Məhkəmə qərarları › İş №e-2(046)-71/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-71/2024

24.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-71/2024 24.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərər tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6405 manat 85 qəpik məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 manat 06 qəpik məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını tələb etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 13 avqust 2021-ci il tarixindən "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2022xx.xx.2022-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 6405 manat 85 qəpik pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh "xxxx" MMC-yə vurduğu 6405 manat 85 qəpik məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət edilmişdir. Təyin edilmiş mediator vasitəsilə cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator "mediasiya sessiyasında iştirak edilməməsi barədə" xx.xx.2023-cü il tarixli arayış vermişdir. Mediasiya xərci olan 50 manat məbləğində pul tərəflərindən tam şəkildə ödənilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, İddiaçı MMC-də işlədiyi 1 (bir) il müddət ərzində şirkətin audit şöbəsi tərəfindən dəfələrlə yoxlamalar aparılıb heç bir əskiyi olmamışdır. Lakin keçən ilin may ayında İddiaçı MMC-nin Göyçay filialının müdiri vəzifəsində işləyən Anar müəllim ona və bütün ekspeditorlara bildirdi ki, müştərilərin gecikən verilməyən borcları sizin adınıza vurulacaq və sizin tərəfinizdən ödəniləcəkdir. Onunda işlədiyi ərazidə belə müştərilərdən məsələn, Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən şərab evində 996 (doqquz yüz doxsan altı) manat, Ucar şəhərində olan “Kral” marketdə 809 (səkkiz yüz doqquz) manat və s. obyektlər var idi. Qeyd etdiyi və qeyd etmədiyi ticarət obyektlərində şirkətlə yaranmış borclar onun işlədiyi müddətdən əvvəl olmuşdur. Şirkətdə belə bir sistem mövcuddur ki, məhsullar obyektlərə veriləndən 40 (qırx) gün keçərsə əgər müştəri məhsulu dəyişərsə və yaxud pulu ödəyə bilməyib malı geri qaytararaq adındaki borcdan sildirmək istəyirsə bunu şirkət geri qəbul etməyib onun adına borc olaraq yazır. Qeyd etdiyi belə müştərilərin əvəzinə 8000 (səkkiz min) manat ödəyərək, malları şirkət qəbul etmədiyi üçün yaşadığı öz həyətinə aparmışdır. İddiaçı MMC öz məhsullarına sahib çıxmır. Hətta yararlılıq müddəti bitməsinə baxmayaraq məhsulları geri anbara qəbul etmir. O da işdən çıxmağı qərara alıb və 8000 (səkkiz min) manat dəyərində olan həmin şirkətin məhsullarını video çəkilişlə şirkətin həyətinə boşaldıb, lakin nə qədər israr etsədə şirkətdən heç bir məsul şəxs bu malları ondan geri təhvil almayıblar. Şirkətlə onun arasında yaranmış borcun 2367 manat 35 qəpik hissəsi o işləməmişdən öncə müştərilərə satılan malların borcudur. 1869 manatı hər ay əmək haqqından qeyri qanuni depozit dedikləri 80 (səksən) manatdan 11 (on bir) ay 880 manat və aylıq əmək haqqını götürüb. Axırıncı ay şirkət tərəfindən əmək haqqı olaraq heç bir ödəniş almayıb, şirkət bunuda onun borcundan çıxmayıb. Onun İddiaçı MMC-yə borcu olmamışdır. Məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X1 iddianı qəbul etmədi, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etdi,iddia müddətinin keçməsini nəzərə alıb məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 2 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satış nümayəndəsi qismində işə qəbul edilmişdir. İşə əlavə edilmiş “X3” haqqında xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh tam maddi məsul şəxsdir. İşə əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixdə mediator tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçıMMC-nə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İlkin mediasiya sessiyası xx.xx.2023-cü il tarixə,sonra xx.xx.2023-cü il tarixə təyin edilmiş,mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixdə göndərilmiş, 50 manat mediasiya xərci İddiaçıMMC tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 6405 manat 87 qəpik məbləğində pulun 5 iş günü müddətində İddiaçı MMC-nə ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət edilməsi göstərilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2024-cü il tarixli, 9/1049 saylı ekspert rəyindən görünür ki, 13 avqust 2021-ci il tarixdən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində işləmiş cavabdeh Adıgözəlov İsrayıl oğlunun xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək İddiaçı MMC-nə 6405 manat 12 qəpik məbləğində borcu olması müəyyən edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191-ci maddənin 2-ci bəndinə görə aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinin 1-ci bəndinə görə tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə görə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci bəndinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən,istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın,maddi və ya digər sərvətlərin saxlanması,emalı,satışı,daşınması,istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X3 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan,bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2011-ci il tarixli qərarına görə təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191.2-ci maddəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-i ilə əmək münasibətlərində olaraq satış nümayəndəsi qismində işə qəbul olunmuş, tam maddi məsul şəxs kimi İddiaçı MMC-dən ona etibar edilmiş malları qəbul edərək ticarət nöqtələrinə paylamış,lakin həmin malların pulunu İddiaçı MMC-nə təhvil verməli olduğu halda, bunu etməyərək işəgötürənə maddi ziyan vurmuşdur.Cavabdeh aşkar olunmuş çatışmazlıqda təqsirinin olmadığını təsdiqləyən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş,etirazına əlavə etdiyi videoçəkiliş isə təqsirsiz olmasını təsdiq edən sübut qismində nəzərə alınmamışdır.Bundan başqa cavabdeh maddi zərərin ödənilməsini də əsaslandıra bilməmişdir.Beləliklə məhkəmə hesab edir ki,iddiaçının məruz qaldığı zərər cavabdehin hüquqazidd hərəkəti nəticəsində yaranmış və bunlar arasındakı səbəbli əlaqəni qeyd olunmuş subutlar tam təsdiqləyir. Dəymiş real zərərin miqdarını müəyyən etmək üçün məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2024-cü il tarixli, 9/1049 nömrəli ekspert rəyinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı MMC-nə 6405 manat 12 qəpik məbləğində borcun olması ilə müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini digər sübutlarla müqayisəli şəkildə təhlil edərək daha mötəbər sübut qismində qəbul edir və nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı MMC-nə dəymiş zərər 6405 manat 12 qəpik məbləğində müəyyən olunmalı, bununla da iddia qismən təmin olunmalıdır. O ki qaldı cavabdehin iddia müddətinin keçməsi barədə dəlilinə,məhkəmə nəzərə çatdırır ki,Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 7-ci bəndinə görə mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.»Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Odur ki,İddiaçı MMC-i ziyan vurulmasını aşkar etdiyi xx.xx.2022-ci il tarixdən hesablandıqda (həmin tarixdə cavabdeh izahat vermişdir) məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2023-cü ildə verildiyinə görə iddia müddətinin axımı həmin tarixdən dayandırılmış hesab olunmalıdır.İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışın tərtib edilməsi ilə iddia müddətnin axımı davam etmiş, xx.xx.2023-cü il tarixdə iddiaçının məhkəməyə müraciət olunması nəzərə alınmaqla,əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş 1 il müddət keçməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 34 manat 06 qəpik və 50 manat mediasiya xərcinin yarısı 25 manat Cavabdeh tutularaq İddiaçı MMC-nə verilməli, Cavabdeh 100 manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 6405 manat 12 qəpik məbləğində pul alınaraq İddiaçı MMC-nə verilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh 34 manat 06 qəpik məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nə verilsin. Cavabdeh 100 manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət nəfinə keçirilsin. Mediasiya xərcləri bərabər şəkildə tərəflərə aid edilsin. Cavabdeh 50 manat mediasiya xərcinin yarısı 25 manat alınaraq İddiaçı MMC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar