Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1630/2023 02.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay Rayon Məhkəməsinin 2(046)-856/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulmuş 13.697,31 (on üç min altı yüz doxsan yeddi dollar otuz bir sent) ABŞ dolları məbləğində pulun və Cavabdeh məxsus bankda ipoteka predmeti olan “Kia Cerato” minik markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ASC -nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 116936-1-8630 saylı, xx.xx.2013-cü il tarixli “avtomobil krediti müqaviləsi”nə əsasən cavabdehə avtomobil satın alınması üçün 36 (otuz altı) ay müddətinə illik 17 (on yeddi) faiz hesablanmaqla 23 762.00 (iyirmi üç min yeddi yüz altmış iki) ABŞ dolları məbləğində kredit verilmişdir. “Kredit müqaviləsi”ndən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi cavabdeh 1169xx-xx-12309 saylı, xx.xx.2013-cü il tarixli “ipoteka müqaviləsi (avtomobil)”nə (bundan sonra “ipoteka müqaviləsi”) əsasən mülkiyyətində olan «Kia Cerato minik» markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya ipoteka qoymuş və bu barədə “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndə göstərilən avtomobilə dair “İpoteka müqaviləsinə əsasən özgəninkiləşdirilməsin” barədə xüsusi qeyd aparılmışdır. Borclu kredit vəsaitindən istifadə etsə də, “Avtomobil krediti müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə problemli kreditlərin siyahısına daxil edilmişdir. Cavabdehə borcunu ödəməsi ilə bağlı pretenziya məktubları göndərilmiş, həmçinin şifahi danışıqlar aparılmış və nəticədə kredit borcunun restrukturizasiya edilməsi, ödəniş cədvəlindəki vaxtın uzadılması ilə aylıq ödəniş yükünün azaldılması barədə razılığa gəlinmişdir. Bununla bağlı cavabdehlə bank arasında bağlanmış «116936-1- 8630 №-li “Kredit müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə» 01 saylı xx.xx.2015-ci il tarixli razılaşmaya əsasən Cavabdeh 13 439.00 (on üç min dörd yüz otuz doqquz) ABŞ dolları məbləğində borcu 13 ay 5 gün müddətinə xx.xx.2016-cı il tarixədək, illik 17 % hesablanmaqla kapitallaşdırılmışdır. İddiaçı ASC Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh 31 may 2016-cı il tarixə banka borclu olduğu 12.962 ABŞ dolları 61 sent əsas, 1145 ABŞ dolları 14 sent faiz, 61 ABŞ dolları 39 sent cərimə olmaqla, cəmi 14169 ABŞ dolları 14 sent və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC -nə ödənilməsi, tələbin Cavabdeh məxsus banka ipoteka predmeti olan “Kia Cerato” minik markalı ** FG *** qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və qeyd edilən avtomobilin saxlanılaraq Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin cərimə meydançasına yerləşdirilməsi və avtomobilin açıq hərracda satılması, həmin avtomobilin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 2 (046)-856/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 12972 ABŞ dolları 61 sent əsas, 673 ABŞ dolları 31 sent faiz, 61 ABŞ dolları 39 sent cərimə olmaqla, cəmi 13697 ABŞ dolları 31 sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı Cavabdeh tutulub İddiaçı ASC ödənilməsi; İddianın tutmanın ipoteka predmetinə yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi tələbinə dair hissəsinin baxılmamış saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 2 (107)-1969/2018 nömrəli qətnaməsi ilə Göyçay Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 2 (046)- 856/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin cavabdehə çatmadığını, bildirişdən imtina edən şəxsin cavabdeh olub olmamasını müəyyən etməyin mümkün olmadığını və bununla da cavabdehin ipoteka predmetinə tutmanın yönəldilməsi zamanı qanunvericiliyə əsasən malik olduğu məhkəmə müdafiəsi tədbirlərindən faktiki olaraq məhrum olduğu qeyd olunmuşdur və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin cavabdehə verilməsini təsdiq edən sübütların məhkəməyə təqdim edilməməsini əsas kimi götürərək, “iddianın tutmanın ipoteka predmetinə yönəldilməsi, onun açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi tələbinə dair” hissədə baxılmamış saxlanmışdır. “İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, 13 iyun 2023-cü il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. "xxxx" MMC-nin 789918 və 789919 saylı qaiməsindən görünür ki, Göyçay rayonu Çayarxı kəndinə və ünvan 1 ünvanına göndərilmiş bildiriş Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində qəbul edilmişdir. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 4372 saylı ərizə ilə Cavabdeh məxsus “Kia Cerato” minik markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AA 101533 nömrəli çıxarışdan görünür ki, Cavabdeh məxsus “Kia Cerato” minik markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC qarşısında ipoteka ilə yüklü olaraq dövlət qeydiyyatına alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə Bank VTB (Azərbaycan)ASC tərəfindən Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. Göründüyü kimi, mülkiyyət hüququ ilə cavabdehə məxsus olan avtomobil kredit borcunun təminatı olduğundan və borclu isə ipoteka ilə təmin edilmiş borcun ödənilməsinə dair öhdəliyini icra etmədiyindən, habelə borcunu ödəmədiyindən iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsini tələb etməkdə haqlıdır. Buna görə də, tələb ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməlidir. Qeyd edilən avtomobil cavabdehin kredit borcunun təminatı olduğundan, tələbin göstərilən avtomobilə yönəldilməsi, yalnız həmin avtomobilin açıq hərracdan satılaraq, satışdan əldə edilən vəsaitlə tələb təmin edilməlidir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, İddiaçı ASC ona qarşı iddia qaldıraraq Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(046)- 856/2018 saylı qətnaməsinə əsasən ondan tutulması qət edilmiş 13697.31 ABŞ dolları məbləğində pulun ona məxsus olan avtomobilə yönəldilməsi,həmin avtomobilin hərracda satılması,hərracdan əldə ediləcək məbləğin iddiaçı bankın hesabına ödənilməsi və məhkəmə rüsumu olaraq ödənilmiş 100 manatın ondan tutlmasını xahiş etmişdir. Hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki,iddia ərizəsində də qeyd edildiyi kimi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(046)-856/2018 saylı və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnamələri ilə onunla İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 116936-1-8630 saylı kredit müqaviləsinin ləğv edilməsi,ümumilikdə 13697.31 ABŞ dolları məbləğində pulun ondan alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İddianın ona məxsus avtomobilin hərracda satılması, hərracdan əldə ediləcək məbləğin bankın hesabına ödənilməsi hissəsi baxılmamış saxlanmışdır. İlk öncə onu qeyd etmək istəyir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli,2(046)-856/2018 saylı qətnaməsinin icrası olaraq Göyçay rayon İcra və Probasiya şöbəsi tərəfindən işlədiyi idarədən aldığı əmək haqqının 50% məbləğində tutulması barəsində daxil olmuş icra vərəqəsi icra edilmiş, artıq 2 aydır ki, əmək haqqımın 50% hissəsi tutularaq iddiaçı bankın hesabına keçirilmişdir. Bundan başqa «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 48.1.2 maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Əsas öhdəlik dedikdə onunla iddiaçı bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 116936-1-8630 saylı kredit müqaviləsidir ki, bu müqviləyə də xitam verilməsi Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli,2(046)- 856/2018 saylı qətnaməsinə əsasən qət edilmiş və öz qanuni qüvvəsini də almışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.1 -ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasının təmin etmək məqsədi ilə bağlanılır. Maddənin tövsifindən də aydın görünür ki, ipoteka müqaviləsi onunla iddiaçı bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 116936-1-8630 saylı kredit müqaviləsinə əlavə edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli,2(046)- 856/2018 saylı qətnaməsinə əsasən əsas müqaviləyə xitam verilərkən öz qüvvəsini itirmişdir. Belə olduğu halda iddiaçı bankın ona məxsus olan avtomobilin hərracda satılmasına dair iddia ərizəsi absurd və əsassızdır,hesab edir ki.təmin edilməməlidir. Məhkəmədən İddiaçı ASC -nin ona qarşı Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli,2(046)-856/2018 saylı qətnaməsinə əsasən ondan tutulması qət edilmiş 13697.31 ABŞ dolları məbləğində pulun ona məxsus olan avtomobilə yönəldilməsi, həmin avtomobilin hərracda satılması, hərracdan əldə ediləcək məbləğin iddiaçı bankın hesabına ödənilməsi və məhkəmə rüsumu olaraq ödənilmiş 100 manatın ondan tutlmasına dair iddia ərizəsinin əsassız hesab edərək rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı ASC -nin nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş 09 sentyabr 2013-cü il tarixli 116936-1-8630 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən bank tərəfindən 36 ay müddətinə, illik 17 % hesablanmaqla Cavabdeh 23762 ABŞ dolları məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş Bank "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2013-ci il tarixli 1169xx-xx-12309 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olub bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 2-ci bəndində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyur (müqavilənin 2-ci bəndi). İpotekanın predmeti «Kia Cerato» minik markalı avtomobildir (3.1-ci bənd). İpoteka predmetinin qiyməti 26403 ABŞ dolları məbləğində qiymətləndirilmişdir (3.5-ci bənd). İşə əlavə edilmiş 09 sentyabr 2013-cü il tarixli 116936-1-8630 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 04 avqust 2015-ci il tarixli 01 saylı razılaşmadan görünür ki, Cavabdeh 13439 ABŞ dolları məbləğində krediti 13 ay 5 gün müddətinə illik 17 faizlə ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş 09 sentyabr 2013-cü il tarixli 1169xx-xx-12309 saylı ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 04 avqust 2015-ci il tarixli 01 saylı razılaşmadan görünür ki, Bank "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh arasında razılaşma bağlanmış, bağlanmış razılaşmaya əsasən 09 sentyabr 2013-cü il tarixli ipoteka müqaviləsinin 4.1 və 4.2-ci bəndlərinə dəyişiklik edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AA 101533 nömrəli çıxarışından görünür ki, Cavabdeh məxsus «Kia Cerato» minik markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobil Bank "xxxx" (Azərbaycan) ASC qarşısında ipoteka ilə yüklü olaraq dövlət qeydiyyatına alınmışdır. İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qətnaməsiinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, 12972 (on iki min doqquz yüz yetmiş iki) ABŞ dolları 61 (altmış bir )sent əsas, 673 (altı yüz yetmiş üç) ABŞ dolları 31 (otuz bir) sent faiz, 61 (altmış bir) ABŞ dolları 39 (otuz doqquz) sent cərimə olmaqla, cəmi 13697 (on üç min altı yüz doxsan yeddi) ABŞ dolları 31 (otuz bir) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı Cavabdeh tutulub iddiaçı Bank "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi, iddianın tutmanın ipoteka predmetinə yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi tələbinə dair hissəsinin baxılmamış saxlanılmasının nəzərə alınması qət edilmişdir. İşə əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli 2(107)-1969/2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin 19 arrel 2018-ci il tarixli,2(046)-856/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı Bank "xxxx" (Azərbaycan) ASC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin ediİməmişdir. İşə əlavə edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh banka olan borcun ödənilməsi tələb edilmiş və əks təqdirdə tutmanın ipoteka predmetinə yönədilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi bildirilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə borcu ödəmədiyindən Bank "xxxx" (Azərbaycan) ASC Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş X4 İdarəsinə müraciət edərək, tutmanın ipoteka predmetinə yönəldilməsinini xahiş etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə,borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Həmin Məcəllənin 551.2.4-cü maddəsinə əsasən məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Həmin Məcəllənin 555-ci maddəsinə əsasən borclu və kreditor eyni şəxs olduqda öhdəliyə xitam verilir. Həmin Məcəllənin 556.1-ci maddəsinə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Həmin Məcəllənin 556.2-ci maddəsinə əsasən borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz. Həmin Məcəllənin 557.1-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Bu halda dövlət və ya bələdiyyə vurulmuş ziyanla əlaqədar verilə bilən iddialar üzrə reqressant qismində çıxış edir və bunun nəticəsində zərər çəkmiş tərəflər bu Məcəllənin 19 və 22-ci maddələrinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər. Həmin Məcəllənin 557.2-ci maddəsinə əsasən öhdəliyin xitamı üçün əsas olmuş dövlət və ya bələdiyyə orqanının aktı müəyyənləşdirilmiş qaydada etibarsız sayıldıqda, əgər tərəflərin razılaşmasından və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə və öhdəliyin icrasına kreditorun marağı itməyibsə, öhdəlik bərpa edilir. Həmin Məcəllənin 558.1-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 558.2-ci madddəsinə əsasən icra şəxsən kreditor üçün nəzərdə tutulmuşdursa, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 559-cu maddəsinə əsasən hüquqi şəxsin (borclunun və ya kreditorun) ləğvinin qeydə alındığı andan onun öhdəliklərinə xitam verilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (Mülki Məcəllənin 269.1-269.4-cü maddələri). İddiaçı ASC-i ilə Məmmədov X2 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, borclu Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. İddiaçı Bank VTB (Azərbaycan)» ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, qanuni qüvvədə olan Göyçay Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli 2(046)-856/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 12972 (on iki min doqquz yüz yetmiş iki) ABŞ dolları 61 (altmış bir )sent əsas, 673 (altı yüz yetmiş üç) ABŞ dolları 31 (otuz bir) sent faiz, 61 (altmış bir) ABŞ dolları 39 (otuz doqquz) sent cərimə olmaqla, cəmi 13697 (on üç min altı yüz doxsan yeddi) ABŞ dolları 31 (otuz bir) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı Cavabdeh tutulub iddiaçı Bank "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi, iddianın tutmanın ipoteka predmetinə yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi tələbinə dair hissəsinin baxılmamış saxlanılmasının nəzərə alınması qət edilmişdir. Cavabdeh iddiaya qarşı etirazda qeyd edərək hesab etmişdir ki,tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi ləğv edildiyindən,»İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir,ona görə də ipotekaya xitam verilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, öhdəliklərə xitam verilməsi əsaslarını müəyyən edən Mülki Məcəllənin 527.1-ci maddəsinə görə öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Öhdəliyin xitamının digər əsasları isə Mülki Məcəllənin 555-559-cu maddələrində qeyd edilmişdir. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan öhdəliyə xitam verilməsi üçün nə Mülki Məcəllənin 527-ci maddəsindəki əsasları,nədə ki,Mülki Məcəllənin 555-559-cu maddələrində nəzərdə tutulmuş öhdəliyin xitamının digər əsasları müəyyən edilməmişdir. Digər tərəfdən məhkəmə onu da nəzərə alır ki, Göyçay Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli 2(046)-856/2018 saylı qətnaməsi ilə cəmi 13697 (on üç min altı yüz doxsan yeddi) ABŞ dolları 31 (otuz bir) sent məbləğində pulun alınması barədə əmələ gələn tələb bu vaxtadək icra olunmamış və öhdəliyin xitamı üçün nəzərdə tutulmuş müddətlər də keçməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki,öhdəliyə xitam verilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən,ipotekaya xitam verilməsi üçün də əsaslar olmamışdır. Məhkəmə hesab edir ki, öhdəliyin təminatı üsulu kimi Cavabdeh məxsus «Kia Cerato» minik markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edildiyindən və ipoteka ilə təmin edilmiş öhdəlik cavabdeh tərəfindən icra edilmədiyindən, iddiaçı tələbinin ipoteka qoyulmuş əşyanın dəyərindən ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-856/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh cəmi 13.697,31 (on üç min altı yüz doxsan yeddi dollar 31 sent) ABŞ dolları məbləğində pulun alınması barədə tələb ona məxsus “Kia Cerato” minik markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli,həmin avtomobil açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi təmin edilməli, bununla da iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-nə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 2(046)-856/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh cəmi 13.697,31 (on üç min altı yüz doxsan yeddi dollar otuz bir sent) ABŞ dolları ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarında pulun tutulmasına dair tələb Cavabdeh məxsus ipoteka predmeti olan “Kia Cerato” minik markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. Cavabdeh məxsus “Kia Cerato” minik markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılsın. Satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi təmin edilsin. Dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-nə verilsin. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1630/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1630/2023
02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver