Məhkəmə qərarları › İş №e-2(046)-2178/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2178/2025

24.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2178/2025 24.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərər tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5533 manat 08 qəpik məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat 34 qəpik məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını tələb etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 17 iyun 2021-ci il tarixindən "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 5533 manat 08 qəpik pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh "xxxx" MMC-yə vurduğu 5533 manat 08 qəpik məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət edilmişdir. Təyin edilmiş mediator vasitəsilə cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator "mediasiya sessiyasında iştirak edilməməsi barədə" xx.xx.2025-ci il tarixli arayış vermişdir. Mediasiya xərci olan 50 manat məbləğində pul tərəflərindən tam şəkildə ödənilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, o qeyd edilən məbləği qəbul etmir. Belə ki, İddiaçı MMC-də 10 il Bakı şəhərində sürücü işləmişdir, satış təmsilçisi kimi isə 2 il Göyçay şəhərində işləmişdir. Keçən müddət ərzində cəmi 1 dəfə əmək məzuniyyətinə çıxmışdır. Lakin 1 il əvvəl işdən azad olunarkən ona son-haqq hesab olan məzuniyyət pulları və eləcə də sonuncu ay üçün işlədiyi əmək haqqı olan 1069 manat pul iddiaçı tərəfindən ona ödənilməmişdir. Qeyd edilə pullar ona ödəniləsi olsaydı onun iddiaçıya borcu göstərilən həddə və məbləğdə olmayacaqdı. Bu barədə o X1 Xidmətinə müraciət edəcəkdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etdi, izahat verərək bildirdi ki, ona son-haqq hesab olan məzuniyyət pulları və eləcə də sonuncu ay üçün işlədiyi əmək haqqı olan 1069 manat pul iddiaçı tərəfindən ödənilməmişdir. İddiaçı MMC-nin ondan tələb etdiyi məbləğdən 1069 manat pul çıxılsa idi,tələb edilən məbləğ az miqdarda olacaq idi. İddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 2 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi bağlanmış,cavabdeh satış nümayəndəsi qismində işə qəbul edilmişdir. İşə əlavə edilmiş “X2” haqqında xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh tam maddi məsul şəxsdir. İşə əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İşə əlavə edilmiş İddiaçı MMC-i ilə Cavabdeh iştirakı və imzası ilə təsdiq edilmiş zərərin müəyyən edilməsi barədə xx.xx.2024-cü il tarixli aktdan görünür ki,dəymiş zərərin miqdarı 5533 manat 08 qəpik məbləğində müəyyən edilmişdir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixdə mediator tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı MMC-nə ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İlkin mediasiya sessiyası ilə bağlı 60 manat mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 5533 manat 08 qəpik məbləğində pulun 5 iş günü müddətində İddiaçı MMC-nə ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət edilməsi göstərilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191-ci maddənin 2-ci bəndinə görə aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinin 1-ci bəndinə görə tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə görə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci bəndinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən,istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın,maddi və ya digər sərvətlərin saxlanması,emalı,satışı,daşınması,istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan,bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2011-ci il tarixli qərarına görə təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191.2-ci maddəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-i ilə əmək münasibətlərində olaraq satış nümayəndəsi qismində işə qəbul olunmuş, tam maddi məsul şəxs kimi İddiaçı MMC-dən ona etibar edilmiş malları qəbul edərək ticarət nöqtələrinə paylamış, lakin həmin malların pulunu İddiaçı MMC-nə təhvil verməli olduğu halda, bunu etməyərək işəgötürənə maddi ziyan vurmuşdur. Cavabdeh aşkar olunmuş çatışmazlıqda təqsirinin olmadığını təsdiqləyən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.O ki qaldı cavabdehin son haqq-hesabın ona ödənilməməsi və ödənildiyi halda maddi zərərin daha az miqdarda olması barədə dəlilinə,məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə görə məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxartdığından və cavabdeh tərəfindən bu barədə tələb irəli sürülmədiyindən məhkəmə cavabdehin etirazda göstərilən dəlilinə hüquqi dəyərləndirmə vermədən irəli sürülmüş tələblər üzrə qətnamə çıxartmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının məruz qaldığı zərər cavabdehin hüquqazidd hərəkəti nəticəsində yaranmış və bunlar arasındakı səbəbli əlaqəni qeyd olunmuş subutlar tam təsdiqləyir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı MMC-nə maddi zərərin vurulması müəyyən edildiyindən, zərərvuran Cavabdeh İddiaçı MMC-nə dəymiş maddi zərərin əvəzi olaraq 5533 manat 08 qəpik məbləğində pul ödəməli, bununla da iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri və mediasiyaya çəkilən xərclər cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 25 manat 34 qəpik və 50 manat mediasiyaya çəkilən xərc Cavabdeh tutularaq İddiaçı MMC-nə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 5533 manat 08 qəpik məbləğində pul alınaraq İddiaçı MMC-nə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh 25 manat 34 qəpik məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nə verilsin. Mediasiyaya çəkilən xərclər cavabdehə aid edilsin. Cavabdeh 50 manat mediasiyaya çəkilən xərc alınaraq İddiaçı MMC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar