Məhkəmə qərarları › İş №e-2(041)-486/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-486/2025

17.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-486/2025 17.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək bildirdi ki, ünvan 1 saylı fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixə iddiaçının adına tam mülkiyyət hüququ ilə qeydə alınmış və bu barədə çıxarış verilmişdir. Cavabdeh- iddiaçının oğlu Cavabdeh yaşadığı fərdi yaşayış evindən 5-6 il olar ki, çıxıb getmiş və həmin vaxtdan bu günə kimi həmin fərdi yaşayış evinə qayıtmamışdır. Onun oğlu Hidayət bu günə kimi bir dəfə də olsun yaşadığı fərdi yaşayış evinə gəlməmiş, onunla maraqlanmamışdır. Cavabdehin mülkiyyətində olan fərdi yaşayış evində pasport qeydiyyatında olmаsı onun mülkiyyət hüququnu pozur. Belə ki, cavabdehin digər ünvanlarda yaşamasına baxmayaraq onun adına əlavə olaraq kommunal xərcləri ödəmək məcburiyyətindədir. Cavabdehin iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında olması formal xarakter daşıyır. Adı çəkilən şəxsə müraciət edərək mənzilin pasport qeydiyyatından çıxmasını xahiş etsə də, məqsədinə çatmamışdır. Bu günədək başqa daimi yaşayış ünvanı olan həmin şəxs mənzilin pasport qeydiyyatından çıxmaqdan imtina edir. Bu səbəbdən də iddiaçıya məxsus olan mənzilin pasport qeydiyyatında olmasını istəmir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********50-10301 nömrəli çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən 204.80 ha sahəsi olan xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi İddiaçı adına xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli 27936/2024 nömrəli məktubundan görünür ki, İddiaçı vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün aidiyyatı üzrə rayon məhkəməsinə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı arayışa əsasən Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Kürdəmir rayon İHB-nın Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-56-12/2-24 nömrəli məktubdan görünür ki, Cavabdeh ünvan 5 ünvanda qeydiyyatda olmaqla 5 ildən artıq müddətdir ki, həmin ünvanda yaşamır. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 izahat verərək bildirdi ki, Cavabdeh onun qonşusudur. Münasibətləri normal olmuşdur. 13 ildir ki, Cavabdeh görmür. Əgər evlərinə gəlsəydi onu görmüş olardı. Rusiyaya gedib orada evlənmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 izahat verərək bildirdi ki, taksi sürücüsü işləyir. ünvan 6 ünvanında yaşayır. Cavabdeh onun qonşusudur. Münasibətləri normal olmuşdur. Onu 10 ildir ki, görməmişdir. Harda yaşadığı ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 izahat verərək bildirdi ki, çayçı işləyir. ünvan 7 ünvanında yaşayır. Bir məhəllədə yaşayırlar. 15 il olar ki, Cavabdeh görmür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, mübahisə predmeti olan mənzil iddiaçının tam mülkiyyətindədir. Cavabdeh həmin evdə qeydiyyatda olsa da, faktiki olaraq uzun müddətdir ki, orada yaşamır. Cavabdehin yaşayış sahəsinə ehtiyacı müəyyən edilməmişdir. Hazırda iddiaçı cavabdehin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. "X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında verilmiş şərhində göstərmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 29 mart 2016-cı il tarixli qərarında hüquqi mövqeyini belə ifadə etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında həmçinin qeyd etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Təqdim edilmiş sübutlardan müəyyən edilir ki, cavabdeh uzun müddətdir ki, iddiaçıya məxsus yaşayış evini tərk edərək yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin yaşayış sahəsinə ehtiyacı müəyyən edilməmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh Kürdəmir şəhəri, S.Şıxaliyev küçəsi, ev 29 A saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Kürdəmir şəhəri, S.Şıxaliyev küçəsi, ev 29 A saylı mənzilə olan istifadə hüququna xitam verilsin. Qətnamə Cavabdeh Kürdəmir şəhəri, S.Şıxaliyev küçəsi, ev 29 A saylı mənzilə olan qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar