Məhkəmə qərarları › İş №e-2(043)-2028/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №e-2(043)-2028/2022

14.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(043)-2028/2022 14.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı “X4 Azərbaycan” QSC-nin cavabdehlər X2, Cavabdeh1 və qeyrilərinə qarşı “fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən e t d i: İddiaçı “X4 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə “X4 Azərbaycan” QSC-yə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsində yerləşən fərdi yaşayış evindən cavabdehlər X2, Cavabdeh1 və qeyrilərinin əşyaları ilə birlikdə çıxarılaraq evin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsində iddiaçının tələb irəli sürdüyü cavabdehlərin adları qeyd olunmadığından ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları göstərilməlidir. İddia ərizəsində cavabdehlərdən ikisi- X1 və Cavabdeh1 adları, poçt ünvanları, fərdi identifikasiya nömrələri göstərilsə də digər cavabdehlərin adları və onların poçt ünvanı göstərilməmiş, həmin şəxslərin kimlər olması barədə heç bir məlumat verilməmişdir. Belə olan halda qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış iddia tələbinə baxılması, cavabdehlərin müəyyən edilməsi və mülki işdə iştiraklarının təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: İddiaçı “X4 Azərbaycan” QSC-nin cavabdehlər X2, Cavabdeh1 və qeyrilərinə qarşı “fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar