Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № e-2(048)-502/2025 20.05.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X1 Mərkəzi Cavabdeh qarşı “özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayonu, Babagil kənd sakini Cavabdeh tərəfindən Gürdəsər meşəbəyliyinin 7 saylı dolayının 60-cı kvartalının 20-ci bölməsində 0,14 ha özbaşına tutduğu (zəbt etdiyi) meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 1 saylı X1 Mərkəzinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı X1 Mərkəzinin əməkdaşları tərəfindən 25 noyabr 2024-cü il tarixdə Gürdəsər meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Lerik rayonu Babagil kənd sakini Cavabdeh tərəfindən Gürdəsər meşəbəyliyinin 7 saylı dolayının 60-cı kvartalının 20ci bölməsində 0,14 ha torpaq sahəsində qeyri-qanuni istifadə edilməsi faktı müəyyən edilmişdir. Cavabdeh ilə 01 iyun 2015-ci il tarixli 51 qeydiyyat nömrəli müqaviləyə əsasən 0,05 ha meşə fondu ərazisi 1 (bir) il müddətinə turizm rekreasiya məqsədi ilə istifadəyə verilmişdir. İstifadə müqaviləsinin müddəti 01 iyun 2016-ci il tarixində bitmişdir. Əraziyə baxış zamanı müəyyən olundu ki, 0,14 ha ərazidən istifadə olunmaqla 3x6x2,5 metr ölçüdə (eni uzunluğu və hündürlüyü) 1 ədəd taxtadan ət dukanı, 6x5x3,5 metr ölçüdə 0,80 metr mişar daşı üstundə taxtadan otaq mövcuddur. Həmin fakt əsasında xx.xx.2024-cü il tarixdə müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları akta əlavə edilmişdir. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahədə tikilən tikililərin sökülməsi və ərazinin könüllü boşaldılaraq təhvil verilməsi barədə ünvanına 26 noyabr 2024-cü il tarixli 3-14-27-4/2-210/2024 nömrəli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. Məhkəmə iddia ərizəsini iş materialları əsasında araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh mülki işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin Qeyd hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən, eyni zamanda “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatlardan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamenti (hazırda Meşələrin İnkişafı Xidməti) Lənkəran X1 Mərkəzi (hazırda 1 saylı X1 Mərkəzi) “icarəyəverən”, Cavabdeh “icarəçi” olmaqla aralarında bağlanmış 19 may 2015-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən əhaliyə rekreasiya xidməti göstərmək üçün 0,05 ha torpaq sahəsini icarəçiyə icarəyə vermişdir. 1 saylı X1 Mərkəzi ********** №-li VÖEN əsasında fəaliyyət göstərir. Eləcə də Cavabdeh da ********** №-li VÖEN əsasında fəaliyyət göstərən fərdi sahibkardır. İddiaçı hal-hazırkı iddia tələbində icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülməsini və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsini tələb edir. Göründüyü kimi, hal-hazırki mübahisə məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə olan halda da bu növ mübahisələrə də kommersiya məhkəmələri tərəfindən baxıldığından məhkəmə hesab edir ki, mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Eyni zamanda o da qeyd edilməlidir ki, Cavabdeh fərdi sahibkar kimi fəaliyyətini müvəqqəti dayandırsa belə, bu nüans işə kommersiya məhkəməsində baxılmaması üçün əsas deyil. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə nəticə etibarilə kommersiya mübahisəsidir. Belə olan halda isə mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. (32.2) Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. (32.3) Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. (32.4) Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. (32.5) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 170, 263264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(048)-502/2025
Lerik Rayon Məhkəməsi Qərardad — İş №e-2(048)-502/2025
20.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver