Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1377/2022 17.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi və cavabdehlərin torpaq sahəsinə girişinin qadağa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən 400 m2 torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehlərin vəsaitləri hesabına sökülərək digər yerə daşınması və onların həmin torpaq sahəsinə girişinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən 400 m2 torpaq sahəsini Cavabdeh1 pul müqabilində almış, sonuncu ilkin sənəd olaraq ona Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016cı il tarixli, 1758 saylı sərəncamını evin layihəsini təqdim etmişdir. Daha sonra Cavabdeh1 notariusda ona etibarnamə və Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 1758 saylı sərəncamının adına dəyişdirilməsinə razılıq verməsi barədə ərizə vermişdir. Qeyd olunan sənədlər əsasında Gəncə şəhəri Cavadxan qəsəbəsində 400 m2 torpaq sahəsinin istifadəçisi kimi vergi ödəyicisi olaraq Gəncə şəhər Kəpəz bələdiyyəsində qeydiyyata götürülmüş və torpaq vergisi ödəmişdir. xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi olaraq sahiblik və istifadəsində olan Gəncə şəhəri Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən 400 m2 torpaq sahəsinin sənədləşdirilməsi üçün müraciət etmiş və sənədləşmə mərhələsinə başlanmılmışdır. O, ilkin olaraq 04.0.2021-ci il tarixdə 128 manat ödəniş etmiş, 28 yanvar 2022-ci il tarixdə isə 236 və 32 manat ödəmişdir. Hazırda isə qeyd olunan torpaq sahəsinə çıxarış verilməsi üçün sənədlər hazırlanır. Cavabdeh1 həmin torpaq sahəsi üzərindən insanları aldadaraq qanunsuz varlanmaqla məşğuldur. Belə ki, onun sahiblik və istifadəsində olan torpaq sahəsini qanunsuz olaraq etibarnamə əsasında Cavabdeh2 satmış, sonuncu da Gəncə şəhəri Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən 400 m2 torpaq sahəsində özbaşına qanunsuz tikinti işləri aparır. Qeyd olunan torpaq sahəsi üzərində tikinti işlərinin aparılması dayandırılmasa gələcəkdə onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxaracaqdır. Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsinin titul sahibidir və gözlənilən mülkiyyət hüququ vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı torpaq sahəsini Cavabdeh1 almış, sonradan Cavabdeh1 həmin torpaq sahəsini Cavabdeh2 da satmışdır. Cavabdeh2 ərazidə hasar tikməyə başlayarkən iddiaçı bundan xəbər tutmuşdur. Cavabdeh1 onların hər ikisini aldatmışdır. Buna baxmayaraq torpaq sahəsi ilk növbədə iddiaçıya satıldığı üçün və iddiaçı torpaq sahəsinin alınması üçün bələdiyyəyə müraciət etdiyindən onun mülkiyyət hüququnu əldə etmək üçün gözləntisi yaranmışdır. Buna görə də həmin hüquq mülkiyyət hüququna bərabər tutulmalı və müdafiə olunmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, cavabdeh Amili dostu vasitəsilə tanımış, Amil ona torpaq sahəsini 12000 manat məbləğində pula satmış və torpaq sahəsini alarkən hasarı olmamışdır. O, sonradan torpaq sahəsinə hasar çəkmiş və həmin torpaq sahəsində tikinti işləri apararkən heç bir qonşu həmin torpaq sahəsinin başqa şəxsə məxsus olmasını bildirməmişdir. Sonradan iddiaçı ortaya çıxaraq torpaq sahəsinin özünə məxsus olmasını iddia etmişdir. O, torpaq sahəsini Amildən almışdır, həmin torpaq sahəsini boşaltmaq barədə tələbi əsassız hesab edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri Kəpəz rayonu Kəpəz Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 bildirdi ki, tərəflərin barəsində mübahisə etdiyi, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 400 m2 torpaq sahəsi Kəpəz bələdiyyəsinin mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsinin ona satılması üçün bələdiyyəyə müraciət etmişdir. Bundan sonra İddiaçı müraciəti qeydiyyata götürülərək torpaq sahəsinin sənədləşdirilməsi prosedura başladılmışdır. Cavabdeh1 adına verilmiş sərəncam torpaq sahəsində fərdi yaşayış evinin layihələndirilməsinə icazə verilməsi barədədir və həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olduğu üçün bu sərəncam torpaq sahəsinin mülkiyyətə verilməsi üçün əsas deyildir. İddiaçı Göygöl rayonunda qeydiyyatda olduğu və yaşadığı üçün ona torpaq sahəsi yalnız açıq hərrac yolu ilə satıla bilər. Həmin hərracda istənilən şəxs iştirak edə bilər və torpaq sahəsi ən yüksək təklifi vermiş şəxsə satılacaqdır. Bu baxımdan torpaq sahəsinin gələcəkdə kimin mülkiyyətinə veriləcəyini qabaqcadan bilmək mümkün deyildir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də cavabdeh məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 izahat verərək bildirmişdir ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 400 m2 torpaq sahəsi ona Gəncə şəhəri Kəpəz Rayon İcra hakimiyyətinin başçısının sərəncamı ilə ayrılmışdır. O, əvvəlcə torpaq sahəsini 7200 manata İddiaçı satmışdır. Sonradan torpaq sahəsini dəyərindən çox ucuz satdığını bilib Laləyə əlavə pul verməsini ya da ki, yenidən torpağı satışa qoyaraq daha yüksək qiymətə satmasına razılıq verməsini, torpağı satıb onun pulunu qaytaracağını bildirmişdir. İddiaçı heç bir narahatlığın olmadığını, torpağı satıb onun pulunu qaytarmasını demiş, lakin torpaq sahəsinə dair sənədləri itirdiyini bildirmişdir. O, torpaq sahəsinin itmiş sənədlərini yenidən almış və 12000 manat pula Cavabdeh2 satmışdır. O, iddiaçıdan aldığı 7200 manat puldan 6000 manat pulu geri qaytarmış, 1200 manat pulu isə sonra qaytaracağını bildirmişdir. Onun iddiaçıya yenidən etibarnamə verməyinin səbəbi sonuncuya 1200 manat məbləğində borcunun qalmasıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 01 dekabr 2016-cı il tarixli, 1758 saylı sərəncamının surətindən görünür ki, Gəncə şəhəri Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən 400 m2 torpaq sahəsində Cavabdeh1 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Gəncə şəhəri Kəpəz Rayonu Kəpəz Bələdiyyəsinin 31 mart 2022-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən 400 m2 torpaq sahəsi Gəncə şəhəri Kəpəz rayonu Kəpəz bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahəsi Cavabdeh1 fərdi yaşayış evinin yerləşdirilməsi (layihələndirilməsi) məqsədilə verilmişdir. Cavabdeh1 həmin torpaq sahəsini 16 may 2021-ci il tarixdə “ASAN” xidmət mərkəzində notariat ofisi vasitəsilə İddiaçı idarə edilməsi və sənədləşdirilməsi üçün notarial qaydada səlahiyyət vermişdir. İddiaçı Gəncə şəhəri Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən 400 m2 torpaq sahəsinin istifadəçisi kimi vergi ödəyicisi olaraq Gəncə şəhər Kəpəz bələdiyyəsində qeydiyyata götürülmüş və torpaq vergisi ödəmişdir. Vergi ödəyicisi İddiaçı 01 oktyabr 2021-ci il tarixdə Kəpəz bələdiyyəsinə Gəncə şəhəri Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən 400 m2 torpaq sahəsinin sənədləşdirilməsi üçün müraciət etmiş və sənədləşmə proseduruna başlanılmışdır. Gəncə şəhəri Kəpəz rayonu Kəpəz Bələdiyyəsinin 09 fevral 2022-ci il tarixli iclas protokolundan çıxarışdan görünür ki, bələdiyyənin yaşayış məntəqələrinin perspektivi üçün cəlb olunan torpaqlarına aid 0,038 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə müsabiqə yolu ilə satılması üçün müvafiq rəylərin alınmasından ötrü aidiyyəti icra hakimiyyəti orqanlarına, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət olunmasına qərar verilmişdir. 01 oktyabr 2021-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 1758 saylı sərəncamının İddiaçı adına dəyişdirilməsinə razılıq vermişdir. 16 may 2021-ci il tarixli, AR-İİ № 056872 nömrəli etibanamənin surətindən görünür ki, Cavabdeh1 İddiaçı Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 01 dekabr 2016-cı il tarixli, 1758 saylı sərəncamına əsasən ona ayrılmış Gəncə şəhəri Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən 400 m2 torpaq sahəsini xx.xx.2071-ci ilədək etibar etmişdir. 01 oktyabr 2021-ci il tarixli, AR-İİ №455577 nömrəli etibanamənin surətindən görünür ki, Cavabdeh1 İddiaçı Gəncə şəhəri Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən 400 m2 torpaq sahəsini xx.xx.2071-ci ilədək etibar etmişdir. 17 avqust 2021-ci il tarixli, AR-İİ № 409625 nömrəli etibanamənin surətindən görünür ki, Cavabdeh1 Cavabdeh2 ona məxsus Gəncə şəhəri Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən 400 m2 torpaq sahəsini və üzərində inşa edilmiş tikililəri xx.xx.2071ci ilədək etibar etmişdir. xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 1758 saylı sərəncamından imtina etmiş və sərəncamın Cavabdeh2 verilməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququnun mövcud olması üçün ilk növbədə onun torpaq sahəsinə hüququnun mövcud olub-olmaması müəyyən edilməlidir. İddiaçının istinad etdiyi sərəncam Cavabdeh1 adına verilmiş, Cavabdeh1 isə həmin sərəncamla bağlı iddiaçıda və digər Cavabdeh2 etibarnamə vermişdir. Bu sərəncamda torpaq sahəsinin mülkiyyətə və istifadəsinə verilməsi ilə bağlı hər hansı müddəa yoxdur. Sərəncamda yalnız Cavabdeh1 torpaq sahəsində fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi qeyd edilmişdir. Həmin torpaq sahəsi isə Kəpəz bələdiyyəsinin mülkiyyətindədir. İddiaçı torpaq sahəsinin ona satılması üçün bələdiyyəyə müraciət etdiyini və həmin müraciətə əsasən də torpaq sahəsinə mülkiyyət hüququnu əldə edəcəyini bildirir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçıya Kəpəz bələdiyyəsinin ərazisində torpaq sahəsinin yalnız açıq torpaq hərracı vasitəsilə satılması mümkün olduğundan, bu hərrac isə hər kəs üçün açıq olduğu və istənilən şəxsin həmin hərracın iştirakçısı və qalibi olması mümkün olduğundan iddiaçının bələdiyyəyə etdiyi müraciət onun mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ əldə etmək üçün əsaslı gözlənti hesab oluna bilməz. Buna görə də məhkəmə iddianı əsaslı hesab etmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi və cavabdehlərin torpaq sahəsinə girişinin qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(043)-1377/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1377/2022
17.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver