Məhkəmə qərarları › İş №e-2(047)-1011/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-1011/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-1011/2024 04.12.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, ”Azər-Türk Bank” ASC ilə Cavabdeh arasında “fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə dair 19 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2021-ci il tarixdə xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Qarşı bank bu əməliyyat üçün chargeback sorğusu yaratmış və udmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh bankın hesabına 2450,52 (iki min dörd yüz əlli manat əlli iki qəpik) manat məbləğində əsassız varlanmışdır. 26 sentyabr 2023cü il tarixində tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə razılaşma əldə edilsə də, borc məbləği tam olaraq ödənilməmişdir. Bundan başqa, müqavilənin 2.7-ci bəndinə əsasən, müştərinin ödəniş kartı vasitəsilə apardığı əməliyyata görə bank rəsmi internet səhifəsində yaxud bunun üçün xüsusi yaradılmış digər elektron vasitələrdə əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun həcmdə və ya məbləğdə geri ödəniş (cashback) həyata keçirə bilər. Müştəri xidmət/satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda, ödənilmiş geri ödəniş məbləği (cashback) bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeydşərtsiz ödənilməlidir. Bank tərəfindən geri ödənişin (cashback) həyata keçirilməsi birtərəfli qaydada dayandırıla və ya şərtləri dəyişdirilə bilər. Fiziki şəxslərə ödəniş kartinin (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinin standart şərtlərinin 3.1.8-ci bəndinə əsasən kart hesabına artıq səhvən mədaxil olunmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək, vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etməmək, həmin standart şərtlərin 3.1.9-cu bəndinə əsasən isə əməliyyatın aparıldığı tarixdən vəsaitin silinməsi həyata keçirilən tarixədək olan dövr ərzində baş verən valyuta kursu dəyişikliyi nəticəsində və yaxud “offline” terminallarda aparılan əməliyyatlar nəticəsində kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifəsidir. Göründüyü kimi, cavabdeh ilə bank arasında olan 19 oktyabr 2021-ci il tarixli müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq Cavabdeh onun istifadəsində ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 18 mart 2024-cü il tarixli, 6-3/xx/xx-2680 saylı bildiriş (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Hаl-hаzırdа borclunun müqaviləyə əsаsən «Аzər-Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn bоrcu 2450,52 (iki min dörd yüz əlli manat əlli iki qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdeh tərəfindən ödənilməsi təmin еdilməlidir. Odur ki, Cavabdeh əsassız varlanma nəticəsində əldə etiyi 2450,52 manat pulun və 44,91 manat ödənilmiş dövlət rusumunun İddiaçı ASC-nin xeyrinə tutulması məhkəmədən xahiş edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək bütün məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə olan Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən (müqavilə, hesabdan çıxarış, arayış və s.) görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair xx.xx.2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüş, bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş, həmin kart cavabdehin istifadəsində olmuş və bundan sonra xx.xx.2021-ci il tarixdə xarici bankın müştərisi aldadılaraq pul köçürülmüş, daha sonra qarşı bank bu əməliyyat üçün chargeback sorğusu yaratmış və udmuş, bununla əlaqədar olaraq da İddiaçı ASC-nə 2450,52 manat həcmində ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmadan görünür ki, Cavabdeh İddiaçı ASC-nə 3002,22 manat borcu olduğunu qəbul etmiş və həmin borcu 24 ay müddətinə, aylıq 125,09 manat məbləğindən az olmayaraq ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş 172,75 manat gecikdirilmiş vəsaiti 5 (beş) iş günü ərzində ödəməsi ondan xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz və vəsatətlərin məzmunundan görünür ki, o, İddiaçı ASC tərəfindən ona qarşı irəli sürülən əsassız varlanma nəticəsində əldə edilmiş 2450,52 manat məbləğində pul tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Republikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 386.1-ci maddəsinə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 1092.1-ci maddəsinin tələblərinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair xx.xx.2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüş, bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş, həmin kart cavabdehin istifadəsində olmuş, bundan sonra xx.xx.2021-ci il tarixdə xarici bankın müştərisi aldadılaraq pul köçürülmüş, daha sonra qarşı bank bu əməliyyat üçün “chargeback” sorğusu verərək mübahisəni öz xeyrinə həll etmişdir. Bundan sonra tərəflər arasında qarşılıqlı razılıq əsasında borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşma imzalanmış, Cavabdeh İddiaçı ASC-nə 3002,22 manat borcu olduğunu qəbul etmiş və həmin borcu 24 ay müddətinə, aylıq 125,09 manat məbləğindən az olmayaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin Cavabdeh borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmanın tələblərini pozmuş, qeyd edilənlərlə əlaqədar olaraq da İddiaçı ASC-nə hal-hazırda 2450,52 manat həcmində ziyan dəymiş və Cavabdeh bankın hesabına 2450,52 manat məbləğində əsassız varlanmışdır. Cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə bildiriş göndərilərək gecikdirilmiş vəsaitin banka geri qaytarılması barədə xəbərdarlıq edilsə də, bundan sonra da Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait geri qaytarılmadığından iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən də məhkəmə belə hesab edir ki, sonradan tərəflər arasında qarşılıqlı razılıq əsasında borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşma imzalanmış olsa da belə Cavabdeh heç bir hüquqi əsas olmadan başqa şəxsin, yəni İddiaçı ASC-nin hesabına pul vəsaiti əldə edərək əsassız varlanmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi qanuni və əsaslı hesab olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinə əsasən iddia qalması üçün iddiaçının ödədiyi 44,91 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir MPM-in 217.4-cü maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 2450,52 manat məbləğində pul və 44,91 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC-nın xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 2450,52 (iki min dörd yüz əlli manat əlli iki qəpik) manat məbləğində pul və 44,91 (qırx dörd manat doxsan bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar