Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1900/2022 23.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: «X1 Azərbaycan» QSC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 67,38 manat məbləğində maddi zərərin və 30 manat məbləğində dövlət rüsumunun alınaraq «X1 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh və "xxxx" QSC arasında xx.xx.2012-ci il tarixli kredit müqaviləsi imzalanmışdır. Cavabdeh öz öhdəliyini yetərincə yerinə yetirmədiyi üçün "xxxx" QSC məhkəməyə müraciət etmişdir və xx.xx.2021-ci il tarixli e-2(043)-2153/2021 saylı məhkəmə qətnaməsi qəbul edilmişdir. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında' müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh bprəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borgun tam həcmdə geri ödənilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə ödənilən 7,2 manat və xx.xx.2021-ci il tarixdə ödənilən 442 mant məbləğ "xxxx" MMC-nin vasitəsi ilə təmin etmiş və 67,38 manat məbləğində pul iddiaçı tərəfindən göstərilən xidmətin əvəzi olaraq "xxxx" MMC-yə ödənilmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC (büro) ilə “X1 Azərbaycan” QSC (bank) arasında bağlanmış “Hüquqi xidmət haqqında” 04 iyul 2017-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə istehlak kreditləri, avtomobil kreditləri və ya təminatı avtomobil, nəqliyyat vasitələri və s. olan kreditləri, kredit kartları və/və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquqi xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci maddəsinə görə, Bank müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar: Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15 % nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(043)-2153/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh cəmi 441,3 manat pulun alınaraq “X1 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundun sonra-MPM) 284-1ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, Cavabdeh bildirişi aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə, borclu tərəfindən öhdəliklər lazımınca yerinə yetirilmədiyindən, kreditor tərəfindən məhkəməyə müraciət edilmiş və qəbul olunmuş məhkəmə aktına əsasən cavabdehdən müqavilə üzrə yaranmış əsas borc, faiz borcu və cərimə ilə yanaşı, dövlət rüsumu və digər xərclər iddiaçının xeyrinə tutulmuşdur. Həmçinin tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, məhkəmə aktları qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün müvafiq İcra Şöbəsinə göndərilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli Hüquqi xidmət haqqında müqavilə və onun əsasında xx.xx.2018-ci il tarixli razılaşma bağlanmış, göstərilmiş hüquqi xidmətə görə iddiaçı tərəfindən MMC-yə 67,38 manat məbləğində pul ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən pulun tutulmasında hüquqi xidmət göstərildiyinə görə sonuncuya hüquqi xidmət haqqı ödənilməsini əsas gətirərək, ödəmiş olduğu xidməti haqqı məbləğinin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, mülki-prosessual qanunvericilik nümayəndəyə çəkilmiş xərcləri işə baxılması ilə əlaqədar olan məsrəflərə aid etmiş və həmin məbləği ağlabatan məbləğdə xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutmuşdur. Digər tərəfdən, məhkəmə qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-cı il tarixli Hüquqi xidmət haqqında müqavilədə ümumi, mücərrəd şəkildə MMC tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi əks olunmuş, konkret olaraq cavabdehlər ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının cavabdehdən tələb etdiyi məbləğ məhkəmə qərarının icrası mərhələsində ona hüquqi yardımın göstərilməsi ilə bağlı olsa belə, iddia yenə də təmin edilə bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Qanunvericilik icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid etməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən etmiş, iddiaçı tərəfindən icra ilə bağlı çəkilən xərclərin cavabdehlərdən tələb edilməsi isə qanunla nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə "xxxx" MMC arasında hüquqi yardım haqqında müqavilə bağlanması, eyni zamanda iddiaçı tərəfindən həmin şirkətə hansısa hüquqi yardıma görə 67,38 manat pul ödənilməsinin cavabdehə, habelə onlarla bağlanmış kredit müqaviləsi üzrə üzrə borcun ödənilməsinə heç bir aidiyyatı yoxdur. Buna görə də hazırki iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(043)-1900/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1900/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver