Məhkəmə qərarları › İş №e-2(047)-892/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-892/2025

12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-892/2025 12.09.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən Cavabdeh və Laçın RİHB-nın Laçın şəhər üzrə icra nümayəndəliyinə (Cavabdeh çatdırılması üçün) xx.xx.2025-ci il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BY007823 nömrəli nisyə satış müqaviləsi və ona əlavələrə əsasən, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh dəyəri 2159 manat olan mobil telefon, həmçinin 259 manat dəyərində qızıl zəmanət satılmış və cavabdehlə 2418 manat məbləğində pulun müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq 18 ay müddətinə hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BY007823 nömrəli müqaviləyə 2 saylı əlavədən görünür ki, alıcı Cavabdeh təhvil-təslim aktına imza etməklə aldığı malları qəbul etmiş, lakin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək cəmi 1080 manat məbləğində ödəniş etmiş və buna görədə xx.xx.2025-ci il tarixinə 1338 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Həmçinin, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BY008644 nömrəli digər bir nisyə satış müqaviləsi və ona əlavələrə əsasən, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh dəyəri 2159 manat olan mobil telefon, həmçinin 259 manat dəyərində qızıl zəmanət satılmış və cavabdehlə 2418 manat məbləğində pulun müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq 18 ay müddətinə hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BY008644 nömrəli müqaviləyə 2 saylı əlavədən görünür ki, alıcı Cavabdeh təhvil-təslim aktına imza etməklə aldığı malları qəbul etmiş, lakin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək cəmi 815 manat məbləğində ödəniş etmiş və buna görədə xx.xx.2025-ci il tarixinə 1603 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehə qalıq borcların ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq göndərilmiş, lakin cavabdeh yenə də öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək borcunu ödəməmişdir. Odur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, BY007823 nömrəli müqavilə üzrə 1338 manat, həmçinin xx.xx.2024cü il tarixli, BY008644 nömrəli digər müqavilə üzrə isə 1603 manat olmaqla, ümumilikdə 2941 manat məbləğində əsas borc pulun və 50 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması məhkəmədən xahiş edilmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrdən görünür ki, cavabdeh iddiaçıdan 2 ədəd mobil telefon və 2 ədəd qızıl zəmanət almışdır. İş materiallarına əlavə olunmuş borca dair maliyyə arayışdan görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 1603 manat məbləğində əsas borcu qalmışdır. İş materiallarına əlavə olunmuş borca dair maliyyə arayışdan görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 1338 manat məbləğində əsas borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1603 manat məbləğində borcunu 3 (üç) təqvim günü ərzində ödəməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1338 manat məbləğində borcunu 3 (üç) təqvim günü ərzində ödəməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə işin faktiki və hüquqi əsaslarını nəzərdən keçirib hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən əmələ gələn mübahisə yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 600.1-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməyərək aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilələrin şərtlərini pozmuşdur. Cavabdehin MMC-nə iddiaçının təqdim etdiyi maliyyə arayışılarına əsasən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1338 manat, həmçinin xx.xx.2024-cü il tarixli, BY008644 nömrəli digər müqavilə üzrə isə 1603 manat olmaqla, ümumilikdə 2941 manat məbləğində əsas borcu qalmışdır. Həmçinin iddia tələbi təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırıması üçün iddiaçının ödədiyi 50 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 2941 manat məbləğində əsas borc pul və 50 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 2941 (iki min doqquz yüz qırx bir) manat məbləğində əsas borc pul və 50 (əlli) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı MMCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar