Məhkəmə qərarları › İş №e-2(049)-1457/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1457/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1457/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KBnın nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsinə və tutmanın ipoteka predmetinə yönəldilməsinə” dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən 11 aprel 2014-cü il tarixli 1xx/xx/65595/14 saylı kredit müqaviləsi üzrə 6197.82 (altı min bir yüz doxsan yeddi, 82 qəpik) manat məbləğində əsas borc, 700.92 (yeddi yüz, 92 qəpik) manat məbləğində faiz borcu, 3917.62 (üç min doqquz yüz on yeddi, 62 qəpik ) manat məbləğində cərimə borcu, 899.56 (səkkiz yüz doxsan doqquz, 56 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 11715.92 (on bir min yeddi yüz on beş. 92 qəpik) manat məbləğində pulun, 125.15 (yüz iyirmi beş manat, on beş qəpik) manat dövlət rüsümunun və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 155.15 (yüz əlli beş manat, on beş qəpik) manat pulun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard" Kommersiya Bankının xeyrinə tutulmasına, tutmanın bank qarşısında Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilə yönəldilməsinə, mənzilin açıq hərracdan satılmasına, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən tutulmasına, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvü Cavabdeh2 mənzili ən gec bir ay ərzində tərk etmədikdə, mənzildən çıxmadıqda həmin şəxsin mənzildən məcburi qaydada çıxarılmasına və həmin mənzilin boşaldılmasınadair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 (bundan sonra - Cavabdeh) ilə Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankı (bundan sonra - Bank) arasında 11 aprel 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/65595/14 saylı müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bağlanmış və Kredit Müqaviləsinə əsasən Bank tərəfindən Cavabdehə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə ilə 16.000 (on altı min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Əliyev X1 şəhəri, Koroğlu küçəsi, dalan 1, ev.1 ünvanında yerləşən 3 nömrəli mənzili 18 aprel 2014-cü il tarixli 1xx/xx/65595/14 saylı ipoteka müqaviləsi əsasında (qeydiyyat tarixi: xx.xx.2014; qeydiyyat nömrəsi: **********) Bank qarşısında ipoteka ilə yüklü etmişlər. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun banka 6197.82 (altı min bir yüz doxsan yeddi, 82 qəpik) manat məbləğində əsas borc. 700.92 (yeddi yüz, 92 qəpik) manat məbləğində faiz borcu. 3917.62 (üç min doqquz yüz on yeddi, 62 qəpik ) manat məbləğində cərimə borcu, 899.56 (səkkiz yüz doxsan doqquz. 56 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 11715.92 (on bir min yeddi yüz on beş, 92 qəpik) manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, bank tərəfindən onun borc düzgün hesablanmamışdır. Belə ki, bank tərəfindən hesablanan borcun yalnız əsas borc olan hissəsi ilə razıdır. Məhkəmədən iddia tələbinin yalnız əsas borc olan hissədə qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyib onun təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 22 % ödənilmək şərtilə 16.000 manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan 18 aprel 2014-cü il tarixli 1xx/xx/65595/14 nömrəli ipoteka müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzil mülkiyyətçisi Cavabdeh1 tərəfindən əsas kredit müqaviləsə əsasən 16.000 manat məbləğində verilən kredit limitinin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilədə ipoteka ilə yüklü edilmiş əmlak 50.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Seriya RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzili mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Bildirişdən görünür ki, cavabdehlər ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar olunmuşlar. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İpoteka saxlayan Ləğv prosesində olan QSC «Bank Standard»KB-nın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 10 saylı Ərazi İdarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizədən görünür ki, ipoetka predmeti olan fərdi yaşayış mənzilinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınması üçün göndərilmişdir və bu barədə 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 borcunu banka tam ödəməyi barədə tələb göndərilib. Əks halda borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan Ləğv prosesində olan QSC «Bank Standard»KB-nın maliyyə arayışından görünür ki, Cavabdeh1 banka olan borcu 6197. 82 manat əsas borcu, 700.92 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 3917.62 manat məbləğində cərimə, gecikdirilmiş günlər üçün faiz olmaqla 11715.92 manat məbləğində faiz məbləği vardır. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişlər. Məhkəmə qeyd edir ki, öhdəliklər tərəflər arasında bağlanmış müqavilədən əmələ gəlmiş və Cavabdeh1 götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. İş materiallarına əlavə edilmiş cari hesablanmış kompensasiya barədə sənəddən görünür ki, Cavabdeh1 banka 6197.82 manat əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə işdə olan sübutlardan müəyyən edir ki, Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli, 1xx/xx/65595/14 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə cavabdehlərin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı Cavabdeh1 banka 6197.82 manat əsas borcu, 700.92 manat faiz borcu, 3917.62 manat məbləğində cərimə borcu, 899.56 manat gecikdirilmiş günlər üçün faiz olmaqla, ümumilikdə 11715.92 manat məbləğində borcu olduğunu bildirmişdir. Lakin işdə olan digər sübutlara əsasən «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 6197.82 manat təşkil etməsi müəyyən olunmuşdur. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.1-ci bəndində qeyd olunur ki, bu fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində qeyd olunur ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Həmin Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi başa düşülür. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əsas məqsədi əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə, qlobal iqtisadi və maliyyə böhranınınölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərin artmasına və bu öhdəliklərin yerinə yeirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasının qarşısının alınmasına yönəlmişdir. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlərin müqavilə üzrə öhdəliklərinin icra edilməməsi işin mübahisəsiz halını təşkil edir. Müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində iddiaçı maliyyə arayışına əsasən pul tələb etsə də, həmin borc pul məbləğinin maliyyə arayışında istinad edilən kimi deyil, 6197,82 manat məbləğdə təşkil etməsi barədə problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, internet portalında ümumi borc məbləği üzrə yekun məbləğ yerləşdirildiyindən, maliyyə arayışında tələb edilən məbləğ deyil, internet portalında göstərilən məbləğ əsas götürülməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsainə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Bundan əlavə, tərəflər arasında ipoteka müqaviləsi münasibətləri vardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, 59.3.1- yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun, 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 6197.82 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 125.15 manat məbləğində dövlət rüsumunun 72.25 manatı iddiaçıya, 52.90 manatı Cavabdeh1 aid edilməli və sonuncudan 52.90 manat məbləğində pul alınaraq, iddiaçıya verilməlidir. Həmçinin tutma bank qarşısında Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilə yönəldilməli, mənzil açıq hərracdan satılmalı, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən tutulmasına, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvü Cavabdeh2 mənzili ən gec bir ay ərzində tərk etmədikdə, mənzildən çıxmadıqda həmin şəxslər mənzildən məcburi qaydada çıxarılmaqla və həmin mənzil boşaldılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 11 aprel 2014-cü il tarixli 1xx/xx/65595/14 saylı kredit müqaviləsi üzrə əsas borca dair 6197.82 (altı min bir yüz doxsan yeddi manat, 82 qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52.90 (əlli iki manat, doxsan qəpik) manat ipotekanın qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat, cəmi 6.280,72 (altı min iki yüz səksən manat, yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard" Kommersiya Bankının xeyrinə tutulsun. Tutma bank qarşısında Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilə yönəldilərək mənzil açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına borc ödənilsin və satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği cavabdehdən tutulsun. Mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvü Cavabdeh2 mənzili ən gec bir ay ərzində tərk etmədikdə, mənzildən çıxmadıqda həmin şəxslər mənzildən məcburi qaydada çıxarılsınlar və həmin mənzil boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar