Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-965/2025 11.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bu günə kimi onun xeyrinə ödənilməli olan lakin ödənilməmiş 6000 manat pulun və ödənilmiş 80 manat dövlət rüsumunun tutularaq onun xeyrinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2023-cü il tarixində tanış olmuşdur. Belə ki, Cavabdeh ilə aralarında 15 avqust 2023-cü il tarixdə Nəqliyyat vasitəsinin icarəyə verilməsinə, İstismarına və gələcəkdə mülkiyyət hüququnun ötürülməsinə dair müqavilə bağlanmışdır. Müqavilədə nəzərdə tutulan minik avtomobli TOYOTA PRİUS markalı maşın olmuşdur. Aralarında bağlanmış müqavilə 36 ay müddətinə hər ay 750 manat olmaqla və əlavə olaraq ilkin qaydada 1500 manat öncədən ödəniş şərti ilə razılıq əldə olunmuşdur. Aralarında bağlanmış müqavilənin şərlərinə uyğun olaraq ilkin qaydada 1500 manat və 6 ay müddətində mütəmadi olaraq gecikdirmədən hər ay 750 manat ödəniş həyata keçirmişəm. Lakin 6 ay keçdikdən sonra Cavabdeh guya digər bir yaxşı nəqliyyat vasitəsi ilə əvəz olunacaq vədi ilə maşını əlindən alıb geri qaytarmamışdır. Belə olduğu təqdirdə ilkin qaydada şifahi şəkildə öz iradını bildirmiş daha sonra isə müqavilənin 9.1-cimaddəsinə əsasən Tərəflər bu Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələlər danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həlledilməsi tələbinə riayət edərək Pretenziya qaydasında məktu göndərilmişdir. Lakin Cavabdeh yenə də öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianınn təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının nümayəndəsi yazılı ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş materiallarında olan, Cavabdeh ilə X3 arasında bağlanmış “Nəqliyyat vasitəsinin icarəyə verilməsinə, istismayına və gələcəkdə mülkiyyət hüququnun ötürülməsinə dair” xx.xx.2023-cü il tarixli N/İ-AZ-8728 nömrəli müqavilədən görünür ki, 2007-ci il buraxılışlı, Toyota Prius minik markalı, 90UN283 dövlət qeydiyyat nişanlı avtomobilini texniki cəhətdən saz vəziyyətdə və tam istismara yararlı qaydada sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verməyi, icarəçi isə həmin avtomobili qəbul etməyi, təyinatı üzrə istifadə etməyə dair öhdəliyi öz üzərinə götürmüşdür. Müqavilənin şərtlərinə görə Cavabdeh "Toyota Prius" minik markalı ** UN *** dövlət qeydiyyat nişanlı minik avtomobilini hər ay 750 manat icarə haqqı ödəməklə 15 avqust 2023-cü ildən 15 avqust 2026-cı ilə kimi X1 icarəsinə verir, müddət başa çatdıqdan sonra avtomobil icarəyə götürəndə qalır. - nəqliyyat qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Toyota Prius" minik markalı ** UN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi X2r. - İddiaçı tərəfindən Cavabdeh müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələlər danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həlledilməsi tələbinə riayət edərək Pretenziya qaydasında məktub göndərilmişdir. İş materiallarına eyni zamanda, sürücülük vəsiqəsinin, şəxsiyyət vəsiqəsinin, poçt qəbzinin, ödəniş cədvəlinin sürətləri əlavə edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə mübahisə icarə müqaviləsindən yaranan mübahisə kimi görünsə də, hüquqi təbiətinə görə tərəflər arasında lizinq münasibətlərinin olması aydın görünür. Lizinq beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alğı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir. Belə yanaşma ondan irəli gəlir ki, lizinq verəni maraqlandıran şərt haqqın vaxtında və tam həcmdə ödənilməsi, gecikdirmə yarandığı halda isə müqavilə ilə müəyyən olunmuş cərimə və ödənişlərin tələb edilməsidir. Bu baxımdan lizinq müqaviləsində lizinq obyektindən gəlir götürülməsi mütləq şərt kimi qoyulmur. Lakin lizinq alan üçün lizinqin cəlbediciliyi məhz lizinq obyektindən gəlir əldə etməklə lizinqin sonunda həmin obyektin onun mülkiyyətinə keçməsi ola bilər və tərəflərin iradə ifadələrinə uyğun olaraq həmin şərt müqavilədə göstərilə bilər. Qeyd etmək lazımdır ki, digər ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında lizinq obyekti bazar iqtisadiyyatının həm sahibkarlıq, həm də istehlak seqmentlərində (avtolizinq, daşınmaz əmlak lizinqi və s.) geniş şəkildə tətbiq olunur və bu obyekt müştərilərin müxtəlif modellər əsasında maliyyələşdirilməsi və faydalanması imkanını genişləndirir. Lizinq müqaviləsinin vaxtından əvvəl pozulması hallarında maliyyə münasibətlərinin düzgün bölüşdürülməməsi və əldə edilən mənfəətin mənimsənilməsi əsassız varlanma kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. 748-2.2. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. 748-2.3. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. 748-2.4. Lizinq alanın həyata keçirdiyi lizinq obyektinin ayrılan yaxşılaşdırılmaları, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, onun mülkiyyətidir. 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. - 750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. - 751.Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. - 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. - 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göründüyü kimi, lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Kredit zamanı borclu kredit şərtləri ilə əldə etdiyi əmlak üzərində həmin an mülkiyyət hüququ (həmin əmlak üzərində kredit verənin xeyrinə yüklülüyün qoyulması istisna olmaqla) əldə edir və borcun ödənilmədiyi qalıq məbləği həcmində mülki məsuliyyət daşıyır. Kredit müqaviləsindən fərqli olaraq lizinqdə girov tələb olunmur. Göstərilənlərdən aydın olur ki, lizinq müqaviləsi iqtisadi, bank və vergi qanunvericiliyi baxımından kreditləşmə modeli sayılsa da, mülki hüquq baxımından lizinq əmlakının istifadəyə verilməsi üzrə öhdəliklər qrupuna aiddir və Mülki Məcəllənin 38-ci fəsli ilə tənzimlənir. Kredit müqaviləsi isə borc müqaviləsi hesab edilir və Mülki Məcəllənin ayrıca fəsli ilə nizamlanır. Müqavilə azadlığı prinsipinə gəldikdə isə qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 390-cı maddəsinə uyğun olaraq, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Başqa sözlə onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu baxımdan tərəflərin iradə azadlığı əsasında lizinqin istənilən növündə müqavilə bağlana bilər. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunvericilik bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Lakin müqavilə azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342 və 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Beləliklə, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). Müqavilənin düzgün müəyyənləşdirilməsi üçün onun məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin, onun bütün şərtlərinin düzgün anlaşılmasının böyük əhəmiyyəti vardır. Tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.5-ci maddəsi). Bunun üçün bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır (Mülki Məcəllənin 404.2-ci maddəsi). Hazırki işin araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında 15 avqust 2023-cü il tarixdə “Nəqliyyat vasitəsinin icarəyə verilməsinə, İstismarına və gələcəkdə mülkiyyət hüququnun ötürülməsinə dair” müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh 1500 manat öncədən ödəniş və 36 ay müddətində hər ay 750 manat icarə haqqı ödəmək şərti ilə TOYOTA PRİUS markalı minik avtomoblini iddiaçıya verir, müqavilənin şərlərinə uyğun olaraq iddiaçı ilkin qaydada 1500 manatı və 6 ay müddətində mütəmadi olaraq gecikdirmədən hər ay 750 manat ödənişi həyata keçirməsinə baxmayaraq, müqavilədən 6 ay keçdikdən sonra Cavabdeh guya digər bir yaxşı nəqliyyat vasitəsi ilə əvəz olunacaq vədi ilə maşını iddiaçıdan geri alır, nə avtomobili, nə də ki, 1500 manat ilkin ödənişi və 6 ay müddətində ödənilən 4500 manat icarə haqqını qaytarır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə şərtlərini pozmaqla üzərinə götürdüyü öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6000 manat pul tutularaq İddiaçı verilməlidir. İş materiallarından görünür ki, iddiaçı 80 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat pul tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Kürdəmir rayon məhkəməsinə ərizə verməyə haqlıdır. Həmin müddət bitdikdən sonra qiyabi qətnamədən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-965/2025
Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(041)-965/2025
11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver