Məhkəmə qərarları › İş №e-2(047)-140/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-140/2025

19.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-140/2025 19.02.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 Hüsanəddin oğlunun və Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X11 X12 Sistemlərinin İstismarı İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X11 X12 Sistemlərinin İstismarı İdarəsinə qarşı işdən azad olunma barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X11 X12 Sistemlərinin İstismarı İdarəsinə qarşı işdən azad olunma barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, xx.xx.2011-ci il tarixdən X5 İdarəsində İV dərəcəli maşinist vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixi də daxil olmaqla əmək funksiyalarını yerinə yetirmiş, lakin xx.xx.2024-cü il tarixdə ona idarədən zəng edib bildirmişlər ki, o, işdən azad olunmuş və səbəbini soruşduqda isə ona bildirilmişdir ki, onu Əmək Məcəlləsinin 70 maddəsinin “b” bəndinə əsasən işdən azad etmişlər. İşdən azad olunması barədə əmri və əmək kitabçasını əldə etdikdən sonra ona məlum olmuşdur ki, o, işçilərin sayı və ya ştatların ixtisarı səbəbi ilə işdən azad edilmişdir. Əsas məqam isə ondan ibarətdir ki, onu xx.xx.2024-cü il tarixdən işdən azad ediblər. Halbuki, ona bu barədə məlumat xx.xx.2024cü il tarixdə verilib və o, həmin vaxt öz işinin başında olmuşdur. Bundan sonra o, mediasiya şurasına müraciət etmiş, lakin mediasiya baş tutmamış və xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib olunaraq ona verilmişdir. O, sonra vəkilə müraciət etmiş və bu zaman ona məlum olmuşdur ki, qeyd edilən maddə ilə işdən azad olunarkən işə götürən işçini azı doqquz təqvim həftəsi qabaq xəbərdar etməli, həmçinin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı idi. Eyni zamanda məcburi köçkün olması səbəbi ilə işçilərin ixtisarı zamanı ona üstünlük verilməli idi. Qeyd edilənlərə əsasən də hesab edir ki, cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli 33/1 №-li əmri əsassız və qanunsuz olduğundan ləğv edilməli, o, işə bərpa olunmalı və məcburi iş buraxma üçün ona kompensasiya ödənilməlidir. Ona görə də Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X11 X12 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2024-cü il tarixli 33/1 №-li əmrinin ləğv edilməsi, onun işə bərpa olunması, habelə əsassız olaraq işdən çıxarıldığı vaxtdan işə bərpa olunduğu vaxtadək məcburi iş buraxma müddəti üçün əmək haqqının tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini bir daha məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X11 X12 Sistemlərinin İstismarı İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, onlar iddia tələbini qəbul etmirlər. Belə ki, İddiaçı X5 İdarəsində İV dərəcəli maşinist vəzifəsində işləmiş, ştatların ixtisara düşməsi ilə bağlı Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X11 X12 Sistemlərinin İstismarı İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla ona məlumat verilmiş, həmin məktub onların hər birinə, eyni zamanda İddiaçı da təqdim edilmiş və qeyd edilən məktuba hər biri və eyni zamanda iddiaçı da imza etmişdir. Bununla bağlı həmkarlar ittifaqı təşkilatına müraciət olunmuş, idarə tərəfindən həmkarlar ittifaqına yazılı məlumat verilmiş, həmkarlar ittifaqı təşkilatınının razılığı alındıqdan sonra 60-a yaxın ştat ixtisara düşmüş və ixtisara düşənlərin hamısı da demək olar ki, məcburi köçkünlərdir. Bundan başqa onların İmişli rayon Ağamalılar kəndi ərazisində yerləşən stansiyasında dörd nəfər maşinistləri də vardır ki, onlar da Zərdab rayon sakinləridir. Belə ki, Zərdab rayon sakinləri həmin ərazinin yaxınlığında yaşadıqları üçün onlar həmin stansiyada işləyirlər. Həmin işçilərdən başqa heç kim qeyd etdiyi ərazidə yerləşən stansiyada işləmək istəmir, həmçinin yalnız Zərdab rayon sakinlərindən başqa bütün işçilər həmin stansiyada işləməkdən imtina etmişlər və ona görə də Zərdab rayon sakinləri olan dörd nəfər maşinist işdən azad edilməmişdir. İddiaçı işlədiyi maşinist ştatı da ixtisara düşüdüyü üçün o, da digər məcburi köçkünlər kimi işdən azad olunmuşdur. Odur ki, qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, işdə olan İddiaçı məxsus ******* saylı, xx.xx.2011-ci il tarixli əmək kitabçasının, X5 İdarəsinin xx.xx.2011-ci il tarixli, 23 nömrəli və xx.xx.2024 cü il tarixli, 33/1 nömrəli əmrlərinin surətlərindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən X5 İdarəsində İV dərəcəli maşinist vəzifəsinə təyin edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. İşdə olan Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X11 X12 Sistemlərinin İstismarı İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmidar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “X10 Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 27 may 2024-cü il tarixli 001/F nömrəli əmri ilə “X10 Xidməti” X11 təsdiq edilmiş sturukturu və ştat cədvəlinə əsasən İddiaçı tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi qeyd edilmiş və həmin məktub xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə X6 rayonu üzrə bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və məvburi köçkünlük vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür və o, hal-hazırda Ağcabədi rayon Taxta körpü 245 saylı qəsəbə ev 25-də yaşayır. İşdə olan Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X11 X12 Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən və həmin idarənin vəzifəli şəxslərinin məlumatından görünür ki, X5 İdarəsində maşinist vəzifəsində işləmiş İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərini dəfələrlə pozmuş, işlədiyi müddət ərzində X5 İdarəsində üzərinə düşən, əmək funksiyasından irəli gələn işləri layiqincə yerinə yetirməmiş, rəhbərliyin tapşırıqlarına əməl etməmiş və nümunəvi işçi kimi yadda qalmamışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq İddiaçı işində heç bir dönüş yaratmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunun məzmunundan görünür ki, X12 Sistemlərinin İstismarı İdarəsinin rəisi X3 barəsində inzibati icraat başlanılaraq onun barəsində DƏMX-nin Qarabağ regional şöbəsinin inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolu tərtib etmiş və digər məsələlərin həlli üzrə məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı izah edilmişdir. İşdə olan Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X11 X12 Sistemlərinin İstismarı İdarəsinin rəisi Vidadi Heydərov tərəfindən həmin idarənin X2 sədri Müseyib İbrahimova ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan, qeyd edilən idarənin X2 xx.xx.2024-cü il tarixli məktubundan, həmçinin 6 saylı protokolunun qərarından, işçilərin müvafiq siyahısından və qeydiyyat jurnallarının təsdiqlənmiş surətlərindən görünür ki, Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X11 X12 Sistemlərinin İstismarı İdarəsi tərəfindən işçilərin ştat vahidlərinin ixtisara düşməsi ilə əlaqədar münasibət bildirilməsi üçün həmin idarənin həmkarlar təşkilatına məktubla müraciət olunmuş və məktubda adları qeyd edilmiş işçilərin, o cümlədən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində (ştat vahidinin ixtisara düşməsi ilə əlaqədar) əsasən işdən azad olunmasına idarənin həmkarlar təşkilatının etiraz etməməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarına əlavə olunmuş mediator X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli arayışlardan görünür ki, İddiaçı 07 noyabr 2024-cü il tarixdə mediatora müraciət etmiş və onunla cavabdeh Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X11 X12 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi xx.xx.2024-cü il tarixə saat 15:40-da keçirilən ilkin məcburi mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə razılığa gəlməmişlər. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində işə götürən tərəfindən əmək müqaviəsinin ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddənin “b” bəndində qeyd edilir ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin İ hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin maddənin İİ hissəsinin tələblərinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin maddənin İİİ hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin üçüncü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işə götürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Beləliklə də işin məhkəmədə araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdən X5 İdarəsində İV dərəcəli maşinist vəzifəsinə təyin edilmiş, bundan sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 27 may 2024-cü il tarixli 001/F nömrəli əmri ilə “X10 Xidməti” X11 təsdiq edilmiş sturukturu və ştat cədvəlinə əsasən İddiaçı tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşmüş və bununla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi barədə ona bildirilmiş və qeyd edilən məlumatların dərc edildiyi məktub xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir. Daha sonra Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X11 X12 Sistemlərinin İstismarı İdarəsi tərəfindən işçilərin ştat vahidlərinin ixtisara düşməsi ilə əlaqədar münasibət bildirilməsi üçün həmin idarənin həmkarlar ittifaqı təşkilatına müraciət olunmuş və həmin müraciət əsasında siyahıda adları qeyd edilmiş işçilərin, o cümlədən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində (ştat vahidinin ixtisara düşməsi ilə əlaqədar) əsasən işdən azad olunmasına idarənin həmkarlar ittifaqı təşkilatının etiraz etməməsi barədə qərar da qəbul olunmuş və bundan sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Bundan başqa İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X11 X12 Sistemlərinin İstismarı İdarəsinə qarşı əmək mübahisəsinə dair ərizə ilə mediatora müraciət etmiş, lakin onunla cavabdeh Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X11 X12 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi xx.xx.2024-cü il tarixə saat 15:40-da keçirilən ilkin məcburi mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə razılığa gəlməmiş və ona görə də mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib edilmişdir. Bundan sonra İddiaçı göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən də belə müəyyən olunur ki, Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X11 X12 Sistemlərinin İstismarı İdarəsinin maşinisti İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X11 X12 Sistemlərinin İstismarı İdarəsinin rəisi Vidadi Heydərov tərəfindən xx.xx.2024-cü il tarixdən ləğv edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin bütün tələblərinə riayət edilməklə qəbul edilmişdir. Göstərilənlərə əsasən də məhkəmə iddia tələbinin rədd edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək və onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X11 X12 Sistemlərinin İstismarı İdarəsinə qarşı həmin idarənin xx.xx.2024-cü il tarixli 33/1 №-li əmrinin ləğv edilməsi, onun işə bərpa olunması, habelə əsassız olaraq işdən çıxarıldığı vaxtdan işə bərpa olunduğu vaxtadək məcburi iş buraxma müddəti üçün əmək haqqının tutalaraq ona ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə bu nəticəyə gələrkən işdən çıxarılma ilə əlaqədar cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulmamasını əsas götürür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X11 X12 Sistemlərinin İstismarı İdarəsinə qarşı həmin idarənin xx.xx.2024-cü il tarixli 33/1 №-li əmrinin ləğv edilməsi, onun işə bərpa olunması, habelə əsassız olaraq işdən çıxarıldığı vaxtdan işə bərpa olunduğu vaxtadək məcburi iş buraxma müddəti üçün əmək haqqının tutalaraq ona ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar