Məhkəmə qərarları › İş №e-2(045)-1771/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1771/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1771/2024 24.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü il 14 may tarixli 01/02705 nömrəli operativ lizinq müqaviləsinə əsasən 4800,00 (dörd min səkkiz yüz) manat borcun, 1 ədəd TC-5050 New-Holland markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1782,00 (bir min yeddi yüz səksən iki) manat dəymiş maddi ziyanın və 85,82 (səksən beş manat səksən iki qəpik) manat dövlət rüsumunun cəmi 6667,82 (altı min altı yüz əlli altmış yeddi manat səksən iki qəpik) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2024-cü il 14 may tarixli 01/02705 nömrəli operativ lizinq müqaviləsinə 1 ədəd TC-5050 New-Holland markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 5500,00 (beş min beş yüz) manat öhdəlikdən 700,00 (yeddi yüz) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 4800,00 (dörd min səkkiz yüz) manat borcu vardır. Lakin, cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən cavabdeh öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Bildirir ki, izinq alanın 2024-cü il 14 may tarixli 01/02705 nömrəli müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş TC-5050 New- Holland markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 1782,00 (bir min yeddi yüz səksən iki) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC-nin 2024-cü il 14 may 2024-cü il tarixli 01/02705 nömrəli operativ lizinq müqaviləsindən görünür ki, lizinq verən 5500 (beş min beş yüz) manat dəyərində 1 ədəd TC-5050 New-Holland markalı taxılyığan kombaynı 2 ay müddətinə lizinq alanın sahiblik və istifadəsinə vermişdir; İddiaçı ASC-nin 05 sentyabr 2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks halda yaranmış borcun qaytarılmasının məhkəmə qaydasında tələb ediləcəyi onun nəzərinə çatdırılmışdır. İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 2024-cü il 14 may 2024-cü il tarixli 01/02705 nömrəli operativ lizinq müqaviləsinə əsasən lizinqə götürülmüş ümumi dəyəri 5500 (beş min beş yüz) manat olan texnika üçün Cavabdeh 700 (yeddi yüz) manat ödəniş etmiş, nəticədə 4800 (dörd min səkkiz yüz) manat borcu qalmışdır; xx.xx.2024-cü il tarixli “qüsur aktı”ndan görünür ki, TC-5050 New-Holland markalı taxılyığan kombayn xx.xx.2024-cü il tarixdə Yevlax rayonu Səmədabad kəndində taxıl biçini həyata keçirən zaman mühərriki yararsız vəziyyətə düşmüşdür; İddiaçıASC tərəfindən verilmiş arayışdan görünür ki, TC-5050 New-Holland markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər 1782 manat təşkil edir; X4 ********** saylı, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 85,82 (səksən beş manat, səksən iki qəpik) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış 2024-cü il 14 may 2024-cü il tarixli 01/02705 nömrəli müqaviləyə əsasən iddiaçı mülkiyyətindəki dəyəri 5500 (beş min beş yüz) manat dəyərində 1 ədəd TC-5050 New- Holland markalı taxılyığan kombayn təsərrüfat texnikasını cavabdehin sahiblik və istifadəsinə 2 ay müddətinə vermişdir. Cavabdeh öhdəliyindən 700 (yeddi yüz) manat etmiş, nəticədə 4800 (dörd min səkkiz yüz) manat borcu qalmışdır. Bundan başqa Cavabdeh xx.xx.2024-cü il tarixdə biçin işlərini yerinə yetirərkən kombaynda yanğın baş vermişdir. Kombayna baxış keçirilmiş və məlum olmuşdur ki, New Holland TC-5050” markalı taxılyığan kombaynın mühərriki yararsız vəziyyətə düşmüş, bu səbəbdən İddiaçı ASC-yə maddi ziyan vurulmuşdur. İddiaçı yaranmış borcu ödəməsini cavabdehə təklif etmiş, lakin cavabdeh bu təklifə münasibət bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Cavabdeh öhdəliyini icra etməmiş, bununla da İddiaçı ASC-yə ziyan vurmuşdur. Buna görə də, cavabdeh öhdəliyinin pozuntusu üçün iddiaçı qarşısında məsuliyyət daşımalıdır. Mülki Məcəllənin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunun bu normalarının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki hüquq pozuntusu törətmiş şəxsin birbaşa zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdeh tərəfindən hərəkətsizliyi nəticəsində iddiaçının mülkiyyətində olan kombayna zərər vurması faktı iş materiallarında olan və cavabdehin özünün iştirakı ilə tərtib edilmiş, həmçinin imzası ilə təsdiq edilmiş aktla öz təsdiqini tapmışdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış 2024-cü il 14 may 2024-cü il tarixli 01/02705 nömrəli operativ lizinq müqaviləsinə əsasən cavabdehin öhdəliyi lazımınca icra etməməsi tam təsdiq olunduğundan, Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat borc pul və 1 ədəd TC-5050 New-Holland markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1782,00 (bir min yeddi yüz səksən iki) manat məbləğində dəymiş maddi ziyan və ödənilmiş 85,82 (səksən beş manat səksən iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-yə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2024-cü il 14 may 2024-cü il tarixli 01/02705 nömrəli operativ lizinq müqaviləsinə əsasən cavabdehin öhdəliyi lazımınca icra etməməsi tam təsdiq olunduğundan, Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat məbləğində borc pul və 1 ədəd TC-5050 New-Holland markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1782,00 (bir min yeddi yüz səksən iki) manat məbləğində dəymiş maddi ziyan və ödənilmiş 85,82 (səksən beş manat səksən iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar