Məhkəmə qərarları › İş №e-2(043)-1780/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1780/2021

22.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1780/2021 22.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Kamil qızı və onun nümayəndəsi Nümayəndə, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Kamil qızının Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair ilk iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı Kamil qızına qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Kamil qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən Cavabdeh istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mülkiyyət hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. O, həmin evi 2019-cu ildə alqı-satqı və ipoteka müqaviləsi əsasında cavabdehin anası X1 almışdır. Lakin alqı-satqı müqaviləsi bağlanan zaman X5 1 ay ərzində pasport qeydiyyatından çıxmaları barədə öhdəlik götürsə də, bu günə kimi pasport qeydiyyatından çıxmamışlar. Həmin vaxt cavabdeh bu ünvanda qeydiyyatda olmamış, yalnız sonradan formal olaraq qeydiyyata düşmüşdür. Lakin, formal olaraq qeydiyyata düşməsinə baxmayaraq, cavabdeh təxminən 10 il əvvəl öz ailəsi ilə birlikdə bu evdən çıxaraq daimi yaşamaq üçün başqa ünvana getmişdir. Hal-hazırda onun olduğu yer barədə onda heç bir məlumat yoxdur. Buna baxmayaraq, cavabdeh bu günə kimi ona məxsus evdə pasport qeydiyyatındadır. Cavabdehin bu günə kimi ona məxsus olan evdə pasport qeydiyyatda qalması əlavə kommunal xərclər yaratmaqla yanaşı, həm də mülkiyyəti üzərində sərəncam hüquqlarını məhdudlaşdırılır. Cavabdeh artıq xeyli vaxtdır ki, daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməklə (köçməklə) ona məxsus olan evin yaşayış sahəsindən istifadə hüququnu itirmişdir. Onun bu evdəki qeydiyyatı yalnız formal xarakter daşıyır. Bundan sonra, ilk iddia üzrə cavabdeh Muradov X7 İlahiyyə Kamil qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və özünün ünvan 3 ünvanına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Ə.Əliyev küçəsi 75 nömrəli ev atası X2 adına qeyd olunmuşdur. Onlar ailəliklə 1989-cu ildə həmin ünvana köçmüş və orada böyüyüb başa çatmışlar. Hal-hazırda da həmin evdə pasport qeydiyyatındadır. O, ailə qurduqdan sonra həmin evə gəlin gətirmişdir. Ailə qurandan sonra sonra atası və anası onlarla yola getməmiş, birgə yaşamağa imkan verməmişlər. Buna görə onu evdən zorla çıxarmışlar. Hazırda da ailəsi ilə birlikdə kirayələrdə yaşayır. Halbuki, yaşadıqları evin ümumi sahəsi 400 kvm, 2 mərtəbəli və 10 otaqdan ibarət evdə hamı üçün yer var idi. Aralarında olan gərginlik sakitləşən kimi evə gəlmiş, lakin atası onu evə buraxmamışdır. Ona boşanandan sonra evə gəlməsi kimi şərt qoymuşlar. Beləliklə, sonradan ona məlum olmuşdur ki, atası və anası onun razılığı olmadan evi cavabdehə satmışlar. Hesab edir ki, həmin evi saxta yolla satmalarına baxmayaraq onun həmin evdə istifadə hüququ vardır. Həm də ki, evi alan şəxs onun valideyinləri ilə olan dava-dalaşı bilə-bilə, həmin evə onun istifadə hüququnun olduğunu bilə-bilə bu mübahisəli evi almışdır. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Kamil qızı ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Kamil qızının nümayəndəsi Nümayəndə ilk iddianı müdafiə edərək, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X11 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan X13 İnventarlaşdırma bürosu tərəfindən verilən qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış evi 31.01.1989-cu il tarixli 2-2- 160 nömrəli alqı-satqı müqaviləsi əsasında şəxsi mülkiyyət hüququ əsasında X6 adına qeydə alınmışdır. İş materiallarından görünür ki, «xxxx» QSC (ipoteka saxlayan) ilə X6 (satıcı) və İddiaçı Kamil qızı (alıcı) arasında 17.12.2019-cu il tarixli 006F**********01 nömrəli Alqı-Satqı və ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən satıcı X6 mülkiyyətində olan Gəncə şəhəri, Əziz Əliyev prospektində olan 75A saylı evini alıcı-ipoteka qoyan İddiaçı Kamil qızına satmış, həmin mənzil kreditor-ipoteka saxlayan bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Gəncə şəhəri, Əziz Əliyev prospekti ev 75A şəxsi mülkiyyət hüququ əsasında İddiaçı Kamil qızının adına 10.01.2020-ci il tarixdə qeydə alınmış, reyestr kitabında ********** nömrəsi ilə bu barədə qeydiyyat aparılmışdır. İş materiallarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin 09.06.2020-ci il tarixli 2- 1(114)-985/2020 saylı qərarı ilə Cavabdeh yeni şəxsiyyət vəsiqəsi verilərkən yaşayış yerinin “Gəncə şəhəri Kəpəz rayonu Əziz Əliyev küçəsi ev 75A” kimi qeyd olunması öhdəliyi Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilmişdir. Həmin qərardan verilmiş apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.09.2020-ci il tarixli 2-1(104)-569/2020 saylı qərarı ilə və sonuncu qərardan verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-569/21 saylı 30.03.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə ilk öncə onu qeyd edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının ünvan 6 saylı fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi və ya onun həmin mənzilə köçürülməsi ilə bağlı məsələ həll edilərkən, əvvəlcə həmin şəxsin qeyd olunan evdən əvvəllər istifadə hüququnun ümumiyyətlə yaranıb-yaranmaması müəyyən edilməlidir. Çünki, mövcud olmayan hüququn itirilməsi mümkün deyil, hüququn itirilməsi üçün əvvəlcə hüquq əmələ gəlməlidir. Eləcə də, cavabdehin sözügedən evə köçülə bilməsi üçün onun həmin evdən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. İşin tərəflər arasında mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh ünvan 6 saylı evin əvvəlki mülkiyyətçisi X3 oğlu olmaqla, ailəsi ilə birlikdə 1989-cu ildə mübahisəli evə köçmüş və 2010-cu ilədək həmin evdə yaşamışdır. 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Qeyd olunan qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, Cavabdeh ünvan 6 saylı evin əvvəlki mülkiyyətçisinin ailə üzvü olmaqla, 1989-cu ildən həmin evə köçərək yaşadığından onun evdən istifadə hüququ yaranmışdır. Lakin, iş materiallarına əlavə edilmiş 126 nömrəli Evlər Üçlüyü tərəfindən verilmiş 29 nömrəli arayışdan görünür ki, Cavabdeh 2009-cu il tarixdə ailə həyatı qurub, 2010-cu ilin yanvar ayının 10-dan bu günə kimi ünvan 5 ünvanında yaşamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, o, Gəncə şəhəri Ə.Əliyev küçəsi 75 nömrəli evin keçmiş sahibidir, cavabdeh isə onun oğludur. Cavabdeh 2010-cu ildə ailəsi ilə birlikdə sözügedən evdən çıxıb getmişdir. Həmin vaxtdan sonra bir daha o evə qayıtmamış və o evə dair hər hansı tələb irəli sürməmişdir. O, 2019-cu ildə mülkiyyət hüququ ilə ona məxsus evi alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, o, cavabdehin atasıdır. Cavabdeh Gəncə şəhəri Ə.Əliyev küçəsi 75 nömrəli ev əvvəllər onun həyat yoldaşına məxsus olmuş, 2019-cu ildə isə alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyətinə keçmişdir. Ev satılan vaxt cavabdeh artıq 10 ilə yaxın müddət idi ki, sözügedən evdə yaşamırdı. O, ailəsi ilə birlikdə 2010-cu ildə çıxıb getmiş, özünə yaşamaq üçün başqa yaşayış sahəsi seçmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi 10.01.2020-ci il tarixdən İddiaçı Kamil qızının mülkiyyətindədir. Cavabdeh isə əvvəlki mülkiyyətçinin ailə üzvü olmaqla həmin yaşayış evində yaşamış və sonradan məhkəmə qərarı ilə həmin evə qeydiyyata alınmışdır. Onun qeyd olunan yaşayış evindən qeydiyyatının olması iddiaçının mülkiyyət hüquqlarının tam həyata keçirməsinə mane olur. Bundan başqa, cavabdehin evdə qeydiyyatının olması iddiaçının – yeni mülkiyyətçinin iradə ifadəsi ilə bağlı deyil, iddiaçının hazırkı tələbindən isə müəyyən olunur ki, cavabdehin evdə qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Əvvəlki mülkiyyətçi iradəsini ifadə edib ev üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən mülkiyyət hüququnun hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və ailə üzvləri ilə birlikdə evi tərk etmişdir. Cavabdehin əvvəllər mübahisəli evdən istifadə hüququ yaranmış olsa da, 10 ildən artıq müddətdir həmin evdə yaşamamış, bu müddət ərzində evə köçürülmə ilə bağlı hər hansı cəhd göstərməmiş, bununla bağlı məhkəmədə tələb irəli sürməmişdir. Məhkəmə, cavabdehin mübahisəli evdə yaşamamasının səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli evdə yaşaması hər hansı bir üzrlü səbəblə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, işin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh mübahisəli evdən köçüb getmiş və özünə daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqəsini kəsmişdir. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli evdə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Bundan başqa, yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh 2010-cu ildən mübahisəli evdə yaşamır, daimi yaşamaq üçün özünə başqa yaşayış yeri seçmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında cavabdehin ailə problemləri üzündən evi tərk etməsini və bu müddət ərzində kirayədə yaşamasını bildirsə də, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh daimi yaşamaq üçün başqa yerə getdiyindən və 2010-cu ildən etibarən onun mübahisəli evdə yaşamaması müəyyən edildiyindən, onun həmin evdən əvvəllər mövcud olan istifadə hüququ artıq itirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçıya heç bir aidiyyəti olmayan şəxsin evində qeydiyyatda qalması ona mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Cavabdehin evdən qeydiyyatdan çıxarılması üçün isə onun həmin evdən istifadə hüququ məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını və Konstitusiya Məhkəməsinin Plenum Qərarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ilk iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməli, hazırda mübahisəli evdən Cavabdeh istifadə hüququ olmadığına görə, onun həmin evə köçürülməsinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, yaxın müddət ərzində Cavabdeh məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmış olsa da, yaşayış sahəsinə qeydiyyata alınma, qeydiyyata alınanın yaşayış sahəsinə istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında “yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ”na anlayış verilərək qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququ ilə yaşayış sahəsi üzrə qeydiyyat ayrı-ayrı anlayışlardır. Belə olan halda, cavabdehin iddiaçıya məxsus yaşayış sahəsi üzrə qeydiyyatda olması, onun həmin yaşayış sahəsindən istifadə hüququna malik olması kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində yaşayış yeri üzrə qeydiyyatın yaşayış sahəsinə istifadə hüququ əmələ gətirməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.03.2021-ci il tarixli 2-1(102)-569/2021 saylı qərarında da göstərilmişdir ki, hazırki mübahisənin predmetini Cavabdeh yeni yaşayış yerinin müəyyən edilməsi, yaxud yeni yaşayış yerinə hüququn verilməsi və ya yeni ünvan üzrə qeydiyyata alınması deyil, vaxtilə valideynin yaşayış yeri üzrə qeydə alındığı, mülkiyyət hüququ üzə valideynə məxsus evin yerləşdiyi ünvan üzrə ona verilmiş şəxsiyyət vəsiqəsindəki yanlış məlumatın düzəldilməsi (şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi) təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. Cavabdeh ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh İddiaçı Kamil qızına qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar