Məhkəmə qərarları › İş №e-2(044)-466/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-466/2022

02.02.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-466/2022 02.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə və 3-cü şəxs Azərbyacan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair işə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə və 3-cü şəxs Azərbyacan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 02.12.2021-ci il tarixli K-151 nömrəli əmrin ləğv edilməsini, bərpa edilməsini və məcburi iş buraxdığı dövr üçün əmək haqqının cavabdeh müəssisədən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 02.12.2021-ci il tarixli K-151 nömrəli əmr ilə onun əmək müqaviləsinə xitam verilmiş və həmin əmrdə, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Təhsil Nazirinin 18.11.2021-ci il tarixli 1400 nömrəli yoxlamanın nəticələrinə dair əmrinə əsasən əmək funksiyalarını keyfiyyətsiz yerinə yetiridiyinə, əmək müqaviləsi ilə vəzifəsinin icrasına səhlənkar yanaşdığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 01.12.2021-ci il tarixdən ləğv edilərək ona son haqq hesab ödənilməsi qeyd edilmişdir. Qeyd edilən əmrin əsası kimi Azərbaycan Respublikası Təhsil Nazirinin 18.11.2021-ci il tarixli, K-1400 saylı əmri və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstəreilmişdir. Həmin əmrin 5.1-ci bəndində qeyd edilir ki, yoxlamanın əhatə etdiyi dövrlərdə onunla (8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Kəlbəcər rayonu üzrə aparıcı məsləhətçisi vəzifəsi) bağlanmış əmək müqaviləsinin əmək funksiyalarını keyfiyyətsiz yetirməsinə, əmək müqavilələri üzrə vəzifələrinin icrasına səhlənkar yanaşdığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən təmin edilməsi qeyd edilmişdir. Cavabdehin onunla əmək müqaviləsinə xitam verilməsinə dair əmrini, qanunvericiliyin imperativ normalarına zidddir, qanunsuzdur və əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Maddənin tələbindən göründüyü kimi bu əsasla əmək müqaviləsinə xitam verilən zaman qeyd edilən 3 haldan ən azı biri mövcud olmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən,aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Lakin cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi göstərilən normada nəzərdə tutulan 3 haldan heç biri mövcud olmamış, cavabdeh yalnız ümumi mülahizələrə əsaslanmışdır. Belə ki, şikayət olunan əmrdə onun, əmək funksiyasını keyfiyyətsiz yerinə yetiridiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifəsinin icrasına səhlənkar yanaşdığına görə Əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə əsasən ləğv edilməsi qeyd edilmişdir. O, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirildiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifəninin icrasına səhlənkar yanaşdığına görə o zaman onunla əmək müqaviləmə xitam verilə bilərdi ki, bu hallarla əlaqədar iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əgər bu hallardan hər hansısa biri mövcud olmamışdırsa, o zaman əmək müqaviləsi bu əsasla ləğv edilə bilməz. Əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilən zaman Müəssisənin Həmkarlar ittiafqı təşkilatının qabaqcadan razılığı alınmalı, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilən zaman cavabdeh müəssisənin həmkarlar ittifaqı təşkilatına yazılıtəqdimatla müraciət etməli və təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilməli idi. Qanunvericiliyin tələbinə əsasən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilən zaman işçinin konkret olaraq hansı əmək funksiyasını və əmək müqaviləsi üzrə hansı öhdəliklərini yerinə yetirməməsi, habelə əgər əmək məcəlləsinin 72ci maddəsində sadalanan hallardan hər hansısa biri mövcud olmuşdursa bunun işəgötürən öz əmrində göstərməli idi. Lakin işəgötürən bu halların heç birini öz əmrində göstərməmişdir.O, məhkəməyə müraciət etməmişdən əvvəl işəgötürənlə aralarında yaranmış fərdi əmək mübahisənin həlli məqsədilə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin cavabdeh tərəf ilkin mediasiya sessiyasına gəlməkdən imtina etdiyi üçün mediator tərəfindən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayış verilmişdir. Odur ki, əmək mübahisəsinin davamı olaraq məhkəməyə müraciət etmək məcburiyyətindədir. O, işlədiyi dövr ərəzində həmişə əmək funksiyasının icrasına vicdanlı, dürüst və nümanəvi şəkildə yanaşımış, fəaliyyət müddəti ərzində barəsində heç vaxt intizam tənbeh tədbiri tətbiq edilmişdir. Bu dövrlər ərzində müxtəlif təşəkkür, fəxri fərmanlar və s ilə təltif edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh müəssisə özünün K-151 saylı əmrində əmək müqaviləsinə Azərbaycan Respublikası Təhsil Nazirinin 18.11.2021-ci il tarixli, K-1400 nömrəli əmrinə əsasən və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla xitam vermişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Maddənin tələbindən göründüyü kimi bu əsasla əmək müqaviləsinə xitam verilən zaman qeyd edilən 3 haldan ən azı biri mövcud olmalıdır. Məhkəmədənn iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndəsi X2 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 3-cü Azərbyacan Respublikası Təhsil Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh 3-cü şəxs Azərbyacan Respublikası Təhsil Nazirliyinin nümyayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 02.12.2021-ci il tarixli K-151 saylı əmrindən görünür ki, 8 saylı Ərazi Maliyə Hesablaşma Mərkəzinin aparıcı-məsləhətçisi-İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Təhsil Nazirinin 18.11.2021-ci il tarixli K-1400 nömrəli yoxlamanın nəticələrinə dair əmrinə əsasən əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə,əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifənin icrasına səhlənkar yanaşdığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 01 dekabr 2021-ci il tarixdən ləğv edilmiş və ona son haqq hesab ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin K-1400, saylı 18 noyabr 2011-ci il tarixli əmrinin (5.1-ci bəndində) surətindən görünür ki, 8 saylı ƏMHM-nin Kəlbəcər rayonu üzrə aparıcı-məsləhətçisi vəzifəsində çalışmış İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəziflərin icrasına səhlənkar yanaşdığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsini təmin edilməsi qeyd edilmişdir. Belə ki, qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi, “a” bəndi). Əmək münasibətləri üzrə tərəflərdən biri qismində işəgötürən çıxış edir və İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları ƏM-nin 70- ci maddəsində nəzərdə tutulur. ƏM-nin 70-ci maddəsinin “ç” bəndi özündə 3 əsası ehtiva edir: a) İşçi özünün əmək funksiyasını yerinə yetirmədikdə; b) İşçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə; c) ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. ƏM-nin 71-ci maddəsinin 3-cü hissəsi işəgötürənin üzərinə vəzifə qoyur ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmçinin 70-ci maddənin “ç” bəndi ilə əmək müqaviləsini ləğv edərkən hansı əsasla ləğv etdiyini, hansı əmək vəzifələrinin pozulduğunu konkret göstərməlidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. ƏM-nin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir.Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qanunun qeyd olunan maddəsindən göründüyü kimi, iddiaçı həmkarlar ittifaqının üzvü olduğuna görə,cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilən zaman müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı idi. Bundan əlavə işəgötürən, iddiaçının əmək funksiyasını yerinə yetirməməsini, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasını məhkəmədə sübut edə bilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilən zamanı cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş imperativ normaların tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən,əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 02.12.2021-ci il tarixli K-151 saylı əmri ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin aparıcı məsləhətçisi vəzifəsinə işə bərpa edilməli, İddiaçı 02.12.2021-ci il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 02.12.2021-ci il tarixli K-151 saylı əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin aparıcı məsləhətçisi vəzifəsinə işə bərpa edilsin. İddiaçı 02.12.2021-ci il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar