Məhkəmə qərarları › İş №e-2(047)-723/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-723/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-723/2025 19.11.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi və iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək Cavabdeh2 əsas borc üzrə 60000 (altımış min) ABŞ dolları məbləğində borcun, ipoteka predtmentinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 255 (iki yüz əlli beş) manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 392 (üç yüz doxsan iki) manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi və tələbin ipoteka predmeti olan Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu Goradil kəndində yerləşən 0.16 ha torpaq sahəsinə yönəldilərək hərraca çıxarılması, əmlakın açıq hərrac yolu ilə satılaraq onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin iddiaçı "xxxx" BOKT MMC-nə yaranmış borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək iddia ərizəsinə və iddia tələbinin həcminin azaldılması barədə ərizəyə uyğun izahat verərək bildirdi ki, 24 aprel 2015-ci il tarixdə, "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında 04/286 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 iddiaçı tərəfindən ev tikintisi və təmiri üçün 60000 (altımış min) ABŞ dolları məbləğində kredit ayrılmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə 24 (iyirmi dörd) ay müddətində kreditin əsas məbləği və ona hesablanmış faizi kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməli idi. Həmçinin borcalanın öhdəliklərinin icrasının təminatı kimi "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 286/ik/04 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 2.1-ci maddəsinə əsasən "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 24 aprel 2015-ci il tarixli “04/286 nömrəli kredit müqaviləsi üzrə borcalanın yaranacaq öhdəliyinin təminatı kimi, ipoteka qoyan Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Abşeron rayonu Goradil kəndində yerləşən 0.16 ha torpaq sahəsini xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi əsasında ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İddiaçı "xxxx" BOKT MMC kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyini tam icra etmişdir. Lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər üzərlərinə düşən öhdəliyi icra etməyərək xx.xx.2015-ci il tarixdən öz öhdəliklərini pozmuşlar. Belə ki, Cavabdeh2 təşkilata əsas borc üzrə 60000 (altmış min) ABŞ dolları məbləğində borcu yaranmışdır. Odur ki, Cavabdeh2 əsas borc üzrə 60000 (altımış min) ABŞ dolları məbləğində pulun, ipoteka predtmentinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 255 (iki yüz əlli beş) manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 392 (üç yüz doxsan iki) manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi və tələbin ipoteka predmeti olan Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu Goradil kəndində yerləşən 0.16 ha torpaq sahəsinə yönəldilərək hərraca çıxarılması, əmlakın açıq hərrac yolu ilə satılaraq onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin iddiaçı "xxxx" BOKT MMC-yə yaranmış borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh1 nümayəndəsi və eyni zamnda vəkili Vəkil məhkəməyə ərizə göndərərək "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı e-2(047)-723/2025 saylı mülki iş üzrə iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmiş, Cavabdeh2 məhkəməyə ərizə göndərərək bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh1 isə məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 60000 (altmış min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 60000 ABŞ dolları məbləğində krediti hər ayın 24-də aylıq 3113 ABŞ dolları olmaqla ödəməli idi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə borcunun məbləği əsas borc üzrə 60000 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin məzmunundan, həmçinin Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli çıxarışından görünür ki, əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus Abşeron rayonu Goradil kəndində yerləşən 0.16 ha torpaq sahəsi "xxxx" BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş, dövlət qeydiyyatına alınmış və tərəflərin qarşılıqlı razılığına əsasən torpaq sahəsinin likvid dəyəri 80000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" BOKT MMC tərəfindən verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu Goradil kəndində yerləşən 0.16 ha torpaq sahəsinə tutmanın yönəldilməsinə dair bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 0302 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu Goradil kəndində yerləşən 0.16 ha torpaq sahəsinin hazırki dövrə olan orta bazar qiyməti 125000 (bir yüz iyirmi beş min) manat, likvid qiyməti isə 112500 (bir yüz on iki min beş yüz) manat təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. . MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. MM-nin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmçinin, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəklində şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, MM-nin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-nin 319.1-ci maddəsinə əsasən əgər boclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM) 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. MPM-nin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Eyni zamanda MM-nin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-nin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-nin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. MM-nin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-nin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Bundan əlavə, MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" BOKT MMC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit və ipoteka müqavilələrinə əsasən Cavabdeh2 24 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 60000 (altmış min) ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi digər Cavabdeh1 məxsus Abşeron rayonu Goradil kəndində yerləşən 0.16 ha torpaq sahəsi "xxxx" BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka notarial qaydada təsdiq edilmiş, dövlət qeydiyyatına alınmış, tərəflərin qarşılıqlı razılığına əsasən yaşayış sahəsinin likvid dəyəri 80000 manat məbləğində müəyyən edilmiş və qeyd edilən ipoteka müqaviləsində tərəflər arasında bağlanmış kredit müqaviləsinin bütün vacib şərtləri öz əksini tapmışdır. Lakin kredit müqaviləsinə əsasən Cavabdeh2 kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh2 MMC-nə iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2025-ci il tarixə kredit müqaviləsi üzrə 60000 ABŞ dolları məbləğində borcu qalmışdır. Ona görə də iddiaçı "xxxx" BOKT MMC tərəfindən cavabdehlərə kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilərək cavabdehlərdən "xxxx" BOKT MMC-nə olan borcun ödənilməsinin təmin edilməsi xahiş edilmiş, əks təqdirdə ipoteka predmetinin açıq hərracda satılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları bildirilmişdir. Lakin qeyd edilən bildirişə cavabdehlər tərəfindən münasibət bildirilmədiyindən iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 4 saylı Abşeron Ərazi İdarəsinə ipoteka predmeti olan torpaq sahəsinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin idarənin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Cavabdeh1 məxsus Abşeron rayonu Goradil kəndində yerləşən 0.16 ha torpaq sahəsinə tutmanın yönəldilməsinə dair bildiriş müvafiq qaydada qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçı tərəfindən bu sahədə mövcud olan qanunvericiliyin tələblərinə tam əməl olunmuşdur. Lakin qanunvericiliyin normalarından da göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında pul tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsinə dair öhdəliklər üzrə yaranan mübahisələrə tətbiq olunmalı və qanunvericiliklə nəzərdə tutulmuş üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmış, həmin müddətin üzürlü səbəbdən buraxılmasına dair iddia ərizəsinə heç bir rəsmi sübut növü, həmçinin buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa olunması barədə ərizə və ya vəsatət əlavə edilməmiş və cavabdehlərdən biri olan Cavabdeh1nnın nümayəndəsi və eyni zamnda vəkili Vəkil isə məhkəməyə iddiaçı tərəfindən müddətin ötürülməsi ilə əlaqədar iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə vermişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hal-hazırkı halda iddiaçı tərəfindən irəli sürülməli olan iddia tələbinə iddia müddətinin axımının hesablanması, məhz 2017-cu ilin aprel ayının 24-dən başlanmalıdır ki, belə olan halda da iddiaçı tərəfindən qanunla müəyyən edilmiş üç illik iddia müddəti buraxılmış hesab olunmalıdır. Bundan başqa məhkəmə digər Cavabdeh2 iddia tələbini etiraf etməsini qəbul etmir və belə hesab edir ki, əgər bu etiraf qəbul edilərsə, qeyd edilən hal ipoteka qoyan digər cavabdeh olan Cavabdeh1 qanunla qorunan maraqlarına toxunacaqdır. Bütün bu göstərilənlərə əsasən də məhkəmə iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddiasının iddia müddəti tətbiq edilməklə rədd edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib, onda yaranmış daxili inam əsasında iddiaçı «İdeal Kredit” BOKT MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddiasının rədd edilməsi qənaətinə gəlir. İpoteka predtmentinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 255 (iki yüz əlli beş) manat xidmət haqqı və ödənilmiş 392 (üç yüz doxsan iki) manat dövlət rüsumu iddiaçının hesabına aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilməsin. İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İpoteka predtmentinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 255 (iki yüz əlli beş) manat xidmət haqqı və ödənilmiş 392 (üç yüz doxsan iki) manat dövlət rüsumu iddiaçının hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar