Məhkəmə qərarları › İş №e-2(049)-1026/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1026/2025

23.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1026/2025 23.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh rəhbərindən mənəvi zərərin əvəzinin ödənilməsi üçün 2000 manat və maddi ziyan üçün 6000 manat pulun, məhkəməyə müraciət üçün isə ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci ildə Cavabdeh MMCnin Əliəşrəf Əlizadə ünvanında yerləşən ofisində qeyri-rəsmi olaraq etiket çapçısı kimi fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı zamandan bir ay sonra şirkətin təsisçisi X2 göstərişi ilə Qusar rayonu Cağarqışlaq kəndində yerləşən bağda aqranom tərcüməçisi kimi işləməyə göndərilmişdir. 2020-ci ilin 1 aprelində onu mühasib kimi rəsmi qeydiyyata almışlar. Buna səbəb vergi müfəttişlərinin yoxlaması zamanı 40-a yaxın işçinin qeyri-rəsmi işlədiyinin aşkarlanması olmuşdur. 2019-cu ildə fiziki olaraq gördüyü işlərdən biri olan gübrələmə zamanı sol dizindən zədə almış, lakin ağrı tez keçdiyindən əhəmiyyət verməyib işinə davam etmişdir. Nəhayət 2022-ci ildə ağrıları artdığından X1 MRT olunmuş və dizinin ciddi xəsarət aldığını öyrənmişdir. 2023-cü ilin 14 fevralında ”X8” hospitalında əməliyyat olunmuş, əməliyyatdan sonra onu əvəz edən işçi olmadığından dərhal işinə qayıtmalı olmuşdur. Hətta həkimin məsləhətilə yazılmış fizioterapiya ya da başlaya bilməmişdir. Fizioterapiya edə bilmədiyinə görə səhhətində daha ağır fəsadlar yaranmış və buna baxmayaraq işini davam etdirmişdir. 2021-ci ildə şirkətin həmtəsisçilərindən olan mərhum Şaiq Qurbanovdan xahiş etmişdir ki, əmək haqqı tam olaraq müqavilə əsasında karta vurulsun. Əmək haqqı kartında göstərilsin ki, gələcəkdə pensiya alanda, həmçinin, banka müraciət edəndə əmək haqqı yüksək olduğuna görə müraciəti təmin olunsun. Şaiq Qurbanov bu xahişini qəbul etmişdir. 2023-cü ilin mart ayında 1-ci dəfə, sentyabr ayında isə 2-ci dəfə olmaqla əmək müqaviləsinə xəbərsiz və icazəsiz dəyişiklik edilmiş, onun adından müqavilə imzalanaraq əmək haqqı qəsdən azaldılmışdır. Bu haqda mühasib köməkçisi Rüfət Miriyevdən izah tələb etsə də, bunun X4 tərəfindən edildiyini bildirmişdir. Bu cavabdan sonra Davud Qurbanovla əlaqə saxlayıb qərarın qanunsuz olduğunu, niyə icazəsiz belə hərəkət etdiyini soruşmuş, cavabında ona bildirmişdir ki, "bəzi şeylər var ki, icazəyə gərək yoxdur". 2024-cü ilin yanvar ayının 26-sı axşam radələrində Azər Qurbanov ona bağın satıldığını, hamının işdən çıxmalı olduğunu bildirərək verilməyən əmək haqqını və müalicə üçün verilməli haqqını vəd edərək əvvəlcədən tərtib etdiyi işdənçıxma ərizəsinə daxil olmaqla 20-ə yaxın işçiyə qol çəkdirdi. Ancaq bu vədinə əməl etməməklə qalmayıb mesajlarına cavab verməmişdir. Aralarında yaranmış problemləri sakitliklə həll ettməyə çalışsa da, etinasız yanaşmışlar. 2023-cü ilin noyabr və dekabr ayındakı əmək haqqını vermədiklərinə görə banklara olan borcu ödənməmiş, gecikmələr yaranmış və adı "qara siyahı"ya düşmüşdür. Bunu onlara bildirsə də, heç bir həll yolu tapmamışlar. X3 yazılı şikayət etdikdən sonra şirkətin baş mühasibi Namiq Cəbiyev ona zəng vuraraq 500 manat müqabilində şikayətini geri götürməsini təklif etmiş, o da imtina etmişdir. Bundan sonra şirkət onun adından saxta ərizə tərtib edərək guya öz xahişilə əmək haqqının azaldılmasını xahiş etmiş və həmin saxta sənədə imzanı imitasiya edərək DƏMX-nə təqdim etmişlər. Hətta işdən çıxdıqdan yalnız 64 gün sonra əmək kitabçası ala bilmişdir. 2024-cü ilin 13 mayında mühasib köməkçisi Rüfət Miriyevdən dəyişiklik edilərək əvəzinə xəbərsiz və icazəsiz qol çəkilən müqavilələrinin nüsxəsini tələb etsə də, ona bildirdi kı, nə o, nə də Namiq Cəbiyev daha o şirkətdə işləməmişlər. Bu kimi kobud qanun pozuntularının qarşısını almaq üçün məhkəməyə müraciət etməli olmuş, cavabdehin bu qanunsuz əməlləri nəticəsində ona 6000 manat məbləğində maddi ziyan və 2000 manat mənəvi ziyan dəydiyini hesab edir. Ona görə də, hazırki iddia ərizəsilə məhkəməyə müracət edərək tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh ona qarşı qanun pozuntusuna yol verdiyi üçün məhkəməyə müraciət etmişdir. O, qanun pozuntusunun aradan qaldırılmasını istəyir. Ən əsası baş vermiş hadisələrdə ona mənəvi ziyan dəymişdir. Maddi ziyan isə əmək haqqının kəsilib düzgün verilməməsidir. Müqavilədə iki dəfə onun xəbəri olmadan dəyişiklik edilməsi və imzasının saxtalaşdırılması halları olmuşdur. O, saxta imza üçün aidiyyatı orqanlara günü sabah müracət edəcəkdir. Əvvəlcə cavabdeh tərəflə söhbət edib şikayətçi olmaq istəməsə də, qarşılıqlı razılığa gələ bilməmişlər və aralarında barışıq olmamışdır. İşsiz qalması, əmək haqqı ödənilməməsi onu çətin vəziyyətlərə salmış, qohumlarının evində qalmalı olmuş və banklara olan kredit borclarını ödəməsində xeyli çətinliklər yaranmışdır. Bütün bunların nəticəsində ona mənəvi ziyan dəymişdir. Cavabdehnə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılması barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ƏƏSMN yanında X5 Xidmətinin Lənkəran – Astara regional şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq "Fruitgarden” MMC-nin direktoru X6 barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmçinin X5 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2- 33503/2024 nömrəli göstəriş xarakterli məktubu ilə “Fruitgarden" MMC-nin rəhbərliyindən İddiaçı çatası son haqq-hesabın düzgün hesablanıb ödənilməsinin təmin olunması ondan tələb edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı stajın qeyd edilməməsi, xəbər verilmədən müqaviləyə dəyişiklik edilməsi, əmək haqqının gecikdirilməsi, icazəsiz və xəbər verilmədən imzanın çəkilib əmək müfəttişliyinə göndərilməsi tələbi ilə mediasiya təşkilatına müraciət etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmək üçün 60 manat, məhkəməyə müraciət etmək üçün 40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı dinlənilib, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, İddiaçı Cavabdehndən 2000 manat mənəvi zərər və 6000 manat maddi ziyan ödənilməsi tələbini xahiş etsə də, həmin halları təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4№-li qərarının 2.4-cü bəndində qeyd olunmuşdur ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödənilmiş 60 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 40 manat, cəmi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar