Məhkəmə qərarları › İş №e-2(046)-1661/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1661/2025

21.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1661/2025 21.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən atası olan Cavabdeh sahibliyində olan fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, doğulduğu vaxtdan atası olan Cavabdeh sahibliyində olan evdə yaşamışdır. Mübahisəli ev mərhum əmisi Rövşən Zamanovun mülkiyyətində olmuşdur və Rövşən Zamanov sağlığında həmin evi cavabdehə bağışlamışdır. Mərhum əmisi Rövşən Zamanov ailəsi ilə birlikdə onun və ailə üzvlərinin qeydiyyatda olduğu, babasına məxsus ünvan 2 ünvanda yaşamış və ata evini tərk etmək istəməyərək öz mülkiyyətində olan evi əvvəlcə atasının istifadəsinə vermiş, daha sonra isə atasına bağışlamışdır. 21 dekabr 2023-cü il tarixdə X10 ilə nikah qeyd etdirməklə ailə qurmuş və evlənərkən həyat yoldaşını da əmlakı ilə birlikdə mübahisəli evə köçürmüşdür. Təxminən 2 il əvvəl anası və qardaşı ilə aralarında mübahisələr başlamışdır. Belə ki, anası onun qarşısına şərt qoymuşdur ki, əgər burda yaşayırsa qardaşı üçün ayrıca ev alınmağına normal maddi vəsait verməlidir. Lakin maddi imkanı olmadığından ailəsində baş verən mübahisələr münaqişəyə çevrilmiş və bir müddət sonra atası Cavabdeh onu azyaşlı uşaqları ilə birlikdə evdən çıxarmışdır. Həmin vaxtdan ailəsi ilə birlikdə Göyçay şəhərində kirayə yaşayır. Əmlakı isə mübahisəli evdədir. Bu müddətdə iki uşaqları da anadan olmuşdur. 4 nəfərdən ibarət ailəsi var və ona kirayə yaşamaq çox çətinlik yaradır. Ona görə də atasının sahibliyində olan evə köçmək istəyir. Mübahisəli evlə bağlı məlumat əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə sorğular göndərmişdir. Uzun müddət araşdırıldıqdan sonra həyətdə yerləşən evin birinin sökülməsi və digər evə isə mülkiyyət hüququnun qeydə alınmaması barədə cavab əldə etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı oğludur. Ailə üzvləri ilə birlikdə onun sahibliyində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşamışdır. Sonradan İddiaçı yersiz mübahisələr yaratmış, onunla və arvadı ilə mübahisələr etmişdir. Hesab edir ki, İddiaçı ilə bir evdə yaşamaq həyatı üçün təhlükəlidir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X10 xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, İddiaçı ilə X3 birgə nikahlarından xx.xx.2025-ci il tarixdə X11 və xx.xx.2024-cü il tarixdə X9 anadan olmuşdur. E-məhkəmə sistemi çıxarışından görünür ki,xx.xx.1993-cü il tarixdə anadan olmuş İddiaçı, Cavabdeh oğludur. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli arxiv məlumatlarından görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə X1 adına xx.xx.1989-cu il tarixli, 740 saylı qeydiyyat vəsiqəsi verilmişdir. X4 xx.xx.2013-cü il tarixdə Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.2010-cu il tarixli, A seriyalı 284859 nömrəli Torpaq sahəsinin planı və ölçüsünü, adlı siyahıdan çıxarış, Göyçay rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin xx.xx.2013-cü il tarixli, 242 saylı arayışı və evin layihəsini təqdim edərək ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi ilə bağlı müraciət etmişdir. Müraciət əsasında sözügedən fərdi yaşayış evi və 0.0084 ha torpaq sahəsi X1 adına, 0.0084 ha torpaq sahəsi X5, 0.0084 ha torpaq sahəsi X2, 0.0084 ha torrpaq sahəsi X7, 0.0084 ha torpaq sahəsi isə X6 adına olmaqla xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan sözügedən fərdi yaşayış evi Göyçay rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli, 4Ə-386 saylı daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında xx.xx.2024-cü il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh həmin fərdi yaşayış evini yeni ev tikmək üçün öz iradəsi ilə sökməsi barədə xx.xx.2024-cü il tarixli notarial ərziə ilə xx.xx.2024-cü il tarixdə müraciət edərək Göyçay şəhəri, Vidadi küçəsi 35 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. Müraciət əsasında xx.xx.2024-cü il tarixdə Cavabdeh sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyatı ləğv edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə yenidən müraciət edərək yerdə qalan 0.42 ha boş torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Müraciət əsasında Göyçay şəhəri, Vidadi küçəsi 35 ünvanında yerləşən 0.42 ha torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan Cavabdeh Göyçay şəhəri Vidadi küçəsi 35 ünvanında yerləşən 0.42 ha torpaq sahəsi üzərində yeni inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Müraciət əsasında aparılmış araşdırma zamanı fərdi yaşayış evinin 5.8 metrlik məsafəsindən 10 kv-luq elektrik xəttinin keçdiyi məlum olmuşdur. Bununla bağlı “Azərişıq" ASC-nin Mingəçevir regional Elektrik Şəbəkəsinə sorğu göndərilmişdir. Sorğuya qanunla nəzərdə tutulmuş müddətdə cavab verilmədiyi üçün Göyçay şəhəri, Vidadi küçəsi 35 ünvanında yerləşən yeni inşa edilmiş fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. E-məhkəmə sistemi çıxarışından görünür ki, Cavabdeh mülkiyyətində fərdi yaşayış evi aşkar edilməmişdir. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı dövlət rüsumu üçün 100 manat məbləğində pul ödəmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 27.1,27.2,27.3-cü maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə görə mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: İşin halları və tərəflərin verdikləri izahatlarla müəyyən edilir ki, İddiaçı Cavabdeh oğludur. Onlar daim bir yerdə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində yaşamış, bir evdə təsəərüfat aparmışlar. Sonradan cavabdehin qardaşı Rövşən Zamanov mülkiyyətində olan hazırda mübahisə predmenti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evini bağışlanma müqaviləsi əsasında xx.xx.2024-cü il tarixdə Cavabdeh bağışlanmış, tərəflər mübahisə predmenti olmayan fərdi yaşayış evində yaşadıqdan sonra, Cavabdeh həmin fərdi yaşayış evini yeni ev tikmək üçün öz iradəsi ilə sökməsi barədə xx.xx.2024-cü il tarixli notarial ərziə ilə xx.xx.2024-cü il tarixdə müraciət edərək Göyçay şəhəri, Vidadi küçəsi 35 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsini xahiş etmiş, müraciət əsasında xx.xx.2024-cü il tarixdə Cavabdeh sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ ləğv edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə yenidən müraciət edərək yerdə qalan 0.42 ha boş torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, Göyçay şəhəri Vidadi küçəsi 35 ünvanında yerləşən 0.42 ha torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan Cavabdeh Göyçay şəhəri Vidadi küçəsi 35 ünvanında yerləşən 0.42 ha torpaq sahəsi üzərində yeni inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2024cü il tarixdə müraciət etmiş, aparılmış araşdırma zamanı fərdi yaşayış evinin 5.8 metrlik məsafəsindən 10 kv-luq elektrik xəttinin keçdiyi məlum olmuş, bununla bağlı “Azərişıq" ASC-nin Mingəçevir regional Elektrik Şəbəkəsinə sorğu göndərilmiş, sorğuya qanunla nəzərdə tutulmuş müddətdə cavab verilmədiyi üçün Göyçay şəhəri, Vidadi küçəsi 35 ünvanında yerləşən yeni inşa edilmiş fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Yuxarıda sadalanan hallar ilə müəyyən edilir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanda inşa edilmiş fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamış, özbaşına tikilidir. Eləcə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında hüquq münasibətləri Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda 0.42 ha torpaq sahəsində inşa edilmiş və qeydiyyata alınmamış özbaşına tikilinin (fərdi yaşayış evinin) inşa edildiyi vaxtdan yəni 2024-cü il tarixdən yaranmışdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ailə üzvü olduğundan, Cavabdeh tərəfindən xüsusi mülkiyyətində inşa edilmiş və dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evindən onunla bərabər istifadə etmək hüququna malikdir. Eləcə də İddiaçı Cavabdehla birgə sahəsindən təyinatı üzrə istifadə edə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il təvəllüdlü X9 və xx.xx.2025-ci il təvəllüdlü X11 iddiaçının yanında yaşadığından və on dörd yaşına çatmamış uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayıldığından, iddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. İddiaçı azyaşlı uşaqları xx.xx.2024-cü il təvəllüdlü X9 və xx.xx.2025-ci il təvəllüdlü X11 ilə birlikdə ünvan 1 ünvanda 0.42 ha torpaq sahəsində Cavabdeh istifadəsində olan fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar