Məhkəmə qərarları › İş №e-2(046)-66/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-66/2024

04.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-66/2024 04.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X3 Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qanunsuz istifadənin aradan qaldırılması və zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu, Mırtı kəndi ərazisində mülkiyyətində olan 0,3850 ha olan torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanunsuz istifadəsinin aradan qaldırılması və onların zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli qeydiyyat çıxarışına əsasən Göyçay rayonu, Mırtı kəndi ərazisində yerləşən 0,3850 ölçüdə torpaq sahəsi mülkiyyət hüququ üzrə ona məxsusdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda geniş miqyaslı əks hücum əməliyyatlarının həyata keçirilməsi zamanı 44 günlük vətən müharibəsi dövründə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən gələn yaralı hərbçilərə X1 Mərkəzində tibbi xidmət göstərmişdir. Yaxın vaxtlarda bilib ki, mülkiyyətində olan yuxarıda qeyd edilən torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilərək əkmə, becərmə, istilik sistemlərinin quraşdırılması və s. hərəkətləri ilə qanunsuz istifadə edirlər. Dəfələrlə onlara özünə məxsus torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarılmağı tələb etsə də heç bir nəticəsi olmamış və cavabdehlər mülkiyyətində olan torpaq sahəsini zəbt edərək qanunsuz istifadə etməklə torpaq üzərində mülkiyyət hüququnu pozmuşlar. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə baxışında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək göstərmişdir ki, təmsil etdiyi şəxs İddiaçı Göyçay rayon Mırtı kəndində yerləşən 0.3850 ha torpaq sahəsinə dair çıxarış əldə etmiş, məhkəmə tərəfindən ekspertiza təyin edilərək İddiaçı mülkiyyətində olan 0,3850 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,26 ha hissəsi cavabdehlər tərəfindən istifadə edildiyi məlum olunmuşdur. Cavabdehlər həmin torpaq sahəsini zəbt etmişlər. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir.Belə ki,iddiaçı ilə əvvəllər qohumluq münasibətləri olduğundan,həmin torpaq sahəsi onlara verilmişdir ki, istifadə etsinlər.Hazırda iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə baxışında Cavabdeh3 iddianı qəbul edərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. İddiaçı özü onlara həmin torpaq sahəsini vermişdir. İddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh2 məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Göyçay rayonu, Mırtı kəndində yerləşən 0,3850 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 42 nömrəli vərəqəsində İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan 0,3850 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,26 ha hissəsi cavabdehlər tərəfindən istifadə edildiyi məlum olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/365 saylı ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan 0,3850 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,26 ha hissəsi cavabdehlər tərəfindən istifadə edildiyi məlum olunmuşdur. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin,istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin halları ilə müəyyən olunur ki, ekspert rəyinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu Mırtı kəndində yerləşən 0,3850 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,26 ha hissəsi cavabdehlər tərəfindən istifadə edilir. Odur ki,iddia qaldırmış İddiaçı torpaq sahəsindən çıxarılma tələbini irəli sürmək subyektiv hüquqa malik olmuşdur. Mülki qanunvericiliyin tələbinə görə mülkiyyətçi öz əmlakı üzərində sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan 0,3850 ha torpaq sahəsinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkdə sərbəst olduğundan, habelə həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmək hüququna malik olduğundan, pozulmuş mülkiyyət hüququ bərpa edilməli,mülkiyyət hüququnun müdafiəsi təmin edilməli, İddiaçı məxsus Göyçay rayonu Mırtı kəndində yerləşən 0,3850 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,26 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanunsuz istifadəsi aradan qaldırılmalı,cavabdehlər 0,3850 ha torpaq sahəsinin 0,26 ha hissəsindən çıxarılmalı,qalan hissədə iddia təmin olunmamalı,bununla da iddia qismən təmin olunmalıdır. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi isə aşağıdakı qaydada həyata keçirilməlidir. Məhkəmə nəzərə alır ki,iddia qismən təmin edilmiş,yəni iddianın 67 faizi təmin edilmiş,ona görə də məhkəmə xərclərinin 67 faizi cavabdehlərə aid edilməlidir. Məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumundan və ekspertiza tədqiqatının aparılması üçün 100 manat ekspertiza xərcindən,cəmi 200 manatdar ibarətdir. Beləliklə məhkəmə xərclərinin 67 faizini təşkil edən 134 manat cavabdehlərə aid edilməli,cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 100 manat ekspertiza xərci alınaraq dövlət nəfinə keçirilməli, 34 manat alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Göyçay rayonu Mırtı kəndində yerləşən 0,3850 ha torpaq sahəsinin 0,26 ha hissəsindən qanunsuz istifadələri aradan qaldırılsın və onlar həmin torpaq sahəsinin 0,26 ha hissəsindən çıxarılsınlar. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərclərinin 67 faizi cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 100 manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət nəfinə keçirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 34 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar