Məhkəmə qərarları › İş №e-2(046)-95/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-95/2023

16.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-95/2023 16.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil və cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru X1 iştirakı ilə, Sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi haqqında 31 mart 2022-ci il tarixli 34 saylı əmrinin ləğv edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay şəhər 5 saylı tam orta məktəbin direktorunun mənə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi haqqında 31 mart 2022-ci il tarixli 34 saylı əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddianı müdafiə edərək göstərmişdir ki, ddiaçı İddiaçı 1992-ci ildən Göyçay şəhər 5 saylı orta məktəbdə psixoloq işləyir, bu müddət ərzində iki direktorla işləmiş və həm direktorla, həm də kollektivlə normal iş münasibətləri olmuşdur. 2019-2020-ci dərs ilində işlədiyi 5 saylı orta məktəbə Vüqar Məlikov yeni direktor təyin edilmişdir. Vüqar Məlikov məktəbə direktor təyin ediləndən sonra kollektivdə qeyri-sağlam münasibətlər yaranmışdır. Direktor ona məktəbin psixoloqu kimi əmək funksiyalarımı yerinə yetirməyə mane olur, onu təhqir edir və işdən çıxaracağı ilə hədələyir. Hətta xəstəlik vərəqəsində olan vaxt 02 oktyabr 2020-ci il tarixli əmrlə ona töhmət, 06 oktyabr 2020-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət vermiş və kabinetinə girişini qadağan edərək əmək funksiyalarımı həyata keçirməyinə qəsdən maneə yaratmışdır. Bu faktlarla bağlı Azərbaycan Respublikası Təhsil Nazirinin onlayn qəbulunda olduqdan sonra həmin əmrlər ləğv edildi. Lakin direktor ona qarşı qərəzli münasibətlərini davam etdirmiş 01 aprel 2022-ci il tarixdə məktəbin müəllimlərindən biri ona töhmət verildiyini və əmrin müəllimlər otağında lövhədə yerləşdirildiyini bildirilmişdir. Lövhəyə baxarkən direktorun 31 mart 2022-ci il tarixli 34 saylı əmrlə ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət elan etdiyini görmüşdür. Halbuki əmrdə yazılan hərəkətləri etməmişəm və göstərilənlər uydurmadır. Buna görə də qeyd edilən əmri qanunsuz və əsassız hesab edir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay şəhər 5 saylı tam orta məktəbin psixoloqu İddiaçı 29 mart 2022-ci il tarixində əmək intizamını kobud şəkildə pozaraq şagird kollektivi qarşısında 7b sinfinin rəhbəri məktəbin biologiya müəllimi X2 təhqir etmiş, şərəf və ləyaqətini alçaltmışdır. İşçi qanunsuz hərəkətləri ilə bilərəkdən məktəbdə sağlam psixoloji mühiti pozmaqla şagird, müəllim və valideynlərdə haqlı narazılıqlara səbəb olmuşdur. Qeyd olunan məsələ ilə bağlı İddiaçı rəhbərliyin çağırışına məhəl qoymamış və izahat verməkdən imtina etmişdir. İddiaçı əvvəllər də bu və ya buna oxşar hallarla bağlı dəfələrlə şifahi xəbərdarlıq edilmiş, lakin nəticə çıxarmamışdır. Baş vermiş hadisə ilə bağlı məktəbin şagirdlərinin və müəllimin izahatı alınmışdır. Buna görə də xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən məktəbin psixoloqu İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş, bu kimi halların təkrar baş verəcəyi təqdirdə işdən azad olunacağı izah edilmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Məhkəmə təqdim edilmiş Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən Göyçay şəhər 5 saylı tam orta məktəbin psixoloqu müəlliməsi vəzifəsində işləyir. Məhkəməyə təqdim edilmiş Göyçay şəhər 5 saylı tam orta məktəbin 7 B sinif şagirdləri Ruslan Cəbrayılov,İsmayıl Hüseynov,İlahə Abbaslı və Qənimət Rəhilmi tərəfindən həmin məktəbin direktoruna ünvanlanmış izahatlardan görünür ki, psixoloq müəllimə İddiaçı dəfələrlə siniflərinə müdaxilə etmiş, sinifin yararsız hala salınmasında digər şagirdlərə göstəriş vermiş, “Sizin arxanızdayam, nə etsəniz mən sizin arxanızdayam” demiş, dediklərini etmədikləri təqdirdə onları təhqir edərək, hədə-qorxu gəlmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru X1, təlim-tərbiyə işləri üzrə direktor müavini Aygün Məmmədovanın və 7b sinif rəhbəri Aytən Allahyarovanın iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə psixoloq müəllimə İddiaçı və 7b sinif rəhbəri Aytən Allahyarovanı şagirdlər qarşısında, məktəbin dəhlizində yüksək səslə şərəf və ləyaqətini alçaldan sözlərlə təhqir etmişdir. 1) Məhkəməyə təqdim edilmiş Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru X3 tərəfindən verilmiş "Əmək intizamının pozulmasını nəzərə alaraq şiddətli töhmət verilməsi haqqında” xx.xx.2022-ci il tarixli 34 nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən məktəbin psixoloqu İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. 2) İşçinin nəzərinə çatdırılsın ki, gələcəkdə belə hallar təkrar baş verdikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu vəzifədən azad olunacaq. İşçi əmrin mətni ilə tanış edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri göstərilmişdir:

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı əmək müqaviləsi ilə müəyyən edilimiş vəzifələrini lazımi qaydada yerinə yetirmədiyinə görə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru X3 tərəfindən verilmiş 34 nömrəli xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsinə əsas ola bilən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbinə qarşı 34 nömrəli xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia rədd edilsin. İddiaçı cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbinə qarşı 34 nömrəli xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi barədə tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar