Məhkəmə qərarları › İş №e-2(045)-307/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-307/2025

13.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-307/2025 13.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi və kompensasiya” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi və kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 48 nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh MMC-də “hüquqşünas” vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən onun işə bərpa edildiyi günədək məcburi işburaxma müddəti üçün aylıq 1000 manat olmaqla əmək haqlarının ona ödənilməsi, 2024-cü ilin iyul, avqust, sentyabr və oktyabr ayları üzrə aylıq 1000 manat olmaqla əmək haqlarının və xx.xx.2023-xx.xx.2024-cü iş ili üzrə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC ilə bağladığı əmək müqaviləsi əsasında həmin müəssisədə “hüquqşünas” vəzifəsində işə başlamışdır. 2024-cü ilin iyul ayından qanunsuz olaraq işə buraxılmamış və həmin tarixdən onun əmək haqqı ödənilməmişdir. İşə buraxılmağı və əmək haqqının ödənilməsi üçün işəgötürənə müraciətləri nəticəsiz qalmış və o, bu barədə xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 müraciət etmişdir. Həmin şikayətindən sonra onunla bağlanılmış əmək müqaviləsinə cavabdeh tərəfindən tələsik şəkildə xx.xx.2024-cü il tarixli, 48 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi, yəni işçilərin və iş yerlərinin ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Hesab edir ki, cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 48 nömrəli əmri əsassız və qanunsuzdur. Bununla yanaşı yuxarıda qeyd etdiyi kimi 2024-cü ilin iyul ayından (iyul ayı da daxil olmaqla) bu günədək əmək haqqı ona ödənilməmişdir. Belə ki, sonuncu dəfə ona xx.xx.2024-cü il tarixdə iyun ayının əmək haqqısı olaraq 1000 manat əmək haqqı ödənilmişdir. Həmçinin, o, xx.xx.2023-xx.xx.2024-cü iş ili üzrə əmək məzuniyyətindən də istifadə etməmişdir. Buna görə də 2024-cü ilin iyul, avqust, sentyabr və oktyabr aylarının əmək haqları, eyni zamanda xx.xx.2023-xx.xx.2024-cü iş ili üzrə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya) ona ödənilməlidir. Həmçinin, əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ilə yanaşı cavabdehdən həmin məbləğlərin ödənilməsinin gecikdirilməsinə görə əmək qanunvericiliyin tələblərinə uyğun olaraq hər gün üçün bir faiz hesablanılmaqla ödənc tutulmalıdır. Ona görə də hesab edir ki, qeyd olunan aylar üzrə əmək haqlarının və istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə həmin məbləğlərin ödənilməli olduğu gündən onların ödənildiyi günədək bir faiz ödənc hesablanılmaqla cavabdehdən xeyrinə tutulmalıdır. Əlavə məlumat üçün məhkəmənin nəzərinə çatdırır ki, mübahisənin mediasiya qaydasında həll edilməsinə cəhd etsə də bu müsbət nəticə verməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə cavabdehə “mediasiya prosesinin tətbiqi barədə” təklif məktubu göndərmiş, həmin məktub xx.xx.2024-cü il tarixdə cavabdeh müəssisədə qəbul edilməsinə baxmayaraq ona heç bir cavab verilməmiş, buna görə də o, xx.xx.2024-cü il tarixdə mediasiyanın keçirilməsi üçün Mediasiya Şurasına müraciət etmişdir. Mediasiyanın keçirilməsi üçün vaxt təyin edilsə də cavabdehin nümayəndəsi mediasiyada iştirak etməmiş və bu bardə ona xx.xx.2024-cü il tarixli, MŞG/MT/032/2024-00773 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə” arayış verilmişdir. Odur ki, hazırda o, bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Etirazın dəlilləri: hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, ərizəsini əsasən onunla əsaslandırmışdır ki, guya 2024-cü ilin iyul ayından qanunsuz olaraq işə buraxılmamış və həmin tarixdən onun əmək haqqı ödənilməmişdir. İşə buxarılmağı və əmək haqqının ödənilməsi üçün işəgötürənə müraciətləri nəticəsiz qalmış və bu barədə xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 müraciət etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, iddia ərizəsində göstərilən arqumentlər yalandır. Belə ki, iddia ərizəsi üzrə cavabdeh təşkilat Cavabdeh direktoru, yəni işəgötürən iddiaçının qanuni nikahda olan arvadıdır. Eyni zamanda Cavabdeh iddiaçının ailə üzvləri tərəfindən yaradılmışdır ki, onun işə buraxılmaması məntiqli deyil. Həmçinin, iddiaçı dediklərinin əsası və sübutu kimi, yəni işə buraxılmamasının, işə gəlməsinə maneələrin olmasına, məhdudiyyətlərin qoyulmasına və cəmiyyətin direktoruna müraciət etməsi ilə bağlı iddia ərizəsinə heç bir sənəd əlavə etməmişdir. O, bir hüquqşünas kimi vəzifələrini icra etməmiş, bundan könüllü imtina etmiş və özü klinikadan uzaqlaşmış və işə gəlməkdən boyun qaçırmışdır. Ona cavabdeh tərəfindən işə gəlməməsinə heç bir maneə olmamış və qadağa qoyulmamışdır. Odur ki, onun 2024-cü ilin iyul, avqust, sentyabr, oktyabr aylarında işə gəlməməsinin səbəbkarı özü olmuşdur. Onu da məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı işə gəlməməsinin səbəbləri kimi, başqa ailəli qadınla faktiki münasibətlər yaşaması ilə izah olunur. Belə ki, o, MMC-də işləyən başqa bir qadınla yaxınlıq etmiş və onu götürərək Bakı şəhərinə getmiş və bu səbəbdən işə də gəlməmişdir. Hazırda da həmin şəxslə bir yerdə yaşamaqdadır. Bundan başqa iddiaçı tərəfin “məcburi işburaxma müddəti üçün aylıq 1000 manat olmaqla, 2024-cü ilin iyul, avqust, sentyabr, oktyabr ayları üzrə aylıq 1000 manat əmək haqqlarının ona ödənilməsi” ilə bağlı iddia tələblərinə münasibətdə qeyd edilməlidir ki, İddiaçı aylıq əmək haqqı 1000 manat olmamış, bu rəqəmləri haradan götürməsi başadüşülən deyil. Bunda dair iddia ərizəsinə sübutlarını əlavə etməyib. Həmçinin iddiaçı iddia ərizəsində qeyd edir ki, xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 şikayətindən sonra onunla bağlanmış əmək müqaviləsinə Cavabdeh MMC tərəfindən tələsik şəkildə xx.xx.2024-cü il tarixli, 48 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi, yəni işçilərin və iş yerlərinin ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Qeyd edirlər ki, qanunvericiliyin tələbinə əsasən onunla bağlanan əmək müqaviləsinə xitam verilmiş və heç bir qanun pozuntusu olmamışdır. Belə ki, etiraza əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 25 saylı əmrdən görünür ki, “Cavabdeh MMC”-nin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar və cəmiyyətin fəaliyyətinin zəifləməsini nəzərə alaraq, hüquqşünas vəzifəsinə ştatına zərurət yaranmadığı üçün xx.xx.2024-cü il tarixdən həmin ştat qanunvericiliyin tələbinə uyğun olaraq ləğv edilmişdir. Həmin əmrin ikinci bəndinə əsasən, ştatın ləğvi və işçiyə işdən azad olması ilə bağlı məlumatın verilməsi göstərilmişdir. Bundan sonra etiraza əlavə edilən sənədlərdən görünür ki, İddiaçı ştatın ləğv olunması barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıq edilmiş, lakin o, həmin xəbərdarlığı almaqdan imtina etmişdir. Bununla bağlı tərib edilmiş xx.xx.2024-cü il tarixli, 07/20 saylı aktla da təsdiq olunur ki, müəssisənin hüquqşünası vəzifəsində çalışan İddiaçı ştat ləğvi ilə bağlı ona edilən rəsmi xəbərdarlığı imza etməkdən və götürməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanan əmək müqaviləsinə işçilərin sayı və ixtisarı ilə bağlı xitam verilmiş və əmək müqaviləsi bildirişi ləğv edilmişdir. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsinə dair cavabdeh təşkilat tərəfindən qanunvericiliyin tələblərinə riayət edilmiş və işçi qanunda nəzərdə tutulan qaydada işdən azad edilmişdir. Bundan başqa iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür. Belə ki, etiraza əlavə edilmiş xəbərdarlıqdan göründüyü kimi, İddiaçı ştatın ləğv olunması barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıq edilmiş, bununla bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 07/20 saylı aktla müəyyən olunur ki, müəssisənin hüquqşünas vəzifəsində çalışan İddiaçı ştat ləğvi ilə bağlı ona edilən rəsmi xəbərdarlığı imza etməkdən və götürməkdən imtina etmişdir. Odur ki, onun bu tarixdə artıq hüququnun pozulmasının aşkar edildiyi gün kimi qəbul edilməlidir. Lakin, iddiaçı mediasiyaya 04 noyabr 2024-cü il tarixdə müraciət etmişdir ki, bu halda qanunun 1 aylıq tələbini pozmuşdur. Bu səbəbdən məhkəmə tərəfindən müddət tətbiq edilməklə əmrin ləğvi və işə bərpa tələbləri rədd edilməlidir. Eyni zamanda iddiaçı iddia ərizəsi ilə məzuniyyət pulu tələb edir ki, həmin tələb təmin edilə bilməz. Çünki həmin tələblə bağlı mediasiya zamanı cavabdehə müraciət edilməyib. Mediasiya barədə təklifdən görünür ki, həmin mübahisə tərəflər arasında yaranmamış bə bu barədə cəmiyyətə təklif göndərilməmişdir. İddia tələbinin əsassız olduğundan təmin edilməməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq iddiaçı tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etirazı müdafiə edərək məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 məlumat verilsə də nümayəndəsi gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında 16 iyul 2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, işçi hüquqşünas vəzifəsinə qəbul edilmiş, işçinin aylıq əmək haqqının məbləği 600 manat müəyyən edilmişdir; Cavabdeh MMC-nin 31 iyul 2024-cü il tarixli, 25 nömrəli əmrindən görünür ki, Cavabdeh MMC-nin fəaliyyətinin zəifləməsi nəticəsində gəlirlərinin azaldığını nəzərə alaraq (maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün) hazırda hüquqşünas vəzifəsinə (ştatına) zərurət yaranmadığı üçün xx.xx.2024-cü il tarixdən həmin ştat qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi, mövcud qanunvericiliyə uyğun olaraq qeyd olunan ştatın ləğvi və işçiyə (hazırda əmək müqaviləsi üzrə hüquqşünas vəzifəsində çalışan şəxs) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunacağı barədə (əmək stajı nəzərə alınmaqla) məlumat verilməsi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad olunması qeyd edilmişdir; Ştatın ləğv olunması barədə 31 avqust 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh MMC-nin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar və cəmiyyətin fəaliyyətinin zəifləməsini nəzərə alaraq (maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün) hazırda hüquqşünas vəzifəsinə (ştatına) zərurət yaranmadığı üçün xx.xx.2024-cü il tarixdən həmin ştat qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv ediləcəkdir. Odur ki, sizinlə bağlanılan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq 31 oktyabr 2024-cü il tarixdə xitam veriləcəkdir. Sizə son haqq-hesab qanunvericiliyin tələblərinə uyğun olaraq ödəniləcəkdir; Cavabdeh MMC-nin direktoru X7, qeydiyyatçılar X8 və X1 tərəfindən tərtib edilmiş 31 avqust 2024-cü il tarixli, 06/19 nömrəli aktdan görünür ki, müəssisədə hüquqşünas vəzifəsində çalışan İddiaçı ştat ləğvi ilə bağlı ona edilən rəsmi xəbərdarlığı imza etməkdən və götürməkdən imtina etmişdir; Cavabdeh MMC-nin direktoru X7, qeydiyyatçılar X8 və X1 tərəfindən tərtib edilmiş aktdan 31 avqust 2024-cü il tarixli, 07/20 nömrəli görünür ki, müəssisədə hüquqşünas vəzifəsində çalışan İddiaçı ştat ləğvi ilə bağlı ona edilən rəsmi xəbərdarlığı imza etməkdən və götürməkdən imtina etdiyi üçün tərtib olunan xəbərdarlıq arvadı X5 akt üzrə təqdim edilmişdir; Cavabdeh MMC-nin 30 oktyabr 2024-cü il tarixli, 48 nömrəli əmrindən görünür ki, müəssisənin fəaliyyətinin zəifləməsi nəticəsində gəlirlərinin azalmasını nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu hüquqşünas ştatı ləğv olunduğu üçün İddiaçı vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir; Goranboy RPŞ-nin İB-nin müstəntiqinin 08 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X3 ərizəsi əsasında toplanmış material üzrə İddiaçı əməlində cinayət tərkibi olmadığı üçün material üzrə onun barəsində cinayət işinin başlanması rədd edilmiş, X5 mülki tələbi ilə bağlı aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Həmin qərardan görünür ki, Cavabdeh MMC-nin direktoru X7 öz ifadəsində göstərmişdir ki, 04 avqust 2024-cü il tarixdə Nicat onunla ailəli ola-ola hospitalda xadimə işləyən və ailəli olan Aliməni götürüb qeyri-rəsmi ailə kimi aparmışdır. Həmin vaxtdan onların münasibəti korlanmışdır. Nicatın hərəkətlərini bütün hospitalın əməkdaşları və valideynləri də bilmiş, hamı onun bu hərəkətini pisləmişdir. Həmin vaxtdan Nicat evə gəlib-getməmişdir. O, Nicatın hansı ünvanda yaşamasını bilməmişdir. Nicatın Alimə ilə birlikdə yaşamasını bilmişdir. Həmin gündən sonra o, Nicatı görməmişdir. Nicat bu müddətdə 2 dəfə hospitala gecə gəlib qalıb getmişdir. Nicat hospitala gələn zaman hospitalın 4-cü mərtəbəsində otaqda qalmışdır. O, Balakən rayonunda olanda Nicat hospitalda gəlib qalmışdır. Əsaslandırıcı hissə: Mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında 16 iyul 2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və iddiaçı aylıq əmək haqqı 600 manat müəyyən edilməklə hüquqşünas vəzifəsinə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 30 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; 379.1.6-cı maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır; 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin 1-ci hissəsinin ə bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əsas hüquqları vardır; 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 70-ci maddəsinin b bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi; 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir; 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər; 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd edir ki, işçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda işə baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunubolunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edibetməməsinə dair məsələləri nəzərdən keçirməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndindən göründüyü kimi əmək münasibətləri sahəsində əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilmiş, lakin bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsi ilə şərtləndirilmişdir. Lakin, iş materiallarından görünür ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının ştat ləğvi ilə bağlı ona edilən rəsmi xəbərdarlığı imza etməkdən və götürməkdən imtina etməsi barədə 31 avqust 2024-cü il tarixli, 06/19 nömrəli akt təqdim edilmişdir. Lakin, iş materiallarında olan Goranboy RPŞ-nin İB-nin müstəntiqinin 08 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında Cavabdeh MMC-nin direktoru X7 öz ifadəsində göstərmişdir ki, 04 avqust 2024-cü il tarixdə Nicat onunla ailəli ola-ola hospitalda xadimə işləyən və ailəli olan Aliməni götürüb qeyri-rəsmi ailə kimi aparmışdır. Həmin vaxtdan onların münasibəti korlanmışdır. Nicatın hərəkətlərini bütün hospitalın əməkdaşları və valideynləri də bilmiş, hamı onun bu hərəkətini pisləmişdir. Həmin vaxtdan Nicat evə gəlibgetməmişdir. O, Nicatın hansı ünvanda yaşamasını bilməmişdir. Nicatın Alimə ilə birlikdə yaşamasını bilmişdir. Həmin gündən sonra o, Nicatı görməmişdir. Nicat bu müddətdə 2 dəfə hospitala gecə gəlib qalıb getmişdir. Nicat hospitala gələn zaman hospitalın 4-cü mərtəbəsində otaqda qalmışdır. O, Balakən rayonunda olanda Nicat hospitalda gəlib qalmışdır. Göründüyü kimi iddiaçının arvadı və cavabdehin direktoru olan X7 ifadəsində 04 avqust 2024-cü il tarixdən sonra iddiaçını görmədiyini bildirsə də 31 avqust 2024-cü il tarixdə həmin akt tərtib edilmişdir. Bu hal onu deməyə əsas verir ki, həmin xəbərdarlıq iddiaçıya təqdim olunmamış və akt formal olaraq tərtib edilmişdir. Həmçinin, həmin xəbərdarlığın iddiaçının arvadı X5 akt üzrə təqdim edilməsi barədə 31 avqust 2024-cü il tarixli, 07/20 nömrəli akt təqdim edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, X7 hər iki tərəfin nümayəndəsi kimi qeyd olunmaqla, cavabdehin direktoru kimi həmin aktı imzalamışdır və iddiaçının arvadı kimi aktın ona təqdim olunması aşkar şəkildə formal olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan hərəkətləri tərəflərin iradə ifadəsinin zədələnməsinə yol açmışdır. İşçiyə məlumat verilmədiyi halda işəgötürənin müqaviləni həmin xəbərdarlıq məktubuna əsaslanmaqla ləğv etməsi əsassız olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsində müəyyən edilmiş müddətlərin mahiyyəti işçinin həmin ştatın ixtisar olunacağı barədə məlumatının olması və həmin müddət ərzində özünə yeni iş yeri tapmaq məqsədi daşıyır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edərkən əmək qanunvericiliyinin normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi prinsiplərinə əsaslanır. Əmək Məcəlləsinin digər normaları qeyd olunan prinsiplərə zidd şəkildə tətbiq edilə bilməz. Lakin, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edərkən işçinin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əməl etməmiş, özündən iqtisadi cəhətdən asılı olan işçinin qanunla qorunan mənafelərini pozmuşdur. Məhkəmə qeyd edir ki, 2024-cü ilin iyul, avqust, sentyabr və oktyabr ayları üzrə iddiaçıya əmək haqqı ödənilmədiyindən həmin aylar üzrə əmək haqqı və xx.xx.2023-xx.xx.2024-cü iş ili üzrə əmək məzuniyyətindən istifadə edilmədiyindən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Lakin, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməmişdir. İddiaya etirazda iddiaçının 1 aylıq müddəti ötürməsi, ştatın ləğv olunması barədə 31 avqust 2024-cü il tarixli xəbərdarlıq və bununla bağlı tərtib edilmiş 31 avqust 2024-cü il tarixli akta əsasən iddiaçının həmin tarixdən artıq hüququnun pozulmasının aşkar edildiyi gün kimi qəbul edilməli olması, lakin mediasiyaya 04 noyabr 2024-cü il tarixdə müraciət etməklə 1 aylıq müddəti ötürdüyü qeyd edilmişdir. Məhkəmə qeyd edilən xəbərdarlıq və akta münasibətini bildirmişdir. Həmçinin, qeyd olunmalıdır ki, əmək müqaviləsinin ləğvi barədə əmrin tarixi 30 oktyabr 2024-cü il olduğundan həmin vaxdan əvvəl olmayan əmr mübahisələndirilə bilməzdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-nin 30 oktyabr 2024-cü il tarixli, 48 nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdeh MMC-də “hüquqşünas” vəzifəsinə bərpa edilməli, İddiaçı 30 oktyabr 2024-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddəti əmək haqqı, 2024-cü ilin iyul, avqust, sentyabr və oktyabr ayları ödənilməmiş əmək haqqı, 16 iyul 2023xx.xx.2024-cü iş ili üzrə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya) ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticə: Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin 30 oktyabr 2024-cü il tarixli, 48 nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də “hüquqşünas” vəzifəsinə bərpa edilsin. İddiaçı 30 oktyabr 2024-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddəti əmək haqqı, 2024-cü ilin iyul, avqust, sentyabr və oktyabr ayları ödənilməmiş əmək haqqı, 16 iyul 2023-xx.xx.2024-cü iş ili üzrə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya) ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar