Məhkəmə qərarları › İş №e-2(046)-271/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-271/2022

04.02.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-271/2022 04.02.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil iştirakl ilə, Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2050.42 manat dəymiş ziyanın, 50 manat mediasiya xərcinin və 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, işə götürən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2020-ci il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh iddiaçıya məxsus və Göyçay rayonu ərazisində yerləşən anbarda satıcı-anbardar vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən, işçinin funksiyalarına malların anbara qəbul olunması, saxlanılması və yerləşdirilməsi, sifarişlərin vaxtı vaxtında toplanması və təhvil verilməsi, təhkim olunmuş pos-terminal və kassa aparatları vasitəsi ilə Cəmiyyətə aid olmayan əməliyyatların aparılmaması, həyata keçirilmiş əməliyyatların (satış, anbarlararası yerdəyişmə və s.) real vaxt rejimində Cəmiyyətin proqram təminatı sisteminə düzgün şəkildə daxil edilməsi, alıcılar haqqında məlumatın Cəmiyyətin proqram təminatı sisteminə düzgün şəkildə daxil edilməsi, həyata keçirilən satışlara uyğun olaraq, əməliyyatın sonunda faktiki mal qalığının Cəmiyyətin proqram təminatı sistemində göstərilən miqdarla eynilik təşkil etməsinə cavabdehliyi, kontragent (müştəri) yaradarkən adını, FİN və kart nömrəsini düzgün qeyd etmək, satış həyata keçirilən vaxtda realizasiya sənədini (MOBİS üzərindən) yaratmaq, hər hansı problem yaranarsa, ən geci saat 23:59:59-dək sistemə daxil etmək, realizasiya sənədi əsasında kassa mədaxil sənədini yaratmaq, hər hansı problem yaranarsa, ən geci saat 23:59:59-dək sistemə daxil etmək, POS terminala (70%) və PKO (30%) vurulmalı məbləğlər düzgün olmalı, müştərinin borcu qalmamasına əməl etmək, gün ərzində satıcıxəzinədar tərəfindən aparılmış əməliyyatlara nəzarət etmək, günün sonunda xəzinəni sayaraq qəbul etmək və şirkətin bank hesabına mədaxil edilməsini təmin etmək, heç bir halda Banka məxsus ödəniş terminalı, kassa aparatı və 1 C proqramının kodlarını başqa şəxslərə verməmək, anbar təhlükəsizliyi təlimatlarına əməl etmək və müvafiq təhlükəsizlik tədbirlərini görmək və mühafizə siqnalizasiyalarını işlək vəziyyətdə saxlamaq, malmaterialların saxlanılmasını, mühafizə rejiminə əməl edilməsini, əməliyyatların hesabının aparılmasını təmin etmək, anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərini saxlamaq və onların uçotunu aparmaq, müştərilərin sifarişlərinə görə malları dəstlərə komplektləşdirmək, rəsmiləşdirmə qaydalarına və mədaxilməxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, anbarda olan mal-materialların sayımının çevik həyata keçirilməsi üçün malların çeşidlər, xüsusiyyətlər üzrə yığımını təmin etmək, anbar işçilərinin təlimatlandırılması (anbarda olan mallarla rəftar qaydaları), anbara kənar şəxslərin girişini qadağan etmək daxildir. Bağlanmış əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən, tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericilikdə müəyyən edilmiş qaydada maddi, habelə mənəvi məsuliyyət daşıyır. Eyni zamanda, tərəflər arasında 20 avqust 2020-ci il tarixli “Tam maddi məsuliyyət haqqında fərdi müqavilə” də imzalanmış və bu müqaviləyə görə, cavabdeh əmanət olunan əmlakın çatışmazlığı üçün tam maddi məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan başqa, 20 avqust 2020-ci il tarixli, 08/20-M nömrəli əmrə əsasən SN: V1E0206592 nömrəli, İMEİ kodu **********13075 olan ödəniş terminalı aparatı və SN: VS43204P60942 nömrəli, İMEİ kodu **********55830 olan W5920 №- li kassa aparatıməsul şəxs – Cavabdeh təhkim edilmişdir. Cavabdeh işə götürülən zaman İddiaçı QSC-nin “İşçilərin əmək funksiyalarının həyata keçirilməsi zamanı qanun pozuntularına yol verildiyi təqdirdə intizam və ya cinayəthüquqi məsuliyyət daşıması barədə” 29.04.2020-ci il tarixli Əmri ilə tanış edilmiş və cavabdeh bu barədə əmrin surətinə müvafiq qeyd aparmışdır. 02.03.2021-ci il tarixində cavabdehin anbar qalıqlarının sayımı aparılmış və ümumilikdə 2,169.52 (iki min bir yüz altmış doqquz manat əlli iki qəpik) manat məbləğində malların çatışmazlığı aşkar edilmişdir. Daxili audit zamanı çatışmazlığın cavabdehin qanunsuz hərəkətləri nəticəsində meydana gəldiyi müəyyən olunmuşdur. Belə ki, cavabdehə 21.08.2020-ci il tarixindən 13.01.2021-ci il tarixinədək olan dövr ərzində AT00-003328, AT00-003389, AT00-003475, AT00-000064 və AT00- 000151 nömrəli təhvil-təslim aktlarına əsasən, ümumilikdə 68,700.00 kq müxtəlif adda mineral gübrələr təhvil verilmiş, həmin malların 8,043.42 kq hissəsi müştərilərə satılaraq dəyəri iddiaçıya ödənilmiş, 59,086.00 kq çəkidə mallar Cəmiyyətin digər anbarlarına təhvil verilmiş, lakin 1,570.58 kq çəkidə mallar cavabdeh tərəfindən heç bir əsas göstərilmədən iddiaçıya təhvil verilməmişdir. Göstərilən çatışmazlıq məbləği isə manat ifadəsində Cəmiyyətin satış siyasətinə uyğun olaraq 2,169.52 manat təşkil etmişdir. Cavabdehə işlədiyi dövr ərzində ümumilikdə 68,700.00 kq çəkisində malların təhvil verilməsi və həmin malların cavabdeh tərəfindən təhvil alınması ilə bağlı tərəflərin imzası ilə 30.01.2021-ci il tarixli “Üzləşmə Akt”ları bağlanmışdır. İşəgötürənə dəymiş zərərin məbləği Cavabdeh iştirakı ilə tərtib olunmuş və imzalanmış 02.03.2021-ci il tarixli “Anbar qalıqlarının sayımının nəticələri haqqında” Akt ilə müəyyən edilmişdir. Araşdırma aparılan zaman Cavabdeh izahat verməkdən imtina etmişdir. Bundan başqa, cavabdehin ünvanına 14.06.2021-ci il tarixli 0510 nömrəli “vurulmuş ziyanın geri qaytarılması barədə” xəbərdarlıq məktubu göndərilmiş, lakin vurulmuş ziyan cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçı tərəfindən aparılmış araşdırmanın yekun nəticəsi olan 20.09.2021-ci il tarixli, 0577 nömrəli “X1” ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən məsul olduğu anbar üzrə “Mədaxil olunan mallar - satılan mallar – digər anbarlara təhvil verilən mallar = qalıq mallar”, yəni “68,700.00 kq – 8,043.42 kq – 59,086.00 kq = 1,570.58 kq” olmalı idi. Beləliklə, yoxlama nəticəsində müəyyən edilir ki, Cavabdeh tərəfindən maddi məsuliyyətində qalan mallar üzrə 1,570.58 kq, yəni cari satış qiymətlərinə uyğun olaraq 2,169.52 (iki min bir yüz altmış doqquz manat əlli iki qəpik) manat fərq yaranmışdır. Göstərilən məbləğdən də Cəmiyyətin hesablarına daxil olmuş 119.10 (bir yüz on doqquz manat on qəpik) manat artıq vəsait çıxılmalıdır. Beləliklə də, Cavabdeh fəaliyyəti üzrə yekunda 2,050.42 (iki min əlli manat qırx iki qəpik) manat (2,169.52 – 119.10) kənarlaşma-əskikgəlmə yaranmışdır. Beləliklə, cavabdeh əmək müqaviləsi, maddi məsuliyyət müqaviləsi və əmək qanunvericiliyinə əsasən üzərinə götürdüyü öhdəlikləri düzgün şəkildə yerinə yetirməmişdir. Vurulmuş zərərin miqdarı 02.03.2021-ci il tarixli “Anbar qalıqlarının sayımının nəticələri haqqında” Aktı və 20.09.2021-ci il tarixli, 0577 nömrəli “X1” ilə təsdiqlənir. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə təqdim edilmiş 20.08.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. Məhkəmə təqdim edilmiş Tam maddi məsuliyyət haqqında fərdi müqavilədən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında tam maddi məsuliyyət müqaviləsi bağlanmışdır. Məhkəmə təqdim edilmiş 20.09.2021-ci il tarixli aryışdan və mülki işə əlavə edilmiş təhvil-təslim aktlarından görünür ki, Cavabdeh işlədiyi müddət ərzində 13 adda məhsul təhvil verilmişdir. Məhkəmə təqdim edilmiş 20.09.2021-ci il tarixli X1ndan görünür ki, Əmək müqaviləsi üzrə vəzifə təlimatına əsasən Cavabdeh satışdan əldə olunan nağd vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin bank hesabına köçürməli, dövlət tərəfindən verilən subsidiya kartlarından edilən ödənişləri isə ona təhkim olunan post terminal vasitəsi ilə əldə etməli idi. 02.03.2021- ci il tarixinədək satılan məhsullara uyğun olaraq subsidiya kartlarından əldə olunan vəsait 7,685.25 (yeddi min altı yüz səksən beş manat iyirmi beş qəpik) manat olmuş, beləliklə satılan malların məbləğindən əlavə olaraq 119.10 (bir yüz on doqquz manat on qəpik) manat artıq vəsait daxil olmuşdur.02.03.2021-ci il tarixində Cəmiyyətin maliyyə nəzarət mütəxəssisi Fəxri Paşazadə tərəfindən anbar qalıqlarının düzgünlüyünün yoxlanılması məqsədi ilə Cavabdeh məsul olduğu anbar üzrə sayım keçirilmişdir. Tərəflər tərəfindən təsdiqlənmiş 02.03.2021-ci il tarixli “Anbar qalıqlarının sayımının nəticələri haqqında" Akta əsasən təhvil verilən mallardan 1,570.58 kq çatışmazlıq müəyyən olunmuşdur Beləliklə, yoxlama dövrünə 1,570.58 kq məhsul üzrə əskiklik-mənimsəmə aşkarlanmışdır. Qeyd olunanlara əsasən, Cavabdeh tərəfindən məsul olduğu anbar üzrə “Mədaxil olunan mallar - satılan mallar - digər anbarlara təhvil verilən mallar = qalıq mallar”, yəni “68,700.00 kq - 8,043.42 kq - 59,086.00 kq = 1,570.58 kq” olmalı idi. Beləliklə, yoxlama nəticəsində müəyyən edilir ki, Cavabdeh tərəfindən maddi məsuliyyətində qalan mallar üzrə 1,570.58 kq, yəni cari satış qiymətlərinə uyğun olaraq 2,169.52 (iki min bir yüz altmış doqquz manat əlli iki qəpik) manat fərq yaranmışdır. Göstərilən məbləğdən də Cəmiyyətin hesablarına daxil olmuş 119.10 (bir yüz on doqquz manat on qəpik) manat artıq vəsait çıxılmalıdır. Beləliklə də, Cavabdeh fəaliyyəti üzrə yekunda 2,050.42 (iki min əlli manat qırx iki qəpik) manat (2,169.52 - 119 10) kənarlaşmaəskikgəlmə yaranmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış əmək müqaviləsinin tələblərini pozmuş, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyət maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2. aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən 1. ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 199-cu maddəsinə əsaəsn işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Həmin Məcəllənin 200-cü maddəsinə əsasən 1. istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. iddiaçı tərəfindən hüquqi yardıma görə 150 manat vəkilə pul və 50 manat mediasiyaya ödənilmişdir. Belə olan halda, ödənilmiş 150 manat hüquqi yardım üçün puyl və 50 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi kimi 2050.42 manat dəymiş ziyan, 50 manat mediasiya xərci və 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərc alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi kimi 2050.42 manat dəymiş ziyan, 50 manat mediasiya xərci və 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərc alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar