Məhkəmə qərarları › İş №e-2(042)-408/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-408/2025

13.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-408/2025 13.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı (MMC) Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: əmək mübahisələri, ziyanın ödənilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı MMC məhkəmədə iddia qaldıraraq İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7.884.24 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 49 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli 590 saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli 29-x saylıəmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində İddiaçı MMC-nin – OBA Sabunçu 7 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdehnın Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 7.874,37 manat və xx.xx.2024-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3443,86 manat təşkil edir. İnventarizasiya yoxlaması və mağaza sayımı zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmış və kəsr gələn mallara heç bir etiraz bildirməmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 7.884,24 manat borc qalmışdır. Beləliklə Cavabdehnın hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 7.884,24 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddiməsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etdiyini və təmin edilməsinə etirazının olmadığını bildirmişdir.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə baxışı iclasında iştirak etməmiş, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

8. Belə ki, iş materiallarında olan; - İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabmda xx.xx.2024-cü il tarixində 7.874,37 manat və xx.xx.2024-cü il tarixində 3.443,86 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 7.884,24 manat borcu qalmışdır. Beləliklə Cavabdeh Namiq oğlunun 25 Noyabr 2024-cü il tarixinə "xxxx" MMC-ə olan ümumi borcu 7.884,24 manat təşkil edir. - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 083 saylı əmrindən çıxarışdan və xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2022-ci il tarixdən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 590 saylı əmrindən çıxarışına əsasən Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2022-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. - İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli 29-x saylı əmrindən çıxarışına əsasən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin administratorunun xx.xx.2022-ci il tarixdən administratorunun (Cavabdeh) əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən ƏM 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli X3 haqqında müqaviləyə əsasən (əmək müqaviləsinə əlavə) maddi məsul şəxs Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. - xx.xx.2024-cü il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun akta və “Oba-Sabunçu 7” filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun akta əsasən, Cavabdeh 7.874,37 manat borc öhdəliyi yaranmışdır. - İddiaçı MMC-nin İnventarizasiya şöbəsinin X1 əsasən, Cavabdeh iştirakı ilə kənarlaşması olan mallara dair məlumatlar və sənədlər sistem üzərindən təkrar nəzarət qaydasında tam yoxlanılmışdir. Həmin Akt maddi-məsul şəxs Cavabdeh tərəfindən imzalanmışdır. - xx.xx.2024-cü il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun akta və “Oba-Sabunçu 7” filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun akta əsasən, Cavabdeh 3.443,86 manat borc öhdəliyi yaranmışdır. - İddiaçı MMC-nin İnventarizasiya şöbəsinin X1 əsasən, Cavabdeh iştirakı ilə kənarlaşması olan mallara dair məlumatlar və sənədlər sistem üzərindən təkrar nəzarət qaydasında tam yoxlanılmışdır. Həmin Akt maddi-məsul şəxs Cavabdeh tərəfindən imzalanmışdır. - xx.xx.2024-cü il tarixli İmtina aktından görünür ki, "xxxx" MMC nin ünvan 1 ünvanında yerləşən “OBA-Sabunçu 7 (1056)” mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2024-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş , lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (- 7.874,36 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. - xx.xx.2024-cü il tarixli İmtina aktından görünür ki, "xxxx" MMC nin ünvan 1 ünvanında yerləşən “OBA-Sabunçu 7 (1056)” mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2024-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş , lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (- 3.443,86 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. - xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə 3 gün müddətində borcun ödənilməsini təklif edərək, əks təqdirdə müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyini bildirmişdir.

9. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC Satış Departamentinin Satış şöbəsinə xx.xx.2022-ci il tarixdən satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli X3 haqqında müqaviləyə əsasən maddi məsul şəxs Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İddiaçı MMC tərəfindən Cavabdeh çalışdığı “OBA-Sabunçu 7 (1056)” mağazasında aparılan xx.xx.20224-cü il tarixli yoxlama zamanı 7.874,37 manat manat, xx.xx.2024-cü il tarixli yoxlama zamanı 3.443,86 manat ziyan vurulması, əskiklik müəyyən edilmişdir.

10. Cavabdeh məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etdiyini bildirmişdir.

11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir.

12. Belə ki, Cavabdeh vurulmuş maddi ziyanın ödənilməsi barədə tələbi məhkəmə iclasının fasiləsiz audio yazısı aparılarkən etiraf etmişdir. MPM-in 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 191.3 və 52.5-ci maddələrinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096-cı maddəsinin tələblərinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; - 191-ci maddəsinin 1-ci hissəsinə əsasən, Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. - 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. - 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. - 202-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.

15. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh əmək müqaviləsi üzrə öhdəliklərini düzgün və lazımi qaydada yerinə yetirməyərək işəgötürənə maddi zərər vurmaqla nəticələnən pozuntulara yol vermişdir. Belə ki, işəgötürən tərəfindən aparılmış müvafiq inventarizasiya araşdırması nəticəsində işçinin öz vəzifə təlimatını, habelə əmək funksiyalarını pozaraq işəgötürənə ümumilikdə 11.318,23 manat məbləğində maddi ziyan vurması müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə müvafiq güzəştlər tətbiq olunmaqla cavabdehdən vurulmuş ziyana görə 7.884,24 manat məbləğində pul tutulması tələb edilmişdir. Qeyd edilən ziyanın ödənilməsi barədə işçiyə xəbərdarlıq olunmuş, lakin işçi tərəfindən vurulmuş zərər məhkəmədənkənar qaydada ödənilməmişdir. İşçi və işəgötürən arasında bağlanmış X3 haqqında müqavilə işəgötürənə işçinin vurmuş olduğu zərərin tam həcmdən ödənilməsini tələb etmək hüququ verir. Həmçinin cavabdeh iddia tələbini qəbul etmişdir.

16. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 7.884,24 manat məbləğində maddi ziyan tutulub İddiaçı MMC-nin hesabına ödənilməlidir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

19. “X2 Azərbaycan Respublikası Qanunu”nun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.

20. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, ödənilmiş dövlət rüsumu və mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 7.884 (yeddi min səkkiz yüz səksən dörd) manat 24 (iyirmi dörd) qəpik məbləğində maddi ziyan tutulub İddiaçı hesabına ödənilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat və dövlət rüsumunun əvəzi olaraq 49 (qırx doqquz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar