Məhkəmə qərarları › İş №e-2(045)-367/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-367/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-367/2024 20.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2023-cü il 14 aprel tarixli 01/02264 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2 250,00 (iki min iki yüz əlli) manat borcun və 42,50 (qırx iki manat əlli qəpik) manat dövlət rüsumunun, cəmi: 2 292,50 (iki min iki yüz doxsan iki manat əlli qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2023-cü il 14 aprel tarixli 01/02264 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 4 500,00 (dörd min beş yüz) manat öhdəlikdən 2 250,00 (iki min iki yüz əlli) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 2 250,00 (iki min iki yüz əlli) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlə bağlanmış müqavilənin 2.2.3-cü maddəsinə görə texnikanın istifadəsinə görə ödəniş həyata keçirilmədikdə, texnikanı qeyd-şərtsiz geri qaytarmaqla borc məbləğinin ödənilməsinə dair cavabdeh öhdəlik daşıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini etiraf edərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC-nin 2023-cü il 14 aprel tarixli 01/02264 nömrəli operativ lizinq müqaviləsindən görünür ki, lizinq verən 4500 (dörd min beş yüz) manat dəyərində 1 ədəd Sampo SR-2045 markalı taxılyığan kombaynı 2 ay 15 gün müddətinə lizinq alanın sahiblik və istifadəsinə vermişdir; İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli pretenziyanın surətindən görünür ki, yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks halda yaranmış borcun qaytarılmasının məhkəmə qaydasında tələb ediləcəyi onun nəzərinə çatdırılmışdır. İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 2023-cü il 14 aprel tarixli 01/02264 nömrəli operativ lizinq müqaviləsinə əsasən lizinqə götürülmüş ümumi dəyəri 4500 (dörd min beş yüz) manat olan texnika üçün Abdullayev X3 2250 (iki min iki yüz əlli) manat ödəniş etmiş, nəticədə 2250 (iki min iki yüz əlli) manat borcu qalmışdır. X5 ********** saylı, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 42,50 (qırx iki manat, əlli qəpik) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış 2023-cü il 14 aprel tarixli 01/02264 nömrəli operativ lizinq müqaviləsinə əsasən iddiaçı 1 ədəd Sampo SR-2045 markalı taxılyığan kombaynı 4500 (dörd min beş yüz) manat qarşılığında 2 ay 15 gün müddətinə Cavabdeh istifadəsinə vermişdir. Cavabdeh öhdəliyindən 2250 (iki min iki yüz əlli) manat etmiş, nəticədə 2250 (iki min iki yüz əlli) manat borcu qalmışdır. İddiaçı yaranmış borcu ödəməsini cavabdehə təklif etmiş, lakin cavabdeh bu təklifə münasibət bildirməyərək, üzərinə düşən öhdəliyi tam icra etməyərək, iddiaçı qarşısında mülki məsuliyyəti yaranmışdır. Hazırda cavabdeh iddianı qəbul edərək iddiaçıya 2250 (iki min iki yüz əlli) manat məbləğində borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Cavabdeh 2250 (iki min iki yüz əlli) manat məbləğində pul və ödənilmiş 42,50 (qırx iki manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2023-cü il 14 aprel tarixli 01/02264 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2250 (iki min iki yüz əlli) manat məbləğində pul və ödənilmiş 42,50 (qırx iki manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar