Məhkəmə qərarları › İş №e-2(041)-304/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-304/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-304/2025 21.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İB Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 6517.69 manat əsas borcun və 86 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki İddiaçı İB-nin struktur vahidi olan X4 İstismarı İdarəsinin Kürdəmir xidmət sahəsinin abonenti Cavabdeh mənzilində istifadə etdiyi təbii qaza görə Kürdəmir Xidmət Sahəsinə 6517.69 manat debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə bağlanmış müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank və ya poçt şöbələri vasitəsilə tam ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. Borclu Cavabdeh Kürdəmir xidmət sahəsinin işçiləri tərəfindən debitor borcun ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Abonent Cavabdeh hər ay bildiriş almışdır. Cavabdeh borclu olduğu məbləğin yaranması **********01380 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Belə ki, 1) cavabdehin hesabında olan 6517.69 manat borcun 1226.88 manatı qaz sayğacından kənar istifadəyə görə hesablanmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndələri tərəfindən Kürdəmir rayonu ərazisində qaz sayğaclarına baxış zamanı cavabdehin mənzilində qaz sayğacından kənar istifadə halı aşakar edilmişdir. Bununla bağlı ******* nömrəli xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmışdır. 2) xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanında təbii qazdan sayğacdan kənar istifadə halı aşkar edilmiş bununla bağlı xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilərək dəyəri 4204.80 manat abonent hesabına işlənilmişdir. 3) xx.xx.2024-cü il tarixdə növbəti dəfə təkrarən mənzildə qaz sayğacından kənar istifadə halı aşkar edilmiş, bununla bağlı ******* nömrəli, xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pzoulması barədə akt tərtib edilmiş dəyəri 820.80 manat hesablanmışdır. Beləliklə cavabdehin ünvanında 3 dəfə qaz sayğacından kənar istifadə halı aşkar edilmiş, ümumi dəyəri 6252.40 manat qaz sayğacından kənar istifadəyə görə hesablanmış, 265.22 manat hissəsi isə qaz sayğacının göstəricisi əsasında hesablanmış borcudur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələblərinin məzmununa uyğun izahat verərək verilmiş iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbləri ilə qismən razıdır. Həmin ünvanda yaşayır. Kənar xətti vəfat edən qardaşı qoşmuş, lakin onun adına aktlaşdırılmışdır. O, İddiaçı İB tərəfindən kənar xəttə görə barəsində tərtib edilmiş 3 akta əsasən hesablanmış borcun məbləği ilə razı deyil. Belə ki, İddiaçı İB-nin əməkdaşları hər ay qaz xəttinə baxış keçirmişlər, 360 gün ərzində qazın hesablanması ilə razı deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “Paylayıcı” qismində İddiaçı İB ilə Cavabdeh arasında bağlanılmış qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli, XS-33-00849/23 saylı müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024cü il tarixli ******* saylı aktın təsdiq olunmuş surətinə əsasən abonentin mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 6840 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş üzrə «Azəriqaz” İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 95 gün müddətində itirilmiş qazın bərpası üçün 6840 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023cü il tarixli ******* saylı aktın təsdiq olunmuş surətinə əsasən, abonentin mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçı aktı imzalamamışdır. Hesablama nəticəsində 35040 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş üzrə «Azəriqaz” İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 365 gün müddətində itirilmiş qazın bərpası üçün 35040 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023cü il tarixli ******* saylı aktın təsdiq olunmuş surətinə əsasən, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçı aktı imzalamışdır. Hesablama nəticəsində 10224 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş üzrə «Azəriqaz” İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 213 gün müddətində itirilmiş qazın bərpası üçün 10224 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialının xx.xx.2024-cü il tarixli, 3-15-2-9/2-376/2024 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan Veysəlov X2 Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaları»nın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, İddiaçı İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Qeyd edilən müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət d aşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və «Qazdan istifadə qaydaları»nın tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. Adı çəkilən müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər bir m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının əməkdaşları tərəfindən İddiaçı İBnin balansında və istismarında olan küçə qaz xətlərinə, həmçinin cavabdehin yaşadığı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qanunsuz istifadə olunması aşkar edilmişdir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə məxsus fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə faktı aşkar olunduğu üçün cavabdeh barəsində 3 akt tərtib edilmişdir. Həmin aktlara əsasında X3 Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 95 gün ərzində 6840 m3 dəymiş ziyan hesablanmış, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 365 gün ərzində 35040 m3 dəymiş ziyan hesablanmış və xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 213 gün ərzində 10224 m3 dəymiş ziyan hesablanmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı öz təsdiqini tapsa da, iddiaçı tərəfindən bu faktın aşkara çıxarıldığı hesablanmış əlavə sərfiyyat ağlabatan deyil və real hesab oluna bilməz. Bununla belə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar qazdan istifadə etməsi halı öz təsdiqini tapdığından, cavabdeh buna görə mülki məsuliyyət daşımalıdır. Lakin istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilməli olduğu halda, hazırki iş üzrə xx.xx.2024-cü il tarixli akt əsasında 95 gün, xx.xx.2023-cü il tarixli akt əsasında 365 gün və xx.xx.2023-cü il tarixli akt əsasında 213 gün ərzində dəymiş ziyan hesablandığından cavabdehdən yalnız bir ay üçün hesablanmış ziyanın əvəzi tutula bilər. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə təbii qazdan qeyri-qanuni istifadəyə görə 1047.41 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 1047.41 manat pulun tutulması hissəsində əsaslı hesab olunduğundan, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 30,47 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1047.41 (min qırx yeddi manat qırx bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,47 (otuz manat qırx yeddi qəpik) manat məbləğində pul İddiaçı İBnin xeyrinə tutularaq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar