Məhkəmə qərarları › İş №e-2(041)-2480/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №e-2(041)-2480/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № e-2(041)-2480/2025 18.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “göstərilmiş tibbi xidmətlərin dəyərinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı “göstərilmiş tibbi xidmətlərin dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ona göstərilmiş tibbi xidmətlərin əvəzi olaraq 51729 (əlli bir min yeddi yüz iyirmi doqquz) manat məbləğində və ödənilmiş dövlət rüsumu 246 manat məbləğində, ümumiliklə 51975 (əlli bir min doqquz yüz yetmiş beş) manat məbləğində pulun İddiaçı MMC-nin xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli elektron portal çıxarış məlumatından müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Göründüyü kimi, iddia ərizəsi verilərkən cavabdeh kimi göstərilən Cavabdeh artıq vəfat etmiş və iddia ölmüş şəxsə qarşı qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki- Prosessual Məcəllənin 48-ci və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsi tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətlərində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə və s..) məhkəmə həmin tərəfi onun hüquqi varisi ilə əvəz edə bilər. Qanunun qeyd oluna normasının tələbindən görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırki işdə isə cavabdeh kimi göstərilmiş Cavabdeh tərəf kimi qəbul edilə bilməz. Belə ki, Cavabdeh iddia ərizəsi verilməmişdən əvvəl vəfat etdiyinə görə hazırki işdə tərəf statusu əldə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “göstərilmiş tibbi xidmətlərin dəyərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi (verildiyi) tarixdən 10 gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar