Məhkəmə qərarları › İş №e-2(046)-1352/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1352/2024

23.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1352/2024 23.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, Cavabdeh qızının, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Şaiq oğlundan 30.000 (otuz min) manat pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Yeniarx kəndinin inzibati ərazisinə daxil olan ailənin mülkiyyətinə verilmiş 1,48 ha torpaq sahəsində çoxillik yonca əkini vardır. Həmin torpaq sahəsi xx.xx.2022-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə DƏDR-də qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsində əkdiyi yonca bitkisi qanunsuz olaraq həmkəndlisi Cavabdeh tərəfindən biçilib bağladılaraq aparılmışdır. Nəticədə yonca sahəsindən götürülmüş 800 (səkkiz yüz) bağ yonca presi mənimsənilmişdir. Hazırda bir bağ yonca presinin bazarda qiyməti 5-6 manat arasında dəyişir. Bundan başqa Cavabdeh heç bir sənədləşmə və ödəniş olmadan ailə başçısı X6 şifahi razılığı ilə 2006- 2012-ci illərdə həmin yonca sahəsindən istifadə etmişdir. 2012-ci ildən sonra ailə üzvlərinin hərbi xidmətdə olmasından və ailə başçısının vəfat etməsindən istifadə edən cavabdeh öz şəxsi əmlakı kimi yonca otunu mənimsəməkdə davam etmişdir. Bununlada onlara toplam hər il üçün təxminən 3000 manat məbləğində ziyan vurmuşdur. Ümümilikdə 12 il ərzində 36000 manat ziyan vurmuşdur. Sonuncu dəfə xx.xx.2024-ci il tarixdə Cavabdeh mülkiyyətində olan yonca sahəsindən qanunsuz olaraq biçib aparması və onlara ziyan vurması barədə Göyçay rayon polis şöbəsində təhqiqat apanlmışdır.xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona cəmi təxmini olaraq 30 000 (otuz min) manat məbləğində maddi zərər vurmuşdur. Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, Azərbaycan Respublikasının ərazisində torpaq islahatı aparılan zaman X10 və onun qardaşı X11 bir-biri ilə qonşuluqda torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələri kol-kosun içərisində, şoran və kənd təsərrüfatı üçün yararsız vəziyyətdə idi. Onlar özləri həmin torpaqdan istifadə etmədikləri üçün hər 2 qardaşa torpaqların onun istifadəsinə verilməsini və qarşılığında onlara məhsuldan hissə verməyi təklif etmişdir. Bundan sonra hazırda iddiaçıların mülkiyyətində olan 1.48 ha torpaq sahəsini, X7 şifahi razılığı əsasında, həmçinin onun qardaşı X8 şifahi razılığı ilə ona məxsus torpaq sahəsini kol-kosdan təmizlədərək və münbitləşmə işləri apararaq, istifadə etməyə başlamışdır. X7 mülkiyyətində olan torpaq sahəsindən istifadə qarşılığında ona əkilmiş məhsulun biçimindən sonra bir hissəsini verirdi. X7 mülkiyyətində olan torpaq sahəsi ilə birlikdə onun qardaşı X8 mülkiyyətində olan, həmin torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsindən də, istifadə edirdi. Təxmini 2002-ci ıl tarixdə X15 mülkiyyətində olan torpaq sahəsini satmaq niyyətində olduğunu və qardaşının da övladının səhhətində problem olduğu üçün özünə məxsus torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O, X9 mülkiyyətində olan torpaq sahəsinin pulunu verib, həmin torpağı almışdır. Bundan sonra torpağı satmaq niyyətinin olub-olmamasını dəqiqləşdirmək üçün X7 yanına gələrək, bu barədə soruşduqda, ona övladının xəstəliyi ilə əlaqədar torpaq sahəsini satmaq istədiyini, lakin həmin torpaq sahəsinə az pul təklif olunduğu üçün və həmin pulun müalicəyə kifayət etmədiyini bildirmişdir. Torpağın uzun müddət istifadəsində olmasını, xərc çəkib kol-kosdan təmizlətməsini, münbitləşdirməsini, ən əsas da övladının xəstə olmasını nəzərə alaraq, həmin torpaq sahəsini X3 100 “Şirvan” (1000000 manat) verərək, almışdır. X16 pulu aldıqdan sonra torpağın sənədini ona verərək, onunla halallaşmışdır. X2, həm də, X3 pul verib, aldığı torpaq sahələrindən bugünə kimi fasiləsiz istifadə edir. 2022-ci ildə torpaq sahəsini sənədləşdirmək üçün mərhum X7 arvadı İddiaçı müraciət etdikdə, İddiaçı ailə üzvlərinə məxsus sənədləri ona təqdim edərək, çatışmayan sənədlərin olub-olmamasını dəqiqləşdirməyi xahiş etmişdir. Həmin torpaq sahəsi üzərində İddiaçı və ailə üzvlərinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış və planölçünün verilməsi üçün hətta, rüsum və xidmət haqqını özü ödəmişdir. Torpaq sahəsi ilə bağlı çıxarış və plan-ölçünü ona verdikdən sonra həmin sənədləri sosial yardım düzəltdirmək üçün Şəhla İsaryılova qaytarmağı xahiş etmiş və o, həmin sənədləri İddiaçı qaytarmışdır. Bir müddət gözlədikdən sonra 2023-cü ildə alqı-satqı üçün notariusa getməyi xahiş etdikdə, həmin torpaq sahəsini ona satmayacaqlarını bildirmişlər. Bundan sonra aralarında narazılıq yaranmışdır. Mübahisəli məsələnin vicdanla və məhkəmədən kənar şəkildə həllini ümid edərək, məhkəməyə müraciət etməmişdir. Məhkəmədən iddiaçının qanunsuz və əsassız iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və məhkəmənin sualına cavab olaraq bildirdi ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə cavabdehə sözügedən torpaq sahəsindən istifadə etməyə razılığın verilməsinə səbəb cavabdehin alqısatqı müqaviləsinin bağlandığı zaman çəkdiyi xərclər olmuşdur. Ona borclu qalmamaq üçün bunu etmişdir. Eyni zamanda 2012-ci ildə bu günə kimi qanunsuz istifadə ilə bağlı iddia qaldırmamağına səbəb kimi uşaqlarının körpə olduğunu və cavabdehin ona torpağın qaytaracağına söz verdiyi olmuşdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi və etiraz ərizəsində xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X15 göstərdi ki, mərhum qardaşı X12 torpaq sahəsindən istifadə etməsini görməmişdir. X1 və ailə üzvlərinə verilmiş torpaq sahəsi yararsız torpaq sahəsi olmuş və həmin torpaq sahəsini Cavabdeh münbitləşdirmişdir. O, özünə məxsus torpaq sahəsini Cavabdeh satmış və qardaşı da özünəməxsus torpaq sahəsini satmaq istəmişdir. Cavabdeh ilə qardaşı X16 aralarında torpağın alqı-satqısı barədə şifahi razılaşmışlar. Cavabdeh X3 torpaq sahəsini 100 “Şirvan” (1000000 manat) verərək almışdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Göyçay X32 Mərkəzinin 06 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Göyçay rayonu Yeniarx kəndində 1.48 ha pay torpaq sahəsinə əkilmiş yonca bitkisinin orta məhsuldarlığı il ərzində bütün aqrotexniki qaydada qulluqlar (gübrələnmə, xəstəlik və zərərvericilərə qarşı mübarizı və suvarma suyunun düzgün istifadə) olunarsa həmin sahədən 700-800 kip (17.5-20 ton) quru yonca otu əldə etmək mümkündür. Əgər aqrotexniki qaydaqda qulluq edilməyibsə il ərzində 300- 500 kip (7,5-12,5 ton) quru yonca otu istehsal olunması ehtimal vardır. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı özünə məxsus Göyçay rayonu Yenirax kəndində yerləşən torpağa dair oktyabr, noyabr ayına qədər heç bir iddiası olmayacaq. Torpaqda sözü gedən tarixə qədər əkib becərə bilər. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 dekabr 2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Göyçay rayonu, Yenirax kəndində yerləşən 1.48 ha torpaq sahəsi İddiaçı, X19, X14, X18, X20, X16 və X13 ümumi birgə mülkiyyətindədir. Göyçay rayon İHB-nın Yeniraz kənd inzibati ərazi dairəsi üzrə nümayədəsi Zamiq Abdullayevin, Yenirax Bələdiyyəsinin sədri Fəridə Yoldaşovanın, Torpaq sahəsində əkin və biçin aparmasında iştirak edən sürücü Bəxtiyar Qarayevin, Göyçay rayon Yenirax kən sakini Ramiz İsrayılovun və Göyçay rayonu Hacağabəyli kənd sakini (torpaq sahəsinin istifadəçisi) Cavabdeh iştirakı ilə tərtib edilmiş 23 iyul 2024-cü il tarixli aktın surətindən görünür ki, Göyçay rayonu Yenirax kəndi ərazisində yerləşən hazırda İddiaçı Bəxztiyar qızı və qeyrilərinin ümumibirgə mülkiyyətində olan 1.48 ha kənd təsərrüfatı kateqoriyasına aid torpaq sahəsindən uzun illərdir ki, Göyçay rayonu Hacıağabəyli kənd sakini Cavabdeh tərəfindən istifadə olunur, onun tərəfindən həmin torpaq sahəsində əkin və biçin işləri aparılır. Həmin torpaq sahəsi ilə bağlı 2022-ci il tarixədək hər hansı mübahisə halı qeydə alınmayb. Sözügedən torpaq sahəsi üzərində Cavabdeh tərəfindən sonuncu dəfə 2020-ci il tarixdə şumlama və malalama işləri aparılaraq yonca bitkisi əkilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ bəndində əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddəsinin İİ bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1-ci cü maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci cü maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Göyçay rayonu, Yenirax kəndində yerləşən 1.48 ha torpaq sahəsinə ümumi birgə mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə iddiaçının və ailə üzvlərinin adına qeydə alınmışdır. İddiaçı özünün mülkiyyət hüququna istinad edərək, cavabdehdən vurulnmuş maddi zərərə görə 30.000 manat pulun ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə iddiaçının mərhum əri X17 arasında olan şifahi razılaşma əsasında 1.48 ha torpaq sahəsini kol-kosdan təmizləyərək və münbitləşmə işləri apararaq, istifadə etməyə başlamışdır. İddiaçı iddia ərizəsində həmin torpaq sahəsindən 2006-cı ildən 2012-ci ilədək ailə başçısı X5 razılığı əsasında idarə etməsini, 2012-ci ildən isə qanunsuz istifadə edərək hər il üçün 3000 manat ziyan vurduqlarını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, əmlakdan mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əlehinə başqası tərəfindən istifadə edildiyi halda, mülkiyyətçi öz hüququnun müdafiəsinə dair (torpaq sahəsinin geri qaytarılması) iddia qaldırmaq imkanları qanunla tanınmışdır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsindən qanunsuz istifadə etməsi mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir. Bu baxımdan mülkiyyətçisinin razılığı əsasında torpaq sahəsindən istifadə edən şəxslərin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər. Bununla belə, torpağın mülkiyyətçisi öz hüququna əsaslanmaqla, əvvəl verdiyi razılığı sonradan geri götürərək, 2012-ci ildən cavabdeh tərəfindən hər il üçün 3000 manat gəlir götürməklə, ümumlikdə 30.000 manat pulun ödənilməsini tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla torpaqdan istifadə etmiş şəxslərin mənafeləri gözardı edilməməlidir. Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin hüquqlarını da eyni normada mudafiə etmişdir. Belə olan halda mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq, özünə məxsus Göyçay rayonu Yeniarx kəndində yerləşən oktyabr, noyabr ayına qədər heç bir iddiası olmadığını, torpaqda istifadə hüququ sözü gedən tarixə qədər əkib becərə bilməsinə razılıq vermişdir. Həmin ərizədə Cavabdeh adı göstərilməsə də razılığın ona verdiyini məhkəmə iclasında etiraf edərək, uzun müddət (12 il) ərzində mülkiyyət hüququnun müdafiəsi ilə bağlı iddia qaldırmamağına səbəb kimi cavabdehə inanması olduğunu göstərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Göründyü kimi Cavabdeh torpaq sahəsini öz vəsaiti ilə münbitləşdirmə işləri apararaq 2006-cı ildən həmin torpaq sahəsindən hər hansı etiraz olmadan istifadə etmişdir. İddiaçı isə heç bir etiraz etməmiş və özü də daşınmaz əmlakın dövlət reyestrinə ünvanlandığı ərizədə cavabdehin 2023-cü oktyabr-noyabr aylarına qədər həmin torpaq sahəsindən istifadə etməsinə razılıq vermişdir. Sonuncu dəfə xx.xx.2024-ci il tarixdə Cavabdeh yonca bitkisinin qanunsuz olaraq biçib aparması və onlara ziyan vurması ilə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı izahat verdiyi zaman özü bildir ki, yonca bitkisinin yaz əkini aprel ayında başlayır və payız aylarının oktyabr-noyabr aylarında biçilir. Bundan belə nəticəyə gəlmək olar ki, iddiaçı cavabdehdən xx.xx.2024-cü il tarixədək yonca sahəsindən qanunsuz istifadə etməklə yonca bitkisini biçib aparması və onlara ziyan vurmasını iddi etsə də, özünün verdiyi izahatla bu təkzib olunur. Belə ki, qeyd olunan tarixədək Cavabdeh tərəfindən yonca bitkisinin əkini aparılsa da biçilməsi və gəlir əldə edildiyi müəyyən olunmamışdır. Belə olduğu halda, 1.48 ha torpaq sahəsi üzərində məhz cavabdeh tərəfindən öz vəsaiti münbitləşdirilmə işlərinin aparılması və uzun müddət iddiaçının razılığı ilə orada torpaq sahəsindən istifadə etməsi, iddiaçının isə uzun müddət formalaşmış qaydaya etiraz etməməsi nəzərə alınmalıdır. Çünki cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadə etməsinə görə 30.000 manat pulun tutulması vicdanlılıq və dürüstlük prinsiplərinə zidd olmaqla sonuncunun hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnəcəkdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə iddia ərizəsi təmin edilməməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar