Məhkəmə qərarları › İş №e-2(046)-1370/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1370/2024

28.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1370/2024 28.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeydiyyatda olduğu mərhum atasından miras qalmış fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, atası X12 xx.xx.2006-cı il tarixdə «kardiogen şok» səbəbindən ölmüşdür. Mərhum atası X2 ünvan 2 ünvanda yerləşən 0,1784 ha torpaq sahəsi və 2 mərtəbəli, ümumi sahəsi 177,4 m2 fərdi yaşayış evi miras qalmışdır (çıxarışın qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il). Mərhum atasının ondan başqa qanun üzrə birinci növbə vərəsəsi olan X15 xx.xx.2013-cü il tarixdə avtoqəza nəticəsində «kəllə sümüklərinin sınığı» səbəbindən ölmüşdür. Mərhumun arvadı olan Cavabdeh3, sonuncunun uşaqları Cavabdeh1, Cavabdeh2 və X13 miras evdə yaşayırlar. 2023-cü ilin avqust ayının təxminən 20-dən sonra miras evin yaşadığı hissəsinə çəkilmiş qaz xəttinə quraşdırılmış, oğlu Nuran Mikayılovun adına qeydə alınmış sayğacı Cavabdeh3 sökdürmüş və daha sonra miras evin yaşadığı hissəsinə gələn təbii qaz xəttini də bağlatdırmışdır. Miras evin yaşadığı hissəsinə gələn təbii qaz və elektrik enerjisi xəttlərini kəsməklə evdə yaşamalarına maneələr yaradan cavabdehlər onu və ailə üzvlərini söyür, təhqir edir, oğlu Nuranı şərləyib tutdurmaqla hədələyirdi. Nəticədə o, müvəqqəti olaraq kirayə evə köçməyə məcbur olmuşdur. Lakin onun və gəlininin cehiz əmlakı, sonradan aldığı ev əşyaları, məişət avadanlıqları, həmçinin geyimləri miras evdə qalmışdır. O, 12 may 2024cü il tarixdə günün birinci yarısında qeydiyyatda olduğu evə gedərək lazım olan əşyanı götürmək istəmişdir. Həyətin küçə darvazasının açar yerinə müdaxilə olduğundan açarla darvazanı aça bilmədiyi üçün qapını döymüşdür. Darvazanı açan Cavabdeh3 onu həyətə buraxmayıb söyüb-təhqir etmişdir. Bu barədə DİN 102 qaynar xəttinə şikayət etsə də çağırışa gələn polislər heç bir tədbir görmədilər. Müxtəlif orqanlara müraciət etsə də ona mübahisənin mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Mübahisə premeti olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi mərhum atası X2 miras qalmaqla onun mülkiyyətindədir. O, mərhum atası miras evi aldıqdan sonra orada yaşamış və həmin vaxtdan da evdən istifadə hüququ əldə etmişdir. 1980-1982-ci illərdə nikahda olduğu müddət istisna olmaqla daim həmin evdə yaşamışdır. Nikahı pozulandan sonra da oğlu onunla birlikdə atasının evində yaşamış, gəlini də bu evə köçürmüşdür. Mübahisəli mənzildən savayı başqa yaşayış yeri yoxdur. Özü onkoloji xəstədir və hüquqlarının pozulması onun xəstəliyi gücləndirərək səhhətini daha da pisləşdirir. Cavabdeh3 iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, yoldaşı ölən gündən (2013) Həsənova Ofeliya və onun oğlu X10 tərəfindən səhətində ciddi zərbələr almışdır. 2015-ci ildə onun əməliyyat olan nahiyəsinə vurduğu zərbənin nəticəsində hələdə əzab çəkir. Ona vurulmuş ziyan məhkəmə tərəfindən nəzərə alınmış və Ofeliya 500 manat cərimə olunmuşdur. Oğlu Nuran isə dəfələrlə onu döymüş və hətta bunu Şəki Apelliyasiya Məhkəməsində etiraf etmişdir. Azyaşlı qızının sağlamlığına vurduğu ziyana görə 2016-cı ildə X1 Məhkəməsi tərəfindən 1000 manat cərimə olunmuşdur. 2013-cü ildə yoldaşı avtomobil qəzasında rəhmətə gedəndən sonra Ofeliya və oğlu onlara hücumlar etməyə başlamış və onu dəfələrlə döymüşlər. Ofeliya heç vaxt onlarla yaşamamışdır və onların ailə üzvləri olmamışdır. Yoldaşı rəhmətə gedəndən sonra onların günləri qara olmağa başlamışdır. Onun məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, qanunsuz əməllərini yoldaşı rəhmətə getdikdən sonra həyata keçirməyə başlamışdır. O, Şəki Apelliyasiya Məhkəməsinin, Ali Məhkəmənin Qərarlarını əlində rəhbər tutaraq bildirir ki, o, bir vərəsə kimi Həsənova Ofeliyanı bu mülk üzərində tanımır və tanımaq məcburiyyətində deyil, çünki Ali Məhkəmə kimi bir orqan X2 miras qalmış 17.84 ha torpaq sahəsi və onun üzərində 177 kvadrat olan ev üzərində Həsənova Ofeliyanın vərəsəlik və mülkiyyət hüququna xitam vermişdir. Həsənova Ofeliyanın yenidən müzakirələndirmək istədiyi səbəblər Ali Məhkəmə kimi möhtəbər bir orqan tərəfindən ciddi şəkildə araşdırılmış, öz həllini tapmışdır. Bu mülkün yenidən müzakirələndirilməsi Ali Məhkəmə kimi bir orqanın verdiyi qərara kölgə salmaqdan başqa bir şey deyildir. Ofeliyanın vəkili Nümayəndə qeyd edir ki, o, nigahı bağladıqdan sonra qaynatası, uşaqlarının babası Valeh Həsənovla onun evində yaşamağı barədə saziş imzalamamışdır. Vəkil bircə dənə nümunə göstərsin ki, 23 il bundan əvvəl qaynatısının evinə köçən gəlin onunla saziş bağlamışdır və ondan sonra qaynatanın evinə gəlin köçmüşdür. Bildirmək istəyir ki, iddiaçının oğlu X10 evlərini kirayə verə bilir, anasına yaşamağa verə bilmir??? Anaya oğul baxar, övlad sahiblənər. Ofeliyanın onun mənzilinə köçmək istəməsi yaşamaq üçün deyildir. Ona və övladlarına ziyan vurmaq üçündür. Çünki onun yaşaması üçün oğlunun çox gözəl evləri, mülkləri var. Yaxşı makler fəaliyyətilə məşğul olan oğlu var. Elə onun mülkündə bu məqsədlə göz dikiblər. Şəki Apelliyasiya Məhkəməsinin Qərardadından məlum oldu ki, Ofeliyanın onun mənzilində heç bir əşyası yoxdur və bununlada sübut olundu ki, onun mənzilində heç bir əşyası olmayan bir adam onunla birgə yaşamamışdır və yaşıyada bilməz. Çünki iddiaçının onunla yaşamaq istəməsi hansı məqsəd güddüyünü bir daha üzə çıxarır. Həsənova Ofeliyanın iddiasının rədd edilməsini xahiş etmişdir. Cavabdeh3 digər etirazında göstərmişdir ki, Göyçay şəhəri, Nigar Rəfibəyli dalan 2 ünvanında yerləşən 4 saylı ev onun mülkiyyətindədir. Tələb edir ki, Ofeliya və oğlu Mikayılov Nuran onun mülkiyyətində olan evdən kənar tutulsun, dəfələrlə işləri polis şöbəsində olmuşdur onlar ora münaqişəli ailə kimi qeydiyyata salınmışlar. Onun və 3 uşağının adına Ali Məhkəmənin Qərarı ilə aldığı çıxarışa Ofeliyaya və onun əxlaqsız oğlu qızlarına sataşmaq istəyən, nalayiq yerlərini çıxardıb az yaşlı uşaqlarına göstərən adamı onun qapısına zorla daxil olmasına icazə verilməsin. O, bu barədə Baş Prokrorluq və DTX müraciət etmişdir. Əgər ona məxsus olan fərdi yaşayış evinə daxil olarsa onun uşaqlarına sataşıb, taciz, təcazvüz edərsə cavabdeh kim olacaq? Onu döyüb əlində video kadrda var. Onun qızlarından 42 yaşlı Mikayılov Nuran və onun anası (dəfələrlə oğlu ilə onları ölümlə hədələyir) Ofeliyanı qisas almaq məqsədi ilə həyətinə girməsinə imkan verilməsin! Ev onun adınadır, niyə onun vəkili məhkəməyə hansı cürətlə yalan məlumat verir. O, Elektron Kabinetde görmüşdür ki, protokol tərtib olunub onun mülkiyyətində olan evə kənar şəxsi soxulmasına nədən icazə verilməsi onu çox maraqlıdır??? İddiaçının onun mülküyyətində heç bir əmlakı, əşyası yoxdur. Çünki o həmişə başqa yerdə yaşayıb, yaşayır, onun qeydiyyatında Ofeliya və onun oğlu X10 adında adam yoxdur. Şəki Apeliyasiya Məhkəməsi, Ali Məhkəmənin Plenumunun ciddi araşdırılması nəticəsində Möhtəbər orqanların verdiyi sənədlərı əsaslanaraq məlum olmuşdur ki, ünvan 3 ünvanında Həsənova Ofeliya adında adamın izi tozu olmamışdır. Ona qaranlıq qalan məqam budur ki, heç bir hüquqi araşdırılma aparlmadan hansısa bir vəkilin müraciəti əsasında niyə protokol tərtib olunmuşdur? Qanuni Hüquqları nəzərə alınmamışdır. Nəyə əsaslanaraq onun mülkiyyətində olan ev Ofeliya tərəfindən başqa bir adamın adı ilə təqdim olunmuşdur? Artıq dərəcədə xahiş edir ki, onun hüquqları qorunsun və mülkiyyətini başqa adamın adı ilə təqdim edən Həsənova Ofeliya Məhkəməyə səhv məlumat verdiyi üçün cəzalandırılsın. Çünki o çox gözəl bilirki şikayət etdiyi ünvan onun müıkiyyətindədir. Özü ağır onkoloji xəstədir və onun əsəbləri sağlamlığı ilə oynadığı üçün Həsənova Ofeliya və onun 42 yaşlı oğlu X10 onlardan və evlərindən uzaq tutulsun və onların təhlükəsizliyi təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaya qarşı etiraz vermişlər. Etirazlarında göstərmişlər ki, onlarla bu mülk üzərində heç bir hüquqi bərabərliyi olmayan, Ali Məhkəmə tərəfindən ünvan 4 ünvanı üzərində vərəslik və mülkiyyət hüququna xitam verilmiş Həsənova Ofeliya onların mülkiyyətinə köçürülmə mübahisəsi olan məhkəmə iclasına gəlməkdən qəti imtina edirlər. X21 bu mülk üzərində heç bir hüquqi qüvəyə malik deyildir. Onlarla birgə bu mülkü müzakirələndirməyə ixtiyari yoxdur. Azərbaycan Respublikasının Ali Məhkəməsini 2(102)-254/2023 əlində rəhbər tutaraq Nigar Rəfibəyli dalan 2 ev 4 ünvanının Həsənova Ofeliya tərəfindən müzakirələndirilməyinə qəti etiraz edirlər. X14 Rəfibəyli dalan 2 ev 4 ünvanına verdiyi iddia tələbi rədd edilsin. Çünki həm Şəki Apelliyasiya Məhkəməsi 2(107)-766/2022 saylı, həm Ali Məhkəmənin 2(102)-254/2023 saylı qərarı ilə həmçinin də Əlavə Kassasiya şikayəti üzrə 13(102)-187/2023 saylı qərarı ilə Həsənova Ofeliyanın bu mülk üzərində iddia tələbi rədd edilmişdir, Nigar Rəfibəyli dalan 2 ev 4 ünvanına vərəsəlik və mülkiyyət hüququna xitam verilmişdir. Həsənova Ofeliyanı nə də öz yanına qoşma kimi qoşduğu oğlunu öz mülkiyyətində yaşadığı mənzildə ümumiyyətlə ətraflarında belə görmək istəmirlər. İddiaçının və oğlunun onlara etdiyi işğəncələr, zülümlər heç vaxt yadlarından çıxmayacaqdır. İddiaçı bu iddia ərizəsi ilə yenidən onların üzərində işğəncə və hücümlarını davam etdirməyə çalışır. Həsənova Ofeliyanın yersiz iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddianı qəbul etmədi və etiraz ərizəsində xüsusatları təsdiq edərək, iddiaçının təqdim etdiyi sübutların saxta olduqlarını bildirmiş və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh2 məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş: Göyçay rayon Qeydiyyat Şöbəsinin 18 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, X5 ilə İddiaçı arasında nikah xx.xx.1980-ci ildə Göyçay rayon Qeydiyyat Şöbəsində qeydə alınmış, boşanmaları xx.xx.1984-cü ildə Göyçay rayon Qeydiyyat Şöbəsində 05 saylı akt qeydinə əsasən qeydə alınmışdır. xx.xx.1980-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 4 nomrəli ev X12 tərəfindən alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 09 avqust 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Göyçay şəhəri, H.Əliyev prospekti, dalan 2, ev 4, yeni qaydalarla Az 2300 Göyçay şəhəri, Nigar Rəfibəyli küçəsi 38 saylı ev Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(107)-766/2022 nömrəli qətnaməsi ilə yeni qətnamənin qəbul edilməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinion 06 mart 2023-cü il tarixli 2(102)-254/2023 nömrəli qətnaməsi ilə Şəki Apellyasiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(107)-766/2022 nömrəli qətnaməsi qüvvədə saxlanılmışdır. Yeni qətnamənin qəbul edilməsi barədə qərar qəbul edildiyi, mülki iş üzrə icra vərəqəsinin verilməsinin qanunla nəzərdə tutulmadığı bildirilmiş, sözügedən əsaslar üzrə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğvi ilə bağlı müvafiq tədbirlər görülmüşdür. Göyçay Rayon Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli 3(046) -583/2015 saylı inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının İXM-nin 38-1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat inzibati cərimə edilmişdir. X9 xx.xx.2023-cü il tarixli maqnit rezonans Tomoqrafiyasından (MRT) görünür ki, pasient Cavabdeh3 sol süd vəz ölçülərinin 60 faiz kiçilməsi və bayır yarı üzrə deformasiyası izlənir. Sol süd vəz bayır-yuxarı kvadrant üzrə dəri-dərialtı toxumaların retraksiyalı deformasiyaları ilə yanaşı pataloji kontrast tutulmaları qeyd edilir (residiv Cr patalogiyası). Sol süd vəz dərin parenxim sahələri, retromammar toxumaları, döş qəfəsi ön divar torakal fassiya və torakal əzləni infazə edən, 47-28-37 mm ümumi ölçülü lobilə xarakterli, çevirəsi boyu radial limfangit retraksiyaları yaradan, patoloji kontrast tutulumlu konqlomerat kütlə izlənir (residiv Cr patalogiyası) Quraşdırılan,dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair 28/02303 saylı, xx.xx.2015-ci il tarixli aktın surətindən görünür ki, Gpyçay şəhəri. Əzizbəyov küçəsində yerləşən dalan 2, 4 saylı evə quraşdırılmış su sayçaı İddiaçı iştirakı ilə texniki şərtlər əsasında yoxlanılaraq istismara verilmişdir. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, "xxxx" ASC-nin “Göyçay Sukanal” TSC ilə İddiaçı arasında “Sudan istifadə qaydaları”na uyöun müqavilə bağlanmışdır. Cavabdeh3 Ağsu X25ı İdarəsinin Göyçay xidmət Sahəsinə ünvanladığı ərizədən görünür ki, Cavabdeh3 adına olan qaz sayğacının ləğvinə kömək göstərilməsini və qazın verilinin dayandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 89 saylı X4 Dairə Seçki Komissiyasının 12 avqust 2024-cü il tarixli 18 saylı məktubundan görünür ki, İddiaçı 2006-cı il tarixdən bu vaxtadək seçici kimi 89 saylı X4 Göyçay şəhəri, R.Rza küçəsi 122 ünvanındakı X8 Tipli Gimnaziyanın binasında yerləşən 4 saylı seçki məntəqəsində seçicilər siyahısında ünvan 9 ünvanında qeydiyyatda olmuşdur. "xxxx" MMC-nin X19 Göyçay Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, mərhum X12 vəfat etdikdən sonra istifadəsində olmuş ******* saylı telefon xx.xx.2008-ci il tarixdə nəvəsi X3 adına keçirilmişdir. xx.xx.2015-ci il tarixədək X10 tərəfindən rabitə xidmətləri haqqı vaxtı-vaxtında ödənilmiş və xx.xx.2015-ci il tarixdə addan çıxarılmışdır. Göyçay rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh3 ilə bağlı müraciətinə baxılmış, İddiaçı tələb mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Göyçay rayon Bələdiyyəsinin 14 iyul 2022-ci il tarixli arayışından görünür ki, ünvan 11 ünvanda X12 vəfat etdikdən sonra Bələdiyyənin torpaq və əmlak vergisini qızı 2006-cı ildə İddiaçı tərəfindən, 2020-2022-ci illərdə isə X6 (İddiaçı oğlu) nəvəsi X10 tərəfindən ödənilmişdir. Göyçay rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən ünvan 12 ünvanda qeydiyyatdadır. Qanun üzrə Vərəsəlik hüququ haqqında 23 avqust 2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, 04 iyul 2006-cı il tarixdə vəfat etmiş X6 vərəsələri, bunlardan ünvan 13 ünvanında yaşayan qızı İddiaçıdır və miras əmlakdan göstərilən hissədə irs almalıdır. Göyçay rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-857/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ünvan 14 ünvanda yerləşən miras əmlaka, torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi üçün zəruri inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh3 tərəfindən yaradılan manelərin aradan qaldırılması barədə tələbi təmin edilmiş, ünvan 14 ünvanda yerləşən fərdi yaşayış evinin sənədləşdirilməsi üçün ƏMDK-nın yanında DƏDRX-nın 16 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçü və digər işlərin aparılmasına maneə törədilməsi Cavabdeh3 qadağan edilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-221/2020 saylı qətnaməsinin surətindən görünür ki, X10 özünə məxsus ünvan 15 ünvanda «Azəriqaz» X11 X25 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən ona hesablanmış 302.40 manat cərimənin və yeni qaz sayğacına görə ödənilmiş 93 manat pulun silinməsi barədə qətnamə edilməsini xahiş etmiş, iddia tələbi qismən təmin edilərək, "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən X3 abonent koduna hesablanmış 302.40 manat məbləğində borc və yeni quraşdırılmış sayğaca görə 93 manat məbləğində pul silinmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-368/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, mərhum X2 miras qalmış ünvan 17 ünvanda yerləşən 0,1784 ha torpaq sahəsi və 2 mərtəbəli, ümumi sahəsi 177,4 m2 olan fərdi yaşayış evinin İddiaçı və Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X13 tərəfindən qəbul edilməsi müəyyən edilmiş, həmin miras əmlakın 1/2 hissəsinə İddiaçı, 1/8 hissəsinə Cavabdeh3, 1/8 hissəsinə Cavabdeh1, 1/8 hissəsinə Cavabdeh2 və 1/8 hissəsinə X7 vərəsəlik hüquqları tanınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)- 766/2024 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)-368/2022 saylı, 14 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2 (102)-254/2023 saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-766/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 20 sentyabr 2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2023-cü il 23 fevral tarixli 2(102)-254/2023 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi rədd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43.İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 123.İ hissə - Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli Qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə tərəflərin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İşin mübahisəsiz halıdır ki, İddiaçı cavabdehin baldızıdır. Mübahisəli ev onun mərhum atası tərəfindən xx.xx.1980-ci ildə alqı-satqı müqaviləsi əsasında alınmış və iddiaçı 1980-ci ildən ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. Yaşayış evindən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək olan dövrdə yaranmışdır. Ona görə də mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra - Mənzil Məcəlləsi) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin xx.xx.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Bundan başqa iddiaçı tərəfindən təqdim olunmuş Qanun üzrə Vərəsəlik hüququ haqqında 23 avqust 2012-ci il tarixli şəhadətnamədən, Göyçay rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 89 saylı X4 Dairə Seçki Komissiyasının 12 avqust 2024-cü il tarixli məktubundan, Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2015-ci il tarixli müqavilədən, Quraşdırılan,dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair 28/02303 saylı, xx.xx.2015-ci il tarixli aktın surətindən müəyyən olunur ki, İddiaçı mübahisəli evdə yaşamışdır və həmin evdən istifadə hüququ davam edir. Cavabdeh sözügedən sənədlərin saxta olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. İddiaçı Göyçay şəhəri, Nigar Rəfibəyli küçəsi dalan 2 ünvanında yerləşən 4 nömrəli evə köçürülməlidir.

Nəticə:

Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia tələbi təmin edilsin. İddiaçı Göyçay şəhəri, Nigar Rəfibəyli küçəsi dalan 2 ünvanında yerləşən 4 nömrəli evə köçürülsün. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar