gecikdirilmiş gün üçün illik 7% həcmində gecikdirmə faizi, mənəvi ziyana görə isə 3000 manat həcmində pul vəsaiti və mediasiya xərcləri ilə bağlı ödədiyi 60 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Tələbin forması dəyişdirilsə də, məzmunu olduğu kimi qaldığına görə, həmin tələblərin əsasssızlığını iddiaya dair etirazında sadalamışdır. Nümayəndə qeyd etdiyi halları nəzərə alaraq, iddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan: - “X8” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən, müəssisənin X7 Direktorluğunun tabeliyindəki Marketinq Şöbəsinə “brend menecer” vəzifəsinə təyin edilmiş və işçiyə hər ay 3206.7 manat məbləğdə əmək haqqı ödənilməlidir. -“X8” MMC-nin xx.xx.2025-ci il tarixli İddiaçı ünvanladığı xəbərdarlıq məktubunda, "X8” Məhdud Məsuliyyətli Cəmiyyətində idarəetməni təkmilləşdirmək və işlərin optimallaşdırılması ilə əlaqədar X7 direktorluğu, Marketinq şöbəsində Brend menecer vəzifəsi ştatı ixtisar olunacağı, onun Cəmiyyətdə əmək stajının 3 ay 17 gün olduğundan Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən 2 (iki) təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulub. Bununla əlaqədar, bu xəbərdarlığı aldığı gündən 2 (iki) təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsinin nəzərdə tutulması barədə xəbərdar edilmişdir. - xx.xx.2025-ci il tarixli, K-021 saylı əmrdə iddiaçı ilə cavabdeh hüquqi şəxs arasında imzalanmış xx.xx.2024-cü il tarixli Əmək Müqaviləsinə xx.xx.2025-ci il tarixində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilmişdir. - xx.xx.2025-ci il tarixli, son haqq hesab formundan görünür ki, cavabdeh hüquqi şəxs tərəfindən iddiaçıya ümumilikde net 3587.31 manat (üç min beş yüz səksən yeddi manat otuz bir qəpik) olmaqla son haqq-hesab ödənişi həyata keçirilmişdir. - İddiaçı "xxxx" MMC-nin baş direktorunun adına yazdığı xx.xx.2024-cü il tarixli ərizəsində xx.xx.2024-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Tərəflərin izahatlarından və işdə olan sənədlərdən məlum olur ki, iddiaçı xx.xx.2023-cü ildə "xxxx" MMC şirkətində Brend menecer vəzifəsində işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı X7 Direktorluğunun tabeliyindəki Marketinq Şöbəsinə “brend menecer” vəzifəsinə təyin edilmiş, xx.xx.2025-ci il tarixli, K-021 saylı əmrlə iddiaçı ilə cavabdeh hüquqi şəxs arasında imzalanmış xx.xx.2024-cü il tarixli Əmək Müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Əmrin 2-ci bəndində xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi istifadə edilməmiş 10.25 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. - 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. - 143-cü maddəsinin 1-ci hissəsinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.
2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. - 144-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. - 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. - 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında müəyyən edilmişdir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Hazırki işin faktiki və məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı iddia tələblərini xx.xx.2023-cü ildə X4 daxil olan "xxxx" MMC-də Brend menecer vəzifəsində işə qəbul olunması, təqribən 10 ay işlədikdən sonra vəzifə və maaşı saxlanılmaqla xx.xx.2024-cü il tarixdə Holdingə daxil olan digər şirkətə - “X8” MMC-yə keçirilməsi ilə əsaslandırdığı halda, işə əlavə edilmiş sənədlərdə iddiaçının xx.xx.2024-cü il tarixində öz xahişinə əsasən Sun Food MMC ilə əmək müqaviləsinə xitam verildiyi, xx.xx.2024-cü il tarixində cavabdeh müəssisənin X6 Direktorluğunun tabeliyindəki Marketinq Şöbəsinə brend menecer vəzifəsinə təyin edildiyi göstərilmişdir. Cavabdeh hüquqi şəxs xx.xx.2025-ci il tarixində iddiaçıya yazılı xəbərdarlıq göndərmiş və müəssisədə idarəetməni təkmilləşdirmək və işlərin optimallaşdırılması üçün işçinin ştatının ixtisar olunacağı və əmək müqaviləsine xx.xx.2025-ci il tarixində xitam veriləcəyi bildirilmiş, buna görə də iddiaçı 2 (iki) təqvim həftəsi əvvəlcədən xəbərdar edilmiş, həftədə 1 (bir) gün əmək funksiyalarının icrasından azad edilmişdir. İddiaçı yazılı xəbərdarlığı xx.xx.2025-ci il tarixində şəxsən qəbul etmişdir. Cavabdeh hüquqi şəxsin K- 021 saylı, xx.xx.2025-ci il tarixli əmrinə əsasən, iddiaçı ilə cavabdeh hüquqi şəxs arasında imzalanmış xx.xx.2024-cü il tarixli Əmək Müqaviləsinə xx.xx.2025-ci il tarixində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Cavabdeh hüquqi şəxs tərəfindən iddiaçıya ümumilikde 3587.31 AZN (üç min beş yüz səksən yeddi manat otuz bir qəpik) olmaqla son haqq-hesab ödənişi həyata keçirilmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN X.X.İMANOV