Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-464/2022 28.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi olan Vəkil oğunun və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında 28 fevral 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İş materiallarında olan nikah haqqında və doğum haqqında şəhadətnamələrlə müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı 15.12.2000-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə, evlənmişlər və onların birgə nikahlarından 15.0.2001-ci il tarixdə Aqil adlı, 17.03.2003-cü il tarixdə Qabil adlı uşaqları doğulmuşdur.
2. Tərəflər evləndikdən sonra cavabdehin atasına məxsus Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən fərdi yaşayış evində yaşamış, 2009-cu ildə isə Gəncə şəhəri, Nizami rayonu, Gülüstan yaşayış massivi, Qəmərli sahəsində yerləşən tikilidə yaşamağa başlamışlar.
3. 2021-ci ildə tərəflər arasında ailə münasibətləri pozulmuş və onlar faktiki ayrılmışlar.
4. Gəncə Şəhəri Nizami RİH başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsinin 17.12.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır.
Məhkəmədə icraat - iddia ərizəsi və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehin yaaşdığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 2000-ci ilin noyabr ayında nikah bağlamışdır. Toy olduqdan sonra onlar cavabdehin yaşadığı Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən evdə yaşamağa başlamışlar. Bir müddət orada yaşadıqdan sonra 2009-cu ildə ünvan 1ndə boş torpaq sahəsi almışlar və orada ev tikdirərək, ailəlikcə həmin evə köçmüşlər. O, cavabdehlə mübahisə etmiş və cavabdeh onu evdən çıxartmışdır. Onların nikahı pozulmamışdır, uşaqları da hazırda həmin evdədir. Həmçinin, onun bütün paltarları, əşyaları da həmin evdədir. Onun başqa yaşayış sahəsi yoxdur, məcbur qalaraq müvəqqəti valideynlərinin evində məskunlaşmışdır. Həmin ev cavabdehlə onun birgə nikahı dövründə tikilmişdir. Ev yaşamaq üçün tam hazır vəziyyətdədir, su, işıq, qaz və sair kommunal xidmətlərlə təchiz edilmişdir.
7. İddiaya qarşı cavabdehin yazılı etirazı - ərizəsində bildirmişdir ki, o, iddia ərizəsi ilə razı deyildir. O, iddiaçı ilə aralarında olan nikahın pozulması ələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı ailəli olduqları dövrdə bir neçə dəfə ayrı-ayrı səbəblərlə onun və övladlarının adına və şəxsiyyətinə xələl gətirə biləcək hərəkətlər etmişdır. İddiaçının qardaşı qızı və eyni zamanda onun bibisi oğlunun həyat yoldaşı olan İsmayılova Aytac Nəsirnı qızının sosial şəbəkələrdə tanış olduğu başqa oğlanla görüşməsinə şərait yaratmış, eyni zamanda xəstəxanaya və alış verişə aparacağı adı ilə dəfələrlə atası evindən götürərək həmin oğlanla görüşməsinə şərait yaratmiş və ən əsası bu görüşlərin bəzilərində özü də yaxından iştirak etmişdir. Aytacın həyat yoldaşı olan X1 hərbiçidir, elə bu hadislər də belə demək mümkünsə Dəmirin həmin vaxtlar Kəlbəcər ərazisində olduğu müddətdə baş vermişdir. Dəmir 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır, hal hazırda da ön cəbhədə xidmət edir. O, bu hadislərdən sonra, iddiaçının istifadəsində olan telefon nömrəsi onun adına olduğu üçun nar mobile şirkətinə rəsmi müraciət edərək həmin nömrədən 180 gün ərzində çıxan zənglərin sıyahısını çıxartdırmışdır. Orda bir neçə (3) ayrı ayrı nömrələrlə uzun müddətli danışıq dəqiqələrinin şahidi olmuşdur. Ən əsası da odur ki ,bu zənglərin hər biri o, işdə və başqa rayonlarda olduğu günlərdə və ən pis tərəfi isə gecə saat 01-05 aralıqlarında olmasıdır. Həmin çıxarış formasını iddiaçıya və onun qardaşına, əmisinə, qardaşının yoldaşına, bacısına göstərmiş və hər birinin yanında bu zənglərin və nömrələrin nə olduğunu təkidlə soruşmuş, lakin tək bir cavab almışdır – “MƏNİM XƏBƏRİM YOXDUR”. Gecə saat 01 – 02 - 08-də bir insanın telefonundan tanımadıqları (Get contakt proqramında adları oğlan adı kimi görsənən) nömrələrə zənglər gedib və danışıqlar olubsa, bu zənglərin necə olduğunu kimdən soruşsunlar? O, bütün sənədlərini idarə etdiyi avtomobildə sənəd qabında saxladığı üçün, həmin çıxarışı da sənəd qabına qoymuşdur. Çox təəssuf və məyus bir halda bildirir ki, həmin çıxarış və digər başqa əşyalar idarə etdiyi avtomobildən oğurlanmışdır. O, əminliklə bildirir ki, onun itən əşyalarını oğurlayan adam elə iddiaçının özüdür. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. olmuşdır.
8. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və iclasda nümayəndəsi olan Vəkil ilə təmsil edilmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
9. İddiaçı nümayəndəsi olan Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərlə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsində göstərdiklərini bir daha təsdiq edərək, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.
11. Sədrlik edənin sualına cavab olaraq isə bildirdi ki, mübahisə olunan evin və onun yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri mövcud deyildir. O, torpaq sahəsini faktiki olaraq atası almış və orada ev inşa etdirmişdir.
Tətbiq edilən hüquq:
12. Mülki Məcəllə Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
13. Mənzil Məcəlləsi Maddə 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Maddə 12.3. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli Qərarı: - Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. - ... yaşayış sahələri yalnız “mülki dövriyyənin predmeti olduqda” mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. - Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri).
15. Mülki Prosessual Məcəllə Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməməlidir.
17. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflərin birgə nikah dövründə yaşadıqları ünvan 1ndə yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla, nə onun, nə də evin yerləşdiyi torpaq sahəsinin heç bir hüquqmüəyyənedici sənədi yoxdur.
18. İddiaçı tərəf də torpaq sahəsinin və mübahisəli yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində cavabdehin və ya hər hansı şəxsin adına qeydə alınmasına dair heç bir sübut növü təqdim etməmişdir.
19. Bu isə onu ehtiva edir ki, mübahisəli yaşayış sahəsi özbaşına inşa edilmə nəticəsində yaranmışdır və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mübahisəli evə dair hər hansı bir hüququ əmələ gəlməmişdir.
20. Belə ki, insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlər mənzil hesab edilə biməz. Çünki mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur.
21. Hazırkı işdə isə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olması, yəni heç bir hüquqmüəyyənedici sənədi olmaması və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmaması mübahisəsiz olaraq müəyyən edilir.
22. Beləliklə, məhkəmə hesab edir ki, özbaşına inşa olunan tikililər mənzil hüququnun obyekti sayılmadığı üçün iddiaçı sözügedən evə köçürülməsini tələb etməkdə haqlı deyildir.
23. İddia rədd edildiyi üçün Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə müvafiq olaraq ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.
24. Yuxarıda göstərilənləri rəhbər tutaraq və nəzərə alaraq, məhkəmə
Qət etdi:
İddiaçı Cavabdeh qarşı evə köçürülməyə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Gündüz Şirinov