Məhkəmə qərarları › İş №e-2(043)-957/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-957/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-957/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlu, iddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra QSC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 121,74 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “X2 Azərbaycan” QSC arasında 14 mart 2014-cü il tarixli debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilələri bağlanmışdır. Qeyd olunan müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbədən iddiaçı “X2 Azərbaycan” QSC borcun ödənilməsi tələbi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müaciət etmişdir. Həmin məhkəmə iş üzrə 22.02.2021-ci il tarixli, 2(043)-566/2021 nömrəli qətnamə çıxarmışdır. Nəticədə iddiaçı “X2 Azərbaycan” QSC “X1” MMC ilə bağlanmış 14.12.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən borcun məhkəmə qərarı üzrə tələb edilməsini “X1” MMC-yə sifariş etmişdir. Cavabdeh tərəfindən 11.08.2021-ci il tarixdə 811.60 manat məbləğində ödənilən məbləğ “X1” MMC-nın vasitəsilə təmin edilmiş və buna görə də, “X2 Azərbaycan” QSC “X1” MMC-ya 121,74 manat məbləğində xidmət haqqı ödəmişdir. 14.03.2014-cü il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X1” MMC-yə cavabdehl tərəfindən “X2 Azərbaycan” QSC-yə ödənilmiş məbləğin 15 % həcmində, yəni ümumilikdə 121,74 manat məbləğində xidmət haqqı ödəmişdir. Cavabdehlə bağlanmış 14 mart 2016-cı il tarixli kredit müqaviləsinin 5.2-ci maddəsinə əsasən çəkilmiş bütün xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, “X1” MMC (büro) ilə “X2 Azərbaycan” QSC (bank) arasında bağlanmış “Hüquqi xidmət haqqında” 14 dekabr 2016cı il tarixli müqavilədən görünür ki, bu müqavilə istehlak kreditləri, avtomobil kreditləri və/və ya təminatı avtomobil, nəqliyyat vasitələri və s. olan kreditləri, kredit kartları və/və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquqi xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci maddəsinə görə, Bank müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar: Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15 % nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir. İş materiallarında olan 30.08.2021-ci il tarixli təhvil aktından görünür ki, 14.12.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən “X1” MMC 2021-ci ilin avqust ayı üzrə göstərdiyi hüquqi xidməti cədvəl üzrə “X2 Azərbaycan” QSC-yə təhvil verir. Cədvəldən görünür ki, digər müştərilərlə yanaşı, Cavabdeh tərəfindən 11.08.2021-ci il tarixdə 811,60 manat ödəniş həyata keçirilmiş, buna görə MMC tərəfindən həmin məbləğin 15 faizi məbləğində (121 manat 74 qəpik) xidmət haqqı hesablanmışdır. İş materiallarında olan 04.10.2021-ci il tarixli 08A/2021 nömrəli ödəniş tapşırığından görünür ki, “X2 Azərbaycan” QSC “X1” MMC-nin həmin Bankda olan hesabına 1267,52 manat pulun ödənilməsi ilə bağlı tapşırıq vermişdir. Ödənilməsi tapşırılmış pul vəsaitinin təyinatı kimi “hüquqi xidmətlər” qeyd olunmuşdur. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsasız olduğundan rədd edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit və zaminlik müqavilələri üzrə, borclu tərəfindən öhdəliklər lazımınca yerinə yetirilmədiyindən, kreditor tərəfindən məhkəməyə müraciət edilmiş və qəbul olunmuş məhkəmə aktlarına əsasən cavabdehdən müqavilə üzrə yaranmış əsas borc, faiz borcu və cərimə ilə yanaşı, dövlət rüsumu və digər komission və xidmət haqları da iddiaçının xeyrinə tutulmuşdur. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün müvafiq İcra Şöbəsinə göndərilmiş və icra mərhələsində tələb üzrə qətnamədə müəyyən edilmiş məbləğlərin ödənilməsi təmin edilmişdir. İddiaçı ilə “X1” MMC arasında 14.12.2016-cı il tarixli Hüquqi xidmət haqqında müqavilə bağlanmış, göstərilmiş hüquqi xidmətə görə iddiaçı tərəfindən MMC-yə 121,74 manat məbləğində pul ödənilmişdir. Hazırda iddiaçı cavabdehlərdən onların borcları üzrə yığılmış vəsaitlərin 15 faizi məbləğində “X1” MMC-yə hüquqi xidmət haqqı ödənilməsini əsas gətirərək, həmin pulun cavabdehlərdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, mülki-prosessual qanunvericilik nümayəndəyə çəkilmiş xərcləri işə baxılması ilə əlaqədar olan məsrəflərə aid etmiş və həmin məbləği ağlabatan məbləğdə xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutmuşdur. Digər tərəfdən, məhkəmə qeyd edir ki, əvvəla iddiaçı ilə “X1” MMC arasında bağlanmış 14.12.2016-cı il tarixli Hüquqi xidmət haqqında müqavilədə ümumi, mücərrədd şəkildə MMC tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi əks olunmuş, konkret olaraq cavabdehlər ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı ilə “X1” MMC arasında hüquqi yardım haqqında müqavilənin şərtlərinə görə MMC-yə həm məhkəmədə hüquqi yardım göstərməsinə görə, həm də icra tədbirləri görülməsində iştirakına görə haqq ödənilməsi nəzərdə tutulur. Yuxarıda qeyd edildiyi kimi, MMC-nin məhkəmədə baxışı mərhələsində iddiaçıya hüquqi yardım göstərmədiyi aşkardır. İddiaçı həmin müqavilə çərçivəsində məhz icra mərhələsində qeyd edilən borc mübahisəsi ilə bağlı “X1” MMC-nin ona hüquqi xidmət göstərməsinə istinad etsə belə, hüquqi xidmətin göstərilib-göstərilmədiyi, xidmətin nədən ibarət olması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Hazırda iddiaçının cavabdehlərdən tələb etdiyi məbləğ məhkəmə qərarının icrası mərhələsində ona hüquqi yardımın göstərilməsi ilə bağlı olsa belə, iddia yenə də təmin edilə bilməz. Belə ki, icra haqqında Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Qanunvericilik icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid etməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən etmiş, iddiaçı tərəfindən icra ilə bağlı çəkilən xərclərin cavabdehlərdən tələb edilməsi isə qanunla nəzərdə tutulmamışdır və iddiaçı tərəf hüquqi yardıma görə “X1” MMC-yə cavabdehlərdən alınmış məbləğin 15 faizi həcmində ödəniş edildiyini qeyd etsə də, həmin məbləğlərin ödənilməsi üçün əsasları göstərməmiş, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, iş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı tərəfindən “X1” MMC-yə pul vəsaitləri ödənilməsi tapşırılmış, həmin ödənişlərin təyinatı kimi isə hüquqi xidmət göstərilmişdir. Lakin, qeyd edilməlidir ki, yalnız ödəniş tapşırığının verilməsi hələ ödəyicinin göstərdiyi şəxsin hesabına pul vəsaitinin ödənilməsini təsdiq etmir. Belə ki, Mülki Məcəllənin 973.1-ci maddəsinə əsasən ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla nəzərdə tutulmuş və ya qanuna uyğun təyin edilmiş müddətdə köçürməyi öhdəsinə götürür. Həmin Məcəllənin 975.1-ci maddəsinə əsasən ödəyicinin ödəniş tapşırığını qəbul etmiş bank müvafiq pul məbləğini tapşırıqda göstərilmiş şəxsin hesabına salınmaq üçün vəsait alanın bankına bu Məcəllənin 973.1-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə köçürməlidir. Qanunun mənasına görə, ödəniş tapşırığı verildikdən sonra, bank ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla müəyyən edilmiş müddətdə ödəməni həyata keçirməlidir. Lakin, iddiaçı tərəfindən “X1” MMC-nin hesabına vəsaitin ödənilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, ödəniş tapşırığında ödənişlərin təyinatı kimi hüquqi xidmət göstərilsə də, həmin hüquqi xidmətlərin məhz cavabdehlərlə bağlı olması ödəniş tapşırığında öz əksini tapmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş cavabdehlərdən tutulmalı olan məbləğ ipoteka predmetinə tutma yönəldildikdən və həmin əmlak satıldıqdan sonra ödənilmişdir. Borcun ödənilməsində “X1” MMC-nin heç bir xidməti olmamış, İddiaçı ilə “X1” MMC arasında hüquqi yardım haqqında müqavilə bağlanması, eyni zamanda iddiaçı tərəfindən həmin şirkətə hansısa hüquqi yardıma görə 121,74 manat pul ödənilməsinin cavabdehə, habelə onunla bağlanmış kredit və zaminlik müqavilələri üzrə borcun ödənilməsinə heç bir aidiyyatı yoxdur. İddiaçı iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə sübutlar təqdim edə bilmədiyindən və buna görə də hazırki iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Göstərilən Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. qət etdi: “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. “X2 Azərbaycan” QSC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar