Məhkəmə qərarları › İş №e-2(042)-477/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-477/2025

06.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-477/2025 06.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə (MMC) qarşı «maddi ziyana (məhrum edilmiş əmək haqqına) və mənəvi zərərə görə pul tələbi barədə» iddiası üzrə mülki iş (açar sözlər: əmək mübahisələri, maddi və mənəvi zərər) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi ilə, İddiaçı Cavabdehnə (MMC) qarşı «maddi ziyana (məhrum edilmiş əmək haqqına) və mənəvi zərərə görə pul tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı məhkəmədə iddia qaldıraraq, saxta əmək münasibətlərinə daxil olma nəticəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 3 ay 15 gün ərzində məhrum olduğu əmək haqqı kimi 2.744 manat, 50 manat mediasiya xərci, 5.000 manat isə mənəvi zərərin Cavabdeh MMC-dən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC dərman vasitələrinin satışı ilə məşğul olan şirkətdir. Həmin şirkətin rəhbərliyi ilə aralarında olan razılaşmaya əsasən o, 25 mart 2024-cü il tarixdən etibarən həmin şirkətdə işləməyə başlamışdır. Ona ən qısa zamanda əmək müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı vədlər verilsə də, vədlərinə əməl etməmişlər, bu da azmış kimi əvvəlcədən xəbərdarlıq etmədən və yaxud da xəbərdarlıq müddəti əvəzinə kompensasiya ödəmədən 30 may 2024-cü il tarixində iş gününün sonunda işçilərin sayının ixtisar olmasını əsas gətirib, onun da ixtisara düşdüyünü bildirmişlər. Beləliklə də o, məhsul meneceri vəzifəsi üzrə Cavabdeh MMC şirkətində 25 mart 2024-cü il tarixdən 30 may 2024-cü il tarixə kimi işləmiş, onunla əmək müqaviləsi bağlamadan əmək münasibətlərinə daxil olmuşlar, sonra isə qəfil işdən çıxarmışlar. 30 may 2024-cü il tarixindən sonra o bir də həmin şirkətlə əməkdaşlıq etməmişdir. İşlədiyi dövrün əmək haqqısını da heç ala bilməmiş, hər dəfə müxtəlif bəhanələr gətirərək bundan yayınmışlar. Cavabdehin qanunsuzluğa yol verdiyini görüb, artıq onlarla əməkdaşlıq etmək istəməməmiş və özünə başqa iş axtarmağa başlamışdır. Yeni iş axtarışında ona məlum olmuşdur ki, Cavabdeh MMC şirkəti onu işdən azad edəndən (30 may 2024) sonra rəsmi qaydada xx.xx.2024-cü il tarixdən işə qəbul etmişdir. xx.xx.2024-cü il tarixədək də portalda adı həmin şirkətdə məhsul üzrə menecer vəzifəsində getmişdir. Halbuki o qeyd etdiyi kimi 30 may 2024-cü il tarixindən sonra həmin şirkətlə işləməmiş, nə də həmin şirkət ona müvafiq əmək haqqı ödəməmişdir. Adı həmin MMC tərəfindən hansı əsaslarla və necə, hansı maraqlara görə sistemə daxil edilib, ona bəlli deyil. Böyük ehtimalla onun imzasını saxtalaşdırıb, onunla süni əmək münasibətlərinə daxil olub, əmək haqqını isə özləri mənimsəmişlər. Onun isə bunlardan xəbəri olmamışdır. Cavabdehlə qeyri-rəsmi əmək münasibətlərinə xitam veriləndən sonra (30 may 2024) özünə başqa iş axtarmağa başlamışdır. Lakin, yeni işə qəbul ola bilməmişdir. Çünki adı sistemdə əsas iş yeri Cavabdeh MMC qeyd edilən 784 manat əmək haqqısı olan vəzifədə göstərilirdi. Bundan sonra dərhal Cavabdeh MMC şirkətinin rəhbər şəxsləri ilə əlaqə saxlayıb saxtakarlığa son qoymaqlarını, onu işdən azad etmələrini tələb etsə də, buna məhəl qoymamışlar. Beləliklə də cavabdeh onunla əmək müqaviləsi bağlamadan əmək münasibətlərinə girmiş, son haqq hesabını ödəmədən işdən azad etmiş, işdən azad edəndən sonra cavabdehdə olan rəsmi sənədləri əsasında onunla guya əmək müqaviləsi bağlamışdır. 1-ci dəfə (25 mart 2024-cü il tarixdən 30 may 2024-cü il tarixə kimi) münasibətləri rəsmiləşməsə də, onların aralarında həqiqi əmək münasibətləri mövcud olmuşdur. 2-ci dəfə isə (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) rəsmiləşsə də, onların aralarında heç bir əmək münasibətləri olmamış, o heç bir iş icra etməmişdir. Cavabdeh də ona əmək haqqı ödəmişdir. Bütün bunlar azmış kimi onunla saxta əmək münasibətlərinə girməklə onun digər işəgötürənlərlə əmək münasibətlərinə girməsinə əngəl olmuşdur. Çünki, hara müraciət etsə, sistemə baxıb onun əsas iş yerinin Cavabdeh MMC-də olduğu görünmüş, beləliklə də onu heç kim işə götürməmişdir. MMC-yə müraciətləri isə nəticəsiz qalmışdır. Vəziyyəti belə görüb müvafiq səlahiyyətli qurumlara şikayət etmişdir. Şikayəti araşdırılmış, dediyi faktlar hamısı öz təsdiqini tapmışdır. (X1 xx.xx.2024-cü il tarixli, 2-B-83242 nömrəli məktubu, İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli prokorurluğun qərarı əlavə olunur). Onunla əmək müqaviləsi bağlamadan əmək münasibətlərinə daxil olduğu üçün Cavabdeh MMCnin vəzifəli şəxsi barəsində İXM-in 192.1-ci maddəsiylə inzibati tənbeh haqqında qərar qəbul olunmuş və materiallar Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Çoxsaylı şikayətlərindən sonra Cavabdeh MMC nəhayət ki, xx.xx.2024-cü il tarixədə onunla bağlamış əmək müqaviləsini guya şəxsin ərizəsinə əsasən ləğv etmişdir. Halbuki, o elə bir ərizə yazmamışdır. Onun imzzsını saxtalaşdırmışlar. Beləliklə də, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh MMC-nin vəzifəli şəxsinin qanunsuz hərəkətləri nəticəsində o işsiz qalmalı olmuşdur. Onun peşəsi məhsul üzrə menecerdir. Əmək müqavilələrində maaşı rəsmi 784 manat göstərilsə də, əslində həmişə bu məbləğin 1 misli miqdarında əmək haqqına hesablanan əlavə bonuslar, yəni 1.500 manat əmək haqqı almışdır. Cavabdeh onu qanunsuz işdə saxlamaqla bu əldə edəcəklərindən məhrum etmişdir. Cavabdeh MMC onu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yalandan, saxta əmək münasibətlərinə cəlb etmiş, sistemdə isə guya ona 784 manat əmək haqqı təyin edildiyini göstərmişdir. Halbuki, həmin şirkətin mühasibatlığından əmək haqqının hesablanmasına dair cədvəlləri götürüb araşdırılsa, ona heç bir əmək haqqı ödənilmədiyini, heç ümumiyyətlə adına bank hesabı açılmadığını müəyyən edəcəkdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sistemdə adı əsas iş yeri kimi Cavabdeh MMC-də göstərildiyi üçün o başqa işə qəbul ola bilməmişdir. Halbuki o başqa işə girə bilsə idi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 3 ay 15 gün o əmək haqqı kimi ən azından 2.744 manat (784 manat x 3 ay 15 gün =2744 manat) ala bilərdi ki, cavabdeh qanunsuz hərəkətləri ilə onu bu qazancdan məhrum etmişdir. Bundan əlavə, cavabdeh, işlədiyi dövrlərə dair əmək haqqının çox cüzi hissəsini ödəyib, qalanını ödəməmiş və o hər dəfə əsəb keçirmiş, başqa yerlərə işə qəbul ola bilməmiş, bundan dolayı maddi sıxıntıları yaranmış, müxtəlif qurumlara şikayət etmiş, onu dəfələrlə araşdırmaya çağırmışlar, həm vaxtı getmiş, həm də stress keçirmişdir. O, Bakıda yaşayır, Gəncə şəhərinə mediasiya sessiyasında iştirak üçün gəlməli olmuş, hazırkı iddia ərizəsi icraata qəbul olandan sonra Gədəbəy rayonuna gəlib-getməli və yol xərcinə məruz qalmış olacaqdır. Mediasiya üçün 50 manat rüsum ödəmişdir. Vəkillə müqavilə bağlamağa maddi imkanı çatmamışdır. Lakin, aydındır ki, o hüquqşünas deyil və bu ərizə də daxil olmaqla, onun yazışmalarını hüquqşünas yazır. Bunların hamısı onun üçün izafi xərclərdir. O, cavabdehə heç bir zərər vurmadığı halda, cavabdeh ona bu qədər zərər vurmaqdadır. Əslində bunları düşünəndə ona dəyən mənəvi zərər qat-qat daha çoxdur. Lakin ümumiləşdirib hesabladıqda, ona dəyən mənəvi zərəri 5.000 manat dəyərində qiymətləndirir. O, illərdir dərman vasitələrinin satışı üzrə özünü təsdiqləmiş, səriştəli və təcrübəli mütəxəssisdir. Cavabdehlə əmək münasibətlərinə girməzdən əvvəl "xxxx" MMCdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi menecer vəzifəsində işləmiş, 1.700 əmək haqqı almışdır. Sonra cavabdeh ona yalan vədlər verərək, öz şirkətinə dəvət etmiş və o, 25 mart 2024-cü il tarixdən 30 may 2024-cü il tarixə kimi cavabdehlə işləmiş, qeyd etdiyi pozuntular səbəbi ilə ordan uzaqlaşmışdır. Hazırda "xxxx" MMC-də marketinq müdiri vəzifəsinə rəsmi işə qəbul olunmuş, rəsmi əmək haqqı 669.71 manatdır, lakin bu sahədə işləyənlər bilir ki, satışdan asılı olaraq, bir qayda olaraq, əmək haqqının 1 misli miqdarında bonusları olur. Bunları qeyd etməkdə məqsədi odur ki, göründüyü kimi həm cavabdehlə əmək münasibətinə girənə kimi, həm də onunla əmək münasibətləri sonlanandan sonra o başqa şirkətlərlə əmək müqaviləsi bağlayaraq əmək münasibətlərinə daxil olmuşdur. Cavabdeh onu əvvəl işlədib əmək haqqını doğru düzgün ödəməmiş, sonra isə 3 ay yarım guya rəsmi işə götürməklə onun digər mənbələrdən qazanc əldə etməsinin qarşısını almışdır. Bütün bu proseslərdə isə o, əsəb-gərginlik keçirmiş, aylarla əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Əgər cavabdeh onu rəsmi işə götürməsə idi, o həmin ərəfədə başqa şirkətdə işə qəbul ola bilərdi.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, əvvəlki məhkəmə iclasında verdiyi izahatını və gətirdiyi arqumentləri (sübutları) təsdiq etdyini bildirmişdir.

4. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.6-cı maddəsinə əsasən, məhkəmə işə qeyd olunan cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə işin faktiki hallarını hərtərəfli araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

7. Belə ki, mülki iş materiallarında olan; - hökmət portalından və Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də marketinq müdiri vəzifəsində işləyir və aylıq əmək haqqı 669,71 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, Azərbaycan Respublikasının Baş prokuroluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində İddiaçı və digər şəxslərin Cavabdeh MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə araşdırma aparılmış, Cavabdeh MMC (direktoru X2) barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, toplanmış material baxılması üçün X3 Xidmətinə göndərilmişdir. - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “məhsul üzrə menecer” vəzifəsi üzrə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə olunmuşdur. - Hökümət portalından çıxarışdan görünür ki, İddiaçı adına Cavabdeh MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək rəsmi əmək müqaviləsi qeydə alınmışdır. - X3 Xidməti tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı əmək hüquqlarının pozulması ilə bağlı X3 Xidmətinə müraciət etmişdir. Müraciətlə bağlı İddiaçı tərəfindən izahat və əmək haqqı bank çıxarışı, Cavabdeh MMC isə tələb edilən sənədləri təqdim etmədiyinə görə müraciətin araşdırılmasının başa çatdırılması mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilən zaman İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə ƏM-nin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuşdur. İddiaçı müraciətdə qeyd edilən məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət edilməsi hüququ izah edilmişdir.

8. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; - 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. - 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.

9. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Qeyd edilməlidir ki, əmək müqaviləsinin məcburi bağlanmasının qadağan edilməsi məcburi əməyin leqallaşdırılmasının qarşısını alır. - Əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır.”

10. Qeyd hüquq normalarına əsasən, əmək müqaviləsi sərbəst, hər iki tərəfin (işə götürən və işçi) qarşılıqlı razılığı əsasında bağlanılır. İşçinin razılığı olmadan onunla əmək müqaviləsinin bağlanması və əmək münasibətlərinə cəlb edilməsi qanunsuzdur. Əmək münasibətləri yalnız tərəflərin qarşılıqlı razılığı və sərbəst iradəsi əsasında yaranmalıdır.

11. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “məhsul üzrə menecer” vəzifəsi üzrə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və buna görə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Odur ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Mango Natural” MMCdə qeyri-rəsmi olaraq işləmiş, xx.xx.2024-cü il tarixdən sonra həmin Cəmiyyətdə işləməmişdir. Lakin Cavabdeh MMC tərəfindən qanunsuz olaraq İddiaçı hər hansı razılığı olmadan xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində sonuncu ilə əmək müqaviləsinin bağlanılması və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə ƏM-nin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən xitam verilməsi barədə məlumatlar daxil edilmişdir. İddiaçı həmin müddət ərzində Cavabdeh MMC-də işləməmiş, hər hansı fəaliyyətlə məşğul olmamış və əmək haqqı almamışdır. Cavabdeh MMC qeyd edilən halları mübahisələndirməmiş və bunun əksini təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı isə məhkəməyə müraciət edərək, onun razılığı olmadan qanunsuz olaraq bağlanılmış əmək müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək elektron sistemdə adına aktiv əmək müqaviləsi mövcud olduğundan başqa iş fəaliyyəti ilə məşğul olmaqdan məhrum olduğunu iddia edərək həmin dövr üçün ona vurulmuş zərərin ödənilməsini tələb edir.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; - 191-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. - Həmin maddənin 2-ci hissəsinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. - 192-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. - 194-cü maddəsinin 1 və 2-ci hissələrinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

14. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində İddiaçı adına xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək elektron sistemdə formal olaraq aktiv əmək müqaviləsi mövcud olduğundan, sonuncu başqa iş yerlərində işləmək və gəlir əldə etmək hüququndan məhrum edilmişdir. Formal olaraq aktiv olmuş əmək müqaviləsi üzrə İddiaçı aylıq əmək haqqının 784 manat olması qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində başqa iş fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edildiyi müddət üçün cavabdehdən kompensasiya, yəni vurulmuş zərərin ödənilməsini tələb edə bilər.

15. Məhkəmə zərərin məbləğini müəyyən edərkən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək haqqı məbləğini əsas götür və iddiaçının işləmək hüququndan məhrum edildiyi müddət üzrə ən azından həmin əmək haqqı məbləğində pozulmuş hüququnun kompensasiya edilməsini daha ədalətli və qanunamüvafiq hesab edir.

16. Beləliklə,məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilmiş əmək haqqı məbləğinin (vurulmuş zərəri) ödənilməsini hissəsini haqlı hesab edir. Odur ki, Cavabdeh MMC-dən 2.744 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

17. Məhkəmə iddiaçının mənəvi zərərə görə pul tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

18. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 500 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.

19. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq qeyd edir ki, Cavabdeh MMC-nin qeyri-hüquqi əməli, yəni iddiaçının əldə edə biləcəyi gəlirdən məhrum edilməsi, bunun nəticəsində isə iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün məhkəməyə müraciət etməyə məcbur olması iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Ali Məhkəmə Plenumunun qərarında qeyd olunmuşdur: “Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması... anlaşılır”. Beləliklə, hüquqlarının pozulması nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmişdir. Odur ki, mənəvi zərərin əvəzi olaraq Cavabdeh MMC-dən İddiaçı xeyrinə 500 manat məbləğində pul tutulmalıdır. Məhkəmə bu məbləği ağlabatan və ədalətli hesab edir.

20. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdehndən vurulmuş maddi ziyana (məhrum edilmiş əmək haqqına) görə 2.744 (iki min yeddi yüz qırx dörd) manat, vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Ödənilmiş 50 (əlli) mediasiya xərci Cavabdehndən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar