Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-1007/2024 24.12.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı borc tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmanın (müqavilənin) etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, ”Azər-Türk Bank” ASC ilə Cavabdeh arasında “fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə dair 19 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2021-ci il tarixdə xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Qarşı bank bu əməliyyat üçün chargeback sorğusu yaratmış və udmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh bankın hesabına 8479.66 manat məbləğində əsassız varlanmışdır. 21 sentyabr 2023-cü il tarixində tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə razılaşma əldə edilsə də, borc məbləği tam olaraq ödənilməmişdir. Bundan başqa, müqavilənin 2.7-ci bəndinə əsasən, müştərinin ödəniş kartı vasitəsilə apardığı əməliyyata görə bank rəsmi internet səhifəsində yaxud bunun üçün xüsusi yaradılmış digər elektron vasitələrdə əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun həcmdə və ya məbləğdə geri ödəniş (cashback) həyata keçirə bilər. Müştəri xidmət/satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda, ödənilmiş geri ödəniş məbləği (cashback) bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeydşərtsiz ödənilməlidir. Bank tərəfindən geri ödənişin (cashback) həyata keçirilməsi birtərəfli qaydada dayandırıla və ya şərtləri dəyişdirilə bilər. Fiziki şəxslərə ödəniş kartinin (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinin standart şərtlərinin 3.1.8-ci bəndinə əsasən kart hesabına artıq səhvən mədaxil olunmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək, vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etməmək, həmin standart şərtlərin 3.1.9-cu bəndinə əsasən isə əməliyyatın aparıldığı tarixdən vəsaitin silinməsi həyata keçirilən tarixədək olan dövr ərzində baş verən valyuta kursu dəyişikliyi nəticəsində və yaxud “offline” terminallarda aparılan əməliyyatlar nəticəsində kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifəsidir. Göründüyü kimi, cavabdeh ilə bank arasında olan 19 oktyabr 2021-ci il tarixli müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Borcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh onun istifadəsində ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 18 mart 2024-cü il tarixli, 6-3/xx/xx-2684 saylı bildiriş (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Hal-hazırda borclunun müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 8479.66 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Odur ki, Cavabdeh əsassız varlanma nəticəsində əldə etiyi 8479.66 manat pulun və 105,20 manat ödənilmiş dövlət rusumunun İddiaçı ASC-nin xeyrinə tutulması məhkəmədən xahiş edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı aralarında bağlanmış borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmanın (müqavilənin) etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti borcun alınması tələbinə dair iddia ərizəsi ilə Laçın rayon məhkəməsinə müraciət etmiş və işə Laçın rayon məhkəməsinin hakimi Cavad İbrahimovun sədrliyi ilə baxılır. İddia ərizəsi ilə tanış olduqdan (xx.xx.2024 tarixdə e-mehkeme portalında) sonra, orada qeyd olunanların əsassız olduğu qənaətinə gələrək iddia ərizəsinə etiraz vermişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında «Fiziki şəxslərə ödəniş kartının verilməsi üzrə xidmətlərin göstərilməsi»nə dair xx.xx.2021-ci il tarixli ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, komissiya haqlarını, xidmət haqlarını habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən cavabdehə kart təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2024-ci il tarixində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Qarşı bank bu əməliyyat üçün məbləğin geri ödənişinə dair (cashback) sorğu yaratmış və udmuşdur. Qeyd olunanlara əsasən Cavabdeh bankın hesabına 8479,66 manat məbləğində əsassız varlanmışdır. xx.xx.2023-cü il tarixdə tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə razılaşma əldə olunsa da, borc məbləği tam olaraq ödənilməmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 386.1, 439,4, 1091,1, 1092 və 1095-ci maddələrinə istinad edərək yuxarıda qeyd olunan məbləğin ondan alınaraq bankın xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi ilə bağlı vurğulanmalıdır ki, 2021-ci ilin oktyabr ayında xaricdən onun "xxxx" ASC (ATB) kartına pul gəlmişdir (bacısının həyat yoldaşı Yaşar Bəylərovun xahişi ilə xərçəng xəstəsi üçün yardım toplanıb və yığılan vəsaitin 100%-i Yaşara verilib). Altı ay sonra onun debet kartı mənfi 9275,66 manat göstərmişdir. Bankdan soruşmuşdur ki,necə ola bilər ki, debet kart mənfi olsun?! cavab verdilər ki, narahat olmayın, anlaşılmazlığı həll edəcəklər. Təxminən iki il sonra, yəni 2023-cü ilin sentyabr ayında banka dəvət olunduqda ona bildirildi ki, köçürülən vəsaitlərin bir qismi problemli olduğundan banka ziyan dəymişdir. Qohumu Yaşar bankdan dəfələrlə tələb etmişdir ki, ziyanın nə ilə bağlı dəydiyini və ümumiyyətlə ziyan dəymişdirsə onun əsaslarını və sübutlarını təqdim etsinlər. Hazırkı günədək problemli adlandırılan vəsaitin geri qaytarılması haqda sənədlər onlara təqdim olunmamışdır. Gah polis orqanı, gah da məhkəmə ilə təhdid nəticəsində, məcbur qalaraq “borcun hissə-hissə ödənilməsinə dair” razılaşmanı imzalamış (xx.xx.2023 tarixli overdraft borc müqaviləsi) və müəyyən edilmiş 9275,66 manat borcun 796 manatını Yaşar ödəmişdir. Lakin həmin ödənişlər edilən müddətdə belə Yaşarın banka etdiyi müraciətlərə (bankın ziyana uğramasıni təsdiq edən sübutlar haqda) cavab almamışlar. Onlara borcun əsasları, vəsaitlərin geri qaytarılması haqda hesabdan çıxarılış barədə heç bir məlumat verilməmişdir. Nəhayət xx.xx.2024-cü il tarixində Yaşarın vəkili Kərimxan Əsədov bu mövzuda (bank tərəfindən, ziyana uğramağa aid subutların təqdim olunması üçün) AzərTürk Bank” ASC-nin rəhbərliyinə rəsmi sorğu məktubu göndərildi. Lakin bu günədək sorğuya cavab almamışlar. Bankın ziyana üğramasını subut edən “REFUND”sənədi (vəsaitin geri qaytarılması haqda hesabdan şıxarış) onlara təqdim olunmadığına görə Yaşar ödəmələri dayandırdı. Xatırladır ki, overdraft borc müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixinədəkdir. xx.xx.2024-cü il tarixində bankdan onunla əlaqə saxlanılaraq borc ilə bağlı məhkəməyə veriləcəyini bildirdilər. Ondan başqa razılaşmanı imzalayan digər şəxslər barəsində də məhkəmələrə iddia ərizəsi verilmişdir, lakin onunla bərabər digər şəxslərə də borcun yaranmasının əsasları təqdim olunmamışdır. Bank məhrum olduğunu subut edə bilmir. Bu subut onun kartına mədaxil edən xarici banka 9275,66 manat məbləğin (xx.xx.2023 tarixli overdraft razılaşmasında göstərilən) geri qaytarılmasını təsdiq edən hesabdan çixarışdır. Bu sənədin adı “REFUND”- dır, yəni vəsaitin geri qaytarılması. Bank məhrum olmayıbsa, o da bankın hesabına varlanmamışdır. Hesab edir ki, iddia ərizəsi tam əsasızdır. Belə ki, iddianın əsasını təşkil edəcək sübut, yəni «REFUND»(vəsaitlərin geri qaytarılması haqda hesabdan çıxarış) mövcud deyildir və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. xx.xx.2024-cü il tarixdə şəxsi kabinetə (emehkeme) giriş etdikdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi ilə tanış olmuşdur. Odur ki, həmin iş üzrə qarşılıqlı iddia vermək qərarına gəlmişdir. Onun aldadılmaqla, hədə və təsirlərə məruz qalmaqla razılaşma müqaviləsini imzalamağı digər şəxslər tərəfindən də təsdiq oluna bilər və bağlanan digər müqavilələr üzrə tərəf olan şəxslər də eyni münasibətə məruz qalmışlar. Qeyd edilənlərə əsasən də onunla İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmanın (müqavilənin) etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək bütün məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə olan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi təmin edilməli və qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən (müqavilə, hesabdan çıxarış, arayış və s.) görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair xx.xx.2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüş, bank tərəfindən müvafiq kart Cavabdeh təhvil verilmiş, həmin kart Cavabdeh istifadəsində olmuş və bundan sonra xx.xx.2021-ci il tarixdə xarici bankın müştərisi aldadılaraq pul köçürülmüş, daha sonra qarşı bank bu əməliyyat üçün chargeback sorğusu yaratmış və udmuş, bununla əlaqədar olaraq da İddiaçı ASC-nə 8479.66 manat həcmində ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmadan görünür ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nə 9275,66 manat borcu olduğunu qəbul etmiş və həmin borcu 24 ay müddətinə, aylıq 386,48 manat məbləğindən az olmayaraq ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 1236,40 manat gecikdirilmiş vəsaiti 5 (beş) iş günü ərzində ödəməsi ondan xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz və vəsatətlərin məzmunundan görünür ki, o, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC tərəfindən ona qarşı irəli sürülən əsassız varlanma nəticəsində əldə edilmiş 8479.66 manat məbləğində pul tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Republikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 386.1-ci maddəsinə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 1092.1-ci maddəsinin tələblərinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan başqa, MM-nin 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-nin 337.2-ci maddəsinin tələblərinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. MM-nin 337.3-cü maddəsinin tələblərinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. MM-nin 337.4-cü maddəsinin tələblərinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-nin 337.5-ci maddəsinin tələblərinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. MM-nin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. MM-nin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. MM-nin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. MM-nin 354.1-ci maddəsinin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair xx.xx.2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüş, bank tərəfindən müvafiq kart Cavabdeh təhvil verilmiş, həmin kart Cavabdeh istifadəsində olmuş, sonradan xx.xx.2021-ci il tarixdə xarici bankın müştərisi aldadılaraq pul köçürülmüş, daha sonra qarşı bank bu əməliyyat üçün “chargeback” sorğusu verərək mübahisəni öz xeyrinə həll etmişdir. Bundan sonra tərəflər arasında qarşılıqlı razılıq əsasında borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşma imzalanmış, Cavabdeh İddiaçı ASC-nə 9275,66 manat borcu olduğunu qəbul etmiş və həmin borcu 24 ay müddətinə, aylıq 386,48 manat məbləğindən az olmayaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin Cavabdeh borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmanın tələblərini pozmuş, qeyd edilənlərlə əlaqədar olaraq da İddiaçı ASC-nə hal-hazırda 8479.66 manat həcmində ziyan dəymiş və Cavabdeh bankın hesabına 8479.66 manat məbləğində əsassız varlanmışdır. Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə bildiriş göndərilərək gecikdirilmiş vəsaitin banka geri qaytarılması barədə xəbərdarlıq edilsə də, bundan sonra da Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait geri qaytarılmadığından iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən də məhkəmə belə hesab edir ki, sonradan tərəflər arasında qarşılıqlı razılıq əsasında borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşma imzalanmış olsa da belə Cavabdeh heç bir hüquqi əsas olmadan başqa şəxsin, yəni İddiaçı ASC-nin hesabına pul vəsaiti əldə edərək əsassız varlanmışdır. Bundan əlavə məhkəmə onu da bildirir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmanın (müqavilənin) etibarsız hesab edilməsini məhkəmədən xahiş etsə də, öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC müvafiq qaydada rəsmiləşdirilən razılaşmanı (müqaviləni) təqdim etsə də, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bu faktı tam və ya qismən istisna edə biləcək sübutları təqdim etməli olduğu halda bunu edə bilməmişdir. Çünki, həmin razılaşmanın (müqavilənin) hüquqi sənəd olaraq tamlığı və prezumpsiyası qüvvədə olduğundan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh razılaşmanın (müqavilənin) etibarsızlığına səbəb olacaq hallarla bağlı aidiyyəti müvafiq sənədlər təqdim etməli idi. Bundan başqa qeyd edilən tərəflər arasında bağlanmış razılaşmanın (müqavilənin) etibarsız hesab edilə biləcəyi digər hallar barədə, yəni həmin razılaşmanın (müqavilənin) ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz iradəsinin ziddinə, yəni aldadılmaqla, hədə və təsirlərə məruz qalmaqla, təhdid edilməsi və məcburi olaraq bağlaması barədə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən hər hansı mötəbər bir sübut da məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, ilkin iddia tələbi təmin edilərək, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 8479.66 manat məbləğində pulun alınıb ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nə verilməsi və qarşılıqlı iddia tələbinin isə bütünlüklə təmin edilməməsi qanuni və əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün İddiaçı ASC-nin ödədiyi 105,20 manat dövlət rusumu da onun xeyrinə Cavabdeh tutulmalıdır. Həmçinin, MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 217.4-cü maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək və iş üzrə mülki məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, ilkin iddia tələbi təmin olunmalı, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 8479.66 manat məbləğində pul və 105,20 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC-nın xeyrinə ödənilməli və qarşılıqlı iddia tələbi isə bütünlüklə rədd edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 8479.66 (səkkiz min dörd yüz yetmiş doqquz manat altmış altı qəpik) manat məbləğində pul və 105,20 (bir yüz beş manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmanın (müqavilənin) etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-1007/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-1007/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver