Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-121/2025 11.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X1, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Lənkəran - Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X2 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Lənkəran - Astara Regional Təhsil İdarəsinə və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyan» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Lənkəran şəhər Təhsil Şöbəsindən və Lənkəran rayon Zövlə kənd tam orta məktəbinin direktoru Cavabdeh2 müştərək qaydada onunla bağlanmış əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiklərinə görə ona vurduqları 20.000 manat maddi ziyan və 10.000 manat mənəvi ziyan pulunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1984-cü il tarixdə Lənkəran rayonu, Zövlə kəndində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə həmin kənddə yaşayır. O, X3 “İngilis dili” ixtisasını bitirmişdir. 2006-cı ildən ixtisası üzrə Lənkəran rayon Zövlə kənd tam orta məktəbin ingilis dili müəllimi işləmişdir. Eyni zamanda dərs yükünün az olması ilə əlaqədar 2008-ci ildən ixtisası üzrə müəllim işləməyi ilə bərabər Uşaq Birliyinin rəhbəri vəzifəsi də ona həvalə olunmuşdur. Həmin dövrdə ixtisası üzrə 6 saat dərs yükü ilə işləmişdir. xx.xx.2006-cı il tarixdə bağlanmış Əmək Müqaviləsində göstərilir ki, o, həmin vaxtdan ingilis dili müəllimi vəzifəsini icra edir. Həmin müqavilə müddətsiz bağlanmışdır və bu günə qədər də qüvvədədir. Bundan sonra o, Uşaq Birliyi rəhbəri vəzifəsinə təyin edilmişdir. Bu barədə aralarında əmək müqaviləsi bağlanmış və həmin müqavilə də müddətsiz bağlanmışdır. 2015-2016-cı dərs ilində məktəbə yeni təyin edilmiş direktor Cavabdeh2 onu məcbur etmişdir ki, öz ərizəsi ilə Uşaq Birliyi rəhbəri vəzifəsindən imtina etsin. Səbəb kimi onun müəllim və Uşaq Birliyi rəhbəri vəzifəsində işləməyinin qanunsuz olduğunu bildirmişdir. O, direktordan iki vəzifədə işləməyinin qanunsuz olması barədə rəsmi sənəd təqdim etməyi tələb etdikdə, ona heç bir sənəd təqdim edə bilməmişdir. Növbəti 2017-2018-ci dərs ilində heç bir əsas gətirmədən və ona rəsmi xəbərdarlıq etmədən müəllim kimi əmrdə olduğuna baxmayaraq qanunsuz olaraq ona dərs yükü ayrılmamışdır. Yuxarı təşkilatlara müraciət etdikdən sonra ona dərs yükü ayrılmışdır. Ona dərs yükü ayrılsa da və uşaqlara dərs versə də, jurnallar tərəfindən yazılsa da, bunun müqabilində ona əmək haqqı yazılmamışdır. Onun verdiyi dərs saatlarının əmək haqqı başqa müəllimlərə yazılmışdır. Ona səbəb kimi dərs yüklərinin bölündüyündən hazırda dəyişikliyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Lənkəran şəhər Təhsil şöbəsində də ona eyni cavabı vermişlər və yeni dərs ilində dərs yükünün ona veriləcəyini bildirmişlər. Məktəb direktorunun ona qarşı qərəzli hərəkətlərinə biganə qala bilməyən atası X4 və bacısı X5 Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası ƏƏSMN yanında X7 xidmətinə məktəbin direktoru Cavabdeh2 qanunsuz əməlləri və ailə üzvlərinə qarşı şəxsi qərəzçiliklə davranması barədə rəsmi faktlarla müraciət etmişlər. Azərbaycan Respublikası Təhsil Nazirliyindən və Lənkəran şəhər Təhsil Şöbəsindən ona bu günə kimi rəsmi cavab verilməmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında X7 xidməti idarəsi isə heç bir araşdırma aparmadan ona cavab vermişdir. Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli 59 nömrəli əmrinə əsasən onun eyni vaxtda həm ingilis dili müəllimi kimi, həm də Uşaq Birliyi rəhbəri kimi işləməyində heç bir qanunsuzluq yoxdur. Məktəbin direktoru Cavabdeh2 isə bu qanunları qüvvədən düşmüş sayır və deyir ki, bu qanunlar artıq köhnəlmişdir və heç bir əsası yoxdur. Faktiki isə bu qanun 2016-cı ildə onlara göndərilmişdir. Cavabdeh2 qanunsuz əməlləri bununla bitmir. 2015- 2016-cı dərs ilində ixtisasım üzrə müəllim kimi və eyni zamanda Uşaq Birliyi rəhbəri vəzifəsində işləməyinə baxmayaraq Cavabdeh2 onu müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi prosesindən kənarda saxlamışdır. Şifahi olaraq onun Uşaq Birliyi rəhbəri vəzifəsində işləməyini əsas gətirir. Bu barədə ona rəsmi ərizə ilə müraciət etmiş, lakin rəsmi cavab almamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli 994 nömrəli əmri ilə o, müəllimlərin dioqnostik qiymətləndirilməsinə göndərilməli idi. Lakin Cavabdeh2 Təhsil Nazirliyinin bu əmrini də yerinə yetiməkdən imtina edir. O, bu qanunu qanunsuz sayır. Lənkəran şəhər Təhsil Şöbəsi və direktor Cavabdeh2 razılıq vermişlər ki, 2020 - 2021-ci il dərs ilində onu 6 saata qədər ixtisası üzrə dərs yükü ilə təmin edəcəklər, lakin aylar keçməsinə baxmayaraq yenə də onu dərs yükü ilə təmin etməmişlər. O, bununla əlaqədar yenidən rəsmi təklif göndərmişdir ki, onunla razılığa gəlsin və bundan sonra Medasiya Şurasına müraciət etmişdir. Medasiya Şurası tərəfindən mediator təyin edilmiş və hər ikisi ora dəvət edilmişlər. Aralarında danışıq aparılsa da, Lənkəran rayon Zövlə kənd tam orta məktəbin direktoru Cavabdeh2 yenə də ona dərs yükü verməkdən imtina etmişdir. Sonradan o, bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə mənə ingilis dili müəllimi kimi dərs yükü təyin edilmiş və məktəbin direktoru da məcbur olub, ona ingilis dili müəllimi kimi dərs yükü vermişdur. O, müəllimlərin dioqnostik qiymətləndirilməsinə göndərilmədiyi üçün 25 % əmək haqqından məhrum olmuşdur. Bundan sonra məktəbin direktoru Cavabdeh2 onun xəbəri olmadan qəbul etdiyi əmrlə onu müəllimlikdən çıxartmışdır. Hansı ki, o, müəllim işləməkdə davam etmiş və buna görə dövlətdən maaş da almışdır. Bu yaxınlarda onunla işləyən müəllimlər qanuna uyğun olaraq sertifikasiyadan keçmək üçün imtahan vermişlər. Sertifikasiyadan keçmək üçün imtahan verəcək müəllimlərin siyahısında onun adı da var imiş. Bununla bağlı şəxsi portalına mesaj da gəlmişdir. Lakin buna baxmayaraq M.Qarayev adına Lənkəran rayon Zövlə kənd tam orta məktəbin direktoru Cavabdeh2 ona bildirmişdir ki, Lənkəran Təhsil şöbəsi ona deyib ki, İddiaçı müəllimlərin sertifikasiyasından keçmək üçün imtahanlara buraxılmayacaq və bununla bağlı təhsil şöbəsinə müraciət etsin. O, da bununla bağlı Lənkəran şəhər Təhsil Şöbəsinə şifahi müraciət edərək bunun səbəblərini öyrənmək istəmişdir. Lakin Fərhad müəllim ona demişdir ki, ona şifahi heç nə deyə bilməzlər, yazılı formada rəsmi müraciət etsin və ona yazılı formada rəsmi olaraq bunun səbəbini bildirsinlər. Ona qarşı bu cür hallara əvvəllər də yol verilmişdir. Belə ki, onlar müəllimlərin dioqnostik qiymətləndirilməsinə də onu göndərməkdən imtina etmişlər. Məhkəməyə müraciət etdikdən sonra onu 9 saat dərs yükü ilə təmin etmişlər. Hazırda da ona qarşı qeyd etdiyi haqsızlığa yol verirlər. Yuxarıda qeyd etdiyim kimi mən 2006-cı ildən “ingilis dili” müəllimi kimi, 2007-ci ildən isə həm “ingilis dili müəllimi” və həm də Uşaq Birliyi rəhbəri vəzifəsində işləmişdir. “ingilis dili” müəlliməsi işlədiyi halda, müddətsiz əmək müqaviləsi ilə işlədiyi halda və qanunda müəllim kimi müəllimlərin sertifikatlaşdırması imtahanında iştirakı nəzərdə tutulduğu halda M.Qarayev adına Lənkəran rayon Zövlə kənd tam orta məktəbin direktoru Cavabdeh2 onu qanunsuz olaraq imtahana göndərmir və buna görə də o, 10-30 % əmək haqqından məhrum olmuşdur. Direktor Cavabdeh2 hər dəfə dioqnostik və sertifikasiyadan keçmək üçün imtahana göndərməmək üçün maxinasiyalar edərək hər dəfə ona bir cür portaldan çıxarış verir. Həmin portaldan çıxarışdan da görünür ki, o, gah təkcə Uşaq Birliyi rəhbəri vəzifəsində işləyir, gah da “ingilis dili” müəllimi və Uşaq Birliyi rəhbəri vəzifəsində işləyir. Cavabdeh2 bununla bağlı onunla hər hansı bir müqavilə də bağlamır və qanunvericiliyin tələblərini kobud sürətdə pozur. Beləliklə də, direktoru Cavabdeh2 onunla bağlanmış əmək müqaviləsinin tələblərini yerinə yetirmədiyinə görə ona maddi ziyan dəymişdir. Eyni zamanda cavabdehlərin qeyd olunan bu 10 il müddətində qanunsuz hərəkətləri onun sarsıntı və iztirablar keçirməyinə səbəb olmuş və həmin qanunsuz hərəkətlərə görə yuxarı orqanlara və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bunların nəticəsində ona mənəvi zərər dəymiş və həmin mənəvi zərərə görə xeyrinə 10.000 manat məbləğində pul cavabdehlərdən tutulmalıdır. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İş üzrə Cavabdeh2 məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, orta ixtisas təhsilli ixtisasca ingilis dili müəllimi İddiaçı məktəb üzrə 30 avqust 2006-cı il tarixli paraqraf 3,1 nömrəli əmrlə Zövlə kənd M.Qarayev adına tam orta məktəbinə ingilis dili müəllimi təyin edilmişdir. Məktəb üzrə xx.xx.2007-ci il tarixli 8 nömrəli əmrlə xx.xx.2007-ci il tarixdən UBRT-i vəzifəsinə təyin edilmişdir. İddiaçı növbəti illərdə dərs yükünün təmin edilməsi məqsədi ilə Lənkəran rayon Məhkəməsinə müraciət etmiş və Lənkəran rayon məhkəməsinin 24 may 2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı müəllim kimi işlədiyi Lənkəran rayon Zövlə kənd M.Qarayev adına tam orta məktəbində Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 397 saylı qərarının tələblərinə əsasən 9 saat dərs yükü ilə təmin edilməsi qət edilmişdir. 2022-cil il sentyabrdan məhkəmənin qərarı icra olunmuşdur. Həmin qərardan sonrakı illərdə İddiaçı məktəbin ingilis dili fənni üzrə dərs yükünün çox olması səbəbindən 12 saat dərs yükü verilmişdir. 2024-cü il xarici dil müəllimləri üçün keçirilən sertifikasiya imtahanında iştirak etməməsinin səbəbi İddiaçı Zövlə kənd M.Qarayev adına tam orta məktəbində uşaq birliyi rəhbəri vəzifəsində çalışmasıdır. İddiaçı qiymətləndirmələrdə iştirakına mane olmamış və əksinə olaraq onun diaqnostik qiymətləndirmədə və sertifikasiya imtahanlarında iştirakını istəmişdir. 2023-cü il LARTİ-i tərəfindən sertifikaiyaya gedəcək məktəbdə çalışan ingilis dili müəlimlərinin adlı siyahısını istəyərkən İddiaçı adını da qeyd etmiş və Lənkəran sektoru tərəfindən İddiaçı üçün qeydiyyatlar da aparılmışdır. Lakin onun məktəbdə UBTR kimi çalışması səbəbindən imtina gəlmişdir. İddiaçı məktəbdə əmək fəaliyyətinə işlədiyi zaman ərzində mane olmamş və daim onlunla xoş ünsiyyətdə olmuşdur. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi hazırki mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, Lənkəran - Astara Regional Təhsil İdarəsinə və Cavabdeh2 qarşı “cavabdehlərin üzərinə onun müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirakının təmin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir və həmin tələbinə dair mülki iş hazırda həmin məhkəmənin icraatındadır. Cavabdehlərin qanuna zidd əməllri nəticəsində bu illər ərzində ona maddi və mənəvi ziyan dəymişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Lənkəran - Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında qeyd etdi ki, İddiaçı qarşı Lənkəran - Astara Regional Təhsil İdarəsi tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, mövcud qaydalara əsasən, müəllimlərin sertifikasiyasında iştirakına dair Zövlə kənd orta məktəbinin direktoru tərəfindən tərtib edilmiş siyahıya iddiaçının da adı daxil edilərək, Təhsil idarəsinə təqdim edilmişdir və həmin siyahı Elm və Təhsil Nazirliyinə göndərilmişdir. Bundan əlavə olaraq iddiaçının “cavabdehlərin üzərinə onun müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirakının təmin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair mülki iş hazırda Şirvan İnzibati Məhkəməsinin icraatındadır və həmin iş üzrə yekun qərar qəbul edilməmişdir. İddiaçı hazırki iddia tələbində sertifikatlaşdırılma imtahanında iştirak etməməsi səbəbindən ona maddi ziyan vurulduğunu qeyd edir. Lakin iddiaçı həmin imtahandan uğur qazanacağı, yəni tələb edilən balı topladıqda onun mək haqqına əlavə hesablana bilərdi. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaudalara əsasən, müəllimlərin sertifikasiyasının aparlması regional təhsil idarəsi tərəfindən deyil, Elm və Təhsil Nazirliyi tərəfindən aparılır. Bu baxımdan iddiaçının maddi ziyan tələbi tamamilə əsassızdır. Həmçinin iddiaçı ona mənəvi ziyan vurulması tələbini də məhkəmədə əsaslandıra bilməmişdir. Odur ki, iddia əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, Zövlə kənd tam orta məktəbinə direktor təyin edildikdən sonra onun tərəfindən İddiaçı qarşı heç bir qanun pozuntusuna yol verilməmişdir. Rəhbərlik etdiyi məktəbdə çalışan müəllimlərin sertifikasiyasında iştirak edəcək şəxslərin siyahısı tərtib edilərək, xx.xx.2024-cü il tarixdə Lənkəran – Astara Regional təhsil idarəsinə təqdim edilmişdir. Həmçinin ona və təhsil idarəsinə qarşı “cavabdehlərin üzərinə onun müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirakının təmin edilməsi öhdəliyinin qoyulması” tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir və həmin iş hazırda icraatdadır. İdddiaçının iddia tələbi tamamilə əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə baxışının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi müvafiq məhkəmə bildirişi təqdim edilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddia ərizəsinin surətindən və Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4344/2024 saylı, xx.xx.2024-cü il tarixli bildirişindən müəyyən edilir ki, İddiaçı cavabdehlər Lənkəran - Astara Regional Təhsil İdarəsinə və Cavabdeh2 qarşı “cavabdehlərin üzərinə onun müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirakının təmin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, həmin iddia tələbinə dair mülki iş hazırda həmin məhkəmənin icraatındadır və iş üzrə yekun məhkəmə qərarı qəbul edilməmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 2(049)-638/2022 saylı 03 iyun 2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdehlər Lənkəran - Astara Regional Təhsil İdarəsinə və Cavabdeh2 qarşı “əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı müəllim kimi işlədiyi Lənkəran rayon Zövlə kənd tam orta məktəbində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 397 saylı qərarının tələblərinə müvafiq olaraq 9 saat dərs yükü ilə təmin edilmsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir və qanuni qüvvəyə minmişdir. Məhkəmə İddiaçı iddia tələbinin “maddi ziyan tələbi” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: İddiaçı öz iddia ərizəsində və məhkəmə baxışı zamanı verdiyi izahatında cavabdehlər tərəfindən ona vurulmuş maddi ziyanı əsaslandıraraq qeyd etmişdir ki, o, müəllimlərin dioqnostik qiymətləndirilməsinə göndərilmədiyi üçün 25 % əmək haqqından məhrum olmuşdur. Lənkəran rayon Zövlə kənd tam orta məktəbin direktoru Cavabdeh2 onu qanunsuz olaraq imtahana göndərmir və buna görə də o, 10-30 % əmək haqqından məhrum olmuşdur. Direktor Cavabdeh2 hər dəfə dioqnostik və sertifikasiyadan keçmək üçün imtahana göndərməmək üçün maxinasiyalar edərək hər dəfə ona bir cür portaldan çıxarış verir. Həmin portaldan çıxarışdan da görünür ki, o, gah təkcə Uşaq Birliyi rəhbəri vəzifəsində işləyir, gah da “ingilis dili” müəllimi və Uşaq Birliyi rəhbəri vəzifəsində işləyir. Cavabdeh2 bununla bağlı onunla hər hansı bir müqavilə də bağlamır və qanunvericiliyin tələblərini kobud sürətdə pozur. Beləliklə də, direktoru Cavabdeh2 onunla bağlanmış əmək müqaviləsinin tələblərini yerinə yetirmədiyinə görə ona maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən, dərs yükü təmin edildikdən həmin dərs yükünə dair ona əmək haqqı ödənilmişdir və o, həmin dövrdən sonrakı əmək haqqını mübahisələndirməmişdir. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq test imtahanı mərhələsində 50 baldan yuxarı nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını (30 bal) toplayan müəllimlərin vəzifə maaşına isə 10 faiz aylıq əlavələr edilir. Qnunvericiliyin yuxarıda qeyd edilən tələbindən görünür ki, qeyd edilən əsasla müəllimlərin əmək haqqına əlavə ödəniş sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq test imtahanı mərhələsində uğur qazandıqda hesablanır. Məhkəmə araşdırması zamanı işin faktiki hallarından müəyyən edildi ki, iddiaçı iddia tələbi ilə müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirakının təmin edilməsi üçün məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmişdir və həmin mülki iş üzrə hələ yekun məhkəmə qərarı qəbul edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, belə qənaətə gəlir ki, dərs yükü ilə təmin edilmədiyi dövrə dair həmin dərs yükünə görə iddiaçının əmək haqqı tələbi və sertifikatlaşdırma imtahanında iştirak etmədən və həmin imtahanda uğur qazanmadan əmək haqqına əlavənin tələb edilməsi əsassızdır. Məhkəmə İddiaçı iddia tələbinin “mənəvi ziyan tələbi” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: İddiaçı həmin hissəyə dair tələbini əsaslandıraraq qeyd etmişdir ki, cavabdehlərin qeyd olunan 10 il müddətində qanunsuz hərəkətləri onun sarsıntı və iztirablar keçirməyinə səbəb olmuş və həmin qanunsuz hərəkətlərə görə yuxarı orqanlara və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bunların nəticəsində ona mənəvi zərər dəymiş və həmin mənəvi zərərə görə xeyrinə 10.000 manat məbləğində pul cavabdehlərdən tutulmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, "...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, "mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Hazırkı mübahisədə cavabdehlər tərəfindən iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, ziyanın məhz cavabdehlərin təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurulmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halları sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Odur ki, iddiaçının mənəvi ziyan tələbi də əsaslı hesab edilə bilməz. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyan» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1 maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar məhkəməyə ərizə verərkən dövlətrüsumu ödəməkdən azaddırlar. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən və “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, hazırki iddia tələbi üzrə iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. İddia tələbi təmin edilmədiyindən iddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyan» tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-121/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-121/2025
11.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver