Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-1361/2025 23.02.2026 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə iddia icraatı qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh 534 manat cərimənin və ödənilmiş 45,34 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olduğundan məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2025-ci il 28 aprel tarixli 02/03910 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən o, 6000,00 (altı min) manat məbləği ödəməli olduğu halda, həmin texnikanın istifadəsinə görə 4000,00 (dörd min) manat ödəniş edilmişdir. Buna görə də cavabdehin cəmiyyətə 2000,00 (iki min) manat borcu qalmışdır. Bundan sonra cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Ona görə də iddiaçı məcbur qalıb qeyd edilən tələblə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh məhkəmə gedişiatı dövründə İddiaçı ASC olan 2000 manat borcunu ödəmiş, 534 manat cəriməni və ödənilmiş 45,34 manat dövlət rüsumunu isə ödəməmişdir. Odur ki, Cavabdeh 534 manat cərimənin və ödənilmiş 45,34 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram vuraraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, 2000 manat borcunu ödədiyini və 534 manat cərimənin isə ləğv olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 02/03910 saylı operativ lizinq müqaviləsindən, iltizamdan və təhvil-təslim aktından görünür ki, 2018-ci il buraxılışlı, taxılyığan kombayn, Sampo SR-2065 markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı texnika lizinq verən tərəfindən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ümumilikdə 6 000,00 (altı min) manat icarə haqqı müqabilində lizinq alanın, yəni Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya həmin tarixə əsas borc üzrə 4000 manat və 534 manat məbləğlərində cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş pretenziyadan görünür ki, cavabdehə müqaviləyə əsasən ödəməli olduğu 2000 manat borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. MM-in 748-1.12-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-in 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. MM-in 748-2.3-cü maddəsinə əsasən lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Bundan əlavə, MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Beləliklə də məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2025-ci il 28 aprel tarixli, 02/03910 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo SR-2065 markalı taxılyığan kombayn xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ümumilikdə 6 000,00 (altı min) manat icarə haqqı müqabilində İddiaçı ASC tərəfindən Cavabdeh istifadəsinə verilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh tərəfindən 6000 (altı min) manat öhdəlikdən 4000 (dörd min) manat ödəniş edilmiş, bundan sonra Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixli, 02/03910 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixə cəmi 2000 manat məbləğində borcu qalmışdır. Daha sonra məhkəmə gedişatı dövrünüdə cavabdeh iddiaçıya olan 2000 manat borcunu da ödəmiş və onun iddiaçıya hal-hazırda 534 manat cərimə borcu qalmışdır. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 534 manat məbləğində cərimə pulunu tələb etmişdir. Lakin məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbbə pulunun azaldılmasını və iddianın cərimə hissəsində 50 manat həcmində təmin edilməsini qanuni və əsaslı hesab etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 45,34 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək və iş üzrə mülki məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, yəni Cavabdeh 50 manat cərimə borcu və 45,34 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 50 (əlli) manat cərimə borcu və 45,34 (qırx beş manat otuz dörd qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «Aqroservis” ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə isə əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-1361/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-1361/2025
23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver