Məhkəmə qərarları › İş №e-2(043)-237/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-237/2022

13.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-237/2022 13.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X7 iclas katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil, cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «qanunsuz əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində olan əmək müqaviləsinə xitam verilməsi barədə 01.07.2021-ci il tarixli, 09 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi və onun əvvəlki işinə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı ildən etibarən Cavabdeh ASC-də sürücü vəzifəsində çalışmış, ona 2009-cu ilədək avtobus təhkim edilmişdir. Sonrakı tarixdən isə öz şəxsi nəqliyyatı ilə işə çıxmışdır. İş rejimi olaraq hər gün yol vərəqəsi yazılaraq əmrlər qəbul edilən vaxtı respublika ərzisində pandemiya şəraiti yeni olduğuna görə onun marşurutu olmamışdır. Yəni o, nə Gədəbəy-Saratovka, nə də ki, başqa bir marşurut üzrə reysə çıxmamışdır. Barəsində çıxan əmrlərdən 2021-ci ilin sentyabr ayının 10-da xəbər tutmuşdur. Belə ki, onun poçt vasitəsi ilə aldığı məktubda barəsində 4 əmr vardı ki, onların 3-ü töhmət, biri isə 01 iyul 2021-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surəti olmuşdur. Əmrlərin surətini aldıqdan sonra həm Azarbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Regional ərazi şöbəsinə, həm də məhkəmədə iddia qaldırmaq üçün qanunun tələblərinə uyğun olaraq Mediasiya şurasına müraciət etmişdir. İşə mediator tərəfindən baxılsa da, qarşı tərəf barışığa getmədiyindən müvafiq arayış təqdim olunmuş və ona görə də, məhkəməyə müraciət etmişdir. Cavabdeh ASC tərəfindən qəbul edilən 09 iyul 2021-ci iİ tarixli əmr əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. 09 iyul 2021-ci il tarixli əmr, ondan əvvəl qebul edilən 10 iyun 2021-ci il tarixli xəbərdarlıq, 11 iyun 2021-ci il tarixdə töhmət verilməsi barədə və 12 iyun 2021-ci il tarixli şiddətli töhmət verilməsi barədə emrlər verilərkən heç bir məlumat verilməyərək izahatı alınmamışdır. Yalnız yuxarıda qeyd etdiyi kimi həmin əmrlər ona 10 sentyabr 2021-ci il tarixdə bir zərfdə göndərilmişdir. Həmçinin işəgötürənin iş fəaliyyəti 2021-ci ilin may və iyun aylarında başlamışdır. İş başladıqdan sonra isə ona hər hansı bir yol vərəqəsi yazılmamışdır ki, onu icra etməsin. Belə ki, Azarbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Regional ərazi şöbəsinə maraciəti əsasında araşdırma aparılmış, nəticədə işəgötürən bağlanmış əmək müqaviləsinə xitam verən zaman Azarbaycan Respublikası Əmək Məcəlləsinin 72 və 172-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Vəkil iddia tələbini müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək, cavabdehin iddiaçı barəsində olan əmək müqaviləsinə xitam verilməsi barədə 01.07.2021-ci il tarixli, 09 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi və onun əvvəlki işinə, yəni Cavabdeh ASC-də sürücü vəzifəsinə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X17 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilə 18 dekabr 2006-cı il tarixdən əmək müqaviləsi bağlanaraq Cavabdeh ASC-də sürücü vəzifəsində işə başlamışdır. İddiaçı müəssisədə işlədiyi müddətdə iş qrafiki üzrə olan öhdəlikləri yerinə yetirməyərək müəssisənin gəlirlərinə ziyan vurmaqla digər sürücülərə mənfi təsir göstərmişdir. Belə ki, İddiaçı müxtəlif vaxtlarda bir neçə dəfə Cavabdeh ASC-nin Gəncə-Saratovka marşurutu üzrə qrafiki pozaraq həmin qrafik üzrə reysə çıxan avtobusların hərəkət etməsinə mane olmuşdur. İddiaçı 09 iyun 2021-ci il tarixdə yuxarıda göstərilən marşurut üzrə qrafiki pozduğuna görə müəssisə tərəfindən ona 10 iyun 2021-ci il tarixdə xəbərdarlıq edilməsinə baxmayaraq, yenidən növbəti gün 11 iyun tarixində həmin marşurut üzrə qrafiki yenidən pozmuşdur. Onun nəticəsi olaraq ona həmin tarixdə töhmət verilmişdir. 12 iyun 2021-ci il tarixdə İddiaçı rəhbərliyin göstərişlərinə əməl etməyərək yenidən həmin marşurut üzrə qrafiki pozmuşdur. Bunun nəticəsi olaraq ona şiddətli töhmət verilmişdir. İddiaçı 25 iyun 2021-ci il tarixdə yenidən qrafiki pozması mütəmadi xarakter daşıyaraq müəssisənin digər işçilərinə də mənfi təsir göstərdiyindən 01 iyul 2021-ci il tarixdə Cavabdeh ASC-nin Həmkarlar təşkilatının iclas protokolunun çıxarışı və əvvəllər edilmiş xəbərdarlıqlardan nəticə çıxarmaması səbəbindən 18 dekabr 2006-cı il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan 18 dekabr 2006-cı il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı yuxarıda göstərilən tarixdə Cavabdeh ASC-yə sürücü vəzifəsinə işə qəbul edilərək onunla müddətsiz olaraq əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Cavabdeh ASC-yə məxsus Gəncə-Saratovka marşurutuna işləyən X4 09 iyun 0221-ci l tarixli “Ərizə”-sindən görünür ki, 09.06.2021-ci il tarixdə yuxarıda göstərilən marşurut üzrə işləmək üçün Gəncə avtovağzalına gəlmiş, lakin “Mersedes-Benz” markalı **-VU-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü İddiaçı onu qrafik üzrə işləməli olmadığı halda sərnişinləri idarə etdiyi avtomaşına əyləşdirərək getmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin istismar şöbəsinin mühəndisi X8 Cavabdeh ASC-nin rəhbəri X12 ünvanladığı 10.06.2021-ci il tarixli məlumatından görünür ki, 09.06.2021-ci il tarixdə Gəncə avtovağzalında olmuş və İddiaçı nə avtovağzal işçilərinin nə də müəssisə işçilərinin etirazına əhəmiyyət verməyərək qrafikin onun olduğunu, özəlləşdirdiyini və bu qrafik üzrə Şahbaz oğlanlarından başqa heç kimin işləyə bilməyəcəyini bildirərək Gəncə-Saratovka marşurutu üzrə idarə etdiyi “Mersedes-Benz” markalı **-VU-*** dövlət nömrə nişanlı avtomaşına sərnişinləri əyləşdirərək getdiyindən sürücünün özbaşınalığına son qoyulması üçün lazımı tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin baş mexaniki X2 Cavabdeh ASC-nin sədri X12 ünvanladığı 10.06.2021-ci il tarixli məlumatından görünür ki, 09.06.2021-ci il tarixdə Gəncə avtovağzalında olmuş və İddiaçı nə avtovağzal işçilərinin nə də müəssisə işçilərinin etirazına əhəmiyyət verməyərək qrafikin onun olduğunu, özəlləşdirdiyini və bu qrafik üzrə Şahbaz oğlanlarından başqa heç kimin işləyə bilməyəcəyini bildirərək Gəncə- Saratovka marşurutu üzrə idarə etdiyi “Mersedes-Benz” markalı **-VU-*** dövlət nömrə nişanlı avtomaşına sərnişinləri əyləşdirərək getdiyidən sürücünün özbaşınalığına son qoyulması üçün lazımı tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin 10 iyun 2021-ci il tarixli 06 saylı əmrindən görünür ki, İddiaçı Gəncə-Saratovka marşurutu üzrə iş qrafiki olmadan icazəsiz olaraq işlədiyinə, müəssisənin iş ahəngini pozduğuna və rəhbərliyə tabe olmadığına görə ona “Xəbərdarlıq” edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin dəstə rəisi X6 Cavabdeh ASC-nin sədri X12 ünvanladığı 11.06.2021-ci il tarixli məlumatından görünür ki, 11.06.2021-ci il tarixdə Gəncə avtovağzalında olmuş və İddiaçı eyni ilə 09.06.2021-ci il tarixdə etdiyi hərəkəti təkrarlayaraq yenə də avtovağzal və müəssisə işçilərinin etirazına əhəmiyyət verməyərək Gəncə-Saratovka marşurutu üzrə idarə etdiyi “Mersedes-Benz” markalı **-VU-*** dövlət nömrə nişanlı avtomaşına sərnişinləri əyləşdirərək getdiyidən sürücünün özbaşınalığına son qoyulması üçün lazımı tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin 11 iyun 2021-ci il tarixli, 07 saylı əmrindən görünür ki, İddiaçı Gəncə-Saratovka marşurutu üzrə iş qrafiki olmadan icazəsiz olaraq qeyri qanuni işlədiyinə, müəssisənin iş ahəngini pozduğuna və rəhbərliyə tabe olmadığına görə ona “Töhmət” verilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh ASC-nin sədri X12 11 iyun 2021-ci il tarixdə verdiyi izahatından görünür ki, Gəncə-Saratovka marşurutu xəttinin atası X3 məxsus olmasını və sonuncu reysə getməyi ona həvalə etdiyini, həmçinin Cavabdeh ASC-nin sədrinin ona xəbərdarlıq etməsinə baxmayaraq marşurut üzrə reysə getdiyini bildirmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin istismar şöbəsinin mühəndisi X8 Cavabdeh ASC-nin rəhbəri X12 ünvanladığı 12.06.2021-ci il tarixli məlumatından görünür ki, 12.06.2021-ci il tarixdə Gəncə avtovağzalında olmuş və İddiaçı yenidən əvvəlki tarixdə etdiyi hərəkətləri təkrarlayaraq nə avtovağzal işçilərinin nə də müəssisə işçilərinin etirazına əhəmiyyət verməyərək Gəncə-Saratovka marşurutu üzrə idarə etdiyi “Mersedes- Benz” markalı **-VU-*** dövlət nömrə nişanlı avtomaşına sərnişinləri əyləşdirərək getdiyindən sürücünün özbaşınalığına son qoyulması üçün lazımı tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin dəstə rəisi X6 Cavabdeh ASC-nin sədri X12 ünvanladığı 12.06.2021-ci il tarixli məlumatından görünür ki, 12.06.2021-ci il tarixdə Gəncə avtovağzalında olmuş və İddiaçı eyni ilə 09.06.2021-ci il tarixdə etdiyi hərəkəti təkrarlayaraq yenə də avtovağzal və müəssisə işçilərinin etirazına əhəmiyyət verməyərək Gəncə-Saratovka marşurutu üzrə idarə etdiyi “Mersedes-Benz” markalı **-VU-*** dövlət nömrə nişanlı avtomaşına sərnişinləri əyləşdirərək getdiyidən sürücünün özbaşınalığına son qoyulması üçün lazımı tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin sədri X10, istismar şöbəsinin mühəndisi X8 və dəstə rəisi X6 iştirakı ilə tərtib edilmiş 12 iyun 2021-ci il tarixli aktdan görünür ki, İddiaçı haqqında yazılan məlumatlara dair izahat verməkdən imtina etmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin sədri X10, istismar şöbəsinin mühəndisi X8 və dəstə rəisi X6 iştirakı ilə tərtib edilmiş 12 iyun 2021-ci il tarixli aktdan görünür ki, İddiaçı yenə də özbaşınalığını davam etdirərək qanunsuz olaraq Gəncə-Saratovka marşurutu üzrə iş qrafiki olmadan icazəsiz olaraq qeyri qanuni işləyərək qrafikə görə həmin marşurut üzrə işləməli olan diğər əməkdaşın iş prosesinə maneəçilik törədərək müəssisə daxili nizam intizama tabe olmaması digər sürücülərə də mənfi təsir göstərməklə müəssisənin gəlirlərinin azalmasına səbəb olmuşdur. İş materiallarında olan Cavabdeh ASC-nin 12 iyun 2021-ci il tarixli 08 saylı əmrindən görünür ki, İddiaçı Gəncə-Saratovka marşurutu üzrə iş qrafiki olmadan icazəsiz olaraq qeyri qanuni işlədiyinə, müəssisənin iş ahəngini pozduğuna və rəhbərliyə tabe olmadığına görə ona “Şiddətli töhmət” verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin dəstə rəisi X6 Cavabdeh ASC-nin sədri X12 ünvanladığı 26.06.2021-ci il tarixli məlumatından görünür ki, 25.06.2021-ci il tarixdə Gəncə avtovağzalında olmuş və İddiaçı eyni ilə əvvəlki tarixlərdə etdiyi hərəkəti təkrarlayaraq yenə də avtovağzal və müəssisə işçilərinin etirazına əhəmiyyət verməyərək Gəncə-Saratovka marşurutu üzrə idarə etdiyi “Mersedes-Benz” markalı **-VU-*** dövlət nömrə nişanlı avtomaşına sərnişinləri əyləşdirərək getdiyidən qrafikə görə həmin marşurut üzrə işləməli olan X4 iş prosesinə maneəçilik törətdiyindən sürücünün özbaşınalığına son qoyulması üçün lazımı tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh ASC-də sürücü işləyən X4 Cavabdeh ASC-nin rəhbəri X12 ünvanladığı 25.06.2021-ci il tarixli məlumatından görünür ki, 25.06.2021-ci il tarixdə Gəncə-Saratovka marşurutu üzrə hərəkət edən zaman X11 **-CP-*** dövlət nömrə nişanlı avtomaşınla arxası ilə İddiaçı isə idarə etdiyi “Mersedes-Benz” markalı **-VU-*** dövlət nömrə nişanlı avtomaşınla sərnişinləri əyləşdirərək apardığından nəzərdə tutulmuş planı ödəyə bilməmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin sədri X10, Cavabdeh ASC-nin Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Həmkarlar İttifaqı Komitəsinin 30 iyun 2021-ci il tarixli 01 saylı protokoluna əsasən qəbul etdiyi qərardan görünür ki, Cavabdeh ASC-nin sürücüsü İddiaçı müəssisənin iş ahəngini pozduğuna, istismar qaydalarını kobud surətdə pozması və rəhbərliyə tabe olmadığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin 01 iyul 2021-ci il tarixli, 09 nömrəli əmrdən görünür ki, sürücü X4 09.06.2021-ci il tarixli ərizəsi, baş mexanik Muxtarov Ə.M və istismar şöbəsinin mühəndisi Əliyev G.Ə məlumatları və 10.06.2021-ci il tarixli 06 saylı xəbərdarlıq əmri, dətə rəisi Eyyubov.İ.B məlumatı və sürücü Quliyev M.Ş izahatı və 11.06.2021-ci il tarixli 07 saylı töhmət verilməsi haqqında əmr, istismar şöbəsinin mühəndisi Əliyev G.Ə və dəstə rəisi Eyyubov İ.B 12.06.2021-ci il tarixli aktları, 12.06.2021-ci il tarixli məlumatları və müəssisənin məsul şəxsləri tərəfindən tərtib edilmiş 12.06.2021- ci il tarixli aktları, 12.06.2021-ci il tarixli 08 saylı şiddətli töhmət verilməsi əmri, cəmiyyətin müqavilə əsasında işləyən sürücüsü X4 və dəstə rəisi Eyyubov İ.B 25.06.2021- cil tarixli məlumatları, müəssisənin Həmkarlar Təşkilatının 30.06.2021-ci il tarixli iclas protokolundan çıxarış və işdən azad edilmə haqqqında məktub əsasında İddiaçı işdən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən 01.07.2021-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin 08.09.2021-ci il tarixli №xxxxxxx0003X0 nömrəli bildirişdən görünür ki, Cavabdeh ASC-nin sürücüsü İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən 01.07.2021-ci il tarixdən xitam verilməsi barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə Azərbaycan Respublikası Mediasiya Şurası tərəfindən mediator qismində təyin edilmiş, Gəncə şəhəri, Atatürk prospekti 438A ünvanında fəaliyyət göstərən X1 17.11.2021ci il tarixli, MŞİH/06313 saylı arayışından görünür ki, İddiaçı “Əmək müqaviləsini ləğv etməsinə dair” müraiəti əsasında tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən telefon və poçt vasitəsi ilə məlumatlandırılan qarşı tərəf Cavabdeh ASC mübahisə üzrə 17 noyabr 2021-ci il saat 15:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.07.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan Azarbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə-Regional ərazi şöbəsinin İddiaçı ünvanlanmış 15 noyabr 2021-ci il tarixli, **********5 nömrəli məktubdan görünür ki, Cavabdeh ASC-nin məktuuna əsasən 2020-ci ilin aprel ayından 2021-ci ilin iyun ayınadək pandemiya ilə əlaqədar olaraq müəssisə fəaliyyət göstərməmişdir. Müəssisə fəaliyyətə başladığı gündən Məhəmməd Şahbazov yol vərəqəsi almamış və işə çıxmamasına baxmayaraq öz şəxsi mənafeyi üçün qeyri qanuni işləmişdir. Bu səbədən əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda pandemiya dövründə əmək haqqı hesablanmadığından son haqq hesab da hesablanmamışdır. Məktuba əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işəgötürən tərəfindən əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərinə uyğun əsaslandırılmamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə inzibati xəta törədilmişdir. İnzibati xətanı törədən Cavabdeh ASC-nin idarə heyyətinin sədri X17 barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. İş materiallarında olan Azarbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Regional ərazi şöbəsinin rəisi əhimov Ayaz Süleyman oğlunun 16 noyabr 2021-ci il tarixli, MN №0646396 nömrəli inzibati xəta vermə haqqında qərarından görünür ki, Cavabdeh ASC-nin idarə heyyətinin sədri X17 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işəgötürən tərəfindən əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər Əmək Məcəlləsinin 72ci maddəsinin tələblərinə uyğun əsaslandırılmamış, həmin məcəllənin 172.4-cü maddəsi pozularaq son haqq hesab işçi işdən çıxdığı gün ödənilməmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə inzibati xəta törətdiyindən, həmin Məcəllənin 114.1.1 və 115-ci maddələrini rəhbər tutub Azərbaycan Respublikası İXM-nın 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 700 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflərin qarşılıqlı münasibətləri əmək müqaviləsinə işə götürən tərəfindən xitam verilməsi üzrə yaranan əmək mübahisəsidir və həmin mübahisə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsini tənzimləyən müddəalarına əsasən həll edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X5 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə görə Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsipinə əsaslanır. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin «b» və «ə» bəndlərinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqaviləsini ləğv etmək və bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinə görə işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin «c» bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin Məcəllənin 47-ci maddəsinin "f" bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı 2006-cı ildən 2021-ci ilin iyul ayına kimi Cavabdeh ASC-də sürücü vəzifəsində çalışmışdır. İddiaçı 09 iyun 2021-ci il tarixdən etibarən iş qrafiki üzrə olan öhdəlikləri yerinə yetirməyərək müəssisənin gəlirlərinə ziyan vurmaqla digər sürücülərə mənfi təsir göstərmişdir. Belə ki, İddiaçı müxtəlif vaxtlarda bir neçə dəfə Cavabdeh ASC-nin Gəncə- Saratovka marşurutu üzrə qrafiki pozaraq həmin qrafikə görə reysə çıxacaq avtobusların hərəkət etməsinə mane olmuşdur. İddiaçı 09 iyun 2021-ci il tarixdə yuxarıda göstərilən marşurut üzrə qrafiki pozduğuna görə müəssisə tərəfindən ona 10.06.2021-ci il tarixli əmrlə xəbərdarlıq edilməsinə baxmayaraq növbəti gün 11 iyun tarixində həmin marşurut üzrə qrafiki yenidən pozmuşdur. Bunun nəticəsi olaraq ona həmin tarixdə töhmət verilmişdir. 12 iyun 2021-ci il tarixdə təkrarən İddiaçı rəhbərliyin göstərişlərinə əməl etməyərək həmin marşurut üzrə qrafiki pozmuşdur. Bunun nəticəsi olaraq ona şiddətli töhmət verilmişdir. Sonuncu 25.06.2021-ci il tarixdə yenidən qrafiki pozması mütəmadi xarakter daşıyaraq müəssisənin digər işçilərinə də mənfi təsir göstərməsi, həmçinin sürücü X4 09.06.2021-ci il tarixli ərizəsi, baş mexanik X2 və istismar şöbəsinin mühəndisi X8 məlumatları və 10.06.2021-ci il tarixli 06 saylı xəbərdarlıq əmri, dəstə rəisi X6 məlumatı və sürücü İddiaçı izahatı və 11.06.2021-ci il tarixli 07 saylı töhmət verilməsi haqqında əmr, istismar şöbəsinin mühəndisi X8 və dəstə rəisi X6 12.06.2021-ci il tarixli aktları, 12.06.2021-ci il tarixli məlumatları və müəssisənin məsul şəxsləri tərəfindən tərtib edilmiş 12.06.2021-ci il tarixli aktları, 12.06.2021-ci il tarixli 08 saylı şiddətli töhmət verilməsi haqqında əmri, cəmiyyətin müqavilə əsasında işləyən sürücüsü X4 və dəstə rəisi X6 25.06.2021-ci il tarixli məlumatları, müəssisənin Həmkarlar Təşkilatının 30.06.2021-ci il tarixli iclas protokolundan çıxarış və işdən azad edilmə haqqqında məktub əsasında İddiaçı işdən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə əsasən 01 iyul 2021-ci il tarixdə Cavabdeh ASC-nin 18 dekabr 2006-cı il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilməsi əmək qanunvericiliyinə görə işəgötürənin hüquq və vəzifəsi olduğundan, işəgötürənin, yəni Cavabdeh ASC-nin sədrinin 01.07.2021-ci il tarixli 09 nömrəli əmri qanuni və əsaslıdır. Belə ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanan 18 dekabr 2006-cı il tarixli əmək müqaviləsinin (kontraktın) təsdiq olunmuş surətindən görünür ki, İddiaçı həmin Cəmiyyətdə sürücü vəzifəsinə (peşəsinə) müddətsiz olaraq qəbul edilmişdir. Müqavilənin 3.10-cu bəndinə əsasən sürücü İddiaçı avtobusu yalnız qrafik üzrə respublika daxilində işlətməlidir. Müqavilənin 8.4-cü bəndinə əsasən isə əmək qanunvericiliyini pozan işçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq işdən azad edilir. Belə olan halda, İddiaçı əmək müqaviləsində üzərinə götürdüyü öhdəlikləri pozduğundan məhkəmə hesab edir ki, həmin əmrin ləğv olunması və işə bərpa ilə bağlı iddia tələbi əsassızdır və rədd edilməlidir. İddiaçı tələbində və məhkəmə iclasında verdiyi izahatında onun Cavabdeh ASC-də sürücü vəzifəsinə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, Əmək Məcəlləsinin 84-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunundan bəhs edilir.

1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə qeyd olunan normalar baxımından da hesab edir ki, cavabehin rəhbərinin 01.07.2021-ci il tarixli, 01 nömrəli əmrinin məzmununda da pozuntuya yol verilməmiş və əmrdə əks olunan məlumatlar 84-cü maddənin tələblərinə uyğun əmrdə əks etdirilmişdir. Məhkəmə sonda onu da qeyd edir ki, Azarbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə-Regional ərazi şöbəsinin İddiaçı ünvanlanmış 15 noyabr 2021-ci il tarixli, **********5 nömrəli məktubu məhkəmə üçün heç bir preyudisial əhəmiyyətə malik ola bilməz. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «qanunsuz əmrin ləğv edilməsinə və işə bərpa» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar