Məhkəmə qərarları › İş №e-2(043)-1118/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1118/2022

25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1118/2022 25.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Sultanova (Orucova) Lalə Vahid qızına qarşı “pul” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Sultanova (Orucova) Lalə Vahid qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 97,50 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Sultanova (Orucova) Lalə Vahid qızı ilə "xxxx" QSC arasında 13.10.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş 22.12.2020-tarixli, 2(043)-4007/2020-saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "X2 Azərbaycan" QSC X1" MMC ilə bağlanmış 14.12.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "X1" MMC-yə sifariş etmişdir. “X1 MMC" öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Sultanova (Orucova) Lalə Vahid'' qızı tərəfindən ödənilən 01.04.2021 - tarixindəki 50 manat 05.08.2021-tarixindəki 300 manat və 07.08.2021- tarixindəki 300 manat məbləğlərindəki vəsait "X1" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də “X2 Azərbaycan QSC” tərəfindən "X1" MMC yə 97,50 manat məbləğində xidmət haqqı ödənilmişdir. 18.01.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "X1" MMC-yə cavabdeh tərəfindən “X2 Azərbaycan QSC” yə ödənilmiş hər məbləğin 15 faizi həcmində, yəni ümumilikdə 97,50 manat məbləğində xidmət haqqı ödəmişdir. X2 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış 13.10.2015-ci il tarixli müqavilənin 4.19-cu bəndində qeyd edilmişdir ki «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş "X1" MMC (büro) ilə “X2 Azərbaycan” QSC (bank) arasında bağlanmış “Hüquqi xidmət haqqında” 14 dekabr 2016-cı il tarixli müqavilədən görünür ki, bu müqavilə istehlak kreditləri, avtomobil kreditləri və/və ya təminatı avtomobil, nəqliyyat vasitələri və s. olan kreditləri, kredit kartları və/və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquqi xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci maddəsinə görə, Bank müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar: Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15 % nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir. İş materiallarında olan 17.03.2022-ci il tarixli təhvil aktından görünür ki, 30 yanvar 2018-ci il tarixli əlavə razılaşmanın 5.1.3.2-ci maddəsinə əsasən "X1" MMC 2021-ci ilin fevral ayı üzrə göstərdiyi hüquqi xidməti cədvəl üzrə “X2 Azərbaycan” QSC-yə təhvil verir. Cədvəldən görünür ki, MMC tərəfindən Sultanova (Orucova) Lalə Vahid qızının borcu tam həcmdə ödətdirilərək, QSC-yə təhvil verilmiş və QSC tərəfindən qəbul edilmiş, buna görə MMC tərəfindən 97,50 manat məbləğində xidmət haqqı hesablanmışdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə, borclu tərəfindən öhdəliklər lazımınca yerinə yetirilmədiyindən, kreditor tərəfindən məhkəməyə müraciət edilmiş və qəbul olunmuş məhkəmə aktına əsasən cavabdehdən müqavilə üzrə yaranmış əsas borc, faiz borcu və cərimə ilə yanaşı, dövlət rüsumu və digər xərclər iddiaçının xeyrinə tutulmuşdur. Həmçinin tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, məhkəmə aktları qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün müvafiq İcra Şöbəsinə göndərilmiş və icra mərhələsində tələb üzrə borcun tutulması üçün müəyyən icra hərəkətləri aparılmış və borc tam həcmdə ödənilmişdir. İddiaçı ilə "X1" arasında 14.12.2016-cı il tarixli Hüquqi xidmət haqqında müqavilə bağlanmış, göstərilmiş hüquqi xidmətə görə iddiaçı tərəfindən MMC-yə 97,50 manat məbləğində pul ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən borcun vaxtında ödənilməməsi, bununla bağlı "X1" MMC tərəfindən hüquqi xidmət göstərildiyinə görə sonuncuya hüquqi xidmət haqqı ödənilməsini əsas gətirərək, ödəmiş olduğu xidməti haqqı məbləğinin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, mülki-prosessual qanunvericilik nümayəndəyə çəkilmiş xərcləri işə baxılması ilə əlaqədar olan məsrəflərə aid etmiş və həmin məbləği ağlabatan məbləğdə xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutmuşdur. Digər tərəfdən, məhkəmə qeyd edir ki, iddiaçı ilə "X1" MMC arasında bağlanmış 14.12.2016-cı il tarixli Hüquqi xidmət haqqında müqavilədə ümumi, mücərrədd şəkildə MMC tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi əks olunmuş, konkret olaraq cavabdeh ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı "X1" MMC ilə onun arasında bağlanmış hüquqi xidmət haqqında müqavilə çərçivəsində məhz icra mərhələsində borcun qaytarılması ilə bağlı "X1" MMC-nin ona hüquqi xidmət göstərməsinə istinad etsə belə, hüquqi xidmətin göstərilibgöstərilmədiyi, xidmətin nədən ibarət olması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının cavabdehdən tələb etdiyi məbləğ məhkəmə qərarının icrası mərhələsində ona hüquqi yardımın göstərilməsi ilə bağlı olsa belə, iddia yenə də təmin edilə bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Qanunvericilik icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid etməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən etmiş, iddiaçı tərəfindən icra ilə bağlı çəkilən xərclərin cavabdehdən tələb edilməsi isə qanunla nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə "X1" MMC arasında hüquqi yardım haqqında müqavilə bağlanması, eyni zamanda iddiaçı tərəfindən həmin şirkətə hansısa hüquqi yardıma görə 97,50 manat pul ödənilməsinin cavabdehə, habelə onunla bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilməsinə heç bir aidiyyatı yoxdur. Buna görə də hazırki iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Sultanova (Orucova) Lalə Vahid qızına qarşı “pul tələbi” barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar